Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:44

Lermontovun "Zəmanəmizin qəhrəmanı" romanı (Elektron formatda)


Mikhail Lermontov
Mikhail Lermontov

-

Mikhail Lermontov

ZƏMANƏMİZİN QƏHRƏMANI

Hər bir kitabda müqəddimə birinci və eyni zamanda sonuncu şeydir; bu, ya əsərin məqsədini izah etmək, ya da tənqidlərə qarşı bəraət qazanmaq və cavab vermək xidmətini görür.

Lakin adətən, oxucular əxlaqi məqsədə əhəmiyyət vermədiklərindən və jurnal hücumlarına biganə olduqlarından müqəddimələri oxumurlar. Təəssüflər olsun ki, bu iş, xüsusilə bizdə belədir. Camaatımız hələ o qədər gənc və sadədildir ki, bir təmsilin sonunda əxlaqi nəticə görmədikdə onun mənasını anlamır.

Camaatımız zarafatı sezmir, kinayəni duymur; bir sözlə, o yaxşı tərbiyə edilməmişdir. Camaatımız hələ bilmir ki, ləyaqətli bir cəmiyyətdə və ləyaqətli bir kitabda açıqdan-açığa, söyüşə yer verilə bilməz və hal-hazırda ziyalılar daha iti və demək olar ki, gözə görünməyən, bununla belə yaltaqlıq pərdəsi altında qarşısıalınmaz, qəti zərbələr endirən müdhiş bir alət ixtira etmişlər. Camaatımız, bir-birinə düşmən olan dövlətin iki diplomatı arasında gedən danışığa xəlvətcə qulaq asaraq, onların bir-birinə bəslədikləri qarşılıqlı incə dostluq xatirinə hər birinin öz hökumətini aldatdıqlarına inanan əyalət adamına bənzəyir.

Bu kitab bədbəxtlikdən hələ bu yaxınlarda, bəzi oxucuların, hətta jurnalların etimadını sözün tam mənasilə qazandı. Bəziləri Zəmanəmizin Qəhrəmanı kimi əxlaqsız bir adamın onlar üçün örnək şəklində göstərilməsindən doğrudan da çox incidilər; bəziləri isə çox incə şəkildə qeyd etdilər ki, yazıçı özünün və öz tanışlarının portretini çəkmişdir... Nə qədər köhnə və miskin bir zarafat! Nə edəsən, görünür Rusiya elə yaradılmışdır ki, belə mənasız şeylərdən başqa onda hər şey yeniləşir. Çətin işdir ki, bizim füsunkar nağılların ən füsunkarı insan şəxsiyyətini təhqir etmək kimi bir niyyətdə olmaq töhmətindən yaxasını qurtara bilsin!

Möhtərəm ağalar, Zəmanəmizin Qəhrəmanı, doğrudan da bir portretdir, lakin təkcə bir adamın portreti deyil: bu bütün bizim nəslin tam inkişaf etmiş nöqsanlarını təcəssüm etdirən bir portretdir. Siz mənə yenə də deyəcəksiniz ki, insan bu qədər səfeh olmaz. Mən də sizə deyirəm ki, əgər siz bütün fəci və romantik zalımların varlığının mümkün olmasına inanırsınızsa, bəs Peçorinin həqiqi bir adam olduğuna niyə inanmırsınız? Siz bundan daha müdhiş və eybəcər uydurmalara heyran qaldığınız halda, bəs nə üçün bu xarakterə (o hətta bir uydurma olsa belə) acımırsınız? Bəlkə bu, Peçorində, sizin arzu etdiyinizdən daha çox həqiqət olduğundan irəli gəlir?..

Siz deyəcəksiniz ki, əxlaq bundan bir şey qazanmır... Bağışlayın. Bəsdir insanlara şirin şeylər yedirtdiniz, bu şirin onların mədəsini pozmuşdur: onlara acı dərmanlar, acı həqiqətlər lazımdır. Lakin bundan sonra siz, zənn etməyin ki, bu kitabın müəllifi insan nöqsanlarının islahçısı olmaq kimi lovğa bir xəyala düşmüşdür. Allah onu bu cahillikdən saxlasın! Müəllif ancaq zəmanəmizin adamının şəklini, öz bildiyi kimi çəkməkdən zövq almışdır. Həm sizin, həm də özünün bədbəxtliyindən, o belə adamlara çox tez-tez rast gəlmişdir. Xəstəliyin göstərilməsi də kafirdir, onun necə müalicə edilməsinə gəlincə, bunu Allah bilir!

BİRİNCİ HİSSƏ

BELA

Poçt arabası ilə Tiflisdən gəlirdim. Arabanın yükü yarısına qədər Gürcüstan haqqında yol xətirələri ilə doldurulmuş balaca bir çamadandan ibarət idi. Bu xatirələrin çox hissəsi, sizin bəxtinizdən itmiş, çamadan və ondakı qalan şeylər isə mənim bəxtimdən, salamat qalmışdı.

Mən Koyşaur vadisinə çatdıqda günəş artıq qarlı dağ silsiləsinin arxasında gizlənməyə başlamışdı. Gecə düşənə qədər Koyşaur dağına çata bilmək üçün osetin-arabaçı yorulmadan atları qovur və var səsi ilə mahnı oxuyurdu. Bu vadi gözəl bir yerdir! Keçilməz dağlar, üzərindən yaşıl sarmaşıqlar asılmış və çinar ağacları ilə əhatə olunmuş qırmızımtıl qayalar, köksündə sellər cığır açmış sarı uçurumlar; yuxarıda, yüksəklərdə qarların qızılı rəng almış saçaqları; aşağıda isə qaranlıq və dumanla dolmuş dərədən qıjıltı ilə axan və bir başqa adsız balaca çayla qucaqlaşmış Arqava gümüş bir sap kimi uzanır, ilan qabığı kimi parıldayır.

Biz Koyşaur dağının ətəyinə çatıb bir duxanın1 yanında dayandıq. Buraya iyirmiyə qədər gürcü və dağlı toplaşıb səs-küy salmışdı;

________________

1 Meyxana

yaxında, gecələmək üçün bir dəvə karvanı dayanmışdı. Arabamı bu məlun dağa çıxartmaq üçün bir neçə öküz kirələməli idim, çünki artıq payız girmiş, dağ sırsıra bağlamışdı, – bu dağın vadisi isə, təqribən, iki verst uzunluğundadır.

Çarə yoxdu, mən altı öküz və bir neçə osetin tutdum. Osetinlərdən biri mənim çamadanımı çiyninə aldı, qalanları isə, demək olar ki, yalnız çığır-bağır salmaqla öküzlərə kömək etməyə başladılar.

Mənim arabamın dalınca dörd öküz, ağzına qədər yüklənmiş başqa bir arabanı çox asanlıqla çəkirdi. Bu məni təəccübləndirdi. Araba sahibi, gümüşə tutulmuş xırda kabardin çubuğunu çəkə-çəkə arabanın ardınca gəlirdi. O, epoletsiz zabit sürtuku geymiş, başına qıllı çərkəz papağı qoymuşdu. Görünüşündən əlli yaşlarında bir adam idi; qarayanız çöhrəsi onun Qafqaz günəşinə çoxdan alışdığını göstərir, vaxtından əvvəl çallaşmış bığları isə, qəti yerişinə və qıvrım görkəminə yaraşmırdı. Mən yaxınlaşıb salam verdim; o dinməzcə mənə baş əydi və havaya qəliz bir tüstü buraxdı.

– Biz, deyəsən, sizinlə yol yoldaşıyıq?

O, dinmədən, təkrar baş əydi.

– Yəqin ki, Stavropola gedirsiniz?

– Elədir ki, var... hökumət şeyləri aparıram.

– Zəhmət olmazsa, deyin, nədən sizin bu ağır arabanızı dörd öküz asanlıqla çəkir, amma mənim boş arabamı bu osetinlərin köməyilə altı öküz də çəkə bilmir?

O, bic-bic gülümsədi və mənalı bir nəzərlə mənə baxdı:

– Yəqin ki, Qafqaza yaxınlarda gəlibsiniz?

– Bir ildir, – deyə cavab verdim.

O təkrarən gülümsədi.

– Nə var ki?

– Elə-belə; bu asiyalılar çox hiyləgər adamlardır! Elə bilirsiniz bəs onlar qışqırıq salmaqla kömək edirlər? Allah bilir nə bağırırlar. Öküzlər də onların dilini bilirlər; istəyirsiniz iyirmi öküz qoşun, onlar öz dillərində bağırsalar da öküzlər yerlərindən tərpənməzlər... Yaman haramzadadırlar! Əlindən nə gələr?.. Gəlib gedənlərdən pul qoparmağı sevirlər... Bu dələduzları qudurdublar! Görərsiniz, hələ sizdən araq pulu da alacaqlar. Amma mən daha onlara bələdəm, məni aldada bilməzlər!

– Siz çoxdanmı burada qulluq edirsiniz?

– Bəli. Mən burada Aleksey Petroviçin vaxtından qulluq edirəm, – deyə, o bir qədər duruxub davam etdi: – o, buraya, qalaya gəldiyi zaman mən podporuçik idim, – deyə əlavə etdi, – onun zamanında dağlılara qarşı gördüyüm işə görə o mənim rütbəmi iki dəfə artırmışdı.

– Bəs indi nə işindəsiniz?

– İndi üçüncü nizami batalyonda sayılıram. Bağışlayın, bəs siz?

Mən kim olduğumu söylədim.

Söhbətimiz bununla bitdi və biz dinməzcə yolumuza yanaşı davam etdik. Dağın təpəsində qara rast gəldik. Günəş batdı, gecə, adətən cənubda olduğu kimi, aman vermədən gündüzün dalından yetişdi; lakin qarın əks etdiyi işıqda biz yolu asanlıqla seçə bilirdik; yoxuş hələ qurtarmamışdısa da, yol artıq o qədər də dik deyildi. Çamadanımı arabaya qoymağı, öküzlərin yerinə at qoşmağı əmr etdim və dönüb son dəfə aşağıya, vadiyə baxdım; lakin dərələrdən dalğa-dalğa yüksələn kəsif duman vadini tamamilə örtmüşdü, oradan bir səs belə eşidilmirdi. Osetinlər səs-küylə məni bürüyüb, araq pulu istədilər, lakin ştabs-kapitan onların üstünə elə qəzəblə bağırdı ki, bir anda dağıldılar.

– Əclaf məxluq! – heç rusca çörəyin adını bilmirlər, amma “zabit, araq pulu ver!” deməyi əzbərləyiblər. Məncə tatarlar bunlardan yaxşıdır; heç olmasa onlar içən deyillər...

Stansiyaya hələ bir verst qalmışdı. Ətraf sakit, o qədər sakitdi ki, ağcaqanadın vızıltısilə onun hara uçduğunu izləmək olurdu. Solda dərin bir dərə qaralırdı; dərədən o tərəfdə – qarşımızda, qürubun son şəfəqlərinin hələ sönmədiyi solğun göy qübbəsində isə üstü qırış-qırış və qar qatları ilə örtülmüş dağların tünd sürməyi zirvələri canlanırdı. Qaranlıq göydə ulduzlar parıldaşmağa başladı və qəribə işdir, mənə elə gəldi ki, bunlar bizim şimaldakı ulduzlardan daha ucadadır. Yolun hər iki tərəfində çılpaq qara daşlar dikəlir, bəzi yerdə qarların altından kollar boylanır, lakin bir quru yarpaq belə tərpənmirdi; təbiətin bu dərin yuxusu içərisində, yorğun üç atlı poçt arabasının cırıltısını, atların boyunlarındakı rus zınqırovlarının qarışıq səsini eşidəndə adamın ürəyi fərəhlə dolurdu.

– Sabah gözəl hava olacaq! – dedim.

Ştabs-kapitan bir kəlmə də cavab vermədi və barmağı ilə düz qarşımızda dikələn hündür bir dağı mənə göstərdi.

– Bu hansı dağdır? – deyə soruşdum.

– Qüd dağıdır.

– Nə olsun ki?

– Baxın, necə dumanlanır.

Doğrudan da, Qüd dağı dumanlanırdı. Dağın hər iki tərəfindən seyrək buludlar sürünürdü, dağın zirvəsini isə qara bir bulud almışdı; bu bulud o qədər qara idi ki, qaranlıq göydə bir ləkə kimi görünürdü.

Artıq poçt stansiyasını və stansiyanı ortaya almış daxmaların damlarını seçə bilirik. Bizi salamlayan işıqlar sayrışarkən nəm, soyuq bir külək qoxusu duyuldu. Dərə uğuldadı və çiskin yağış səpələnməyə başladı. Yapıncıya yenicə bürünmüşdüm ki, qar tökdü. Mən hörmətkarlıqla ştab-kapitana baxdım...

O, dilxor olub:

– Gecəni burada qalmalıyıq, belə çovğunda dağı aşa bilməzsən. Bura bax! Krestovoyda qar uçqunları olmuşdurmu? – deyə o, arabaçıdan soruşdu.

– Olmamışdır, cənab, – deyə arabaçı osetin cavab verdi: – amma çoxlu qar yığınları vardır.

Stansiyada qonaqlardan ötrü otaq olmadığından, gecələmək üçün bizə his basmış bir daxma verdilər. Mən yol yoldaşımı birlikdə bir stəkan çay içməyə dəvət etdim; Qafqaza olan səyahətimdə mənə yeganə zövq verən bir çuqun çaydanım var idi.

Daxmanın bir böyrü qayaya yapışıqdı; üç sürüşkən və yaş pilləkənlə daxmaya çıxılırdı. Əlimlə yoxlaya-yoxlaya içəri girdim, bir inəyə toxundum (burada pəyə nökər damını əvəz edir) hara gedəcəyimi bilmədim: bu yanda qoyunlar mələşir, o yanda köpək mırıldayırdı. Xoşbəxtlikdən küncdə tutqun bir işıq parıldadı və qapıya oxşar digər deşiyi tapmaqda mənə kömək etdi. Burada, qarşımda çox maraqlı bir mənzərə açıldı; damı his basmış, iki dirək üzərində dayanan geniş daxma adamla dolu idi. Ortalıqda qalanmış ocaq çatıldayırdı və damın bacasından küləyin geri qovduğu qatı tüstü ətrafı elə bürümüşdü ki, mən xeyli vaxt ətrafımı görə bilmədim; ocaq başında iki qarı, çoxlu uşaq və başdan-ayağa cır-cındır içərisində olan arıq bir gürcü əyləşmişdi. Çarə yoxdu! Biz ocağın başında özümüzə yer elədik, çubuq çəkdik: çox çəkmədən çaydan xoş bir səslə qaynamağa başladı.

Dinmədən mat-mat üzümüzə baxan çirkli ev sahiblərinə işarə edib ştabs-kapitana:

– Nə yazıq adamlardır! – dedim.

– Çox axmaq xalqdır, – deyə o cavab verdi, – inanmırsınız ki, əllərindən heç bir iş gəlmir, heç bir mərifətləri yoxdur! Bizim kabardinlər, yaxud çeçenlər quldur və lüt olsalar da qoçaq adamlardır, amma bunların heç silaha da rəğbətləri yoxdur, birində bir əməlli-başlı xəncər görməzsən. Lap əsil osetindirlər!

– Siz Çeçenistanda çoxmu olmuşsunuz?

– Bəli, mən on il bir rota ilə Kamennı Brod yanında bir qalada olmuşam, bu yeri tanıyırsınızmı?

– Eşitmişəm.

– Bu başkəsənlər, atam, bizi cana gətirmişdilər! Allaha şükür ki, indi dincdirlər; vaxt olurdu ki, qala bürcündən yüz addım o yana çıxan kimi görürdün ki, şeytan uşağı oturub səni güdür, azca ehtiyatsızlıq etdinmi, ya kəmənd boğazına keçir, ya da peysərinə bir güllə yamanırdı. Amma qoçaqdırlar.

Mən maraqlanıb:

– Yəqin, başınız çox macəralar çəkmişdir? – dedim.

– Necə çəkməsin! Çəkmişdir...

Burada o, sol bığını eşməyə başladı, başını yerə dikib fikrə getdi. Məndə ona keçmiş macəralarından birini söylətmək arzusu şiddətləndi; bu, səyahət edən və xatirat yazan adamların hamısına məxsus bir istəkdir. Bu arada çay qaynadı, çamadanımdan iki yol stəkanı çıxartdım, çay süzüb birini onun qabağına qoydum. O, çaydan bir qurtum alıb, öz-özünə danışırmış kimi “çəkmişdir!” dedi. Bu söz mənə böyük ümidlər verdi. Mən, Qafqazda çoxdan yaşayanların söhbət etməyi, danışmağı çox sevdiklərini bilirdim. Axı bu fürsət onların əllərinə tez-tez düşmür, elələri var ki, rota ilə beş il ucqar bir yerdə qalır və bu beş ildə bir adam da ona salam vermir (çünki feldfebel salam əvəzinə can sağlığı diləyirəm deyir). Laqqırtı vurmaq üçün söz-söhbət çoxdu, ətrafdakı xalq vəhşi xalqdır, onlar hər şeylə maraqlanır; hər gün təhlükə, qəribə hadisələr olur və istər-istəməz, bizdə, belə şeylərdən az yazıldığına təəssüf edirsən.

Müsahibimə:

– Çayınıza rom tökmək istəmirsiniz? – dedim. Ağ romum vardır. Tiflisdən gətirmişəm. Hava da soyuqdur.

– Xeyir, təşəkkür edirəm, içmirəm.

– Nə üçün?

– Elə belə. Tövbə eləmişəm. Mən hələ podporuçik ikən bir gün özümüz toplaşıb kefləndik, gecə isə həyəcan siqnalı verildi, biz də kefli qabağa çıxdıq; Aleksey Petroviç bundan xəbər tutduqda, payımızı aldıq; o qədər hirsləndi ki, allah göstərməsin! Az qala bizi məhkəməyə vermişdi. Nə edəsən, görürsən bir il bir yerdə qalırsan, adam üzü görmürsən, azacıq da ki, içdin, işin bitdi!

Bunu eşitdikdə, demək olar ki, ümidimi üzdüm.

– Elə çərkəzləri alın, – deyə o davam etdi, – toyda və ya yasda buza içən kimi qırğın düşür. Mən bir dəfə güclə qaçıb canımı qurtara bildim, hələ mən dinc bir knyaz qonaqlığında idim.

– Bu necə olmuşdur?

– Belə (o, çubuğunu doldurdu, bir qullab vurduqdan sonra nağıl etməyə başladı), – belə olub, qulaq asın, o zaman, mən bir rotada, Terek çayının o tayındakı qalada idim, bu iş olalı, indi az qala beş ildir. Bir gün, payızda, azuqə gətirdi; arabanın içində iyirmi beş yaşlarında gənc bir zabit vardı. O tam rəsmi formada yanıma gəlib, qalada mənim yanımda qalmaq üçün əmr aldığını bildirdi. Zabit o qədər incə, ağ, əynindəki mundiri o qədər təzə idi ki, onun Qafqaza təzəcə gəldiyini haman saat anladım. “Siz yəqin ki, Rusiyadan buraya dəyişdirilmisiniz? – deyə mən soruşdum. – Elədir ki, var, cənab ştabs-kapitan” – deyə o cavab verdi. Mən onun qoluna girib dedim: “Çox şadam, çox şadam. Bir qədər darıxacaqsınız... Lakin biz ikilikdə dost kimi yaşayacağıq. Bir də bundan sonra məni sadəcə Maksim Maksimıç deyə çağırın; özü də bu tam rəsmi forma nəyə gərəkdir? Mənim yanıma həmişə furajkada gəlin”. Ona mənzil verildi və o, qalada yerləşdi.

– Bəs adı nə idi? – deyə mən Maksim Maksimıçdan soruşdum.

– Onun adı... Qriqori Aleksandroviç Peçorin idi. Cəsarətlə sizi inandırıram ki, o yaxşı oğlan idi. Ancaq bir az qəribə xasiyyətləri vardı. Məsələn, yağışda, soyuqda bütün günü ovda olurdu; hamı soyuqdan donur, yorğun düşürdü, ona isə heç şey kar etmirdi. Başqa bir vaxtda isə öz otağında oturur, külək əsən kimi sizi inandırırdı ki, soyuqlayıb, pəncərə qapılarının səsi çıxan kimi diksinir, rəngi qaçırdı, amma mənim gözümün qabağında təkbaşına qaban ovuna gedərdi; bəzən saatlarla ondan bir kəlmə də eşitməzdin, amma bir şey söyləməyə başladımı, gülməkdən az qala qarnın cırılardı... Bəli, çox qəribə və həm də ehtimal ki, varlı adamdı: o qədər cürbəcür bahalı şeyləri vardı ki!..

– O sizin yanınızda çoxmu qaldı? – deyə mən yenə soruşdum.

– Bir ilə qədər, lakin bu bir il mənim xatirimdən çıxmaz; bir ildə o qədər əziyyət çəkmişəm ki, yaddan çıxan deyil!.. Axı doğrudan da elə adamlar vardır ki, başlarına müxtəlif xariqüladə işlər gələcəyi alınlarına yazılmışdır!

