Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:40

Obama generallarını sakitləşdirməyə çalıışır


Birləşmiş Ştatların nüfuzlu generalları ABŞ qoşunlarının İraqa göndərilə biləcəyi barədə mülahizələr irəli sürmüşdülər.

-

Ağ Ev bir daha rəsmən bəyan etməli olub ki, ABŞ quru qoşunları İraqa göndərilməyəcək.

Prezident Barack Obama bir sıra Amerika generallarının İraqa quru qoşunlarının göndərilməli olacağı barədə mülahizələrinə qəti şəkildə son qoymağı qərara alıb.

Bundan bir gün əvvəl Birləşmiş Ştatların nüfuzlu generalları İraqda cihadçılar tərəfindən zəbt edilmiş ərazilərin azad olunması üçün ABŞ qoşunlarının bu ölkəyə göndərilə biləcəyi barədə mülahizələr irəli sürmüşdülər.

Floradidadakı hərbi bazalardan birində əsgərlər qarşısında çıxış edən prezident qətiyyətli şəkildə deyib: “Mən sizi və ya Silahlı Qüvvələrimizin hər hansı başqa birləşmələrini daha bir İraq müharibəsinə göndərməyəcəyəm”.

Ali baş komandan bəyanatını təkrar edir

Cənab Obama bu bəyanatını general Martin Dempsey-in Senat dinləməsindəkli çıxışından sonra verməli olub. General Dempsey bildirmişdi ki, bəzi situasiyalarda İraq qüvvələrinin Amerika hərbi müşavirlərinə ehtiyacı ola bilər.

Belə bir mülahizə prezident Obamanın liberal dəstəkçilərinin qəzəbinə səbəb olub və o, İraqa Amerika əsgərlərinin göndərilməyəcəyi barədə ilkin bəyanatını təkrar edib.

“Mən aydın şəkildə bildirirəm: İraqdakı Amerika qüvvələri heç bir döyüş əməliyyatında iştirak etmirlər və etməyəcəklər” - deyib Barack Obama.

İraqın yeni baş naziri Haider al-Abadi də ABŞ qoşunlarının hər hansı bir şəkildə İraqa yeridiləcəyini istisna edib.

İŞİD təbliğatı artıb

Barack Obamanın ABŞ Mərkəzi Komandanlıq Qərargahındakı çıxışı, ölkənin hüquq-mühafizə orqanlarının xəbərdarlıqları ilə eyni vaxta təsadüf edib.

Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru James Comey deyib ki, İŞİD Qərbə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün jurnalistlər James Foley və Steven Sotloff kimi girovların yeni ovuna çıxa bilər.

Cənab Comey bildirib ki, İraqda ABŞ təyyarələrinin reydləri başlanandan bəri İŞİD, Ağ Evi hədələyən video da daxil olmaqla özünün internet təbliğatını intensivləşdirib.

ABŞ-da cihad təhlükəsi

ABŞ prokurorluğu çərşənbə axşamı Suriyaya getmək üçün döyüşçülər yığmaqda və Yaxın Şərqdən qayıdan Amerika hərbçilərinin qətllərini planlaşdırmaqda şübhəli bilinən 30 yaşlı ABŞ vətəndaşını həbs edib.

Məhkəmə sənədlərinə görə Mufid Elfgeeh məxfi FTB agentindən səs boğucuları olan bir neçə tapança alıb. Sənədlərdə qeyd olunur ki, o, 2013-cu ildə Tuluz şəhərində baş vermiş atışmaya bənzər terror aktı hazırlayırmış. Tuluzdakı akt zamanı üç fransız hərbçisi öldürülmüşdü.

FTB bildirib ki, Elfgeeh həmçinin üç nəfərin cihadçılara qoşulmaq məqsədilə Suriyaya səfər etməsinə köməklik göstərib.

Cənab Obama Mərkəzi Komandanlığın Floridadakı bazada yerləşən qərargahında general Lloyd Austin-lə görüşüb. General Austin İŞİD-ə qarşı hərbi kampaniyaya rəhbərlik edir.

Yeri gəlmişkən, general Dempsey Senat qarşısında çıxış edərkən deyib ki, general Austin-in fikrincə, İraqa hava zərbələrini yönləndirmək üçün orada Amerika hərbçilərinin yerləşdirilməsinə ehtiyac ola bilər.

Ərəblər təkbaşına İŞİD-lə bacarmazlar

Bir sıra hərbi ekspertlər və Amerika komandanları İraq hərbiyyəsinin və ya mötədil Suriya müxalifətinin cihadçılara üstün gələ biləcəyinə şübhə ilə yanaşırlar. Onlar bu qənaətdədirlər ki, hətta hava bombardmanlarından sonra da bu qüvvələrin təmizlənmiş ərazini nəzarətə götürə biləcəkləri inandırıcı görünmür.

Amerika hərbi müşavirlərinin təftiş etdikləri 50 İraq briqadasından yarısının zəif komandanlıq, təriqərtçilik və sıralarında şiə başıpozuqlarının olması kimi problermlərlə üzlədiyi bəlli olub.

Suriyadakı silahlı müxalifətə gəlincə isə, onlar cihadçılardan sayca qat-qat azdırlar və üstəlik prezident Bashar al-Assada loyal qüvvələr tərəfindən hücumlara məruz qalırlar.

ABŞ tək olmayacaq

Prezident Obama bəyan edib ki, hava kampaniyasında ABŞ tək olmayacaq. O bildirib ki, 40-dək ölkə kampaniyada bu və ya digər şəkildə iştirak edəcəyini bildirib.

ABŞ indiyədək İraqdakı İŞİD mövqelərinə 174 raket zərbəsi endirib.

Son hava reydləri zamanı ABŞ qüvvələri Ərbil yaxınlığında İŞİD-in iki zirehli maşınını və Bağdad ərtrafında bir neçə cihadçı birləşməsini məhv ediblər.

Elə şeylər var ki, yalnız ABŞ edə bilər

Cənab Obama bildirib ki, Fransa və Britaniya artıq kəşfiyyat uçuşlarına başlayıblar, Səudiyyə Ərəbistanı isə öz ərazisində Suriya müxalifətçilərinin hərbi təlimlərinə icazə verib.

“Amma elə şeylər var ki, onları yalnız biz edə bilərik” – deyib Barack Obama.

Bir sıra təhlilçilər bildirirlər ki, Barack Obama-nın qətiyyətli bəyanatlarına baxmayaraq, indinin özündə İraq torpağı üzərində 1600-dək Amerika əsgəri var.

Onların qənaətincə, hələlik yalnız diplomatik missiyanı qoruyan, İraq hökumətinə müşavir qismində kömək edən və əsasən zabitlərdən ibarət olan bu qüvvə gələcəkdə sayca genişlənə bilər.

XS
SM
MD
LG