Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:31

Masallıda 1 saylı orta məktəbin «sirləri»...


1 saylı orta məktəb
1 saylı orta məktəb

-

Masallı rayonunda 99 ümumtəhsil məktəbi var. Bu məktəblərdə eyni tədris proqramından istifadə etsələr də, ali məktəbə daxil olan məzunların sayında fərq böyükdür. Elə orta məktəblər var ki, illərlə bir nəfər də olsun məzunu ali məktəbə daxil ola bilmir. Lakin elə məktəblər də var ki, ali tədris ocaqlarına daxil olan məzunların sayı ildən ilə artır. Adətən geridə qalan məktəblər barəsində intizamın zəif olduğunu deyirlər. Bəs nəticəsi müsbət olan məktəblər buna necə nail olurlar? Suala aydınlıq gətirmək üçün bu il 35 məzunu yerli və xarici ölkələrin universitetlərinə daxil olan 1 saylı orta məktəbə baş çəkdik.

«MƏKTƏB AÇIQ QAPI SİYASƏTİ YERİDİR»

Məktəbdə təmir-tikinti işləri gedirdi. Məktəbin direktoru Mirqabil Hüseynov deyir ki, tədrisin keyfiyyəti müəllimdən asılıdır. Direktor müəllimin əlinə baxmamalıdır. O, aşkarlığın olmasını, valideynlərlə səylərinin birləşdirməsini əsas hesab edir:

«Hər şeyin səbəbini uşaq-valideyn maraqlarında görürəm. Bizim məktəbdə Valideynlər Assosiasiyası yaradılıb. Valideynlər də siniflərdə dərsləri birbaşa müşahidə etmək imkanına malikdirlər. Məktəb açıq qapı siyasəti yeridir. Hər bir vətəndaş gəlib tədrisin vəziyyəti ilə maraqlana bilər. Mənim arzum budur ki, başqa məktəblərdə də belə açıq dərslərin keçirilməsinə yer versinlər. Valideyn, müəllim, məktəb, şagird münasibətlərini tamamilə kökündən dəyişdirsinlər. Sıx əlaqə olanda müsbət nəticə əldə etmək olur».

VALİDEYNLƏR NƏ DEYİR?

Valideyn Mübariz Səfərov deyir ki, iki uşağı şəhər 1 saylı orta məktəbdə təhsil alır. O, məktəbin nizam-intizamından razı qaldığını deyir:

«1 saylı məktəb tərbiyəsi, nizami-intizamı ilə irəlidə olub. Neçə-neçə şagirdi ali məktəbə daxil olub. Mənim iki uşağım bu məktəbdə oxuyur, həmişə müəllimlərdən razı olublar».

MƏZUNLAR NƏ DEYİR?

Ali məktəbə daxil olan məzunların məktəb haqqında dediklərində də yekdillik var.

Texniki universitetin 1-ci kurs tələbəsi Nigar Hüseynova:

«Məktəbdə müəllimlərin köməyi ilə hazırlaşmışıq. Onların bizə köməyi çox olub. Dərslərdən ayrı qalırdıq, müəllimlər bizə kömək edirdilər. Qarşıma məqsəd qoymuşdum ki, universitetə daxil olum. Allaha şükür, oldum».

Neft Akademiyasının 1-ci kurs tələbəsi Habil İbadov:

«Ən çox bildiyim fənlər Azərbaycan dili və riyaziyyat olub. Bu biliyə Azərbaycan dili və riyaziyyat müəllimlərin köməyi ilə nail olmuşuq».

Məktəbin məzunları
Məktəbin məzunları

Texniki universitetin 1-ci kurs tələbəsi Mehman Nazimli:

«Məktəbdə hazırlaşmışam, müəllimlərin köməyi ilə. Məqsədim alitəhsilli olmaq idi. İnşallah məktəbi bitirəcəyik, diplom da alacağıq. Mənə ən çox kömək olan bizim məktəb oldu-1 saylı məktəb. Müəllimlər də vaxtında dərs keçirdilər».

«İSTƏYİRİK VALİDEYNLƏR İNTERNET VASİTƏSİLƏ UŞAĞININ DƏRSİ İLƏ MARAQLANSIN»

Məktəbin direktoru Mirqabil Hüseynov deyir ki, şagirdlərin bilik səviyyəsinin artmasında yeni texnologiyanın tətbiqi də rol oynayır. Məktəbdə internetə çıxış var. Yeni avadanlıqlar quraşdırılır. Gələcəkdə direktor iş otağından dərsləri izləmək imkanına malik olacaq. Hər bir valideyn cib telefonu ilə dərsin gedişini izləyə biləcək:

«Biz bir neçə ildir ki, məktəbin özünün blokunu yaratmışıq. Bu blok «1 saylı orta məktəb» adlanır. Builki tədris ilində öz saytımızı yaradacağıq, bütün siniflər barəsində məlumat verəcəyik .İstəyirik bütün valideynlər evində əyləşib, canlı internet vasitəsilə uşağının gündəlik dərsi ilə maraqlansın. Müəllim əməyi göz qabağında olacaq. Valideyn bizi ittiham etməyəcək ki, mənim uşağıma nə üçün dərs keçməyibsən. Uşaqların kənarda öyrənməyinin tərəfdarı deyiləm. Müasir tələb də odur ki, sinifdə öyrət yola sal. Bu prinsipi əsas tuturuq».

DİREKTOR REPETİTORLARIN ƏLEYHİNƏDİR...

Direktor hesab edir ki, şagirdin repetitorun yanına getməsi məktəbin zəif fəaliyyətindən xəbər verir:

«Bəzi rayonlarda olduğu kimi, bizim rayonda da repetitor var. Uşaqların hamısı məktəbdə məşğul olmadırlar».

Masallı şəhər 1 saylı məktəbdə 200 nəfərdən çox müəllim çalışır, 1500-dən çox şagird təhsil alır. Məktəbdə bir müəllimə 6 şagird düşür.

MASALLI RAYONUNUN ÜMUMİ STATİSTİKASI...

Masallı təhsil şöbəsinin müdiri Astan İbişovun verdiyi məlumata görə, bu il rayonda 277 məzun ali məktəblərə daxil olub. Onun 12 nəfəri 600 baldan, 40-ı isə 500 baldan yuxarı nəticə göstərib.

Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyev məktəblərdə fərqli nəticənin olmasını təbii sayır. Onun deməsinə görə, hansı uşaq repetitorun yanına gedirsə, o, ali məktəbə daxil ola bilir. Bununla belə o, şagirdlərin biliyinin artmasında məktəbin, təhsilin rolunu inkar etmir. O hesab edir ki, hər şey məktəbdə işin qurulmasından asılıdır. Rahim Nuriyev müəllimlərin əmək haqlarının az olmasını təhsilin inkişafına mənfi təsir göstərdiyini deyir.

XS
SM
MD
LG