Mən ona çay süzərək, maraqlandığımı andıran bir tərzdə:

– Xariqüladəmi? – dedim

– Qulaq verin, söyləyim. Qaladan altı verst uzaqda dinc bir knyaz olurdu. Onun on beş yaşında bir oğlu vardı. O, bizim yanımıza gəlməyə dadanmışdı: gündə bir şeyi bəhanə edib yanımıza gəlirdi. Qriqori Aleksandroviçlə mən onu nazlandırmışdıq. Amma başkəsənin biri idi; diribaş oğlandı, at dördnala qaçarkən yerdən papaq götürməyinimi deyim, yoxsa, at belində güllə atmağınımı söyləyim. Bircə pis xasiyyəti vardı: çox pul düşkünü idi. Bir gün Qriqori Aleksandroviç, məzə üçün atasının sürüsündən ən yaxşı keçini oğurlayıb gətirərsə, ona bir qızıl onluq verəcəyini vəd etdi; təsəvvür edin ki, ertəsi gecə keçini buynuzlayıb sürüyə-sürüyə gətirdi. Bəzən də biz qəsdən onu acıqlandırmaq istəyəndə, gözləri qanla dolur, o saat xəncərə əl atırdı. Mən ona: “Ey, Əzəmət, salamat baş gora aparmayacaqsan, – deyirdim – başın yaman bəlalar çəkəcək!”.

Bir gün qoca knyazın özü gəlib bizi toya çağırdı: böyük qızını ərə verirdi, biz də onun qonağı idik, odur ki, tatar olsa da, bilirsiniz, boyun qaçırmaq olmazdı. Yola düşdük. Aula çatdıqda bir sürü it hündürdən hürə-hürə bizi qarşıladı. Qadınlar bizi görcək gizləndilər; üzlərini görə bildiklərimiz isə o qədər də gözəl deyildilər. Qriqori Aleksandroviç mənə: “Çərkəz qadınları haqqında mən daha yaxşı rəydə idim” – dedi. “Səbr edin!” – deyə mən gülümsünərək cavab verdim; çünki mən bildiyimi bilirdim.

Knyazın daxmasına çox adam toplaşmışdı. Bilirsinizmi, asiyalılarda yoldan keçəni də qarşılarına çıxanı da toya çağırmaq adətdir. Bizi hörmətlə qəbul edib, qonaq otağına apardılar. Bununla belə, hər ehtimala qarşı atlarımızı hara bağladıqlarına göz qoymağı unutmadım.

– Onlar necə toy edirlər? – deyə mən ştabs-kapitandan soruşdum.

– Adi qayda üzrə. Əvvəlcə molla Qurandan bir şey oxuyur bəy və gəlinə, onların bütün qohumlarına xələt və peşkəş verirlər; yeyirlər; buza içirlər, sonra cıdır başlanır və üst-başı cır-cındır, çirkin olan birisi pis, axsaq bir ata minib, ortada naz satır, hoqqabazlıq edir, qonaqları güldürür; sonra, hava qaranlıqlaşdıqda qonaq otağında bizim dilimizcə desək, bal başlanır. Yazıq bir qoca onların dilində nə deyildiyini unutmuşam... hə, bizim balalaykaya oxşayan üç telli bir şeyi dınqıldadır. Qızlarla oğlanlar üzbəüz iki cərgə dayanıb, əl çalaraq oxuyurlar. Bir qızla bir oğlan ortalığa çıxıb ağızlarına nə gəldi oxuya-oxuya bir-birinə şeir söyləyirlər, qalanları da xorla onların oxuduqlarını təkrar edir. Peçorinlə mən yuxarı başda əyləşmişdik, ev sahibinin on altı yaşlarındakı kiçik qızı Peçorinə yaxınlaşdı və necə deyim... ona komplimentə oxşar bir söz ataraq oxumağa başladı...

– Qızın nə oxuduğu yadınızda qalmamışdır ki?

– Deyəsən belə bir şey idi. “Bizim cavan igidlərimiz ucaboyludur, kaftanları gümüşə tutulmuşdur, amma gənc rus zabiti onlardan da qəşəngdir, onun vəznələri qızıldandır. Bizimkilərin arasında o qovaq ağacı kimi görünür, lakin o bizim bağda boy atıb çiçək aça bilməz”. Peçorin ayağa qalxdı, baş əydi, əlini döşünə və gözünün üstünə qoyub, məndən qıza cavab verməyimi xahiş etdi. Mən onların dilini yaxşı bildiyimdən, Peçorinin cavabını tərcümə etdim.

Qız bizdən uzaqlaşdıqda mən:

– Necədir! – deyə Qriqori Aleksandroviçə pıçıldadım.

– Çox qəşəngdir! – deyə o cavab verdi.

– Onun adı nədir?

– Bela, – deyə cavab verdi.

Doğrudan da qız qəşəngdi; ucaboylu, zərif ceyran kimi qaragözlü idi. Baxışları adamın ürəyini dəlirdi. Dalğınlaşmış Peçorin gözlərini ondan çəkmirdi, Bela da tez-tez gözünün altından ona baxırdı. Lakin qəşəng knyaz qızına təkcə Peçorin tamaşa etmirdi: qırpılmayan iki odlu göz də otağın bir guşəsindən ona baxırdı. Mən diqqətlə baxdıqda köhnə dostum Kazbiçi tanıdım. Bilirsinizmi, o nə dinc, nə də nadinc adamdı. Onda heç bir dəcəllik görməmişdiksə də, çox şübhələnirdik. Bəzən bizim qalaya qoyun gətirər, ucuz qiymətə satardı, ancaq qiymət üstə heç vaxt çənə döyməzdi: nə qiymət istəsəydi, onu verməliydin, – başını da kəssən bir qəpik sınmazdı. Deyirlər ki, o, abreklərlə Kubana getməyi xoşlayır, doğrudan da, onda ən qatı bir qaçaq sifəti vardı; balaca, arıq, kürəkləri enli bir adamdı... Amma şeytan kimi qıvraqdı! Çuxası daim yırtıq-yırtıq olduğu halda silahı gümüş içərisində olardı. Atı isə bütün Kabardada ad qazanmışdı, doğrudan da dünyada bu atdan yaxşısı adamın ağlına gəlməzdi. Kazbiç kimi at həvəskarları ona nahaq həsəd aparmırdılar; bu atı oğurlamaq üçün az can atmamışdılar, ancaq müvəffəq olmamışdılar. Elə bil ki, at indi də gözümün qabağındadır: şəvə kimi qapqara bir kəhərdi, ayaqları da incə, gözləri isə Belanın gözlərindən heç də əskik deyildi; bu atda nə qədər güc vardı! İstərsən lap 50 verst çap; ancaq elə öyrənmişdi ki, köpək kimi sahibinin dalınca gəlirdi, hətta onun səsini də tanıyırdı! Elə olurdu ki, Kazbiç onu heç bağlamırdı. Bir sözlə, əsl qaçaq atı idi!..

O axşam Kazbiç həmişəkindən daha qaşqabaqlı idi, arxalığının altından zirehli paltar geydiyini sezdim. “Bu nahaq yerə zirehli paltar geyməyib! Yəqin başında pis bir fikri var” – deyə düşündüm.

Saklyada hava kəsifləşdi, təmiz hava almaq üçün eşiyə çıxdım. Artıq dağların üzərinə qaranlıq çökmüş, dərələrdə duman dolaşmağa başlamışdı.

Fikrimdən atlarımızın bağlandığı çardağa tərəf getmək, qabaqlarında yem olub-olmadığına baxmaq keçdi; həm də ki, ehtiyatlı olmaq yaxşı şeydir; mənim atım da qəşəng at idi: kabardinlərin çoxu ona həsədlə baxıb: “Yaxşı atdır, çox yaxşı atdır!” deyirdilər.

Çəpərin qırağı ilə gedərkən birdən qulağıma bir neçə səs gəldi, onlardan birini o saat tanıdım; bu bizim ev sahibinin oğlu dəcəl Əzəmətdi; o biri az-az və astadan danışırdı. “Görəsən nə danışırlar? – deyə düşündüm, – mənim atım haqqında olmasın?”. Çəpərin dibinə sinib bir söz belə qaçırmamağa çalışaraq qulaq asmağa başladım. Hərdənbir evdən gələn mahnı və danışıq səsləri mənim üçün maraqlı olan bu söhbəti boğurdu.

Əzəmət:

– Sənin atın gözəldir, deyirdi, – əgər mən ev sahibi olsaydım, üç yüz madyanlıq ilxım olsaydı, yarısını sənin köhlən atına dəyişərdim, Kazbiç!

“Aha, Kazbiç buradadır!” – deyə düşündüm və onun zirehli geyimini xatırladım.

Kazbiç azacıq sükutdan sonra cavab verdi:

– Bəli, bütün Kabardanı gəzsən, belə at tapa bilməzsən. Bir dəfə Terekin o tayında mən abreklərə qoşulub ruslardan ilxı oğurlamağa getmişdim: bəxtimiz gətirmədi, hərəmiz bir tərəfə dağıldıq. Dörd kazak mənim dalıma düşmüşdü; kafirlərin səsini artıq arxamda eşidirdim. Qabaqda isə qalın meşəlikdi; yəhərə yatdım, özümü Allaha tapşırdım və ömrümdə ilk dəfə olaraq, atıma qamçı vurub onu incitdim. At quş kimi budaqların arasına cumdu: iti tikanlar paltarımı cırır, qarağacın quru budaqları üzümə çırpılırdı. Atım kötüklərin üzərindən sıçrayır, kolları döşü ilə yarırdı. Atı meşənin qırağında buraxıb özüm də qaçıb gizlənsə idim daha yaxşı olardı, ancaq ondan ayrılmağa heyfim gəlirdi, – burada Allah dadıma çatdı. Başımın üstündən bir neçə güllə vıyıldayıb keçdi: kazakların atlardan düşüb məni təqib etdiklərini artıq eşidirdim... Birdən qabağıma yarğan çıxdı: köhlənim duruxdu və sıçradı. Onun dal ayaqları yarğanın o biri kənarından üzüldü və qabaq ayaqları ilə asılı qaldı. Mən cilovu buraxıb dərəyə tullandım; bu, atımı ölümdən xilas etdi; at sıçrayıb keçdi. Bunların hamısını kazaklar gördülər, ancaq heç biri məni axtarmaq üçün yarğana enmədi: yəqin onlar mənim ölümcül halda əzildiyimi güman etmişdilər, çünki atımı tutmaq üçün onu necə qovduqlarını eşidirdim. Ürəyim qana döndü; qalın otların içi ilə dərə uzunu süründüm, meşənin qurtardığını, bir neçə kazakın atlarının meşədən talaya sürdüklərini, Qaragözümün isə birbaş onlara doğru çapıb gəldiyini gördüm, hamısı bağıra-bağıra atımın dalınca düşdülər; uzun-uzadı onu qovdular, kazaklardan biri iki dəfə az qaldı ki, kəməndi onun başına keçirsin; mən titrədim, gözlərimi yerə dikib, Allaha yalvarmağa başladım. Bir azdan sonra başımı qaldırdıqda Qaragözümün quyruğunu qaldıraraq, yel kimi uçduğunu, kafirlərin isə yorğun düşmüş atlarını ondan çox aralı düzənlikdə çapdıqlarını gördüm. Vallah, bir kəlməsini də oyan-buyan demirəm. Gecədən xeyli keçənə qədər mən dərədən çıxmadım. Birdən, nə olsa yaxşıdır, Əzəmət? Zülmət içərisində bir atın dərə kənarı ilə qaçdığını, fınxırdığını, kişnədiyini və ayaqlarını yerə döydüyünü eşitdim. Qaragözümün səsini o saat tanıdım: o idi, mənim yoldaşımdı! O zamandan bəri biz ayrılmamışıq.

Bu sözlərdən sonra Kazbiçin müxtəlif nəvazişli adlar verərək, əlini atının sığallı boynuna vurub oxşadığı eşidildi.

Əzəmət:

– Əgər mənim min madyanlıq bir ilxım olsaydı hamısını sənin Qaragözünə dəyişərdim, – dedi.

– Yox, istəmirəm, – deyə Kazbiç laqeyd bir cavab verdi.

– Qulaq as, Kazbiç! – deyə Əzəmət mehribanlıqla danışırdı – sən yaxşı adamsan, qoçaq igidsən, mənim atam isə ruslardan qorxur, mən də nə istəsən onu edərəm: atamın ən yaxşı tüfəngini, qılıncını, könlün nə istəyirsə, onu oğurlayıb sənə verərəm, onun qılıncı isə lap gordadır, ağzını əlinin üstünə qoy, özü bədəninə girəcəkdir, zirehli paltarı isə səninkinin eynidir, qiyməti yoxdur.

Kazbiç dinmirdi.

– O, burun deşiklərini açaraq, sənin altında fırlanır, oynaqlayır, dırnağı altında daşları xıncım-xıncım edir. Sənin atını birinci dəfə görəndən bəri, – deyə Əzəmət davam etdi, – ürəyimdə anlaşılmaz bir şey doğmuşdur. O zamandan bəri hər şeydən zəhləm gedir, atamın ən yaxşı gedən atlarına nifrətlə baxmağa başlamışam, onların belinə minib camaatın içinə çıxmağa utanıram, qüssələnirəm; qüssədən günlərlə qayanın üstündə oturur, sənin qəşəng yerişli, hamar, ox kimi dümdüz beli olan qara kəhərin bir an belə başımdan çıxmır; o, oynaq gözləri ilə daim mənə baxır, sanki bir şey demək istəyirdi. Kazbiç, onu mənə satmasan, mən ölərəm! – deyib Əzəmət susdu. Son sözləri söylərkən onun səsi titrəyirdi.

Mənə elə gəldi ki, o ağlayır; onu da sizə deməliyəm ki, Əzəmət olduqca inadlı uşaqdı, heç bir vəchlə, hətta kiçikliyində belə onun gözlərindən yaş çıxarmaq olmazdı.

Onun göz yaşlarına cavab olaraq gülüşəbənzər bir şey eşidildi.

Əzəmət qəti səslə:

– Bura bax! – dedi, görürsənmi, mən hər şeyə razıyam. İstəyirsən bacımı oğurlayıb verim? Bilirsənmi o necə oynayır! Necə oxuyur! Güləbətin toxuyur ki, qiyamətdir! Heç Türkiyə padşahının da belə arvadı olmayıbdır. İstəyirsənmi? Sabah gecə məni çay axan dərədə gözlə: mən qızla birlikdə dərənin yanından ötüb qonşu aula gedərəm – orada qız sənin olar. Bela sənin atına dəyməzmi?

Kazbiç uzun-uzadı dinmədi; nəhayət, cavab əvəzinə asta səslə qədim bir mahnı oxudu:

Bizim aullarda çox gözəllər var,

Qara gözlərində ulduzlar parlar.

Onların sevgisi canıma nuşdur,

Lakin azadlıq bundan da xoşdur.

Qızılla arvadın dördü alınar

Belə köhlən atın qiymətimi var?

Çöldə qasırğadan, küləkdən iti,

Bərkdə-boşda qoymaz dostu, igidi1

Əzəmət nahaq yerə onu razı etməyə çalışır, ağlayır, yaltaqlanır, and verirdi; nəhayət, Kazbiç təngə gələrək onun sözünü kəsdi:

– Rədd ol, dəli uşaq! Mənim atımı minmək sənin işin deyil. Üç addım atan kimi səni yıxar, daşlara dəyib boynunu sındırarsan.

_________________

1 Kazbiçin nəsrlə deyilmiş mahnısını şerə saldığım üçün oxuculardan üzr istəyirəm; nə edəsən, adətdir (Lermontovun qeydi).

Əzəmət coşaraq:

– Mənimi, – deyə bağırdı və onun uşaq xəncərinin tiyəsi Kazbiçin zirehli geyiminə toxunub cingildədi. Qüvvətli bir əl onu kənara itələdi və Əzəmət çəpərə elə dəydi ki, çəpər yırğalandı. Mən, “dalaşacaqlar” – deyə düşündüm, tövləyə yüyürdüm, atlarımızı cilovlayıb dal həyətə çıxartdım. İkicə dəqiqədən sonra komada artıq müdhiş bir qalmaqal qopmuşdu. Görün nə oldu. Əzəmət arxalığı cırılmış halda qaça-qaça gəlib Kazbiçin guya onu yaralamaq istədiyini söylədi. Hamı yerindən sıçradı, silahdan yapışdı – dava düşdü. Səs-küy qopdu, tüfənglər açıldı; Kazbiç isə bayaqdan atının belinə sıçrayıb, qılıncını oynadaraq küçədə, camaatın ortasında şeytan kimi fırlanırdı. Mən Qriqori Aleksandroviçin əlindən tutub: – “Özgə evində keflənmək yaxşı iş deyil, – dedim, – tezcə çıxıb getməyimiz daha yaxşı deyilmi!”.

– Dayanın, görək axırı necə olacaq.

– Yəqindir ki, axırı pis olacaq; bu asiyalıların hər işi belədir: buza içdilərmi, kəshakəs başlanacaq – dedim və biz atlarımızı minib, evə doğru çapdıq.

Mən səbirsizliklə ştabs-kapitandan:

– Bəs Kazbiç nə oldu? – deyə soruşdum. Ştabs-kapitan çayını içib qurtararaq:

– Bu xalqa nə ola bilər ki! – deyə cavab verdi: – sivişib qaçdı!

– Heç yaralanmadı da? – deyə mən soruşdum.

– Allah bilir! Quldurlar diribaş olurlar! Mən döyüş zamanı elələrini görmüşəm ki, görürsən, süngü ilə xəlbir kimi deşik-deşik edilib, amma qılıncını yenə də oynadır. – Bir az susduqdan sonra ştabs-kapitan ayağını yerə vurub davam etdi: – Özümün bir günahımdan heç vaxt keçməyəcəyəm: şeytan işinə düşdüm, qalaya gəldikdə çəpərin dibində eşitdiklərimin hamısını Qriqori Aleksandroviçə nağıl etdim; o çox hiyləgər idi – güldü, başına nə isə bir fikir gəlmişdi.

– Nə fikir gəlmişdi? Siz allah, söyləyin, rica edirəm.

– Çarə yoxdur! Madam ki başlamışam, axıra qədər nağıl etmək lazımdır.

Dörd gündən sonra Əzəmət qalaya gəldi. Adəti üzrə onu həmişə dadlı şeylərə dadandıran Qriqori Aleksandroviçin yanına gəlmişdi. Mən də orada idim. Atdan söhbət düşdü və Peçorin Kazbiçin atını tərifləməyə başladı nə bilim belə oynaqdır; gözəldir: axırı ki, lap dağ ceyranıdır, xülasə, onun sözünə görə daha dünyada belə at yoxmuş.

Tatar balasının gözləri parıldadı. Peçorin isə bunu görməməzliyə vurdu: mən başqa şeydən söhbət salırdım, o isə, görürsən ki, söhbəti yenə Kazbiçin atının üstünə gətirirdi. Bu hal, Əzəmət hər dəfə gələndə davam edirdi. Üç həftə keçdikdən sonra romanlarda təsvir edilən sevgidən əriyən adamlar kimi Əzəmətin də rənginin solduğunu, quruduğunu gördüm. Bu nə möcüzə olsun?..

Görürsünüz, bu əhvalatı mən sonradan öyrəndim. Qriqori Aleksandroviç Əzəməti o qədər qızışdırmışdı ki, o özünü suya atıb boğmağa da hazırdı. Bir dəfə Peçorin ona: “Əzəmət, o atı çox bəyəndiyini görürəm, ancaq qulağının dibini görsən, onu da görərsən! De görüm, bu atı sənə bağışlayan adama nə verirsən?..

– Nə istəsə, – deyə Əzəmət cavab verdi.

– Elə isə mən onu sənin üçün əldə edərəm, ancaq bir şərtlə... And iç ki, buna əməl edəcəksən...

– And içirəm... Sən də and iç!

– Yaxşı! And içirəm ki, at sənin olacaqdır; ancaq əvəzində bacın Belanı mənə verməlisən: Qaragöz onun başlığı olacaq. Güman edirəm ki, müamiləmiz sənin üçün əlverişlidir.

Əzəmət dinmirdi.

– İstəmirsən? Özün bilərsən! Mən elə bilirdim sən kişisən, amma hələ uşaqmışsan: ata minmək vaxtın deyil...

Əzəmət coşub “Bəs atam?” – dedi.

– O heç kənddən bir yana çıxmır?

– Doğrudan da...

– Razısanmı?

– Razıyam, – deyə ölü kimi ağarmış Əzəmət pıçıldadı, – nə zaman?

– Kazbiçin buraya gələcəyi birinci gün: o, bizə on qoyun gətirməyə söz vermişdir; qalanı, mənim işimdir. Sözündə dur, ha, Əzəmət!

İşi... əslində yaxşı olmayan bu işi, beləcə yoluna qoydular! Mən sonradan bunu Peçorinə dedim, lakin o cavab verdi ki, vəhşi bir çərkəz qızının mənim kimi yaxşı bir əri olması onun üçün xoşbəxtlikdir, çünki onların adətinə görə, mən necə olsa da, qızın əriyəm. Kazbiç isə cəzalandırılmalı quldurun biridir. Özünüz deyin, buna qarşı mən nə cavab verə bilərdim?.. Lakin o zaman mən onların qəsdi haqqında heç bir şey bilmirdim. Budur, bir gün Kazbiç gəlib qoyun və bal lazım olub-olmadığını soruşdu; mən, ertəsi gün gətirməsini əmr etdim. Qriqori Aleksandroviç “Əzəmət!” – dedi. “Sabah Qaragöz mənim əlimdə olacaq: bu gecə Bela burada olmasa onda atı görə bilməyəcəksən...”

– Yaxşı, – deyə Əzəmət atını aula doğru səyirtdi. Axşamüstü Qriqori Aleksandroviç silahlandı və atlanıb qaladan çıxdı: bu işi necə gördüklərini bilmirəm, ancaq onların ikisi də gecə qayıtdı, keşikçi, qolları və ayaqları bağlanmış, başı çadra ilə örtülmüş bir qadının Əzəmətin yəhərinə çəpəki uzadıldığını görmüşdü.

