Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:37

Arif Hacılı Müsavat başqanı kim görəcəyi ilk işi haqda danışdı


Arif Hacılı
Arif Hacılı

Müsavat partiyasının sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı partiyanın altıncı başqanı seçilib.

Arif Hacılı sentyabrın 28-də AzadlıqRadiosuna qısa müsahibə verib:

- Arif bəy, Müsavat başqanı kimi ilk işiniz nə olacaq?

- Əvvəla, fürsətdən istifadə edərək Müsavat başqanı seçilməyim münasibətilə məni təbrik edən hər kəsə radionuz vasitəsilə təşəkkürümü bildirirəm. Seçki kampaniyasında iştirak edən opponentlərimə, özümün və onların tərəfdarlarına da təşəkkür edirəm. Çox yüksək səviyyəli bir seçki kampaniyası təşkil olundu. Müsavat partiyası Azərbaycan cəmiyyətinə ciddi bir töhfə verdi. Biz daim Müsavat partiyasının işlərilə məşğul olmuşuq. Hal-hazırda yəqin ki, ilk növbədə partiya strukturlarının formalaşdırılması ilə məşğul olacağıq. Çünki hazırda partiyanın bütün strukturları qurultaya qədər fəaliyyət göstərən strukturlardır. Hazırda istər Divanın, mərkəzi icra aparatının formalaşması, müavinlərin təyin olunması və başqa işlərimiz var. Qısa müddətdə bu işləri görərək Müsavat partiyasının bütün strukturunun fəaliyyət göstərməsini təmin etməliyik.

- Gözləmədiyiniz şəxsdən, dairədən, partiyadan təbrik almısınızmı?

- Gözlədiyim təbriklər də çox olub, gözləmədiyim təbriklər də var. Məncə, proses hələ başa çatmayıb. Təbriklər hələ bir müddət davam edəcək və prosesin sonunda məsələylə bağlı nəsə demək daha düzgün olar.

- Müsavat partiyasının bundan sonrakı siyasətindən hansı dəyişikliyi gözləyək?

- Müsavat ideoloji siyasi bir təşkilatdır. Bu partiyada hələ 103 il əvvəldən qoyulmuş ümumi ideoloji siyasi xəttə, müsavatçılığın ana prinsiplərinə sadiqlik əsas şərtlərdən biridir. Ancaq müəyyən dəyişikliklər olacaq. Biz Müsavat partiyasının daha çevik, daha dinamik fəaliyyət göstərən bir təşkilata çevrilməsi üçün əlimizdən gələni edəcəyik. Hesab edirəm ki, Müsavat partiyası daxilində keçirilmiş başqan seçkilərinin özü müəyyən dəyişikliklərə səbəb oldu. Bu bir neçə həftə ərzində Müsavat partiyasında keçirilən seçkilər bütövlükdə Azərbaycan cəmiyyətində bütün siyasi gündəmi zəbt etmiş mövzu oldu, cəmiyyət fəallaşdı. Eyni zamanda demokratik, şəffaf seçkilərin keçirilməsinin mümkünlüyünü bir daha nümayiş etdirdik. Partiyanın bütün strukturları hərəkətə gəlib. Çalışacağıq ki, Müsavat partiyası strukturlarının bu fəallığını qoruyub saxlayaq və daha da gücləndirək.

- Qurultaydakı çıxışınızda çağırış etdiz ki, seçkidən sonra hamını bir yerdə görmək istəyirsiz və seçkidən bütün namizədləri bağrınıza basmağa hazırsız. Partiyada parçalanma sarıdan narahatlıq qalırmı?

- Başqanlıq uğrunda mübarizədə partiyanın müxtəlif üzvləri müxtəlif namizədləri müdafiə ediblər. Bu kampaniya zamanı bəzən əsəblər gərilib, bəzi ciddi ittihamlar, fikirlər səsləndirilib. Təbii ki, biz bütün bu məsələləri seçki kampaniyasının fonunda deyilmiş, bu kontekstdə işlədilmiş fikirlər kimi qəbul edərək unutmağa hazırıq. Mən artıq bütün bunları keçmiş məsələlər hesab edirəm və düşünürəm ki, seçki kampaniyası dövründə partiya üzvlərinin hansı namizədi müdafiə etməsindən asılı olmayaraq, partiyada bütün şəxslərə münasibət eyni cür olmalıdır, insanlar bir-birindən fərqləndirilməməlidir. Mən Müsavat partiyası başqanı olaraq kampaniyada tutduğu mövqeyə görə heç kəsə fərqli münasibət bəsləmək niyyətində deyiləm.

- Yəni hansısa parçalanmanı, bəzi üzvlərin partiyanı tərk edəcəyini gözləmirsiz?

- Əlimdən gələni edəcəyəm ki, belə hallar baş verməsin.

- Seçkinin nəticəsi bəlli olandan, Sizin başqan seçilməyiniz elan ediləndən sonra sosial şəbəkələrdə də belə bir fikir yayılıb ki, Müsavat partiyası dağılacaq. Sizcə, nədən qaynaqlanır belə fikirlər, nə dərəcədə əsaslıdır?

- Belə proqnozlar dəfələrlə verilib, ancaq heç vaxt doğrulmayıb. Müsavat partiyası üzvləri öz ideoloji-siyasi düşüncələrinə görə bu partiyada olan şəxslərdir. Onlar Müsavata Arif Hacılıya, Qubad İbadoğluya, Tural Abbaslıya, hətta İsa Qəmbərə görə yox, öz əqidələrinə, ideoloji-siyasi düşüncələrinə görə gəliblər. Təbii ki, partiya, yoxsa ayrı-ayrı siyasi xadimlər arasında seçim etmək məsələsi ortalığa çıxanda partiya üzvləri adətən uzun müddət bir yerdə fəaliyyət göstərdiyi dostlarını deyil, öz ideoloji-siyasi xəttinə uyğun olaraq Müsavat partiyasını seçirlər. Ona görə də Müsavat partiyasından ciddi qopmaların olacağını gözləmirəm.

- Qurultayda qərar verildi ki, 2018-ci il prezident seçkilərində İsa Qəmbər namizəd olacaq. Niyə məhz İsa bəy, Siz - Müsavat başqanı yox?

- İsa Qəmbər Azərbaycanın ən təsirli siyasi xadimlərindən biridir. Hesab edirəm ki, indi siyasi şəraitdə həm prezidentliyə namizəd olmaq üçün, həm Azərbaycan prezidenti vəzifəsini icra etmək üçün məndən daha uğurlu namizəd İsa Qəmbərdir. Onun siyasi təcrübəsi, seçicilərdən səs almaq imkanları məndən daha üstündür. Hesab edirəm ki, bu kriteriyalarda onun üstün olduğunu qəbul ediriksə, onun prezidentliyə namizədliyini də qəbul etməyimiz həm Müsavat partiyasının, həm də Azərbaycan cəmiyyətinin maraqlarına uyğundur.

MÜSAVAT QURULTAYINDAN GENİŞ REPORTAJI BURADA OXU

XS
SM
MD
LG