Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:05

Türkiyənin kürd dilemması


Reutersin hazırladığı Türkiyə və regionda kürdlərin yayılma arealını göstərən xəritə
Reutersin hazırladığı Türkiyə və regionda kürdlərin yayılma arealını göstərən xəritə

Anne Barnafrd və Mark Landler “New York Times” qəzetində yazırlar ki, Amerikanın müttəfiqləri arasında İslam Dövləti təhlükəsinə Türkiyə qədər yaxın olanı və ya prezident Obaman-nın koalisiyasında Türkiyə qədər əhəmiyyətli olacaq ikinci bir ölkə yoxdur, lakin buna baxmayaraq Ankara indiyədək cihadçılara qarşı döyüşənlərin sırasına daxil olmağa tələsməyib.

Reporatjı Türkiyənin Karaca şəhərində və Nyu Yorkda hazırlayan müxbirlər, bunu qismən də Türkiyənin Suriya ilə həmsərhəd olması ilə bağlayırlar.

Məqalədə deyilir ki, hazırda mühasirədə olan Kobani şəhəri sünni qiyamçılarla Suriyanın əldə silah döyüşən kürdləri arasında qızğın cəbhə xəttinə çevrilib.

O tayda kürdlər, bu tayda kürdlər

Ən maraqlısı isə budur ki, Türkiyə kürdlərinin Suriyalı soydaşlarına dəstək vermək üçün Türkiyə sərhədindən keçmək istədikləri bir vaxtda, Suriya kürdləri elə həmin sərhəd xəttini keçərək cihadçılardan yaxa qurtarmağa çalışırlar.

Müəlliflərin fikrincə, Türkiyə ziddiyyətli maraqların arasında qalıb: Ankara bir tərəfdən sərhədin o tayındakı sünni ekstremistləri məğlub etmək istəyir, digər tərəfdənsə özünün kürd separatçılarının güclənməsini istəmir. Bütün bunları isə Amerika təyyarələrinin bu bölgəyə raket zərbələri endirməsi mürəkkəbləşdirir.

Barack Obama Türkiyənin onun ərazisindən keçərək İslam Dövlətinə qoşulan potensial döyüşçü axınını dayandırmasını istəyir. Vaşinqton həmçinin İD-ə qarşı əməliyyatlarında, NATO üzvü olan Türkiyənin hərbi bazalarından istifadə etmək istərdi.

“Gərginliyi artıran odur ki, - deyilir məqalədə - Birləşmiş Ştatlar İraq kürdləri ilə müttəfiq qismində çıxış edir”.

Türkiyə mövqeyini dəyişir

“New York Times” yazır ki, BMT Baş Assambleyasında intensiv lobbiçilikdən sonra Obama administrasiyası, deyəsən, Türkiyəni hərəkətə gətirə bilib.

Nyu Yorkda vise-prezident Joseph R. Biden-lə görüşdən sonra vətəninə qayıdan prezident Recep Tayyip Erdoğan bəyan edib ki, Türkiyə innən belə vəziyyətə müşahidəçi kimi qala bilməz.

“Dinimiz günahsız insanların öldürülməsini qəbul etmir” – deyib Erdoğan.

“Hürriyyet” qəzetinə müsahibəsində prezident deyib ki, gələn həftə Böyük Millət Məclisinin səsvermə ilə qəbul ediləcək icazəsindən sonra Türkiyə Suriyadakı hərbi əməliyyatlara qoşulacaq.

Lakin jurnalistlər Anne Barnard və Mark Landler yazırlar ki, bütün bunlara baxmayaraq, Türkiyənin münaqişədəki hərbi rolunu onun Suriyadakı ziddiyyətli maraqları məhdudlaşdıracaq.

Qəzet yazır ki, cənab Obama Erdoğanla Nyu Yorkda görüşə bilməsə də, sonradan ona zəng edərək, Suriyadan kütləvi şəkildə gələn qaçqınları yerləşdirdiyinə görə təşəkkürünü bildirib.

Məqalədə bildirilir ki, Türkiyə indiyədək İD-ə qarşı aqressiv mövqe tuta bilmirdi, çünki onun 46 diplomatı Mosulda girov saxlanırdı. Lakin sentyabrın 20-də keçirilən məxfi kəşfiyyat əməliyyatı nəticəsində Ankara bütün girovları azad edə bilib.