– Bəs at nə oldu? – deyə ştabs-kapitandan soruşdum.

– Bu saat, bu saat. Kazbiç ertəsi günü səhər tezdən gəldi və satmaq üçün on qoyun gətirdi. Atını çəpərin böyründə bağlayıb, mənim yanıma gəldi. Mən onu çaya qonaq etdim; çünki quldur da olsa, mənim qonağım idi.

Oradan-buradan söhbət etməyə başladıq... Bir də gördüm Kazbiç diksindi, çöhrəsi dəyişdi və özünü pəncərəyə atdı, lakin bədbəxtliyə bax ki, pəncərə dal həyətə çıxırdı. “Sənə nə oldu?” – deyə soruşdum.

Bütün bədəni əsə-əsə:

– Mənim atım!.. Mənim atım! – dedi.

Doğrudan da, mən at dırnaqlarının tappıltısını eşitdim: “Yəqin kazaklardan biri gəldi...”

– Yox! Rus yaman, yamandır! – deyə o hönkürdü və var gücü ilə yırtıcı bəbir kimi bayıra atıldı. İki sıçrayışda artıq o, həyətdə idi: qala darvazasında növbətçi soldat tüfənglə onun yolunu kəsdi, o, tüfəngin üstündən sıçrayıb yol aşağı qaçmağa başladı. Uzaqda toz duman kimi qalxırdı. Əzəmət köhlən Qaragözü səyirdirdi. Kazbiç qaça-qaça tüfəngini qabından çıxardıb bir güllə atdı. Düz nişan almadığını yəqin edənə qədər bir dəqiqə yerindən qımıldanmadı; sonra hayqırdı. Tüfəngini qaldırıb daşa çırpdı, qırıq-qırıq elədi, yerə döşənib uşaq kimi hönkürdü... Qala camaatı onun başına yığıldı, o isə kimsəni görmürdü; camaat bir qədər dayandı, danışdı və geri döndü; qoyunların pulunu onun yanına qoymalarını əmr etdim; Kazbiç pula əl vurmadı, ölü kimi üzüqoylu uzanıb qaldı. İnanırsınızmı ki, o gecə yarısına qədər və bütün gecəni eləcə qaldı. Yalnız ertəsi günü səhər qalaya gəldi və oğrunun adını deməmizi rica etdi. Əzəmətin atı açıb minərək çapdığın görən keşikçi bunu gizləməyi lazım görmədi. Bu adı eşidən kimi, Kazbiçin gözləri parıldadı və Əzəmətin atasının yaşadığı aula tərəf yola düşdü.

– Bəs Əzəmətin atası nə oldu?

– İş də burasındadır ki, Kazbiç onu tapa bilmədi; o, altı günlüyə haraya isə getmişdi. Yoxsa Əzəmət bacısını qaçıramı bilərdi?

Əzəmətin atası qayıtdıqda isə, nə qızını tapdı, nə də oğlunu. Elə bic uşaqdı ki: ələ keçərsə gora salamat baş apara bilməyəcəyini anlamışdı. O zamandan da yox oldu. Yəqin bir abrek dəstəsinə qoşulub, qızğın başını Terekdə, yaxud da Kubanda qurban etmişdi; cəzası idi çəkdi!..

Etiraf edirəm ki, mənim payıma da az düşmədi. Çərkəz qızının Qriqori Aleksandroviçin evində olduğunu bilincə epoletimi və qılıncımı taxaraq, onun yanına getdim.

Qriqori Aleksandroviç, qabaq otaqda yatağına uzanmışdı. O, bir əlini başının altına qoyub, o birisi ilə sönməkdə olan çubuğunu tutmuşdu; ikinci otağa açılan qapı bağlanmışdı. Açar da üstündə deyildi. Mən o saat hər şeyi duydum... Öskürməyə və dabanlarımı astanaya döyməyə başladım, ancaq o özünü eşitməməzliyə vurdu.

Mən mümkün qədər ciddi səslə:

– Cənab praporşik! – dedim, – mənim sizin yanınıza gəldiyimi görmürsünüzmü?

– Ah, xoş gördük, Maksim Maksimıç! Çubuq çəkməyə meyliniz varmı? – deyə yerindən qalxmadan cavab verdi.

– Üzr istəyirəm! Mən Maksim Maksimıç deyil, ştabs-kapitanam.

– Fərqi yoxdur. Çay istəyirsinizmi? Əgər mənə bir qayğının necə iztirab verdiyini bilsəydiniz!

Mən çarpayıya yaxınlaşaraq:

– Hər şeyi bilirəm, – dedim.

– Daha yaxşı; nağıl etməyə hövsələm yoxdur.

– Cənab praporşik, sizin tutduğunuz hərəkətdə mən də günahkar ola bilərəm...

– Yetər! Nə böyük bir iş olub? Biz ki, bir-birimizin dərdinə çoxdan şərikik.

– Nə zarafat vaxtıdır. Buyurun, qılıncınızı gətirsinlər!

– Mitka, qılıncı gətir!..

Mitka qılıncı gətirdi. Mən öz borcumu yerinə yetirib çarpayıya oturdum və:

– Bura bax, Qriqori Aleksandroviç, etiraf et ki, bu yaxşı iş deyil, – dedim.

– Nə yaxşı deyil?

Mən:

– Belanı gətirməyin... Bu Əzəmət mənim başıma bəla oldu. Etiraf et, – dedim.

– O qızı bəyənirəmsə nə edə bilərəm?

Bir deyin görək bəs buna nə cavab verək?.. Nə deyəcəyimi bilmədim. Lakin bir qədər sükutdan sonra atası qızını tələb edərsə geri vermək lazım gələcəyini dedim.

– Əsla lazım gəlməyəcəkdir!

– Axı, qızının burada olduğunu o biləcəkdir!

– Haradan biləcək?

Mən yenə də məəttəl qaldım. Peçorin, yerindən dikələrək.

– Qulaq asın, Maksim Maksimıç! – dedi. Axı siz mərhəmətli adamsınız, qızı o vəhşiyə qaytarsaq, ya başını kəsəcək, ya da satacaqdır. İş-işdən keçib, həvəsdən düşmək lazım deyil. Bela qoyun mənim yanımda qalsın, qılıncım da sizdə...

Mən:

– Qızı mənə göstərin, – dedim.

– O, bu qapının dalındadır; mən özüm də bu gün nahaq onu görmək istədim: örtüyünə bürünüb bir küncdə oturubdur, nə danışır, nə də ki, adamın üzünə baxır: ceyran kimi ürkəkdir. Bizim meyxanaçı qadını donluqla tutmuşam: o tatarca bilir: Beladan muğayat olacaq, qıza başa salacaqdır ki, o mənimdir – o, burada yumruğunu stola vuraraq: – çünki bu qız məndən başqa kimsəyə qismət olmayacaq! – sözlərini əlavə etdi. Bununla da razılaşdım... Nə etmək olardı! Adamlar vardır ki, onlarla mütləq razılaşmalısan.

– Bəs axırı nə oldu! – deyə Maksim Maksimıçdan soruşdum, doğrudan da o, Belanı özünə ram edə bildimi, yoxsa qız əsarətdə qalaraq vətən qüssəsi ilə əriyib məhv oldu?

– Əzizim, niyə vətən qüssəsindən? Onun aulundan görünən dağlar qaladan da görünürdü, bu vəhşilərə də elə bu lazımdı. Bundan başqa Qriqori Aleksandroviç hər gün ona bir şey bağışlayırdı: ilk günləri Bela dinmədən, qürurla bu hədiyyələri rədd edirdi: hədiyyələr də meyxanaçı arvada qalır, onun dilini daha da şirinləşdirirdi. Ah, bu hədiyyələr! Əlvan bir cındır üçün qadın nələr etməz!.. Eh, nə isə, bunları bir yana qoyaq. Qriqori Aleksandroviç onunla çox əlləşdi; bu arada o, tatarcanı da öyrəndi. Bela da bizim dilimizi anlamağa başlamışdı. O, yavaş-yavaş gözaltı, qıyğacı nəzərlə Qriqori Aleksandroviçə baxmağa alışdı, lakin qüssəsindən əl çəkmirdi milli mahnılarını astadan o qədər həzin-həzin oxuyurdu ki, qonşu otaqdan onun səsini eşitdikdə mən də qüssələnməyə başlayırdım. Bir mənzərəni heç vaxt unutmayacağam: bir dəfə mən Peçorinin evinin yanından keçərkən, pəncərəyə boylandım; Bela başını köksünə əyərək taxtın üstündə oturmuşdu. Qriqori Aleksandroviç isə onun qabağında dayanmışdı. O, “Qulaq as, mənim pərim, – deyirdi, – özün bilirsən ki, sən gec-tez mənim olmalısan, bəs elə isə nə üçün mənə əzab verirsən? Yoxsa sən bir çeçeni sevirsən? Belə isə mən səni bu saat evinizə buraxaram”. – Bela güclə duyulacaq bir titrəyişlə əsdi və başını buladı. “Yoxsa, – deyə Qriqori Aleksandroviç davam etdi, – mənə tamamilə nifrət edirsən?” Bela ah çəkdi. “Yoxsa sənin dinin məni sevməyə yol vermir!” Belanın rəngi qaçdı və dinmədi. “Mənə inan, bütün tayfaların Allahı birdir, Allah səni sevməyə izin verirsə, nə üçün sənin məni sevməyinə sənə yasaq etməlidir?” Bela bu yeni fikrə heyran olmuş kimi, diqqətlə onun üzünə baxdı: qızın gözləri həm etimadsızlıq, həm də inanmaq arzusu ifadə edirdi. Gözlər nə közlər! İki göz kimi parıldayan gözlər!

– Qulaq as, sevimli və mərhəmətli Bela! – deyə Peçorin davam etdi. – Mənim səni nə qədər sevdiyimi özün görürsən: sənin könlünü açmaq üçün mən hər şeyimdən keçməyə hazıram: mən sənin xoşbəxt olmağını istəyirəm; sən yenə də qüssələnsən o zaman mən ölərəm. De, qaşqabağın açılacaqmı? – Bela qara gözlərini ondan ayırmadan fikrə getdi, sonra nəvazişlə gülümsədi, razılıq əlaməti olaraq başını tərpətdi. Peçorin onun əlindən tutdu və Belanı dilə tutmağa başladı ki, qız onu öpsün. Bela zəif hərəkətlərlə özünü qoruyur, tez-tez təkrar edirdi: “Bacalusta, bacalusta, lazım deyil, lazım deyil”. Peçorin israr etməyə başladı; Bela titrədi, ağladı, – “Mən sənin əsirinəm, kölənəm, sən məni əlbəttə, məcbur edə bilərsən” – deyib təkrar gözünün yaşını tökdü.

Qriqori Aleksandroviç yumruğunu alnına çırpıb, cəld o biri otağa keçdi. Mən içəri girdim, o, qollarını çatıb otaqda qaşqabaqlı halda gəzişirdi. “Nə olub, atam?” – dedim. “Qadın deyil bu, şeytandır! – deyə cavab verdi, – amma namusuma and olsun ki, o mənim olacaqdır...” – Mən başımı buladım. Peçorin “Mərc qoşursunuzmu – dedi, – bir həftəyə kimi! – “Baxaq!” Biz mərcləşərək ayrıldıq.

Ertəsi gün bəzi şeylər almaq üçün o, kazakını Kizlyara göndərdi; çoxlu İran parçaları alınıb gətirildi. Onların sayı-hesabı yox idi.

Aldığı hədiyyələri mənə göstərərək: “Necə bilirsiniz, Maksim Maksimıç, – dedi, – Asiya gözəli bu topların qabağında dayana biləcəkmi?”.

Mən:

– “Siz çərkəz qızlarını tanımırsınız, – deyə cavab verdim, – bunlar nə gürcü, nə də Zaqafqaziyadakı tatar qızları deyildirlər, qətiyyən onlara bənzəməzlər. Bunların özlərinin dəbləri var, bunlar başqa cür tərbiyə edilmişlər”. Qriqori Aleksandroviç gülümsədi və fitlə marş çalmağa başladı.

Axırı ki, mən haqlı çıxdım; bəxşişlər istənilən təsiri göstərmədi. Bela bir qədər nəvazişkar oldu və onun inamı artdı. Vəssalam, belə ki, Peçorin son vasitəyə əl atmağa qərar verdi. Bir gün səhər atının yəhərlənməsini əmr etdi, çərkəzlər kimi geyindi, silahlandı. Belanın yanına girdi: “Bela!” dedi. “Səni nə qədər sevdiyimi özün bilirsən. Səni ona görə qaçırmağa qərar vermişdim ki, məni tanıdıqdan sonra sevəcəyini düşünmüşdüm; səhv etmişəm, – sağlıqla qal! Evimdəki var-yoxumun hamısı sənin olsun, istəyirsən qal, istəyirsən atanın yanına qayıt, – azadsan. Mən sənin qarşında müqəssirəm və özüm-özümü cəzalandırmalıyam. Sağlıqla qal, mən gedirəm – lakin hara? – özüm də bilmirəm. Bəlkə də bir güllə, yaxud bir qılınc zərbəsini çox gözləmək lazım gəlməyəcək: o zaman məni xatırla və əfv et!” O, üzünü geri çevirdi və salamatlaşmaq üçün əlini Belaya uzatdı. Bela əl verməyib susurdu. Ancaq qapının dalında durub deşikdən baxmaqla Belanın çöhrəsini görə bildim: mənim də ürəyim yandı – bu sevimli çöhrəyə ölüm rəngi qonmuşdu! Peçorin ondan cavab almadıqda qapıya doğru bir neçə addım atdı; o, titrəyirdi – dalısını deyimmi? Mənə belə gəlir ki, o, zarafatla dediklərinə doğrudan da əməl edəcək bir halda idi. Allah bilir ki, o belə bir adam idi! Heç qapıya toxunmamışdı ki, Bela yerindən sıçradı, hıçqıra-hıçqıra onun boynuna atıldı. İnanırsınızmı ki, qapının dalında mən də ağladım, daha doğrusu, bilirsinizmi, axmaqlığım tutdu!

Ştabs-kapitan susdu. Sonra bığlarını eşərək dedi:

– Bəli, etiraf etməliyəm ki, heç bir qadın heç bir zaman məni bu qədər sevməmişdi. Bu mənə çox ağır gəlirdi.

– Onların səadəti çoxmu davam etdi? – deyə mən soruşdum.

– Bəli, Peçorini görən gündən etibarən onun tez-tez yuxusuna girdiyini, indiyə qədər heç bir kişinin ona belə təsir etmədiyini Bela bizim yanımızdaca etiraf etdi. Bəli, onlar xoşbəxt idilər!

Mən bilaixtiyar:

– Nə qədər cansıxıcı əhvalatdır, – dedim, – həqiqətdə mən faciəli bir nəticə gözləyirdim; birdən-birə bütün ümidlərim boşa çıxdı!.. Bəs necə oldu ki, – deyə mən davam etdim, Belanın atası qızın sizin qalada olduğunu başa düşmədi?

– Əslinə baxsan, deyəsən o bundan şübhələnmişdi. Bir neçə gündən sonra xəbər tutduq ki, qocanı öldürüblər. Bu belə olmuşdu...

Mən yenidən maraqlanmağa başladım.

– Sizə deməliyəm ki, Kazbiç güman edib ki, Əzəmət onun atını atasının razılığı ilə oğurlamışdır, hər halda mən bu fikirdəyəm. Bir gün Kazbiç auldan üç verst kənarda yolda durub gözləyir: qoca bihudə yerə qızını axtarmaqdan qayıdırmış; qaş qaralıbmış; qocanın məiyyətində olan adamlar dalda qalıblarmış. O, fikrə gedərək atını addım-addım sürürmüş; birdən Kazbiç bir kolun arxasından çıxaraq, pişik kimi daldan onun atının belinə sıçrayır, bir xəncər zərbəsi ilə qocanı yerə salır və cilovu əlinə alır; qocanın adamlarından bəziləri bunu təpədən görüb, atlarını çapırlarsa da, Kazbiçə çata bilmirlər.

Həmsöhbətimin fikrini bilmək üçün dedim:

– Deməli, Kazbiç oğurlanmış atının intiqamını almışdır.

Ştabs-kapitan:

– Əlbəttə, – dedi, – onların adətincə Kazbiç tamamilə haqlı idi.

Rus adamının içərisində yaşamalı olduğu xalqların adətlərinə uyğunlaşmaq istedadı məni bilaixtiyar heyrətə saldı. Ağlın bu xassəsini təqdirəmi, ya tərifəmi layiq olduğunu bilmirəm, ancaq bu xassə ağlın son dərəcədə elastikliyini və onda aydın, sağlam fikrin olduğunu isbat edir. Belə bir ağıl, şərin bir zərurət olduğunu, yaxud onun aradan qaldırılmasının mümkün olmadığını gördükdə onu hər yerdə əfv edir.

Bu aralıq çayımızı içib qurtarmışdıq: çoxdan qoşulmuş atlar qarda üşüyürdülər; ay qərbdə get-gedə solğunlaşır və artıq, yırtıq pərdə ətəkləri kimi dağların zirvəsindən sallanan qara buludların arasına girməyə hazırlaşırdı. Biz daxmadan çıxdıq. Yol yoldaşımızın dediyinin əksinə olaraq, hava aydınlaşmışdı və bizə sakit bir səhər olacağını vəd edirdi; şərqin solğun parıltıları, dağların bakir qarlarla örtülü sərt yamaclarını, tutqun bənövşəyi göy üzünü tədricən işıqlandırdıqca əngin göy qübbəsində qəşəng naxışlı gözəl bir şəbəkə təşkil edən yığın-yığın ulduzlar bir-birinin arxasınca sönürdü. Sağda və solda qorxulu, əsrarəngiz uçurumlar qaralır, buludlar səhərin açıldığını hiss edib qorxurmuş kimi dumanlanır və ilan tək qıvrılaraq yaxın qayaların qırışları ilə uçuruma doğru sürünürdü.

Göydəki və yerdəki hər şey, səhər duasına dalmış insan qəlbi kimi sakitdi; yalnız hərdənbir şərqdən sərin bir külək əsib, atların qırovla örtülmüş yollarını tərpədirdi. Biz yola düşdük: beş arıq yabı Qüd dağının dolama yolları ilə arabalarımızı güclə çəkib aparırdı; atlar gücdən düşdükdə biz təkərlərin altına daş qoya-qoya arabaların dalınca gedirdik: adama elə gəlirdi ki, bu yol bizi göyə aparıb çıxaracaqdır: çünki bu yol göz işlədikcə yuxarı dırmanır və nəhayət, ov gözləyən qaraquş kimi dünəndən bəri Qüd dağının zirvəsinə qonmuş buludlar arasında itib yox olurdu. Qar ayağımızın altında xırtıldayırdı: hava o qədər seyrəkləşirdi ki güclə nəfəs alırdıq; qan başımıza vururdu, lakin bunlarla belə, bütün damarlarıma sevincli bir hiss yayılırdı və dünya üzərində belə uca yerdə durduğuma fərəhlənirdim – boynuma alıram ki, bu bir uşaq hissi idi, lakin cəmiyyət şəraitindən uzaqlaşıb, təbiətə yaxınlaşdıqca, bilaixtiyar hamımız uşaq oluruq; əldə etdiyimiz şeylərin hamısı qəlbimizdən silinir. Hər şey bir zamanlar olduğu və gələcəkdə bir gün olacağı kimi yenidən saflaşır. İnsan ayağı dəyməyən dağları mənim kimi gəzmiş, uzun müddət onların gözəl şəklinə tamaşa etmiş və dağların dərələrindəki canverici havanı acgözlüklə udmuş olan hər kəs mənim bu füsunkar mənzərələri özgəsinə çatdırmaq, nağıl etmək, təsvir etmək arzumu, əlbəttə anlayacaqdır. Budur, nəhayət, dırmaşıb Qüd dağına çıxdıq, dayanıb ətrafımıza boylandıq dağın üzərində boz bir bulud sallanmışdı, onun soyuq nəfəsi tezliklə tufan qopacağını göstərirdi, lakin şərq hələ də o qədər aydın və ulduzlu idi ki, biz, yəni ştabs-kapitanla mən, tufan olacağını tamamilə unutmuşduq... Bəli, ştabs-kapitanda: sadə qəlblərdə gözəllik və təbiətin əzəmətini duymaq hissi, bizimkindən öz yazdıqlarından və öz sözlərindən vəcdə gəlmiş hekayəçilərin hissindən güclü və yüz dəfələrlə canlı olur.

– Belə görünür, siz bu gözəl mənzərələrə alışıbsınız? – dedim.

– Bəli, güllə vıyıltısına da alışmaq olar. Başqa sözlə, qəlbimizin bilaixtiyar döyüntüsünü gizlətməyə alışdığımız kimi.

– Əksinə, bəzi köhnə əsgərlərə bu musiqinin hətta xoş gəldiyini eşitmişəm.

– Məlum işdir, düzünü bilmək istəsəniz, bu elə xoşdur da: ancaq yenə səbəbi adamın ürəyinin şiddətlə döyünməsidir. Bir baxın, – deyə o, şərqi göstərərək əlavə etdi, – nə ölkədir!

