Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:42

«Çağ Öyrətim» də Zərifə Əliyeva liseyinə çevrildi


Bakı liseyi
Bakı liseyi

-

Bir müddət öncə fəaliyyətini dayandıran, türk liseyləri kimi tanınmış «Çağ Öyrətim İşlətmələri» liseylərinin fəaliyyəti bərpa olunur. Bu haqda AzadlıqRadiosuna övladları həmin liseylərdə təhsil almış valideynlər məlumat verib.

Valideynlərin sözlərinə görə, bağlanan məktəblər Zərifə Əliyeva adına liseyin tabeçiliyinə veriləcək. Valideyn Nailə Bağırova deyir ki, Təhsil Nazirliyinin əməkdaşları bir qrup valideynlə görüşdə bu haqda məlumat veriblər:

«Nazirliyin əməkdaşları Dədə Qorqud Türk Liseyinin binasında valideynlərlə görüşüb. Orada deyiblər ki, bağlanan məktəblərin Təhsil Nazirliyinin tabeçiliyində olan Zərifə Əliyeva adına liseyin tərkibinə keçirilməsi ilə bağlı əmr var. Bildiriblər ki, sentyabrın 12-nə kimi bağlanan bütün liseylərdə oxuyan şagirdlərin valideynləri ilə görüşüb, yenilik haqda məlumat verəcəklər. Deyilənə görə, təhsil haqları da olduğu kimi qalacaq. Bu, çox yaxşı xəbərdir. Övladlarımızın taleyi üçün çox narahat idik».

«BİZİM LİSEY DÖVLƏT LİSEYİDİR VƏ TƏHSİL NAZİRLİYİNİN BİRBAŞA TABELİYİNDƏDİR»

Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva da APA-ya açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, bununla bağlı təhsil nazirinin əmri var:

«Bu liseylər akademik Zərifə Əliyeva adına liseyin «Eksperimental pilot sinifləri» adlanacaq və belə formada fəaliyyət göstərəcək. Bizim lisey dövlət liseyidir və Təhsil Nazirliyinin birbaşa tabeliyindədir. Liseydə Azərbaycan və rus dillərində təhsil verilir. Amma hazırda fəaliyyət göstərəcək eksperimental pilot siniflərdə təhsil ingilis dilində və ödənişli olacaq. Bu vaxta kimi fəaliyyət göstərən türk liseylərində də şagirdlər məhz ingilis dilində və ödənişli təhsil alırdılar».

Təhsil Nazirliyindən verilən məlumata görə, ləğv olunmuş ümumtəhsil müəssisələrinin şagirdlərinin yerləşdirilməsi prosesi yekunlaşdırılır.

Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin nəzdindəki «Çağ Öyrətim İşlətmələri» ümumi təhsil müəssisələrində 3200 şagird təhsil alıb. İyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və «Araz Kursları» MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib.

XS
SM
MD
LG