Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:36

Məmmədyarov danışdı, AŞPA-da etiraz səsləri ucaldı


Elmar Məmmədyarov - Strasburq, 2 oktyabr 2014
Elmar Məmmədyarov - Strasburq, 2 oktyabr 2014

-

Oktyabrın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Strasburqda AŞPA-nın payız sessiyasında çıxışa başlayıb. Onun çıxışı Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə bağlıdır.

Elmar Məmmədyarov çıxışa başlayan kimi zalda etiraz səsləri eşidilib. AŞPA prezidenti Anne Brasseur zalda sakitliyə çağırıb. Ancaq bir qrup fəal aksiyanı sakitcə davam etdirib.

Məmmədyarov çıxışına Ukraynadakı böhrandan başlayıb. O deyib ki, Nazirlər Komitəsi sentyabrın 5-dəki atəşkəs sazişini alqışlayır.

Nazir ölkədə korrupsiya ilə mübarizədə aparılan işlərdən danışıb, bu mübarizənin ölkə üçün prioritet olduğunu vurğulayıb.

Məmmədyarov Nazirlər Komitəsinə sədrlik çərçivəsində sentyabrda keçirilən dini tolerantlıq konfransını xatırladıb. Nazir Azərbaycanın dini tolerantlıq göstəricilərinə görə öndə getdiyini bildirib.

4-cü Beynəlxalq Humanitar Forumundan danışan Məmmədyarov deyib ki, bu mötəbər tədbirə dünyanın bir çox ölkələrindən alimlər, dövlət xadimləri qatılır.

Elmar Məmmədyarovun çıxışından sonra AŞPA deputatlarının ona suallar ünvanlayacağı gözlənilir.

«Azərbaycanın xarici işlər naziri İntiqam Əliyev, Leyla Yunus, Anar Məmmədlinin həbsindən danışacaqmı və onların buraxılmasına dair çağırışlara cavab verəcəkmi?». Bunu David Diaz-Jogeix adlı tvitter istifadəçisi yazır.

Elmar Məmmədyarov çıxışında insan haqları pozuntularına dair beynəlxalq tənqidlərə cavab verməyib, ancaq ölkədə fundamental azadlıqların necə qorunmasından danışıb.

«Sizi əmin edirəm ki, gələn ay sədrliyimiz başa çatandan sonra əməkdaşlığı davam etdirəcəyik», - o, deyib.

***

«İnternetə hər hansı qadağa, sui-istifadə halları yoxdur», - nazir deyib.

***

Elmar Məmmədyarov - Strasburq, 2 oktyabr 2014
Elmar Məmmədyarov - Strasburq, 2 oktyabr 2014

İspaniyadan olan deputat Pedro Agramunt iyulda Dağlıq Qarabağda nə baş verdiyini, Rusiyanın həmin əraziyə əsgər göndərib-göndərmədiyini soruşub.

Pedro Agramunt insan haqları üzrə məruzəçidir. O, həm də siyasi məhbuslar məsələsini araşdırmalı, məruzə hazırlamalıdır. Maraqlıdır ki, ispaniyalı deputat Məmmədyarova ölkədəki həbslər, beynəlxalq qurumların repressiyaların dayandırılmasına dair çağırışlarla bağlı sual verməyib.

Elmar Məmmədyarov bu suala cavabında Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışmağa başlayıb:

«Bildiyimiz odur ki, Ermənistan qüvvələri geri çəkilməlidir. Davamlı inkişaf barədə danışırıqsa, işğal, bir ölkənin digərini ərazisini işğal etməsi baş verməməlidir. Qaçqınlar öz vətənlərinə qayıtmalıdır».

***

Rusiyanın Krımı anneksiya etməsinə dair suala cavabında Məmmədyarov Rusiyanın Ukraynanı işğal etdiyini birmənalı deməyib.

«Nazir Rusiyanı adını çəkməkdən çəkindi», - tvitter istifadəçiləri yazır.

İnsan Haqları evinin təmsilçi Florian İrminger Pedro Agramunt-un sualından heyrətini gizlətmir:

Fəalların AŞPA-da sakit etiraz aksiyası davam edir.

Deputat Tiny Cox soruşub ki, Azərbaycan prezidenti İlham Əliyevin insan haqlarına dair dəyirmi masa keçirmək təklifindən sonra niyə yalnız həbslər artıb və niyə bu müzakirənin keçirilməsi üzrə iş yubanır.

Nazir Məmmədyarov bunu yay tətilləri ilə izah edib. O, Bakıda iki gün Qurban bayramı olduğunu, gələn həftədən bu məsələ barədə işə başlanacağını deyib.

***

«SMDT rəhbəri Anar Məmmədliyə Václav Havel mükafat verilməsi AŞPA-nın hüququdur» - Elmar Məmmədyarov bildirib.

***

QHT-lərlə bağlı suala cavabında Elmar Məmmədyarov deyib ki, çox az sayda QHT fəaliyyətində şəffaflıq qaydalarına riayət edir. Qanunvericiliyə dəyişikliklər də hesabatlılığın artırılmasına görədir.

Deputat Robert Biedron soruşmuşdu ki, niyə Heydər Əliyev Fondu deyil, müstəqil QHT-lər vergi təftişinə məruz qalırlar.

Elmar Məmmədyarov - Strasburq, 2 oktyabr 2014
Elmar Məmmədyarov - Strasburq, 2 oktyabr 2014

***

Hakimiyyətin tənqidçilərini susdurması, tənqidə dözümlülük barədə suala cavabında Elmar Məmmədyarov iddia edib ki, müxalifət qəzetləri onun ailəsindən yazır, ancaq o, bütün bunlara dözümlü yanaşır.

***

Deputatlardan biri siyasi məhbuslarla bağlı sual verib. «Amnesty International» Azərbaycanda 20-dən çox vicdan məhbusun olduğunu deyir. Siz də prezidentinizin yay sessiyasında dediyi kimi düşünürsünüz ki, Azərbaycanda siyasi məhbus yoxdur?».

E.Məmmədyarovun bu suala cavabı qısa olub:

«Siz elə cavabı da verdiniz. AŞPA siyasi məhbus anlayışının tərifini verib, həmin tərifə görə, Azərbaycanda siyasi məhbus yoxdur. Başqa cavab hipotetik olardı. Təşəkkür edirəm».

***

İrlandiyalı deputat Michael McNamara Leyla Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev və digərlərinin həbsinin Avropa Şurasının nüfuzuna necə təsir etdiyini soruşdu.

E.Məmmədyarov: «Cənab McNamara, biz bu məsələ barədə Bakıda da danışdıq. Sizin və mənim mövqeyim fərqlidir. Siz öz mövqeyinizdə qalın, mən də öz mövqeyimdə. Vəssalam».

Elmar Məmmədyarovun sual-cavab sessiyası başa çatıb.

***

AŞPA prezidenti Anne Brasseur tvitter hesabında yazır:

«Nazir Məmmədyarovu salamlayarkən, mən Azərbaycanda Avropa Şurası standartlarının yerinə yetirilməsində çatışmazlıqları vurğuladım».

«Mən həmçinin Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının son həbslərindən narahatlığımı bildirdim. Onların hamısı Avropa Şurası ilə çoxdan işləyən tərəfdaşlardır».

XS
SM
MD
LG