Doğrudan da, belə mənzərəni mən başqa bir yerdə görəcəyimə inanmıram: aşağıda, ortasından iki gümüş tel kimi Araqva ilə başqa bir kiçik çayın axıb getdiyi Koyşaur vadisi sərilmişdi; səhərin ilıq şüalarından qaçaraq, yaxındakı keçidə doğru can atan göyümsov duman, vadinin üzəri ilə sürünürdü; sağda və solda qarlarla, kol-kosla örtülmüş və biri digərindən uca olan dağ yolları bir-birini kəsir, uzanıb gedirdi; kənarda eyni dağlar olsa da bir-birinə oxşayan iki qaya belə yox idi, al bir qızartı ilə alışıb yanan qarlar o qədər az, o qədər parlaq idi ki, adam son nəfəsədək, burada qalıb yaşamaq arzusuna düşürdü, günəş sürməyi bir dağın dalından təzə-təzə boylanırdı. Bu sürməyi dağı yalnız öyrəşmiş adam tufan buludlarından ayıra bilərdi, lakin günəşin üzərinə qan rəngində bir şırım çəkilmişdi ki, yoldaşım buna xüsusi diqqət yetirdi. O: – “Mən sizə demədimmi ki, bu gün hava xarablaşacaqdır, tələsmək lazımdır. Yoxsa Krestovoyda tufan bizi yaxalar. Tərpənin!” – deyə arabaçılara bağırdı.

Təkərlərin qaçmaması üçün əyləc əvəzinə onlara zəncir bağladıq, atların cilovundan yapışıb dağı enməyə başladıq; sağımız sıldırım bir qaya, solumuz elə dərin bir uçurum idi ki, onun dibində salınmış osetin kəndi qaranquş yuvası kimi görünürdü; bir hökumət kuryerinin öz silkələnən arabasından yerə düşmədən ildə azı on dəfə və çox vaxt gecənin zülmətində iki arabanın keçə bilmədiyi bu yoldan gəlib keçdiyini düşündükdə dəhşətə gəldim. Bizim arabaçıların biri yaroslavlı bir rus kəndlisi, digəri osetin idi: yan atlarını qabaqcadan açmış osetin, dişlə atının cilovundan tutub tam ehtiyatla çəkir, bizim laqeyd rus isə hətta arabanın boynundan belə düşmürdü. Mən ona: sən heç olmazsa mənim çamadanımın qeydinə qal, onu gətirmək üçün uçurumun dibinə düşmək istəmirəm, – dedikdə o mənə belə cavab verdi: – “Eh, cənab! Allahın köməkliyi ilə mənzilə onlardan pis çatmarıq; bu yolu birinci dəfə getmirik ki!” O, haqlı idi: biz, doğrudan da mənzilə salamat çatmaya bilərdik, lakin yenə də gəlib çıxdıq. Əgər bütün insanlar daha artıq düşünsəydilər əmin olardılar ki, həyat üçün bu qədər narahat olmağa dəyməz.

Lakin, bəlkə, siz Belanın başına gələn əhvalatın sonunu bilmək istəyirsiniz? Əvvələn, mən hekayə yox, yol xatirələri yazıram. Sonra ştabs-kapitanı, əhvalatı özü istədiyindən tez danışmağa məcbur edə bilmərəm, səbr edin, yaxud istəyirsiniz bir neçə səhifəni çevirin. Mən bunu sizə məsləhət görmürəm, çünki Krestovaya dağına (yaxud da, alim Qambanın adlandırdığı kimi le Mont St.-Christophe)1 səfəri sizin marağınıza səbəb olmağa layiqdir. Beləliklə, Qüd dağından Çertova vadisinə endik... Nə romantik bir ad! Siz artıq keçilməz uçurumlar arasında şər ruhun saldığı yuvanı görürsünüz, amma burada belə şey yoxdur. Çertova vadisi2 “çort” sözündən deyil, “çerta” sözündəndir; çünki bir zamanlar bura Gürcüstanın sərhədi olmuşdur. Bu vadidəki qar yığınları, Saratovu, Tambovu və vətənimizin başqa əziz yerlərini çox canlı bir surətdə xatırladırdı.

Çertova vadisinə girdikdən sonra ştabs-kapitan qarla örtülmüş bir təpəni göstərərək mənə:

– Bu da Krestovaya! – dedi, təpənin kəlləsində bir daş xaç qaralırdı, onun yanından keçən yol güclə görünürdü; bu yoldan ancaq yandakı yolu qar basdıqda gedirlər; arabaçılarımız hələ qar uçqunu olmadığını bildirdilər və atları əldən salmamaq üçün bizi dolama apardılar. Yolu döndükdə beş osetinə rast gəldik; onlar qulluqlarını təklif edərək arabaların təkərlərindən yapışdılar, səs-küylə arabalarımızı itələməyə və atlara kömək etməyə başladılar. Doğrudan da, təhlükəli yol idi: sağda, başımızın üstündə sanki küləyin ilk tərpənişi ilə uçub dərəyə töküləcək qar yığınları sallanmışdı; dar yolu qismən qar basmışdı: bəzi yerdə qar ayağımızın altından qaçdığı halda başqa bir yerdə günəş şüalarının və gecə şaxtalarının təsirindən buza çevrilmişdi; belə ki, biz özümüz də çətinliklə dırmanırdıq; atlar yıxılırdı; solda gah buz örtüyünün altında gizlənən, gah da köpüklənə-köpüklənə qara daşlar üstündən şütüyən selin axdığı dərin bir yarğan ağzını açmışdı. Saat ikidə Krestovaya dağını güclə dolanıb qurtardıq – iki saata iki verst! Bu arada buludlar aşağı çökdü, dolu və qar yağdı; külək dərəyə soxularaq, hayqırır və Solovey-razboynik kimi fit çalırdı; azacıq sonra daş xaç şərqdən bir-birinin dalınca kəsif və sıx dalğalarla gələn duman içində gizləndi. Yeri gəlmişkən deyim ki, belə bir qəribə, amma ümumi bir rəvayət var ki, guya bu xaçı Pyotr Qafqazdan keçərkən qoydurmuşdur. Əvvələn, Pyotr yalnız Dağıstana gəlmiş, ikincisi də, xaçın üzərində iri hərflərlə onun general Yermolovun əmri ilə, yəni 1824-cü ildə qoyulduğu yazılmışdı. Lakin xaçın üzərindəki yazıya baxmayaraq bu rəva-

_________________

1 Müqəddəs Xristofor dağı

2 Sərhəd vadisi

yət o qədər kök salmışdı ki, adam bilmirdi hansına inansın, həm də bizlər yazıya inanmağa alışmamışdıq.

Kobi stansiyasına çatmaq üçün biz buz bağlamış qayaların və kövrəlmiş qarların üzəri ilə daha beş verst aşağı enməli idik. Atlar əldən düşmüşdü; biz üşüyürdük; boran doğma, şimal boranları kimi, getdikcə daha şiddətlə uğuldayırdı, ancaq onun vəhşi mahnıları kədərli və iniltili idi. “Sən də yurdundan didərginsən” – deyə düşündüm. “Geniş, azad çöllərin həsrəti ilə ağlayırsan! Orada soyuq qanadlarını açmağa yer vardır; burada isə sən özünü dəmir qəfəsin barmaqlığına çırparaq, bağıran qartal kimi darısqallıqda boğulursan”.

Ştabs-kapitan:

– İşimiz xarabdır! – dedi, – baxın, dörd tərəfimizdə duman və qardan başqa heç bir şey görünmür: ehmal olun, ya uçuruma yıxılarıq, ya bir xarabanın dibinə düşüb qalarıq; aşağıda isə yəqin, Baydara elə coşmuşdur ki, keçmək olmayacaq. Ax, bu Asiya! Nə adamlarına, nə də çaylarına bel bağlamaq olar! Arabaçılar söyüş söyərək və çığıraraq atları döyəcləyirdilər. Atlar fınxırır, dirənir və qırmancların vıyıltısına baxmayaraq, öldür, yerlərindən tərpənmək istəmirdilər. Axırda arabaçılardan biri dedi: “Cənab, axı biz bu gün Kobiyə yetişməyəcəyik; imkan var ikən, izin verməzsinizmi sola burulaq? Odur, dağın döşündə nə isə qaralır, yəqin daxmadır, yolçular həmişə orada düşüb havanın açılmasını gözləyirlər” – osetinləri göstərərək əlavə etdi: “bunlar deyirlər ki, araq pulu versəniz, bələdçilik edərik”.

Ştabs-kapitan:

– Bilirəm, qardaş, sənsiz də bilirəm! – dedi, – bu məlunlar araq pulu qoparmaq üçün bəhanə tapdıqlarına sevinirlər.

Mən:

– Lakin etiraf edin ki, – dedim, bunlarsız işimiz yaman olardı.

– Elədir, elədir, – deyə ştabs-kapitan donquldandı, – bu bələdçilər həmişə belədirlər, harada mənfəət olduğunu haman saat duyurlar, bunlarsız guya yolu tapmaq olmazmış.

Biz sola döndük, bir çox əziyyətdən sonra bir təhərlə iri və xırda daşlardan tikilmiş və eyni daşlardan dörd tərəfinə divar çəkilmiş iki daxmadan ibarət bir yoxsul daldalanacağa gəlib çatdıq. Əyinləri cırıq-cındır daxma sahibləri bizi mehribanlıqla qəbul etdilər. Mən sonradan bildim ki, borana düşmüş səyyahları qəbul etmək şərti ilə hökumət onlara pul verir və qarınlarını doydurur. Mən ocağın qırağında əyləşərək, – “işlərimiz yaxşılaşır! – dedim, – siz Bela əhvalatının dalısını nağıl edə bilərsiniz; mən əminəm ki, hadisə söylədiyinizlə bitməmişdir”.

Ştabs-kapitan hiyləgər bir təbəssümlə göz vuraraq mənə cavab verdi:

– Nə üçün siz bu qədər əminsiniz?

– Çünki qayda belədir: qeyri-adi bir şəkildə başlanan bir iş, eləcə də bitməlidir.

– Doğru duymuşsunuz...

– Çox şadam.

– Siz şad ola bilərsiniz, amma mən bunu yadıma saldıqda o qədər kədərlənirəm ki! Bela çox qəşəng qız idi! Axırda mən ona öz qızım kimi alışmışdım, o da məni sevirdi. Mənim ailəm olmadığını sizə deməliyəm: artıq on iki ildir ki, ata-anamdan xəbərim yoxdur, qabaqcadan da arvad ehtiyatında olmamışam, indi isə bu mənə yaraşan iş deyil! Mən əzizləmək üçün bir bala tapdığıma sevinirdim. Bela bəzən bizə mahnı oxuyur, ya da ləzginka oynayırdı. Amma necə də oynayırdı! Bizim quberniya qızlarını görmüşəm, iyirmi il əvvəl bir dəfə Moskvada Nücəba klubunda olmuşam, onlar hara, Bela hara!.. Qriqori Aleksandroviç onu kukla kimi o qədər bəzəyir, o qədər nazını çəkir, əzizləyirdi ki, Bela axırda elə qəşəngləşdi ki, daha nə deyim. Çöhrəsindəki və əllərindəki günəş ləkələri getdi, yanaqları allaşdı... Ah, nə qədər şən idi. Həmişə zarafatlaşar dəcəllik edərdi... Allah ona rəhmət eləsin!..

– Atasının ölümünü ona xəbər verdikdə, nə elədi?

– Yaşadığı şəraitə alışana qədər biz onu uzun müddət ondan gizlətdik: açıb dedikdə isə iki gün ağladı, sonra isə unutdu.

Dörd ay dedikcə yaxşı keçdi. Qriqori Aleksandroviçin ova getməyi çox xoşladığını gərək ki, demişəm, çox vaxt meşəyə qaban, yaxud keçi ovuna getmək üçün ürəyi atırdı. Belanı qaçırdıqdan sonra isə qala bürcündən bir addım da qırağa çıxmırdı. Lakin bir gün onun yenə də fikrə dalmağa, əllərini dalına qoyub otaqda gəzinməyə başladığını gördüm; sonra bir dəfə heç kəsə bildirmədən ova getdi – bütün günü yox oldu; bir dəfə də getdi, iki dəfə də, sonralar daha tez-tez getməyə başladı... “Bu yaxşı əlamət deyil, – deyə düşündüm, – yəqin aralarından qara pişik keçmişdir!”.

İndiki kimi gözlərimin qabağındadır – bir gün səhər onlara getdim. Bela əynində qara ipək arxalıq çarpayıda oturmuşdu, rəngi elə qaçmışdı, o qədər qəmgin idi ki, mən qorxdum.

– Bəs Peçorin hardadır? – deyə soruşdum.

– Ova gedib.

– Bu günmü getmişdir? – Bela susurdu, sanki danışmaq ona çətin idi.

Nəhayət, yanıqlı bir ah çəkib:

– Yox, dünəndən getmişdir, – dedi.

– Bəlkə başına bir qəza gəlmişdir?

– Mən dünən bütün günü hey fikirləşmişəm, – deyə Bela göz yaşları içində cavab verdi. – Başımdan cürbəcür ağır fikirlər keçdi: gah mənə elə gəlirdi ki, onu qaban yaralamış, gah da bir çeçen tutub dağlara aparmışdır... İndi isə mənə elə gəlir ki, o artıq məni sevmir.

– Nə danışırsan, əzizim, ağlına bundan da pis bir şey gəlmədimi! Bela ağladı, sonra qürurla başını qaldırdı, gözlərini sildi və davam etdi:

– Əgər o məni sevmirsə, məni evimizə göndərməyinə kim mane olur? Mən onu məcbur etmirəm. Əgər bu belə davam edərsə, onda mən özüm çıxıb gedərəm: mən onun köləsi deyiləm, mən knyaz qızıyam!..

Mən qızın könlünü almağa başladım. – “Qulaq ver, Bela, axı o sənin tumanına tikilmiş kimi həmişə yanını kəsdirib otura bilməz ki, o gəncdir, ova getməyi xoşlayır, bir az gəzər, yenə gələr. Sən qüssələnsən onun gözündən tez düşərsən”.

– Doğrudur, doğrudur! – deyə o cavab verdi. – Mən şən olacağam, – bunu deyib gülərək qavalını götürdü, oxumağa, oynamağa, mənim yanımda atılıb-düşməyə başladı, lakin bu da çox sürmədi. Bela təkrar yatağına yıxıldı və əlləri ilə üzünü örtdü.

Mən ona nə edə bilərdim? Bilirsinizmi, mən indiyə qədər qadınlarla məşğul olmamışam: onu bir şeylə təskin etmək üçün çox düşünüb-daşındım, ancaq heç bir şey tapa bilmədim, bir müddət ikimiz də susduq... Bu, dedikcə pis bir vəziyyət idi!

Nəhayət ona dedim: “İstəyirsən, qalanın bürcü üstünə gəzməyə gedək? Hava çox xoşdur!” Bu hadisə sentyabr ayında olmuşdu. Doğrudan da gözəl, işıqlı sərin bir gün idi; bütün dağlar ovcun içi kimi görünürdü. Gedib qala bürcünün üstündə dinməz-söyləməz o tərəf-bu tərəfi gəzdik. Nəhayət, Bela otun üstünə oturdu, mən də onun yanında əyləşdim. Doğrusu, bunu xatırlamaq da adama gülünc gəlir: mən bir dayə kimi onun dalınca gəzirdim.

Qalamız hündür bir yerdə idi, bürcün üstündən gözəl bir mənzərə açılırdı: bir tərəf dərəli-təpəli geniş düzəndi; düzən, sıra dağlara qədər uzanan meşədə qurtarırdı. Düzənin bəzi yerlərində salınmış aullardan tüstü qalxır, orada ilxılar gəzişirdi; o biri tərəfdən kiçicik bir çay axırdı, çayın yanı isə bütün Qafqaz silsiləsi ilə birləşən sərt dikləri basmış qalın kol-kosluq idi. Biz bürcün küncündə elə oturmuşduq ki, hər iki tərəfi görə bilirdik. Birdən boz bir atın belində meşədən bir adamın çıxdığını, getdikcə bizə yaxınlaşdığını gördük, atlı nəhayət, bizdən yüz sajen kənarda, çayın o tayında dayandı, dəli kimi atını hərləndirirdi. Bu kim ola! “Bir bax, Bela, – dedim, – sənin gözlərin itidir, gör bu igid kimdir, kimi əyləndirməyə gəlmişdir?..”.

Bela baxdı və “Kazbiçdir!” – deyə qışqırdı.

– Ay quldur! Bizə rişxəndmi etməyə gəlmisən? – Diqqətlə baxdım, Kazbiç özü idi: bu qarayanız sifət onun idi, həmişəki kimi paltarı cırıq-cındır və çirkin idi. Bela əlimdən tutaraq – “Bu at atamın atıdır” – dedi. O, yarpaq kimi əsirdi, gözləri parıldayırdı. Ürəyimdə: “aha, sevimli qız, – dedim, – öz aramızdır, sənin də quldur qanın qaynadı!”.

Mən növbətçi soldata:

– Bura gəl, – dedim, – silahını yoxla və o qocağı atdan aşır, bir gümüş manat gəlir. – “Baş üstə, cənab, ancaq o bir yerdə durmur...” Mən gülərək: “Əmr et, dayansın!” – dedim... – Ey, bura bax! – deyə növbətçi ona əl edərək bağırdı, – “bir az dayansana, fırfıra kimi nə fırlanırsan?” Kazbiç, doğrudan da dayandı və qulaq asmağa başladı: yəqin bizim onunla doğrudan da danışıq aparmaq istədiyimizi zənn edirdi, ayrı nə ola bilərdi!.. Soldatım nişan aldı... part! Güllə yan keçdi: – tüfəngin ortasında barıt yenicə alışmışdı ki, Kazbiç atını tərpətdi və at kənara sıçradı. O, üzəngiyə qalxdı, öz dilində nə isə dedi, qamçısı ilə bizi hədələdi və gözdən itdi.

Mən növbətçiyə:

– Heç utanırsanmı? – dedim.

– Cənab, ölməyə getdi, – deyə o cavab verdi, – bunlar elə məlun xalqdır ki, bir dəfədə öldürə bilməzsən.

On beş dəqiqədən sonra Peçorin ovdan qayıtdı. Bela onun boynuna atıldı və bu qədər yubanmasına baxmayaraq, ona nə bir kəlmə şikayət, nə onu məzəmmət etdi... hətta mənim belə, Peçorinə acığım tutdu. “İnsaf edin – dedim, – indicə Kazbiç çayın o tayında idi, biz də ona güllə atdıq, ona rast gəlmək çətin bir işdirmi? Bu dağlılar kinli adamlardır: elə güman edirsiniz sizin qismən Əzəmətə kömək etdiyinizi o duymamışdır? Mərc gələrəm ki, o bayaq Belanı tanıdı. Bir il əvvəl Belanın ona çox xoş gəldiyini bilirəm – bunu mənə onun özü demişdir, – lazımınca başlıq toplaya biləcəyinə ümid etsəydi, yəqin nişan taxmışdı... Bunu eşitdikdə Peçorin fikrə getdi – “Doğrudur, – deyə cavab verdi, – ehtyiatlı olmaq lazımdır... Bela, bu gündən sən bir daha qala bürcünə çıxmamalısan”.

Axşam Peçorinlə uzun-uzadı danışdıq, onun bu yazıq qıza qarşı rəftarının dəyişməsi mənə ağır gəlirdi; bundan başqa o, gününün yarısını ovda keçirdiyindən Beladan soyumuşdu, onu az-az oxşayırdı, Bela bundan seziləcək dərəcədə qurumağa, sifəti uzanmağa, iri gözləri parıltısını itirməyə başlamışdı. Bəzən ondan soruşanda ki, – “Bela, niyə ah çəkdin? Qüssələnmisən?” – “Yox!” – “Bir arzunmu var?” – “Yox!” – “Ata-ananın xiffətinimi edirsən?” – “Mənim heç kəsim yoxdur”, – deyə cavab verərdi. Bəzən bütün günü ondan “bəli və yox”dan başqa bir şey eşitməzdin.

