Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:43

Obama Suriyada İŞİD-ə qarşı hava zərbələrini elan etdi


ABŞ prezidenti Ağ Evdən çıxış edib.
ABŞ prezidenti Ağ Evdən çıxış edib.

Prezident İraqda və Suriyadakı İslam Dövləti təşkilatına qarşı uzunmüddətli və hərtərəfli strategiyanı açıqlayıb.

-

Prezident Barack Obama İraqda və Suriyadakı İslam Dövləti təşkilatına qarşı uzunmüddətli və hərtərəfli strategiyanı açıqlayıb.

Prezident deyib ki, Birləşmiş Ştatlar “öz dostları ilə birlikdə İŞİD kimi tanınan terrorçu qrupu məhv edəcək”.

Ağ Evdən etdiyi çıxışda ABŞ prezidenti israrlı şəkildə bildirib ki, İŞİD-ə qarşı hərbi əməliyyatlarda quru qoşunlarından istifadə olunmayacaq, əvəzində “davamlı hava zərbələri” endiriləcək.

İŞİD-ə hər yerdə hücum ediləcək

Prezident bəyan edib ki, hava zərbələri həm İraq, həm də Suriyadakı İŞİD birləşmələrini hədəfləyəcək və regionda İŞİD-ə qarşı vuruşan qüvvələrə havadan zərbələrlə dəstək veriləcək.

“Bu qədər qan tökülməsinin şahidi olmuş bir regionda bu terrorçular öz qəddarlıqlarına görə təkrarsızdırlar. Onlar ələ keçirdikləri əsirləri edam edirlər. Onlar uşaqları öldürürlər. Onlar qadınları köləyə çevirir, zorlayır və nikaha məcbur edirlər – deyib Obama – onlar dini azlığı soyqırımı ilə hədələyiblər. Onlar vəhşilik aktı törədərək iki Amerika jurnalistini - Jim Foley və Steven Sotloff-u öldürüblər.”

Bununla belə, Obama aydınlıq gətirib ki, İŞİD özünü İslam Dövləti adlandırsa da, bu təşkilatın əsl İslamla heç bir əlaqəsi yoxdur.

Əməliyyat yalnız havadan aparılacaq

Müharibələrdən narahat olan ictimaiyyəti əmin etmək üçün prezident deyib kli, “bu yeni hücum Əfqanıstan və ya İraq müharibələrinə bənzəməyəcək”.

Prezident bildirib ki, bu anti-terror əməliyyatından məqsəd hava zərbələrindən və regiondakı partnyorların dəstəyindəm istifadə etməklə İŞİD-i mövcud olduğu bütün yerlərdə məhv etməkldir.

Barack Obama deyib ki, belə hərbi taktika bundan əvvəl Somalidə və Yəməndə uğurla həyata keçirilib.

Konqres prezidentə əlavə səlahiyyətlər verəcək

ABŞ mətbuatı yazır ki, indi Konqresin prezidentə bu əməliyyatlarla bağlı yeni səlahiyyətlər verəcəyi gözlənilir. Bunlardan biri də ABŞ hərbçilərinin əcnəbi döyüşçüləri təlimləndirməsi üçün nəzərdə tutulan səlahiyyətdir.

Mətbuat bildirir kİ, belə halda bir sual açıq qalır: ABŞ hərbçiləri əcnəbi döyüşçülərin təlimləndirilməsi üçün Suriyaya daxil olacaqlarmı?

Məsələn Konqresdəki demokrat azlığın rəhbəri Nancy Pelosi deyib ki, o, əgər əcnəbi döyüşçülər Suriya xaricində təlim edilərlərsə, bu səlahiyyətlərin verilməsini dəstəkləyəcək.

Bu arada Fransa bəyan edib ki, Amerikanın Suriya üzərinə hava reydlərində birbaşa iştirak etməyə hazırdır. Bununla belə, Fransanın xarici işlər naziri Laurent Fabius diqqəti belə bir məqama çəkib ki, Suriya üzərinə hava zərbələri prezident Basar al-Assad-ın dəstəklənməsi kimi görünə bilər.

Açıq qalan suallar

Amerikanın hərbi strateqləri bildirirlər ki, Suriyada hava reydlərinə başlanması bir qədər ləngiyə bilər, beləki oradakı hədəflər hələ tam müəyyən edilməyib.

Xəbər verilir ki, ABŞ təyyarələri indiyədək İraqdakı İŞİD hədəflərinə 154 raket zərbəsi endirib.

Bu da bildirilir ki, ABŞ İraqa əlavə olaraq 475 hərbçi göndərir və onların əsas missiyası hava zərbələri üçün hədəflərin müəyyənləşdirilməsi olacaq.

Hazırda İraqda 1043 Amerika hərbçisi var.

Bir sıra ekspertlər bildirirlər ki, prezident Barack Obama öz çıxışında bəzi sualları cavabsız buraxıb.

Onların fikrincə, prezident hərbi əməliyyatların vaxt cədvəlini, missiyanın müddətini, Suriyada konkret olaraq hansı hansı müxalifət qrupları ilə partnyorluq ediləcəyini bildirməyib.

XS
SM
MD
LG