Qəzet bunu da qeyd edir ki, bu əməliyyatın təfərrüatları qaranlıq olaraq qalır və bir sıra ehtimallara görə Ankara girovları İD əsirləri ilə dəyişib. Lakin necə olursa olsun, innən belə Türkiyə İD-ə qarşı daha qətiyyətli mövqe tuta biləcək.

Ankara üçün separatizm İD qədər təhlükəlidir

Bununla belə, Türkiyəni hal-hazırda narahat edən sərhədləri boyunca yaranmış vəziyyətdir.

Sərhədin hər iki tərəfindəki kürdlər Birləşmiş Ştatları Kobanini lazımınca qoruya bilməməkdə günahlandırırlar. Hətta bəzi kürdlər deyirdilər ki, Vaşinqton Ankaranı qıcıqlandırmamaq üçün Kobanidə fəal hərəkətə keçmir.

Türkiyənin bir çox siyasi şərhçiləri isə bildirirlər ki, Kobani ətrafında kürdlərin yaratdığı yarımmuxtar ərazi rəsmi Ankara üçün İD-dən daha böyük təhlükə hesab olunur.

İstanbuldakı Kadir Has Universitetindən Soli Özel deyir ki, kürd məsələsi ABŞ-la Türkiyə arasında problem yaradan bəlkə də, yeganə məqamdır.

Təhlilçinin fikrincə, Türkiyə heç şübhəsiz ABŞ—ın müttəfiqi olaraq hərbi mənada addımlar atacaq, ola bilsin, Suriya içərisində bufer zonası yaradacaq, lakin eyni zamanda Kobani ətarafındakı muxtariyyəti əzəcək və ya ləğv edəcək.

Suriyadan ailələri ilə birlikdə Türkiyə ərazisinə qaçmış kürd kişilər bildirirlər ki, tezliklə İD-lə döyüşmək üçün doğma yerlərinə qayıdacaqlar.

Ötən cümə günü isə İD döyüşçülərinin irəlilədiyi bir şəraitdə Türkiyənin Suriya ilə sərhədinin hər iki tərəfinə çox sayda kürd yığılıb. Burada yaranmış gərginlik nəticəsində sərhəd qurğularına ziyan dəyib.

“New York Times” müxbiri müşahidə edib ki, Suriyadan Türkiyə ərazisinə keçən əsasən qadınlar, uşaqlar və qocaladırsa, əks tərəfə daha çox cavan kişilər keçməkdədirlər.

Sərhəddə yaranmış qatmaqarışıqlığa Türkiyə təhlükəsizlik qüvvələri müdaxilə edib və sərhəd boyunca toplaşanların üzərinə gözyaşardıcı qumbaralar atılıb.

Muxtar ərazi, yoxsa bufer?

Məqalədə deyilir ki, Kobanini sünni ekstremistlərdən müdafiə edən kürd Xalq Müdafiə Birliyi Türkiyədəki PKK ilə sıx əlaqələrə malikdir.

Siyasi şərhçi Soli Özel bu qənaətdədir ki, “bufer zonası” deyərkən cənab Erdoğan elə Suriya kürdlərinin “yarımmuxtar” ərazisini nəzərdə tutur.

Təhlilçinin fikrincə, uzun perspektivdə Türkiyə Ərəb yarımadasından gəlmiş bütün qaçqınların orada yerləşdirilməsini istərdi. Belə olduqda, regiondakı demoqrafik dinamika tamamilə Türkiyənin nəzarətində olardı.

Bu arada Barack Obama-nın baş hərbi müşaviri general Martin Dempsey deyib ki, kürdlər İraqda olduğu kimi, Suriyada da müttəfiqlərin quru qüvvələri funksiyasını yerinə yetirə bilərlər. Onun fikrincə, onlar bu mənada hətta Suriya müxalifətini əvəz edə bilərdilər.

Bütün bunlar Türkiyəni indilik ciddi narahat etsə də, təhlilçilərin fikrincə uzun perspektivdə Türkiyənin İD-i məğlub etmək istəyi, ABŞ-ın istəyindən fərqli olmayacaq.

“Ola bilsin, Türkiyə belə bir qənaətə gəlsin ki, hava zərbələrində başqa müttəfiqləri də üstüörtülü şəkildə dəstəkləmək mümkündür, - deyib ABŞ-ın Türkiyədəki keçmiş səfiri Francis J. Ricciardone – lakin az gözə görünən dəstək də mühüm ola bilər”.

XS
SM
MD
LG