Mən bunları Peçorinə dedim. O: “Qulaq asın, Maksim Maksimıç, – deyə cavab verdi. – Mənim pis xasiyyətim var; aldığım tərbiyəninmi məni belə elədiyini, Allahınmı məni belə yaratdığını bilmirəm. Bircə bunu bilirəm ki, başqalarının bədbəxtliyinə səbəb olduqda özüm də az bədbəxt olmuram. Söz yox ki, bu onlar üçün yaxşı bir təskinlik deyil, lakin nə etməli ki, bu belədir. Gəncliyimin ilk günlərindən, yəni ata-anamın qəyyumluğundan çıxdığım dəqiqədən etibarən pul gücünə əldə edilən hər bir zövqdən çılğıncasına istifadə etməyə başladım, aydın işdir ki, bu zövq məni iyrəndirmişdir. Sonra yüksək cəmiyyət içərisinə atıldım və bu cəmiyyət də məni tezliklə usandırdı; kübar gözəllərə vurulur və sevilirdim, lakin onların sevgisi mənim təsəvvüratımı və izzəti-nəfsimi yalnız qıcıqlayır, qəlbim isə bomboş qalırdı... Mən mütaliə etməyə, təhsilə başladım, elmdən də zəhləm getdi; şöhrət və bəxtiyarlığın heç də elmdən asılı olmadığını gördüm; çünki ən xoşbəxt adamlar – avamlardır, şöhrət isə xoşbəxtlikdir, onu əldə etmək üçün yalnız cəld olmaq lazımdır. Bunu bildikdə kədərləndim... Çox çəkmədən məni Qafqaza dəyişdilər: bu mənim həyatımın ən bəxtiyar vaxtı idi. Ürəyimdəki kədərin bir çeçen gülləsinə davam gətirməyəcəyinə ümid edirdim – bihudə imiş; bir aydan sonra güllə vıyıltısına və ölümün yaxınlığına o qədər alışdım ki, doğrusu, ağcaqanadlara daha çox əhəmiyyət verirdim, – bundan sonra mən əvvəlkindən də çox sıxılmağa başladım; çünki mən az qala son ümidimi itirirdim. Belanı öz evimdə gördüyüm, ilk dəfə onu dizlərimin üstünə oturdub qara tellərindən öpdüyüm zaman mən axmaq, elə güman etdim ki, o, mərhəmətli tale tərəfindən mənə göndərilmiş bir mələkdir. Mən təkrar səhv etdim: vəhşi qızın sevgisi kübar xanımların sevgisindən bir az yaxşıdır; birinin avamlıq və sadəliyi, birinin də naz-qəmzəsi adamı usandırır. Doğrusunu desək, mən hələ Belanı sevirəm, bir neçə şirin dəqiqələrim üçün mən ona minnətdaram, onun yolunda canımı qurban edərəm, lakin onun yanında darıxıram... Mən axmaqmı, ya zalımmıyam bilmirəm, lakin bu da həqiqətdir ki, mən də mərhəmətə layiqəm, bəlkə də ondan daha çox layiqəm. Mənim qəlbimi yüksək cəmiyyət xarab etmişdir, təsəvvürlərim həmişə əndişə içərisindədir, ürəyim doymazdır, hər şey mənə az gəlir, zövq və kefə asanlıqla alışa bildiyim kimi, kədərə də tezliklə alışıram və həyatımdakı boşluq gündən-günə artır. Mənim üçün bircə yol qalır: səyahət etmək. İmkan olan kimi, – allah eləməsin, Avropaya deyil, Amerikaya, Ərəbistana, Hindistana gedəcəyəm, bəlkə də yollarda bir yerdə ölüm! Əminəm ki, heç olmasa bu son təskinlik tufanların və pis yolların sayəsində tez tükənməyəcəkdir”. – Bu qaydada o uzun-uzadı danışdı, onun sözləri zehnimdə həkk oldu, birinci dəfə idi ki, iyirmi beş yaşlı bir gəncdən belə şeylər eşidirdim, inşallah ki, bu həm də axırıncısı olacaqdır... Əcaib deyilmi! Siz allah söyləyin, – deyə ştabs-kapitan mənə müraciətlə davam etdi, – siz gərək paytaxtda olmuşsunuz, özü də bu yaxınlarda oradakı cavanların hamısımı belədir?

Mən cavab verdim ki, eyni sözləri danışanlar çoxdur: aralarında bəlkə doğru danışanları da vardır, bir də ümidsizlik, bütün modalar kimi cəmiyyətin yuxarı təbəqələrindən başlayıb, aşağı təbəqələrə qədər sirayət edər və aşağı təbəqələr bu modanı axıra qədər daşıyırlar; bu gün hamıdan çox və həqiqətən kədərlənən adamlar bu bədbəxtliyi bir ayıb hesab edərək, onu gizlətməyə çalışırlar. – Ştabs-kapitan bu incəlikləri anlamadı və başını bulayıb hiyləgərcəsinə gülümsədi.

– Yəqin ki, bu kədərlənməyi fransızlar dəb salıblar?

– Yox, ingilislər.

– Aha, belə de!.. – deyə o, cavab verdi. – Bəs onlar ki, həmişə küp dibində yatan əyyaşlardır!

Mən bilaixtiyar, Bayronun əyyaşdan başqa bir şey olmadığını iddia edən bir moskvalı xanımı xatırladım. Ancaq ştabs-kapitanın ingilislərə nöqsan tutması üzürlü idi: şərab içməmək üçün o özünü inandırmağa çalışırdı ki, dünyadakı bütün bədbəxtliklər sərxoşluqdan irəli gəlir.

Ştabs-kapitan sonra öz hekayəsinə belə davam etdi.

– Kazbiç bir daha gəlmədi. Onun buraya nahaq yerə gəlmədiyini və pis bir niyyətdə olduğu fikrini nədənsə başımdan çıxara bilmirdim.

Bir dəfə Peçorin məni qaban ovuna getmək üçün tovlamağa başladı; mən xeyli vaxt boyun qaçırtdım, qaban mənim üçün nə qəribə bir şeymiş! Bununla belə o məni özü ilə sürüyüb apardı. Özümüzlə beş soldat götürüb səhər tezdən yola çıxdıq. Saat ona qədər qamışlıqlarda və meşədə dolaşdıq, bir heyvana rast gəlmədik. “Ey, geri dönməyəcəyikmi? – dedim, – inad nəyə lazımdır. Görünür, bu gün uğursuz gündür!” – Ancaq Qriqori Aleksandroviç isti və yorğunluğa baxmayaraq evə əliboş qayıtmaq istəmirdi... onun xasiyyəti belə idi: beyninə bir şey düşdümü – gərək əldə edə idi, görünür, uşaqlığında anası onu çox nazlandırmışdı... Nəhayət, günorta üstü lənətə gəlmiş bir qaban tapdıq, – part!.. part!.. dəymədi: özünü qamışlığa verdi. Bu, günün uğursuzluğundan idi!.. Bir qədər dincəldikdən sonra evə yollandıq.

Biz atlarımızın cilovunu buraxıb, dinməzcə yanaşı gedirdik və demək olar ki, qalaya lap yetişmişdik, ancaq kolluq onu görməyə qoymurdu. – Birdən bir tüfəng səsi eşidildi... Biz bir-birimizin üzünə baxdıq: ikimizi də eyni bir şübhə heyrətə saldı... Atlarımızı cəld tüfəng səsinə sarı çapdıq, – gördük ki, soldatlar bürc üstündə bir yerə toplaşıb düzü göstərirlər, düzdə isə bir atlı ox kimi süzürdü, yəhərin üstündə də ağ bir şey tutmuşdu. Qriqori Aleksandroviç hər hansı bir çeçendən daha şiddətli bir nərə çəkib silahını koburdan çıxartdı və birbaşa ora çapdı; mən də onun dalınca.

Xoşbəxtlikdən ov baş tutmadığı üçün atlarımız yorğun deyildi; atlarımız yəhər altında çırpınır və biz anbaan atlıya yaxınlaşırdıq... Nəhayət, mən Kazbiçi tanıdım, lakin qucağında tutduğu şeyi seçə bilmədim. Bu zaman mən Peçorinə yanaşıb “bu Kazbiçdir!..” – deyə bağırdım. O mənə baxdı, başı ilə işarə etdi və atını qamçıladı.

Nəhayət, biz Kazbiçə bir güllə mənzili qədər yaxınlaşdıq, Kazbiçin atımı yorulmuşdu, ya bizimkilərdən pismi at idi, nə isə, sahibinin bütün səyinə baxmayaraq o qədər də yeyin qaça bilmirdi. Məncə, bu dəqiqə o öz Qaragözünü xatırlayırdı...

Birdən Peçorinin çapa-çapa nişan aldığını gördüm. “Atmayın! – deyə mən ona bağırdım, – gülləni tələf etməyin, onsuz da ona çatacağıq”. – Eh, bu gənclər! Həmişə yersiz qızışırlar... Lakin tüfəng açıldı və güllə atın dal ayağına dəydi; isti-isti at on addım getdi, büdrədi və dizləri üstə yerə çökdü. Kazbiç sıçrayıb yerə düşdü və biz yalnız bu zaman onun qucağında tutduğu ağ çarşaba bürünmüş şeyin bir qadın olduğunu gördük... Bu Bela idi... Yazıq Bela! – Kazbiç öz dilində bizə nə isə çağırdı və xəncərini qızın başı üstündə oynatdı... Yubanmaq yeri deyildi: atəş açdım. Müvəffəqiyyətə əmin idim, doğrudan da səhv etməmişdim; güllə onun qolundan dəymişdi, çünki birdən qolu yanına düşdü... Tüfəngin tüstüsü çəkildikdə yaralı atın, onun da yanında Belanın yerə sərilmiş olduğunu gördük. Kazbiç isə tüfəngini bir tərəfə tullayıb kol-kos arası ilə pişik kimi qayaya dırmaşırdı; mən onu uçurumdan salmaq istəyirdim, lakin tüfəngim dolu deyildi! Biz atlardan sıçrayıb düşdük, Belaya tərəf yüyürdük. Yazıq Bela hərəkətsiz yerə sərilmişdi, yarasından qan sel kimi axırdı... Ax, zalım; heç olmazsa ürəyindən vursaydı – işi birdəfəlik bitirərdi, yoxsa kürəyindən... əsl quldur zərbəsi idi! – Bela özündən getmişdi. Biz çarşabı parçalayıb yaranı mümkün qədər bərk-bərk sarıdıq; Peçorin əbəs onun soyuq dodaqlarından öpürdü – onu heç bir şey huşa gətirə bilməzdi.

Peçorin atını mindi; mən Belanı yerdən qaldıraraq birtəhər onun yəhərinin üstünə qoydum. Peçorin əlləri ilə onu qucaqladı, biz geri qayıtdıq. Bir neçə dəqiqəlik sükutdan sonra, Qriqori Aleksandroviç mənə: “Bura baxın, Maksim Maksimıç, biz onu bu cür evə sağ aparıb çıxara bilməyəcəyik” – dedi. “Doğrudur!” – dedim və biz atların başını buraxdıq. Qalanın darvazası ağzında bizi bir yığın camaat gözləyirdi: yaralını ehmalca Peçorinin evinə apardıq və həkim dalınca adam göndərdik. Həkim sərxoş olsa da hər halda gəlib çıxdı; yaranı yoxladı və Belanın bir gündən artıq yaşaya bilməyəcəyini söylədi. Ancaq o səhv etmişdi...

Mən ştabs-kapitanın əlindən tutub, bilaixtiyar sevinərək:

– Sağaldımı? – deyə soruşdum.

– Yox, – deyə o, cavab verdi, – səhv bu idi ki, Bela iki gün daha yaşadı.

– Bircə mənə söyləyin görüm Kazbiç onu necə oğurlamışdı?

– Bu iş belə olmuşdu: Peçorinin yasaq etməsinə baxmayaraq, Bela qaladan çıxıb çayın qırağına gedibmiş. O gün çox isti imiş: qız bir daş üstündə oturub ayaqlarını suya sallayıbmış. Kazbiç onu pusa-pusa gəlmiş, qəflətən basmarlayıb ağzını yummuş, kolların içərisinə aparıb, atına minərək götürülmüşdü! Bu arada Bela qışqırmağa imkan tapmış, növbətçi soldatlar təşvişə düşmüşdülər, lakin güllə dəyməmiş, biz də bu zaman gəlib çatmışdıq.

– Hə, Kazbiç onu nə üçün aparmaq istəyirmiş?

– Əzizim! Bu çərkəzlər oğurluqda ad qazanmış xalqdır. Əllərinə keçəni oğurlamaya bilməzlər, baxırsan ki, heç ona lazım olan bir şey deyil, amma yenə oğurlayır. Bunda onları üzürlü görmənizi rica edirəm! Bir də Bela Kazbiçin həddindən ziyada xoşuna gəlmişdi.

– Bela öldümü?

– Öldü: ancaq çox əzab çəkdi və biz də onunla birlikdə az əziyyət çəkmədik. Axşam saat ona yaxın özünə gəldi; biz onun yatağının yanında oturmuşduq; gözlərini açan kimi Peçorini çağırmağa başladı. Peçorin onun əlini ovucları içərisinə alaraq “Buradayam, sənin yanındayam, mənim canım-ciyərim” – deyə cavab verdi. Bela “Mən öləcəyəm” – dedi. Biz ona təsəlli verib həkimin onu mütləq sağaltmağı vəd etdiyini söylədik. O, başını bulayaraq üzünü divara tərəf çevirdi: Bela ölmək istəmirdi!..

Gecə sayıqlamağa başladı; başı od kimi yanırdı, bəzən qızdırmadan bütün bədəni əsirdi. Atası, qardaşı haqqında qarma-qarışıq sözlər söyləyirdi; dağlara, evlərinə getməyi arzulayırdı... Sonra həmçinin Peçorin haqqında danışmağa başladı, ona cürbəcür oxşayıcı adlar verir, yaxud öz can-ciyərini daha sevməməsi üstündə onu məzəmmət edirdi...

Peçorin başını əllərinin içinə alıb dinməz-söyləməz onu dinləyirdi, lakin bütün bu müddətdə mən onun gözlərində bir qətrə yaş belə görmədim: o, doğrudanmı, ağlaya bilmirdi, yoxsa özünümü toxtadırdı, – bilmirəm, mənə gəlincə, mən bundan acınacaqlı bir mənzərə görməmişdim.

Səhərə yaxın Belanın sayıqlaması kəsdi, bir saata qədər hərəkətsiz, bənizi qaçmış halda qaldı, o qədər zəifləmişdi ki, nəfəs aldığı güclə görünürdü; sonra halı yaxşılaşdı və danışmağa başladı, lakin, siz bilən, nə haqda danışa bilərdi? Belə fikirlər ancaq can verən adamın başına gələr! Xaçpərəst olmadığına təəssüf edərək, o dünyada ruhunun Qriqori Aleksandroviçin ruhu ilə heç bir zaman qovuşmayacağına, cənnətdə özgə bir qadının Peçorinə rəfiqə olacağına kədərlənməyə başladı. Mən onu ölməmiş xaçpərəst etmək fikrinə düşdüm: bunu Belaya təklif etdim, o tərəddüdlə mənə baxdı və uzun müddət bir söz deyə bilmədi, nəhayət, hansı dinlə doğulubsa o dində ölmək istədiyini bildirdi. Bütün gün belə keçdi. Amma bu bircə gün içərisində o nə qədər dəyişmişdi! Solğun yanaqları batdı, gözləri olduqca böyüdü, dodaqları yanırdı. Sinəsində qızdırılmış dəmir varmış kimi daxili bir yanğı hiss edirdi.

O biri gecə gəldi, biz hələ də gözlərimizi yummamış və onun yatağından qırağa çəkilməmişdik. Bela dəhşətli əzab çəkir, inildəyir və yaranın ağrısı azalmağa başlayan kimi özünü yaxşı hiss etdiyini Qriqori Aleksandroviçi inandırmağa çalışır, onun gedib yatmasını rica edir, Peçorinin əllərini əllərindən buraxmadan öpürdü. – Səhərə yaxın o, ölüm qüssəsi duymağa, çapalamağa başladı, yarasının sarığını açdı və qan yenidən axdı. Yaranı təkrar sarıdıqdan sonra bir dəqiqəliyə dincəldi və Peçorindən onu öpməsini xahiş etməyə başladı. Peçorin çarpayının yanında diz çökdü, onun başını yastıqdan qaldırıb dodaqlarını onun soyuq dodaqlarına yapışdırdı; Bela titrək qollarını bərk-bərk onun boynuna doladı, sanki bu öpüşü ilə könlünü ona vermək istəyirdi... Yox, yaxşı ki, öldü. Qriqori Aleksandroviç onu atsaydı onun halı necə olardı? Bu isə gec-tez olacaqdı...

Bizim həkim dava-dərmanla ona nə qədər əziyyət verirdisə də Bela ertəsi günün yarısına qədər sakit, dinməz və itaətli idi. Mən həkimə – “insaf edin, – dedim, – axı siz özünüz dediniz ki, o mütləq öləcəkdir, belə isə bu dava-dərman nəyə lazımdır?” – O cavabında: “Heç bir eybi yoxdur, Maksim Maksimıç, – dedi, – vicdanın daha rahat olması üçün”. – Əcəb vicdandır!

Günortadan sonra Bela susuzluqdan yanmağa başladı. Pəncərələri açdıq, lakin eşik evdən də isti idi, çarpayının yanında buz qoyduq – heç bir şey kömək eləmədi. Bu dözülməz yanğının ölümün yaxınlaşması əlaməti olduğunu bilirdim, bunu Peçorinə dedim. Bela yerindən qalxaraq xırıltılı bir səslə “su verin!” – deyirdi.

Peçorinin rəngi kətan kimi ağardı, stəkanı qapıb doldurdu və ona verdi. Mən əllərimlə gözlərimi örtüb indi xatırlamadığım bir duanı oxumağa başladım... Bəli, atam, mən hərbi xəstəxanada, müharibə meydanında insanların necə öldüyünü çox görmüşəm, lakin onların heç biri Belanın ölümünə bənzəməzdi!.. Etiraf etməliyəm ki, məni bir də bir şey qüssələndirir: ölməzdən əvvəl o bir dəfə də olsun mənim adımı çəkmədi, halbuki mən onu bir ata kimi sevirdim... Nə deyək, Allah günahlarından keçsin!.. Axı bir də mən nəyəm ki, ölümqabağı məni yada salmaq lazım olsun!..

Suyu içən kimi onun halı yüngülləşdi, üç dəqiqədən sonra isə canını təslim etdi. Dodaqlarına güzgü tutduq – nəfəsi gəlmirdi! Mən Peçorini eşiyə çıxartdım, biz qala bürcünün üstünə çıxdıq. Əllərimiz dalımızda dinməz-söyləməz uzun müddət yan-yana o tərəf-bu tərəfə gəzindik, onun çöhrəsində elə xüsusi bir ifadə yox idi, bu isə mənə acıq gəldi. Onun yerinə mən olsaydım qüssədən ölərdim. Axırda o, kölgəlik bir yerdə oturdu və əlindəki ağacla qum üzərində bir para şeylər cızmağa başladı. Mən, bilirsiniz, çoxu nəzakət üzündən ona təskinlik vermək üçün danışmağa başladım; o, başını qaldırdı və gülümsündü... Bu gülüşdən mənim bütün bədənim ürpəşdi. Mən tabut sifariş etməyə getdim.

Etiraf etməliyəm ki, qismən əylənmək üçün bu işlə məşğul oldum. Mənim bir parça tirməm vardı, bunu tabutun üzərinə çəkdim və Qriqori Aleksandroviçin Belaya aldığı gümüş çərkəz baftaları ilə tabutu bəzədim.

Ertəsi günü səhər tezdən biz onu qalanın xaricində, çayın kənarında, son dəfə oturduğu yerin yanında basdırdıq; indi onun qəbrinin ətrafında ağ akasiya və gəndalaş kolları bitmişdir. Qəbrin üstünə xaç qoymaq istədim, lakin bilirsiniz yaxşı olmazdı, hər halda Bela xaçpərəst deyildi...

– Bəs Peçorin nə oldu? – deyə mən soruşdum.

– Peçorin uzun müddət xəstə oldu, yazıq arıqladı, lakin o gündən sonra biz Bela haqqında əsla danışmadıq; mən bunun ona xoş gəlmədiyini görürdüm, belə isə bu xüsusda danışmaq, nəyə lazım! Üç ay keçdikdən sonra Peçorini E... polkuna təyin etdilər və o, Gürcüstana getdi. O zamandan bəri görüşməmişik... Yadımdadır: bu yaxınlarda kim isə mənə deyirdi ki, o, Rusiyaya qayıtmışdır, lakin korpus üzrə verilən əmrlərdə bir şey görmədim. Bir də bizlərə belə xəbərlər çox gec çatır.

Burada o, yeni xəbəri bir il sonra eşitməyin nə qədər ürəksıxıcı bir hal olduğu haqqında uzun-uzadıya nağıl açdı, – o bunu, yəqin kədərli xatiratını boğmaq üçün edirdi.

Mən onun sözünü kəsməsəm də, qulaq da asmadım.

Bir saatdan sonra yola düşmək mümkün oldu; boran sakitləşdi; göyün üzü açıldı, biz də yola çıxdıq. Yolda mən bilaixtiyar yenə də Beladan və Peçorindən söhbət saldım.

– Bəs Kazbiçin necə olduğuna dair bir şey eşitmədinizmi? – deyə soruşdum.

– Kazbiçinmi? Doğrusu, bilmirəm... Şapsuqların sağ cinahında Kazbiç adlı bir igid oğlan olduğunu eşitmişdim; əynində qırmızı arxalığı var, bizim güllələrin altında atını astaca sürür və güllə yanından vızıldarkən nəzakətlə baş əyir, ağlım çətin kəsir ki, bu həmin Kazbiç olsun!..

Kobidə Maksim Maksimıçdan ayrıldım: mən poçt faytonu ilə getdim, onun yükü ağır olduğundan mənimlə gedə bilmədi. Biz bir də görüşəcəyimizə heç ümid etmirdik, lakin yenə də görüşdük, istəyirsiniz necə görüşdüyümüzü nağıl edim; bu uzun bir əhvalatdır... Lakin Maksim Maksimıçın hörmətə layiq adam olduğunu etiraf edirsinizmi?.. Əgər bunu etiraf edirsinizsə, mən bunu bəlkə də bu uzun hekayəmə bir mükafat sanacağam.

MAKSİM MAKSİMIÇ

Maksim Maksimıçdan ayrıldıqdan sonra, mən Terek və Daryal dərələrini sürətlə keçdim, Kazbekdə qəlyanaltı elədim, Larsda çay içdim və axşam yeməyinə kimi Vladiqafqaza yetişməyə tələsdim. Dağların, heç bir şey ifadə etməyən nidalarından, xüsusilə oraları görməyənlər üçün heç bir şeyi təcəssüm etdirməyən mənzərələrin təsvirindən, qətiyyən kimsənin oxumayacağı statistik qeydlərindən canınızı qurtarıram.

Mən bütün yolçuların dayandığı mehmanxanaya düşdüm, burada nə qırqovul qızartmaq, nə də şorba bişirmək üçün adam tapılmır; çünki mehmanxana üç şikəstin öhdəsinə verilmişdi, bunlar isə elə axmaq və elə sərxoşdurlar ki, onlardan bir xidmət görə bilməzsən.

Burada üç gün daha qalmalı olduğumu mənə bildirdilər; çünki “okaziya” hələ Yekaterinoqraddan gəlməmişdi və demək ki, geri də qayıda bilməzdi. Bu okaziya haradan çıxdı. Burası da var ki, pis cinas bir rus üçün təskinlik ola bilməz, ona görə də mən də başım qarışsın deyə, Maksim Maksimıçın Bela haqqındakı nağılını yazmaq fikrinə düşdüm, halbuki mən bunun bir hekayə silsiləsi üçün başlanğıc olacağını əvvəlcədən təsəvvür etməmişdim: görürsünüzmü, bəzən əhəmiyyətsiz bir təsadüfün necə müdhiş bir nəticəsi olur!.. Bəlkə, siz “okaziya”nın nə demək olduğunu bilmirsiniz? Bu, yarımrota piyada əsgərlərə bir topdan ibarət mühafizə dəstəsidir. Vladiqafqazdan çıxan arabalar bu dəstə ilə Kabardadan keçib Yekaterinoqrada gedirlər.

Birinci günü çox sıxıntılı keçirtdim, ertəsi günü sübh tezdən həyətə bir araba girdi... Aha! Maksim Maksimıç! Biz köhnə dostlar kimi görüşdük. Ona mənim otağıma düşməsini təklif etdim. Çox danışmadan razı oldu, hətta əlini çiynimə vurub gülümsəyirmiş kimi ağzını əydi. Qəribə adamdı!..

Aşpazlıq sənətindən Maksim Maksimıçın dərin məlumatı var idi: qırqovulu çox qəribəcə qovurdu, üstünə öz qaydası ilə şor xiyar suyu tökdü və boynuma almalıyam ki, o olmasaydı mən yavan çörək yeməli olacaqdım. Bir şüşə Kaxet çaxırı, çörəyimizin bircə boşqabdan ibarət olmasını unutmaqda bizə kömək etdi və çubuq çəkdikdən sonra mən pəncərə qabağında, Maksim Maksimıç isə qalanmış peçin yanında oturduq: hava rütubətli və soyuq idi. İkimiz də susurduq. Nədən danışacaqdıq?.. O özü haqqında maraqlı olan hər şeyi danışmışdı, məndə isə nağıl etməli bir şey yox idi. Pəncərədən çölə baxırdım. Get-gedə genişlənən Terekin sahilinə səpələnmiş bir çox alçaq evlər ağacların arasından görünürdü, uzaqlarda isə diş-diş divara bənzəyən dağlar mavi rəngdə idilər. Bunların arxasında da ağ kardinal papaqlı Kazbek baxırdı. Mən fikrən bunlarla vidalaşırdım, onlara acımağa başlayırdım...

Uzun müddət beləcə oturduq. Küçədə zınqırov səsləri və arabaçıların qışqırtısı eşidildikdə, günəş soyuq dağ zirvələrinin arxasında gizlənməkdə və ağımtıl duman vadilərə doğru çəkilməkdə idi. Üstü-başı kirli ermənilərlə dolu bir neçə araba, onların dalınca da boş bir fayton mehmanxana həyətinə girdi. Faytonun yüngül hərəkəti, münasib quruluşu və qəşəng görkəmi xaricdən gətirilmiş olduğunu göstərirdi. Faytonun dalınca əynində arxalıq və lakey üçün bahalı sayılacaq dərəcədə yaxşı geyinmiş uzunbığlı bir adam gəlirdi, çubuğunun külünü böyük bir təşəxxüslə boşaltdığını və faytonçuya qışqırdığını gördükdə, mənsəbinin nə olduğuna səhv etmək olmazdı. Onun tənbəl bir rus ağasının nazlandırılmış nökəri, yəni rus fiqarosuna bənzər bir şey olduğu aydın idi.

– Əzizim, – deyə pəncərədən ona bağırdım, – nə var, okaziyamı gəldi? – O, tərs-tərs mənə baxdı, qalstukunu düzəltdi və üzünü o yana çevirdi; onun yanı ilə gələn erməni gülümsəyərək onun yerinə cavab verdi ki, bəli okaziya gəlmişdir və sabah tezdən geri qayıdacaqdır. Bu zaman pəncərəyə yaxınlaşan Maksim Maksimıç – “Allaha şükür, – dedi. – Nə gözəl faytondur! – deyə o əlavə etdi, – görəsən hansı çinovnikdir, yəqin Tiflisə istintaqa gedir. Görünür, bu bizim dağlarımıza bələd deyil! Yox, aşna, səhv edirsən. Bu dağlardan sənə qardaş olmaz, xalis ingilis faytonuna da minsən çalxalayacaq! Bu kim ola bilər, bir gedək soruşaq...” Biz koridora çıxdıq. Koridorun qurtaracağındakı yan otağın qapısı açıq idi. Lakey faytonçu ilə birlikdə çamadanları bu otağa daşıyırdı.

– Bura bax, dostum, – deyə ştabs-kapitan ondan soruşdu, – bu gözəl fayton kimindir?.. Hə?.. Gözəl faytondur!.. – Lakey çamadanları aça-aça və ona sarı baxmadan mırıldandı. Maksim Maksimıç hirsləndi; bu nəzakətsiz adamın çiynindən tutub dedi: – Səndən soruşuram, əzizim?..

– Kimin faytonudur?.. Mənim ağamın...

– Sənin ağan kimdir?

– Peçorin.

– Nə dedin? Nə dedin? Peçorin? Aman Allah!.. O, Qafqazda qulluq etməmişdirmi? – deyə Maksim Maksimıç bağırdı və qolumdan dartdı. Onun gözlərində sevinc parlayırdı.

– Gərək ki, etmişdir. Mən bu yaxınlardan onun yanında oluram.

– Elədir!.. Elədir!.. Qriqori Aleksandroviç?.. Adı belə deyilmi?.. Sənin ağanla dost olmuşuq, – deyə lakeyin çiyninə əlilə elə vurdu ki, onu səndələməyə məcbur etdi...

Lakey qaşqabağını sallayaraq:

– Müsaidə edin, ağa, – dedi, – siz mənə mane olursunuz.

– Qəribə adamsan ha!.. Bilirsənmi ki, biz sənin ağanla çox yaxın olmuşuq, bir yerdə yaşamışıq... Bəs özü harada qalmışdır?..

Lakey Peçorinin axşam yeməyini yemək və gecələmək üçün polkovnik N-nin evində qaldığını bildirdi.

Maksim Maksimıç lakeyə:

– Bəs axşam o buraya gəlməyəcəkmi? – dedi, yaxud da, əzizim, sən bir şey üçün onun yanına getməyəcəksənmi?.. Getsən, söylə ki, Maksim Maksimıç buradadır, beləcə de, o özü tanıyır... Sənə dörd abbası araq pulu verəcəyəm...

Belə az pul vədini eşidən lakey, üz-gözünü qırışdırdı, lakin bununla bərabər tapşırığa əməl edəcəyinə Maksim Maksimıçı inandırdı.

Maksim Maksimıç təntənəli bir görkəmlə mənə:

– İndicə qaça-qaça gələcək!.. – dedi. Gedib darvazanın ağzında onu gözləyəcəyəm. Eh, təəssüf ki, bu N...lə tanış deyiləm.

Maksim Maksimıç darvazanın yanındakı skamyaya oturdu, mən isə öz otağıma getdim. Boynuma alıram ki, bu Peçorinin gəlməsini mən də bir qədər səbirsizliklə gözləyirdim. Ştabs-kapitanın hekayəsindən sonra onun haqqındakı rəyim o qədər yaxşı deyildisə də, amma yenə də onun xasiyyətindəki bəzi cəhətlər mənə diqqətəlayiq göründü. Bir saatdan sonra şikəst mehmanxanaçı qaynamış samovarı və çayniki içəri gətirdi. “Maksim Maksimıç, çay içməklə necəsiniz?” – deyə mən pəncərədən ona bağırdım.

– Təşəkkür edirəm; nədənsə heç meylim yoxdur.

– Gəlin için! Baxın, artıq gecdir, soyuqdur.

– Eybi yoxdur, təşəkkür edirəm...

– İxtiyar sahibisən! – Mən təklikdə çay içməyə başladım: on dəqiqədən sonra mənim qocam içəri girdi. “Siz haqlısınız, çay içmək yaxşıdır, – çox gözlədim... Lakey çoxdan onun yanına getmişdir, ehtimal, bir şey onu yubandırmışdır!”

O, çayını tələsik hortdatdı ikinci fincandan boyun qaçırtdı, ürəyində bir nigarançılıqla, təkrar darvaza ağzına getdi: aydın idi ki, Peçorinin etinasızlığı qocanı kədərləndirmişdi. Axı, onunla dost olduğunu bu yaxınlarda mənə söyləmişdi, həm də bir saat əvvəl əmin idi ki, Peçorin onun adını eşidən kimi qaça-qaça gələcəkdir.

Mən təkrar pəncərəni açıb Maksim Maksimıçı səsləyərək, yatmaq vaxtı olduğunu söylədikdə artıq gec idi, qaranlıq düşmüşdü; o dodağının altında nə isə mızıldandı, mən təkrar onu çağırdım, cavab vermədi.

Şinelə bürünərək, divana uzandım və şamı yana-yana qoyub tezliklə mürgülədim, əgər Maksim Maksimıç gecədən çox keçmiş içəri girib məni oyatmasaydı, mən rahatca yatacaqdım. O, çubuğunu stolun üstünə atdı, otaqda gəzinməyə və peçi qurdalamağa başladı, nəhayət, yerinə uzandı, lakin uzun müddət öskürdü, tüpürdü və sölyəndi...

– Sizi yoxsa taxtabiti yeyir? – deyə soruşdum.

– Bəli, taxtabiti yeyir... – deyib, dərindən ah çəkdi.

Ertəsi gün sübh tezdən oyandım, lakin Maksim Maksimıç məndən də tez qalxmışdı. Onu darvazanın ağzında skamyada oturmuş gördüm: “Mən komendantın yanına getməliyəm, – dedi, – rica edirəm, Peçorin gəlsə mənim dalımca adam göndərin...”

Mən söz verdim. Onun əzalarına yeni gənclik qüvvəsi gəlmiş kimi qıvraqlaşıb yüyürməyə başladı.

Sərin və gözəl bir səhər idi. Qızıl buludlar dağların üzərinə qalaqlanmışdı. Onlar yeni əmələ gəlmiş hava sıra dağlarını andırırdı; darvazanın qabağı geniş meydan idi; ondan o yana bazardı; bazar günü olduğu üçün adam qaynaşırdı; ayaqyalın osetin uşaqları çiyinlərində şan balı küpləri ətrafımda fırlanırdılar. Mən onları qovladım, onlarla məşğul olacaq halım yox idi, mərhəmətli ştabs-kapitanın narahatlığı mənə də sirayət etməyə başlamışdı.

On dəqiqə keçməmiş gözlədiyimiz adam meydanın o başında göründü. O, polkovnik N... ilə gəlirdi. Polkovnik onu mehmanxanaya qədər ötürdü, salamatlaşıb qalaya qayıtdı. Mən o saat şikəsti Maksim Maksimıçın dalınca göndərdim.

Peçorinin lakeyi onun qabağına çıxıb, indicə faytonu qoşacağını bildirdi, ona bir qutu siqar verərək bir neçə tapşırıq aldıqdan sonra işlərinin dalınca getdi. Ağası isə siqarını yandırdıqdan sonra bir-iki dəfə əsnədi və darvazanın o biri tərəfindəki oturacağa oturdu. İndi sizə onun portretini təsvir etməliyəm.

O, ortaboylu bir adamdı; mütənasib və nazik gövdəsi ilə enli kürəkləri, onun vücudunun möhkəmliyini, köçəri həyata və müxtəlif iqlimə məxsus olan bütün çətinliklərə tab gətirməyə qadir olduğunu və nə paytaxt həyatının əxlaqsızlığı, nə də ruhi məşəqqətlərin bu vücudu məğlub edə bilmədiyini isbat edirdi. Tozlu məxmər sürtukunun yalnız aşağısındakı iki düyməsi düymələndiyindən nəcib adamların adətini göstərən göz qamaşdıracaq qədər təmiz alt paltarını görmək olurdu; kirlənmiş əlcəkləri, elə bil ki, məxsus onun xırda aristokrat əllərinə tikilmişdi; əlcəyinin birini çıxartdıqda, onun solğun barmaqlarının arıqlığına təəccüb etdim; yerişi saymazyana və tənbəl idi, lakin yeriyərkən qollarını tovlamadığını sezdim – bu isə onun sirrini hər kəsə açmayan bir xasiyyətə malik olduğunu göstərən doğru əlamət idi. Yeri gəlmişkən deyim ki, bu söylədiklərim mənim öz qeydlərimdi və öz müşahidələrimə əsaslanır, bunlara kor-koranə inanmağa sizi əsla məcbur etmək istəmirəm. O, oturacağa oturduqda düzgün gövdəsi elə əyildi ki, guya belində bir sümük də yoxmuş: bütün vücudunun aldığı vəziyyət əsəbilikdən zəiflədiyini ifadə edirdi. O, yorucu baldan sonra özünün pərqu kreslosunda əyləşən otuz yaşlı Balzak nazənini kimi oturdu. Sonradan mən ona otuz yaş verməyə hazır idimsə də, ilk baxışımda ona iyirmi üçdən artıq verməzdim. Onun təbəssümündə uşaqlara məxsus bir xüsusiyyət vardı. Dərisi qadınların dərisi kimi zərif idi. Əslində qıvrım olan sarışın saçları solğun idi, geniş alnını olduqca qəşəngləşdirirdi; yalnız diqqətlə baxdıqda bu alnında bir-birini qət edən qırışlar görmək olardı ki, qəzəbli olduğu, yaxud ruhi narahatlıq çəkdiyi dəqiqələrdə, ehtimal, onlar nəzərə daha aydın çarpırdı. Saçlarının sarışın olmasına baxmayaraq bığları və qaşları qara idi, – ağ atın qara yalı və qara quyruğu onun cins olduğunu göstərdiyi kimi, bu da onun nəcibliyini göstərirdi. Portreti tamamlamaq üçün onun bir qədər yuxarı qalxmış burnu, ağappaq dişləri və qumral gözləri olduğunu da deməliyəm; gözləri haqqında bir neçə söz də söyləməliyəm.

Əvvələn, o özü gülərkən gözləri gülmürdü. – Siz bəzi adamlarda bu cür qəribəliyə rast gəlmişsinizmi?.. Bu, tünd bir məcazın yaxud da daimi, dərin bir kədərin əlamətidir. Yarıya qədər aşağı dikilmiş kirpiklər altından baxan bu gözlər, təbir caizsə, fosfor kimi parıldayırdı. Bu, ürək qızğınlığının yaxud cövlan edən xəyalın inikası deyildi: bu, hamar, gözqamaşdırıcı, lakin soyuq polad parıltısına bənzər bir parıltı idi; onun qısa, lakin nüfuzedici və ağır baxışı adama münasibətsiz və pis təsir bağışlayırdı və bu baxış bu qədər laqeydcəsinə dinc olmasaydı, qaba görünərdi. Bütün bu qeydlər mənim ağlıma, yalnız onun həyatının bəzi təfsilatını bildiyimdən gəldi və bəlkə də onun görünüşü başqa adama tamamilə ayrı təsir bağışlardı, lakin siz onun haqqında məndən başqa heç kəsdən bir şey eşitməyəcəyinizə görə, istər-istəməz bu təsvirlə kifayətlənməlisiniz. Nəticədə onun ümumiyyətlə gözəl adam olduğunu və bilxassə kübar qadınların bəyəndiyi orijinal bir simaya malik olduğunu deməliyəm.

Atlar artıq qoşulmuşdu: atların boynundakı zınqırov, əymə altında ara-sıra cingildəyirdi, lakey hər şeyin hazır olduğunu xəbər vermək üçün iki dəfə Peçorinin yanına gəlmişdi, Maksim Maksimıç isə hələ də gəlib çıxmırdı... Xoşbəxtlikdən, Peçorin Qafqazın mavi dağlarının seyrinə dalaraq bərk fikrə getmişdi və deyəsən, yola düşməyə əsla tələsmirdi. Mən yaxınlaşıb: “Siz bir az gözləmək istəsəniz köhnə bir dostunuzla ona görüşməkdən zövq ala biləcəksiniz...” dedim.

– Aha, doğrundan da! – deyə o cəld cavab verdi. – Mənə dünən dedilər; bəs o haradadır? – Mən dönüb meydana baxdıqda Maksim Maksimıçın var qüvvəsi ilə yüyürdüyünü gördüm. Bir neçə dəqiqədən sonra artıq o bizim yanımızda idi; güclə nəfəs alırdı, üzündən damcı-damcı tər tökülürdü, şapkasının altından çıxmış ağ saçları tərdən islanıb alnına yapışmışdı, dizləri əsirdi... Peçorinin boynuna sarılmaq istəyirdi, lakin Peçorin mehribanlıqla gülümsədisə də, əlini olduqca soyuq bir halda ona uzatdı. Ştabs-kapitan bir dəqiqəliyə donub qaldı, lakin sonra hər iki əli ilə onun əlindən tutdu, hələ də dili söz tutmurdu.

Peçorin:

– Nə qədər məmnunam, əziz Maksim Maksimıç! Söyləyin görən necə dolanırsınız? – dedi.

– Bəs sən?.. Bəs siz necə? – deyə qoca, göz yaşları içərisində mızıldandı, siz hara... bura hara... haraya belə?..

– İrana və daha uzaqlara gedirəm...

– Aman, elə bu saatmı? Tələsməyin, a qurban olum!.. Məgər doğrudanmı elə indicə ayrılacağıq?.. Neçə vaxtdır ki, görüşməmişik...

Cavab bu oldu:

– V axtdır, getməliyəm, Maksim Maksimıç.

– Aman allah! Aman allah! Canım, hara belə tələsirsiniz? Deyəcək o qədər sözüm var ki... Sizdən o qədər soruşmalı söz var ki... İstefayamı çıxmısınız?.. Necəsiniz? Nə iş görürdünüz?..

Peçorin gülümsəyərək:

– Darıxırdım! – deyə cavab verdi.

– Qalada keçirdiyimiz günlər yadınızdadırmı?.. Ora ov etmək üçün nə gözəl ölkədir!.. Axı siz tüfəng atmağa çox həris idiniz... Hələ Bela?

Peçorinin rəngi azca qaçdı və üzünü kənara çevirdi... Haman saat məcburən əsnəyib:

– Bəli, yadımdadır! – dedi.

Maksim Maksimıç ondan xahiş etməyə başladı ki, daha bir-iki saat onunla birlikdə qalsın. O deyirdi: – “Ləzzətlə nahar edərik, iki qırqovulum var, buranın Kaxet şərabı isə lap əlasındandır... söz yox ki, Gürcüstanınkına çatmaz, lakin əla növdəndir... söhbət edərik... siz”. Peterburqda keçirdiyiniz günlərdən mənə danışarsınız. Hə elə deyilmi?

– Doğrusu, əziz Maksim Maksimıç, məndə söyləməli bir şey yoxdur... Salamat qalın, vaxtdır... tələsirəm... Unutmadığınıza görə təşəkkür edirəm... – deyə Peçorin əlavə edib onun əlindən yapışdı.

Qoca qaşlarını çatdı... O, kədərli və acıqlı idisə də bunu gizlətməyə çalışırdı. – Unutmaqmı! – deyə mızıldadı. “Mən heç bir şeyi unutmamışam... Nə etməli, Allah köməyiniz olsun! Mən sizinlə belə görüşmək xəyalında deyildim...”.

Peçorin onu bir dost kimi qucaqlayıb:

– Yetər, yetər! – dedi. Mən yenə haman adam deyiləmmi?

Nə etməli?.. Hər kəsin bir yolu var... Bir də görüşə biləcəyikmi... Allah bilir!.. – Bu sözləri söylərkən artıq o, faytonda oturmuşdu, sürücü də cilovları əlinə yığışdırırdı.

Birdən Maksim Maksimıç faytonun qapısından yapışaraq bağırdı:

– Dayan, dayan! Az qala unutmuşdum... Qriqori Aleksandroviç, sizin kağızlarınız məndə qalmışdır... Mən onları özümlə gəzdirirəm... Sizi Gürcüstanda tapmaq ümidində idim, amma gör Allah elə rast saldı ki, burada görüşdük. O, kağızları nə edim?.. – Nə istəyirsiniz eləyin! – deyə Peçorin cavab verdi. – Salamat qalın...

– Demək, İrana gedirsiniz?.. Bəs nə vaxt qayıdacaqsınız?.. – deyə Maksim Maksimıç onun dalınca bağırdı.

Fayton artıq uzaqlaşmışdı, lakin Peçorin əli ilə bir işarə etdi. Bu işarəni sözlə belə ifadə etmək olardı: çətin qayıdaram, bir də, niyə qayıdacağam!..

Artıq çoxdan nə zınqırov səsi, nə də daş yoldan qopan təkər taqqıltısı eşidilirdi, amma yazıq qoca dərin fikrə gedərək, yenə də bayaqkı yerində durmuşdu.

Kədərli göz yaşları hərdən onun kirpiklərində titrəsə də axırda laqeyd bir vəziyyət almağa çalışaraq:

– Bəli, – dedi, – əlbəttə, biz dost idik, amma bu əsrdə dostluq nədir ki!.. Mən onun nəyinə lazımam ki? Mən nə varlıyam, nə də yaxşı mənsəb sahibiyəm, yaşca da heç onun tayı deyiləm. Ona bax, təkrar Peterburqa gedən kimi gör necə də şuxlaşmışdır. Fayton, nə fayton!.. Nə qədər gör yükü var!.. Lakeyi gör necə məğrurdur!.. – Bu sözlər kinayəli bir təbəssümlə deyilirdi. Sonra mənə müraciətlə: – Söyləyin, – dedi, – bu haqda nə fikirdəsiniz? İndi hansı şeytan onu yoldan çıxarıb İrana sürükləyir? Gülüncdür, vallah, gülüncdür!.. Mən onun yelbeyin adam olduğunu çoxdan bilirdim, ona bel bağlamaq olmaz. Amma, doğrudan, heyf ki, onun axırı yoxdur, başqa cür də ola bilməz!.. Mən həmişə demişəm ki, köhnə dostlarını unudan adamın axırı xeyir olmaz!.. – Burada o öz həyəcanını gizlətmək üçün üzünü yana çevirdi və həyətə gedib öz arabasının təkərlərini gözdən keçirirmiş kimi onun dövrəsini dolaşmağa başladı, halbuki onun gözləri hər dəqiqə yaşla dolurdu.

Mən ona yaxınlaşaraq:

– Maksim Maksimıç, – dedim, – Peçorinin sizin yanınızda qoyduğu kağızlar nə kağızlardır?

– Allah bilir! Bəzi xatirələrdir...

– Siz onları nə edəcəksiniz?

– Nə edəcəyəm? Onları patron doldurmağa sərf edəcəyəm.

– Yaxşısı budur onları mənə verin.

O təəccüblə mənə baxdı, dodağının altında nə isə mızıldadı və çamadanını töküşdürməyə başladı, oradan bir dəftər çıxarıb nifrətlə yerə atdı: sonra ikincisinin, üçüncüsünün və onuncusunun da başına bu işi gətirdi; onun hirslənməsində uşaqlara məxsus bir şey vardı. Bu mənə həm gülünc, həm də acınacaqlı gəldi.

– Hamısı budur, – dedi, – belə bir tapılma şeylə sizi təbrik edirəm...

– Bu dəftərlərdən istədiyim kimi istifadə edə bilərəmmi?

– İstəyirsiniz lap qəzetdə çap etdirin. Mənə nə var... Mən ki, onun dostu, yaxud qohumu deyiləm... Doğrudur, biz onunla bir yerdə uzun müddət yaşamışıq... Mən azmı adamlarla bir yerdə yaşamışam?..

Mən kağızları götürdüm və ştabs-kapitanın peşman olmasından qorxaraq onları tələsik apardım. Bir az keçmiş, okaziyanın bir saatdan sonra yola çıxacağını bildirdilər; atların qoşulmasını əmr etdim. Mən şapkamı başıma qoyduğum zaman ştabs-kapitan içəri girdi, görünüşündən yola çıxana oxşamırdı, hərəkətləri bir növ məcburi və soyuq kimi idi.

– Maksim Maksimıç, bəs siz getmirsiniz?

– Xeyir.

– Bəs niyə belə?

– Mən hələ komendantı görməmişəm, ona bəzi dövlət şeylərini təhvil verməliyəm...

– Siz ki, onun yanına getmişdiniz?

O kəkələyərək:

– Əlbəttə getmişdim, – dedi, – evdə yox idi. Mən də qalıb gözləmədim.

Onun nə demək istədiyini anladım: yazıq qoca, rəsmi dillə desək, qulluq işini öz işinin xətirinə, bəlkə də, ömründə birinci dəfə idi ki, atmışdı. Lakin aldığı mükafat nə idi!..

Mən ona:

– Çox təəssüf, – dedim, – Maksim Maksimıç, çox təəssüf ki, biz vaxtından əvvəl bir-birimizdən ayrılmalıyıq.

– Biz elmsiz qocalar, sizin yerişinizlə yeriyə bilərikmi!.. Siz kübar cəmiyyətə məxsus məğrur gənclərsiniz; nə qədər ki, çərkəz güllələrinin altındasınız işinizi yola verirsiniz, sonralar isə rast gələndə bizlərə əl verməyə də xəcalət çəkirsiniz...

– Maksim Maksimıç, mən ki, özümü bu məzəmmətə layiq bilmirəm.

– Bilirsiniz, mən bu sözü yeri gəldi dedim, nə isə, sizə xoşbəxtlik və yaxşı yol arzu edirəm.

Bir az soyuq vidalaşdıq. Mehriban Maksim Maksimıç inadlı, davakar bir ştabs-kapitana dönmüşdü. Nə üçün axı? Çünki o, Peçorinin boynuna atılıb onu qucaqlamaq istədiyi halda Peçorin fikrinin dağınıqlığındanmı, başqa səbəbdənmi, nədənsə, Maksim Maksimıça sadəcə olaraq əlini uzatmışdı. Bir gəncin, arxasından insanların əməl və duyğularını seyr etdiyi ipək pərdə onun gözü qabağından çəkildiyi zaman bu gəncin ən yaxşı ümid və arzularını itirdiyini görəndə adam kədərlənir, halbuki ümid vardır ki, bu gənc köhnə aldanışlarını, daha az keçici olmasa da, əvəzində əvvəlki qədər şirin olan aldanışlarla əvəz edəcəkdir... Bəs Maksim Maksimıç yaşına çatanda bunları nə ilə əvəz etməli? Adamın qəlbi bilaixtiyar daşa dönür, könül bağlanır.

Mən tək yola düşdüm.

PEÇORİNİN GÜNDƏLİYİ

ÖN SÖZ

Bu yaxınlarda xəbər tutdum ki, Peçorin İrandan qayıdarkən ölmüşdür. Bu xəbər məni çox sevindirdi, çünki bu onun məndə olan xatirələrini nəşr etdirməyə imkan verdi və mən də fürsətdən istifadə edərək özgənin əsəri üzərində öz adımı qoydum. Allah eləsin ki, bu məsum saxtakarlıq üstündə oxucular məni cəzalandırmasınlar!

İndi isə ömrümdə tanımadığım bir adamın ürək sirlərini camaata açmağa məni vadar edən səbəbləri aydınlaşdırmalıyam. Hələ yaxşı ki, mən onun dostuyam; həqiqi dostun ağzıyırtıqlığı hər kəsə aydındır, lakin mən onu ömrümdə yalnız bircə dəfə, o da böyük yolda görmüşəm; demək mən ona, dolu tək töhmət, nəsihət, rişxənd və təəssüf yağdırmaq üçün sevimli bir şeyin məhvini, yaxud bədbəxtliyini gözləyən adamlar kimi, şəxsi dostluq pərdəsi altında gizlənən və izahı çətin olan bir nifrət bəsləyə bilmərəm.

Bu xatirələri dəfələrlə oxuyarkən mən öz zəiflik və qüsurunu bu cür zahirə çıxaran adamın səmimi olduğuna inandım. İnsan ruhunun, hətta ən xırda bir insan ruhunun tarixi, bütün bir xalqın tarixindən çətin ki, az maraqlı və xeyirli olsun, bu tarix bilxassə yetkin bir zəkanın özü üzərində apardığı müşahidələrin nəticəsi olduqda, həm də başqalarında riqqət və təəccüb oyatmaq arzusu ilə yazılmadığı zaman daha maraqlı və xeyirlidir. Russonun etiraf əsərinin qüsuru da odur ki, o, əsərini öz dostlarına oxumuşdur.

Xülasə, bir xeyir vermək arzusu təsadüfən əlimə keçən gündəlikdən parçalar nəşr etməyə məni məcbur etdi. Buradakı adamların adlarını dəyişmişəmsə də, xatiratda haqlarında danışılan adamlar, ehtimal ki, özlərini tanıyacaq və bəlkə də, indiyə qədər başqasının, yəni bu gün artıq bu dünya ilə heç bir alıb-verəcəyi olmayan bir adamın boynuna atdıqları əməllər üçün bəraət yolları tapacaqlar; biz demək olar ki, həmişə anladığımız bir şeyi əfv edirik.

Mən bu kitaba ancaq Peçorinin Qafqaza gəlməsinə aid olan parçaları saldım. Məndə onun qalın bir dəftəri də qalmışdır ki, burada o bütün həyatını təsvir edir. Bir zaman bu dəftər də işıqlı dünya üzü görər, lakin indi bir çox mühüm səbəblərə görə mən bu məsuliyyəti hələlik üzərimə götürə bilmərəm.

Ola bilsin ki, oxucuların bəziləri Peçorinin xasiyyəti haqqında mənim rəyimi bilmək istəyəcəklər. Mənim onlara cavabım budur – kitabın adına baxın. Onlar “Bu ki, acı bir kinayədir!” deyə bilərlər.

– Bilmirəm.

TAMAN

Taman – Rusiyanın dəniz sahilindəki şəhərlərindən ən pisidir. Mən az qala orada acından ölmüşdüm, hələ üstəlik məni dənizdə boğmaq da istədilər. Poçt arabası ilə gecəyarısı gəlib şəhərə çıxdım. Arabaçı üç yorğun atı şəhərin girəcəyindəki yeganə daş evin darvazası qabağında saxladı. Qara dəniz sahilindən olan keşikçi kazak zınqırov səsi eşidib yuxulu-yuxulu vəhşi bir səslə: “Gələn kimdir?” – deyə bağırdı. Uryadnik və onbaşı eşiyə çıxdılar. Mən zabit olduğumu, dövlət işləri üçün vuruşan qoşun dəstəsinə getdiyimi izah etdim və hökumət mənzili verilməsini tələb etməyə başladım. Onbaşı bizi şəhərin içi ilə apardı. Hansı daxmaya yaxınlaşdıqsa tutulmuşdu. Hava soyuq idi, mən üç gecə idi ki, yatmamışdım, çox gəzib haldan düşmüşdüm, hirslənməyə başlamışdım. “– Məni apar bir yerə çıxart, quldur! Lap cəhənnəmə də olsa, təki mənzil olsun!” – deyə bağırdım. Onbaşı peysərini qaşıyaraq cavab verdi: “– Bir ev daha var, ancaq cənabınızın xoşuna gəlməz: təmiz deyil!” – Son sözlərin əsil mənasını anlamadım, arabanı irəli sürməyi əmr etdim və biz hər iki tərəfi çəpərlərdən ibarət palçıqlı döngələri uzun müddət gəzdikdən sonra dənizin lap sahilindəki balaca bir daxmaya yanaşdıq.

Bədirlənmiş ay, mənim yeni mənzilimin qamış damını və ağ divarlarını işıqlandırırdı: ətrafına çaydaşından hasar çəkilmiş həyətdə birincisindən daha balaca və daha qədim, bir böyrü üstünə əyilmiş bir daxma da var idi. Sıldırım sahil, daxmanın divarlarının az qala lap yanından dənizə enirdi və aşağıda tünd mavi dalğalar şikayətlə şırıldayırdı. Ay, sakit təbiəti səssizcə süzürdü, mən ayın işığında sahildən çox-çox uzaqlarda iki gəmi gördüm, onların hörümçək torunu andıran qara ipləri göy qübbəsinin solğun ətəyində hərəkətsizcə seçilirdi. “Körpüdə gəmi var”, – deyə düşündüm – sabah Gelenciyə yollanaram”.

Nizami bir kazak mənim yanımda xidmətçi vəzifəsini görürdü. Çamadanları düşürməyi və arabaçını yola salmağı ona əmr etdikdən sonra ev yiyəsini çağırmağa başladım – cavab gəlmədi: qapını döydüm, yenə cavab gəlmədi... bu nə işdir?.. Nəhayət, dəhlizdən 14 yaşlı bir oğlan uşağı çıxdı.

“Ev yiyəsi haradadır?” – “Yoxdur” – “Necə, yerli-diblimi yoxdur!” – “Yerli-dibli” – “Bəs arvadı?” “Kəndə qaçıb” – “Bəs mənə qapını kim açacaq?” – deyə mən qapıya bir təpik vurdum. Qapı özü açıldı: içəridən rütubət qoxusu vurdu. Kibriti yandırıb oğlanın burnuna yaxın tutdum: iki dənə ağaran göz işıqlandı. Oğlan kor idi, lap anadangəlmə kor idi. O qımıldanmadan qarşımda dayanmışdı, mən də onun üzünün cizgilərinə tamaşa etməyə başladım.

Bütün korları, çəpləri, karları, lalları, əlsiz-ayaqsızları, qozbelləri və başqalarını görməyə gözüm olmadığını etiraf edirəm. Mən insanın zahiri ilə batini arasında həmişə qəribə bir əlaqə olduğunu sezmişəm: elə bil ki, insan öz əzasından birini itirməklə hisslərindən də birini itirir.

Beləliklə, mən kor oğlanın üzünə baxmağa başladım, lakin deyin görək, gözdən məhrum olan bir çöhrədə nə oxumaq olar?.. Uzun müddət qeyri-ixtiyari bir təəssüflə ona baxırdım ki, birdən çətinliklə sezilən bir təbəssüm onun incə dodaqlarını yaladı və bilmirəm nədənsə bu təbəssüm mənə olduqca pis bir təsir bağışladı. Başımda bir şübhə oyandı: bu oğlan göründüyü qədər də kor deyil: gözləri qəsdən ağartmağın mümkün olmadığına, bir də nə məqsədlə ağardılacağına özümü əbəs inandırmağa çalışırdım. Lakin nə etməli? Mən çox zaman zənn və şübhələrə meyil edirəm...

“Sən ev yiyəsinin oğlumusan?” – deyə nəhayət soruşdum. – “Yox!” – “Bəs sən kimsən?” – “Allahın yetimi” – “Ev sahibinin uşağı varmı?” – “Yox, bir qızı vardı, o da ki, tatarla dənizin o tayına keçdi”. – “Hansı tatarla?” – “Allah bilir! Kerçli bir qayıqçı ilə, bir Krım tatarı ilə”.

Daxmaya girdim: daxmanın bütün mebeli iki skamyadan, bir stol və peçin yanında qoyulmuş zorba bir sandıqdan ibarətdi. Divarlarda bir dənə də olsun İsa və Məryəmin təsviri asılmamışdı – bu pis əlamətdi! Dənizdən əsən külək sınıq pəncərədən içəri soxulurdu. Mən çamadandan mum şamı çıxartdım, yandırıb şeylərimi yerləşdirməyə başladım: qılıncımla tüfəngimi bir küncə, tapançamı da stolun üstünə qoydum, yapıncımı skamyaya saldım, kazak da öz yapıncısını o biri skamyaya saldı, on dəqiqə sonra xoruldamağa başladı. Lakin mən yuxulaya bilmirdim: gözləri ağaran oğlan zülmətdə gözlərimin qabağında daima fırlanırdı.

Beləliklə, təqribən bir saat keçdi. Ay işığı pəncərədən içəri düşür və onun şüaları daxmanın torpaq döşəməsi üzərində oynaşırdı. Döşəməyə düşən parlaq zolaqda birdən bir kölgə görünüb keçdi. Mən yerimdən qalxdım, pəncərəyə baxdım: kim isə yenə pəncərənin yanından sürətlə keçdi və allah bilir, harada isə gizləndi. Mən bu canlı şeyin eniş sahillə qaçacağını güman edə bilməzdim, lakin burası da var idi ki, o başqa heç bir yerə gedə bilməzdi. Ayağa qalxdım, arxalığımı çiynimə saldım və xəncərimi belimə bağlayıb asta-asta daxmadan çıxdım: kor oğlan qabağıma çıxdı. Mən çəpərin dibinə qısıldım, o inamlı, lakin ehtiyatlı addımlarla gəlib yanımdan keçdi. Qoltuğunda bir boğca aparırdı, körpüyə tərəf dönərək dar və eniş bir cığırla aşağı enməyə başladı. “Haman gün lallar danışacaq, korlar görəcəklər” – deyə düşündüm və onu gözdən itirməmək üçün yaxın məsafədən izlədim.

Bu arada ay buludlara bürünməyə başladı. Dənizdən duman qalxdı: yaxındakı gəminin dal tərəfində yanan fənərin işıltısı bu duman içərisində güclə seçilirdi. Sahildəki qayaların dibində hər dəqiqə gəmini batırmaq qorxusu ilə hədələyən köpüklər parıldayırdı. Mən sıldırımı çətinliklə enirdim, bir də nə gördüm: kor, ayaq saxladı, sonra üzü aşağı döndü: o, suya o qədər yaxın bir yerlə gedirdi ki, adam indicə dalğanın onu yaxalayıb dənizə aparacağını düşünürdü, lakin bələd adamlar kimi bu daşdan o daşa tullanmasından və çala-çuxurlara düşməməsindən görünürdü ki, bu, onun ilk gəzintisi deyildi. Axırda o bir şeyə qulaq asırmış kimi dayandı, çömbəlib boğcanı yanına qoydu. Mən sahildə dikəlmiş bir qaya dalında gizlənib, onun bütün hərəkətlərinə göz yetirirdim. Bir neçə dəqiqə keçdikdən sonra, qarşı tərəfdən ağ bir fiqura göründü, fiqura kora yaxınlaşıb onun yanında əyləşdi. Külək hərdənbir onların söhbətini mənə tərəf gətirirdi.

– “Nə var, kor?” – deyə bir qadın səsi eşidildi, – fırtına şiddətləndi; Yanko gəlməyəcək”. – “Yanko fırtınadan qorxmur” – deyə kor cavab verdi. “Duman kəsifləşir”, – deyə qadın kədəri andıran bir səslə təkrar etiraz etdi.

– Dumanda, keşikçi gəmilərin yanından daha yaxşı keçmək olur, – deyə cavab eşidildi. – “Boğulsa nə olsun?” – “Nə olacaq! Bazar günü kilsəyə yeni bir lenta taxmadan gedərsən”.

Sükut çökdü, lakin bir şey məni bərk heyrətə gətirdi, kor mənimlə malaros ləhcəsində danışırdı, indi isə təmiz rusca danışır.

Kor əlini əlinə vuraraq yenə:

– Görürsənmi, – dedi, – mən haqlıyam, Yanko nə dənizdən, nə küləkdən, nə dumandan, nə də sahil keşikçilərindən qorxmur: bircə qulaq ver. O, su şırıltısı deyil, məni aldada bilməzsən – bu onun uzun avarlarının səsidir.

Qadın yerindən sıçradı və təşvişli bir görünüşlə uzaqları seyr etməyə başladı. O:

– Sən sayıqlayırsan, kor? – dedi, mən heç bir şey görmürəm.

Etiraf edirəm ki, uzaqlarda qayığa bənzər bir şey görməyə nə qədər çalışdımsa da heç şey görmədim. On dəqiqə beləcə keçdi və budur, dağ kimi dalğaların arasında qara bir nöqtə görünməyə başladı: bu nöqtə gah böyüyür, gah da kiçilirdi. Bir qayıq asta-asta dalğaların belinə qalxıb sonra sürətlə oradan aşağı enərək sahilə yaxınlaşırdı. Belə bir gecədə iyirmi verstlik bir boğazdan yola çıxmağa ürək edən gəmiçi cəsur və ehtimal, onu bu işə vadar edən səbəb çox əhəmiyyətli idi. Bu cür düşünərək, qeyri-ixtiyari bir ürək döyüntüsü ilə zavallı qayığa baxırdım, lakin qayıq ördək kimi suya cumur və sonra avarlarını qanad kimi şiddətlə suya çırpıb, köpük sıçrantıları içərisindəki dalğaların dibindən yuxarı atılırdı: mən indicə qayığın şiddətli bir hərəkətlə sahilə dəyib parça-parça olacağını zənn edirdim, lakin o cəld yana buruldu və salamatca buxtaya oturdu. Qayığın içərisindən başına qoyun dərisindən tatar papağı qoymuş, ortaboylu bir adam çıxdı. O, əl elədi və hər üçü qayıqdan şey-şüy çıxarmağa başladılar. Qayığın yükü o qədər çox idi ki, mən onun necə olub da batmadığını hələ indi də anlamıram. Hərəsi çiyninə bir bağlama alaraq sahil boyu ilə getdilər və bir az sonra mən onları gözdən itirdim. Evə qayıtmaq lazım idi, lakin etiraf edirəm ki, bütün bu əcaibliklər məni təşvişə salmışdı və səhərin açılmasını güclə gözlədim.

Kazakım yuxudan oyanıb, məni tamamilə geyinmiş gördükdə çox təəccüb etdi, lakin mən bunun səbəbini ona demədim. Bir müddət, parçalanmış buludlarla örtülmüş mavi səmanı sürməyi bir zolaq kimi uzanan və son qayası üstündə mayak qülləsi ağaran uzaq Krım sahillərini pəncərədən seyr etdikdən sonra Gelenciyə gedəcəyim saatı komendantdan öyrənmək üçün Fanaqorya qalasına getdim.

Lakin heyhat! Komendant mənə qəti bir şey deyə bilmədi. Körpüdə dayanmış gəmilərin hamısı ya keşikçi, yaxud da hələ yüklənmiş tacir gəmiləri idi. Komendant: “Bəlkə, üç-dörd gündən sonra poçt gəmisi gəldi, – dedi, – onda baxarıq”.

Mən qaşqabaqlı və hirsli bir halda evə qayıtdım. Qapıda məni kazakım qorxmuş bir çöhrə ilə qarşıladı:

– İşimiz xarabdır, cənab – dedi.

– Elədir, qardaş, allah bilir, nə vaxt buradan çıxıb gedəcəyik! Bunu eşitdikdə o daha da təlaşa düşdü və əyilib qulağıma pıçıltı ilə dedi:

– Bura təmiz yer deyil! Bu gün mən Qara dəniz uryadnikinə rast gəldim: mənim tanışımdır, keçən il bizim dəstədə idi. Haraya düşdüyümüzü ona deyən kimi mənə: “Qardaşım, – dedi, – ora təmiz yer deyil, adamları yamandır!..” Doğrudan da, heç belə də kor olarmı? Hər yerdə tək gəzir. Bazara çörək almağa da, su gətirməyə də tək gedir... Görünür ki, burada artıq buna alışmışlar.

– Nə oldu bəs? Ev sahibəsi heç görünmədimi?

– Bu gün sizdən sonra qız ilə bir qarı gəldi.

– Nə qız? Onun qızı yoxdur.

– Qızı deyilsə, onda, allah bilir, nəyidir: odur, qarı bu saat daxmasında əyləşmişdir.

Mən daxmaya girdim. Peç bərk qalanmışdı və peçdə bunların yoxsulluğuna nisbətən çox bahalı bir xörək bişirdi. Qarı mənim bütün suallarıma – karam, eşitmirəm, – deyə cavab verirdi. Neyləmək olardı? Mən peçin qabağında oturub ocağa çır-çırpı atan kora müraciət etdim. Qulağından yapışıb: “Ədə, kor şeytan, – dedim, – de görüm dünən gecə qoltuğunda boğca hara gedirdin, hə? – Birdən korcuğazım ağladı, çığırdı, ufuldadı: “Hara gedirdim?.. Heç yerə getmirdim... Qoltuğumda boğca? Nə boğca? Qarı bu dəfə eşitdi və deyinməyə başladı: “Gör necə şər atırlar, özü də yetimin üstünə! Nə üçün ona əziyyət verirsiniz? O sizə nə etmişdir?” – bütün bu hal məni cana gətirdi, bu sirrin açarını tapacağıma qəti qərar verib daxmadan çıxdım.

Yapıncıma büründüm və çəpərin yanındakı daşın üstünə oturub, uzaqlara baxmağa başladım. Gecəki fırtınadan təlatümə gəlmiş dəniz göz işlədikcə uzanırdı, onun, yuxuya getmiş uğultusunu andıran yeknəsəq ahəngi mənə keçmiş illəri xatırlatdı, xəyalımı şimala, soyuq paytaxtımıza apardı. Xatirələrimdən həyəcanlanaraq fikrə getdim... Beləcə təqribən bir saat, bəlkə də daha çox vaxt keçdi... Birdən mahnıya oxşayan bir səs məni heyrətləndirdi. Səhv etməmişdim, bu mahnı idi, səs də təravətli qadın səsi, – lakin bu səs haradan gəlirdi?.. Qulaq verdim, gah uzanan və həzin, gah da sürətli və canlı olan səlis bir mahnı idi. Ətrafıma baxdım – kimsə yox idi, yenidən qulaq verdim, – səslər sanki göydən gəlirdi. Başımı qaldırdım: daxmanın damında zolaqlı paltar geymiş, saçları çiyninə tökülmüş su pərisi qədər gözəl bir qız oturmuşdu. O, günəş şüaları düşməsin deyə əlini gözünün üstünə qoyub uzaqlara baxır, gah gülərək öz-özü ilə danışır, gah da təkrar mahnı oxuyurdu.

Mən bu mahnının sözlərini kəlmə-kəlmə yadımda saxlamışam:

Azad sularda süzər

Göy çəmənlərdə üzər.

Seyr edər hər tərəfi

Ağ yelkənli gəmilər.

Gəmilər arasında

Mənim də qayığım var,

Qayığımın var-yoxu, –

Birgə cüt ağac avar.

Fırtına qopan zaman

Kanatları açarlar,

Yekə, qoca gəmilər,

Uzaq dənizə qaçar,

Dənizə baş əyərək

Yalvarıb deyərəm mən,

“Amandır, dəli, dəniz,

Qayığıma dəymə sən,

Onun içində olan,

Qiymətli şeydir, inan.

Bu gecə vaxtı onu

Bir igiddir aparan”.

Bu səsi bu gecə də eşitdiyim bilaixtiyar fikrimə gəldi: bir anlığa fikrə getdim və bir də dama baxanda qızı artıq orda görmədim. Birdən qız, başqa bir şey oxuya-oxuya və çırtıq çala-çala gəlib yanımdan sürətlə keçdi. Qaçıb qarının yanına girdi, aralarında mübahisə başlandı. Qarı acıqlanır, qız qəhqəhə çəkib ucadan gülürdü. Bir də gördüm ki, su pəriciyim yenə qaça-qaça gəlir: bərabərimə yetişib dayandı və mənim burada olmağıma təəccüblənirmiş kimi diqqətlə gözlərimin içinə baxdı: sonra etinasızlıqla üzünü çevirdi və səssizcə körpüyə tərəf getdi. Bununla iş bitmədi: o bütün günü mənim mənzilimin yanında fırlandı. Mahnının və atılıb düşmənin bir dəqiqə belə arası kəsilmədi. Qəribə məxluq idi! Çöhrəsində heç bir dəlilik əlaməti yox idi: əksinə, onun nüfuzedici oynaq gözləri mənə dikilirdi və sanki bu gözlərdə insanı cəzb edən bir qüvvə vardı, hər dəfə mənə baxırkən elə bil sual verilməsini gözləyirdi. Lakin həmişə mən ağzımı açıb danışmaq istədikdə o, hiyləgərliklə gülümsəyərək qaçırdı.

Mən ömrümdə qətiyyən belə bir qadın görməmişdim. O heç də gözəl qız deyildi, lakin mənim gözəllik haqqında da öz əqidəm vardır. Onda çox böyük nəsillik əlamətləri var idi... nəsillilik atlarda olduğu kimi qadınlar üçün də böyük işdir: bu kəşf gənc Fransaya mənsubdur. Bu, yəni mən gənc Fransanı demirəm, cinsiyyət, çox vaxt arvadın yerişindən, əlindən və ayağından bilinir, xüsusilə burnun çox əhəmiyyəti vardır. Rusiyada düz buruna az təsadüf olunur, xırda ayaqdan da nadir tapılır. Mənim oxuyan qızımın yaşı 18-dən artıq olmazdı. Əndamının qeyri-adi dərəcədə elastik olması, boynunu ancaq özünə məxsus surətdə əyməsi, uzun sarışın saçları, boynunun və çiyinlərinin günəşdən xəfifcə qaralmış dərisinin qızıla çalan rəngi və xüsusilə düz burnu – bütün bunlar ağlımı başımdan almışdı. Mən onun qıyqacı baxışlarında vəhşi və şübhəli şeylər oxuyurdumsa da, təbəssümündə anlaşılmaz bir şey vardısa da, yenə də belə bir əqidəyə gəlmişdim ki, onun düz burnu məni dəli-divanə edir: mən Getenin Minonasını1 – Onun alman təxəyyülünün yaratdığı bu ecazkar xilqəti tapmış olduğu-mu zənn etdim: doğrudan da qızla Minona arasında bənzəyiş çox idi:

eyni oynaqlıqdan tam sükunətə keçmək, eyni müəmmalı danışıq, eyni atılıb düşmələr və əcaib mahnılar...

Axşamçağı qızı qapı ağzında saxlayıb onunla belə bir söhbətə girişdim:

“Gözəl qız, de görüm, bu gün damın üstündə nə edirdin?” – deyə soruşdum. – “Küləyin hansı cəhətdən əsdiyinə baxırdım”. – “Külək

_________________

1 Minona – Getenin “Vilhelm Meyster” romanının qəhrəmanıdır.

sənin nəyinə lazımdır?” – “Külək əsən tərəfdən səadət gəlir”. “Necə yəni? Bəxtiyarlığı mahnı oxumaqlamı çağırırdın?” – “Mahnı oxuyan yerdə bəxtiyarlıq olar” – “Birdən bəlkə sənin mahnın başına bəla açdı?” – “Nə olar ki?” “Yaxşı olmayan yerdə yaman ki olar: yamanlıqla yaxşılıq arasında isə çox məsafə yoxdur” “Bu mahnını sənə kim öyrətmişdir?” – “Heç kim öyrətməyib: ağlıma gəlir oxuyuram: eşitməli olan eşidər: eşitməli olmayan, anlamaz”. – “Bəs sənin adın nədir, nəğməkar qızım?” – “Ad qoyan bilir”. – “Bəs sənə adı kim qoymuşdur?” – “Nə bilim”. “Sən nə sirrverməz qızsan! Amma mən sənin haqqında bir para şeylər öyrəndim” (danışıq onun haqqında deyilmiş kimi çöhrəsinin vəziyyəti dəyişmədi, dodaqları da qımıldanmadı). “Mən dünən gecə sənin sahilə getdiyini öyrəndim”. Onu utandırmaq məqsədilə, dünən gecə gördüklərimin hamısını lovğalıqla danışdım: əsla özünü itirmədi! Ucadan qəhqəhə çəkdi. – “Çox görübsünüz, lakin az bilirsiniz: bildiklərinizi də qıfıl altında saxlayın”. – “Birdən mən bu işi komendanta xəbər vermək istəsəm necə?” – dedim və üzümə çox ciddi və hətta qəti bir ifadə verdim. O atılıb düşdü, oxudu və koldan ürküdülmüş quş kimi birdən yox oldu. Mənim son sözlərim tamamilə yersiz idi. O, zaman mən bu sözlərə əhəmiyyət verməmişdim, lakin sonralar onları deməyimə peşman oldum.

Qaranlıq yenicə qovuşanda çayniki qaynatmağı kazaka əmr etdim, şamı yandırdım və stolun başında oturub yol çubuğumu çəkməyə başladım. İkinci stəkan çayı içib qurtarmaq üzrə idim ki, birdən qapı cırıldadı, arxamda xəfif paltar xışıltısı və ayaq səsləri eşidildi: diksinib döndüm, geriyə baxdım – gələn mənim su pərim idi. O, yavaşca və bir söz demədən mənimlə üzbəüz əyləşdi, gözlərini mənə zillədi, bilmirəm nədənsə mənə olduqca nəvazişli göründü, bunlar bir zamanlar mənim həyatımda müstəbidcəsinə oynamış baxışları xatırlatdı. Qız sanki məndən sual gözləyirdi, lakin mən ifadəolunmaz bir təlaş içərisində susurdum. Onun çöhrəsini, ruhi həyəcanını göstərən tutqun bir solğunluq bürümüşdü. Əlini məqsədsiz olaraq stolun üstündə gəzdirirdi: mən bu əlin xəfifcə titrədiyini sezdim, köksü gah qabarır, gah da adama elə gəlirdi ki, o, nəfəsini gizlədir. Bu oyun məni usandırmağa başladı və mən sükutu ən adi sözlə, məsələn, ona bir stəkan çay təklif etməklə pozmağa hazırlaşmışdım ki, birdən qız sıçradı, boynumu qucaqladı və yaş, qızğın bir öpüş dodaqlarımda səsləndi. Gözlərim qızardı, başım hərləndi və mən gənclik ehtirasının bütün qüvvəti ilə onu bağrıma basdım, lakin, o, ilan kimi qollarımın arasından sivişib çıxdı və qulağıma: “Bu gecə hamı yatandan sonra sahilə çıx” – deyə pıçıldayıb, ox kimi otaqdan qaçdı. Dəhlizdə çayniki və yerə qoyulmuş şamı aşırdı. Küləşin üstündə uzanaraq qalan çayla qarnını qızdırmaq arzusunda olan kazak – “ay şeytan qız!” – deyə bağırdı. Ancaq bundan sonra fikrimi cəmləyə bildim.

İki saatdan sonra, körpüdə hər şey sükuta daldığı zaman mən kazakımı yuxudan oyadıb ona: “Əgər mən tapança atsam, – dedim, – sahilə yüyürərsən”. O, gözlərini bərəltdi və cəld cavab verdi: “Baş üstə, cənab”. Mən tapançamı belimə bağlayıb eşiyə çıxdım. Qız məni enişin qırağında gözləyirdi: yüngül və çox qıvraq geyinmişdi, elastik belinə kiçik bir yaylıq sarımışdı.

Əlimdən tutaraq: “Dalımca gəlin! – dedi və enişə enməyə başladıq. Necə oldu ki, qol-qıçım sınmadı, təəccüb edirəm. Aşağıda sağa döndük və dünən mən koru izlədiyim yolla getdik. Ay hələ çıxmamışdı: yalnız iki ulduz, nicatverici iki mayak kimi göyün tünd mavi qübbəsində parıldayırdı. Ağır dalğalar səlis və müntəzəm surətdə bir-birinin ardınca yuvarlanır və sahilə bağlanmış tənha qayığı xəfifcə yerindən oynadırdı. Yol yoldaşım mənə: “Qayığa oturaq” – dedi. Mən tərəddüd etdim: sentimental dəniz gəzintisi həvəskarı deyiləm, lakin boyun qaçırmaq yeri deyildi. Qız qayığa atıldı, mən də onun dalınca: hələ fikrimi başımda cəmləməmişdim ki, üzdüyümüzü gördüm. Mən hirslənib: “Bu nə deməkdir?” – dedim. O məni skamyaya oturdub, iki əli ilə belimi qucaqladı: “Bu o deməkdir ki, mən səni sevirəm” ...Yanağını yanağıma söykədi, onun atəşli nəfəsini üzümdə hiss etdim. Birdən nə isə şappıltı ilə suya düşdü: əlimi belimə atdım, tapança yox idi. Of, ürəyimə qorxunc bir şübhə gəldi, qan başıma vurdu! Geriyə baxdım – sahildən təqribən əlli sajen uzaqdayıq, mənsə üzmək bacarmıram! Onu özümdən kənara itələmək istəyirəm, – qız isə pişik kimi paltarımdan yapışmışdı: birdən qüvvətli bir təkan az qala məni dənizə salmışdı. Qayıq yırğalandı, lakin mən özümü saxladım, aramızda dəhşətli bir mübarizə başlandı, hirs qüvvətimi artırırdı, lakin tezliklə anladım ki, düşmən cəldlikdə məndən üstündür. “İstədiyin nədir?” – deyə mən onun balaca əllərini sıxaraq qışqırdım: barmaqları şaqqıldadı, lakin çığırmadı; onun ilan təbiəti bu işgəncəyə dözürdü.

– Sən görmürsən, – deyə o cavab verdi: – sən xəbər verəcəksən! – Bu sözlərdən sonra qeyri-təbii bir qüvvətlə məni qayığın kənarına sıxdı: biz ikimiz də belimizə qədər qayıqdan asılı qaldıq, onun saçları suya dəyirdi: ölüm-dirim dəqiqəsi idi. Mən dizimlə qayığın dibinə dirənərək bir əlimlə onun saçından, o birisi ilə boğazından yapışdım: qız mənim paltarımı buraxdı və mən bir anda onu dalğaların arasına tulladım.

Artıq hava lap qaranlıqlaşmışdı: onun başı iki dəfə dəniz köpükləri arasında göründü və mən bundan sonra daha bir şey görmədim...

Qayığın dibindən köhnə bir avar qırığı tapdım və çox əlləşdikdən sonra birtəhər körpüyə yan aldım. Sahillə daxmama doğru irəliləyərkən bilaixtiyar korun dünən gecə üzgüçüsünü gözlədiyi yerə diqqətlə baxdım: ay artıq göy üzündə yuvarlanırdı və mənə elə gəldi ki, sahildə ağ paltarlı bir adam oturmuşdur, maraqlanıb pusa-pusa yaxınlaşdım və sahil enişi üstündəki otluğa uzandım: başımı azca yuxarı qaldırmaqla qayanın üstündən aşağıdakı hər şeyi aydınca görə bilirdim. Mən su pərimi tanıdıqda, təəccüb etməkdənsə, bəlkə də çox sevindim. O, uzun saçlarından dəniz köpüyünü sıxırdı, yaş köynəyi ətinə yapışdığından onun qıvraq əndamını və dik döşünü göstərirdi. Azacıq sonra uzaqda bir qayıq göründü, çox çəkmədən sahilə yaxınlaşdı: dünənki kimi, qayıqdan saçlarını kazak kimi vurdurmuş və qayış kəmərinə yekə bir bıçaq taxılmış tatar papaqlı bir adam çıxdı. Qız: “Yanko, – dedi, – hər şey məhv oldu!” – Sonra söhbətlərinə davam etdilər, lakin o qədər asta danışırdılar ki, mən bir şey eşidə bilmədim. Nəhayət, Yanko səsini ucaldaraq: “Bəs kor haradadır?” – dedi. “Onu mən göndərmişəm” – deyə cavab eşidildi. Bir neçə dəqiqədən sonra kor dalında bir torba ilə gəldi. Torbanı qayığa qoydular.

Yanko: “bura bax, kor! – dedi, sən o yeri qoru... bilirsənmi? Orada bahalı mallar var... de ki, (adamın adını eşitmədim) daha mən onun nökəri deyiləm, işlər bəd gətirdi, o məni bir də görməyəcək: indi vəziyyət təhlükəlidir. Başqa yerə özümə iş axtarmağa gedirəm, o bir də mənim kimi qoçağı tapa bilməz. Bir də de ki, o yaxşı zəhmət haqqı versə idi, Yanko onu atıb getməzdi: mənim üçün isə küləyin əsdiyi, dənizin gurladığı hər yer yoldur! – Bir qədər sükutdan sonra Yanko davam etdi: – Qız da mənimlə gedəcək; o burada qala bilməz: qarıya isə de ki, ölmək vaxtı çatmışdır, yaşadığı bəsdir, adamın həyası olmalıdır, öz işini bilsin. Bizi isə bir də görməz”.

Kor şikayətli bir səslə:

– Bəs mən? – dedi.

– Sən mənim nəyimə lazımsan ki? – deyə cavab eşidildi. Bu arada mənim su pərim qayığa sıçradı və yoldaşına əl elədi. Yanko korun ovcuna nə isə bir şey basdı və “Al, dedi, – özünə şəkərçörəyi alarsan”.

Kor: – “Elə bu?” – dedi. “Al, yenə verim”. –Yerə düşən sikkə daşa dəyib cingildədi. Kor onu götürmədi, Yanko qayığa oturdu: külək sahildən əsirdi: onlar xırdaca yelkəni qaldıraraq, sürətlə sahildən uzaqlaşdılar. Ayın işığında, tutqun dalğalar arasında görünən ağ yelkən uzun müddət gözdən itmədi, kor hələ də sahildə oturmaqda idi, qulaqlarıma hönkürtüyə bənzər bir səs gəldi: kor oğlan, doğrudan da, xeyli ağladı, ağladı... Mən kədərləndim. Axı tale nə üçün məni bu namuslu qaçaqçıların dinc mühitinə atdı? Sakit bir gölə atılmış daş kimi mən onların dincliyini pozdum və özüm də az qala bir daş kimi dənizin dibinə getmişdim.

Evə qayıtdım. Dəhlizdə taxta nimçədə duran şam yanıb qurtarmaq üzrə idi: kazak məndən əmr aldığına baxmayaraq, tüfəngindən ikiəlli tutmuş halda bərkcə yatmışdı. Mən onu oyatmadım, şamı götürüb daxmaya girdim. Heyhat! Mücrüm, gümüşə tutulmuş qılıncım, bir dostumun hədiyyə etmiş olduğu Dağıstan xəncəri – hamısı yox olmuşdu! Məlun korun qayığa gətirdiyi şeyin nə olduğunu burada anladım. Qaba bir təkanla kazakı yuxudan oyadıb söydüm: ona alıqlandım, əlimdən nə gələ bilərdi! Kor bir uşağın məni qarət etməsindən, on səkkiz yaşlı bir qızın isə az qala məni dənizə itələyib boğmaq istədiyindən gedib komendanta şikayət etməkdən gülünc bir şey olardımı? Allaha şükür ki, səhər getmək imkanı oldu və mən Tamanı tərk edim. Qarı ilə yazıq korun axırı necə olduğunu bilmirəm. Bir də axı mənim kimi dövlət işi üçün yola çıxmış köçəri bir zabitin, insanların sevinc və fəlakətləri ilə nə işi vardır!..

Birinci hissənin sonu

İKİNCİ HİSSƏ

(Peçorinin gündəliyinin sonu)

KNYAJNA MERİ

11 may

Dünən mən Pyatiqorska gəldim. Şəhərin kənarında, ən uca bir yerdə, Maşukun ətəyində mənzil kirələdim: tufan qopanda buludlar ta damın üstünə qədər enəcək. Bu gün səhər saat beşdə pəncərəni açdıqda otağım balaca bağçada bitən çiçəklərin ətri ilə doldu. Çiçək açmış gilasların budaqları pəncərəmə baxır, külək bəzən bu çiçəklərin ağ ləçəklərini yazı stolumun üzərinə səpələyir. Mənzilimdən üç tərəfə açılan mənzərə çox gözəldir. Qərbdə beş təpəli Beştau “yavaşımış fırtınanın son buludları” kimi mavi rəngə çalır, şimalda Maşuk dağı tüklü İran papağı kimi yüksələrək, göy qübbəsinin bütün bu hissəsini örtür. Şərqə baxmaq daha xoşdur: aşağıda, qarşı tərəfdəki təmiz və təzəcə şəhərcik ala-bula görünür, şəfalı çeşmələr çağlayır, müxtəlif dilli kütlənin hay-küyü eşidilir, o yanda isə, bir qədər uzaqda bir-birindən daha mavi, daha dumanlı dağlar amfiteatr kimi düzülmüşdür. Üfüq boyu isə Kazbekdən başlamış ikibaşlı Elbrusa qədər qarlı təpələrin gümüş silsiləsi uzanmaqdadır... Belə bir yerdə yaşamaq insanı sevindirir! Mənim bütün damarlarımda naməlum bir sevinc hissi axmaqdadır. Hava, uşaq öpüşü qədər təmiz və təravətlidir. Günəş öpüşü qədər təmiz və təravətlidir. Günəş parlaq, göy mavidir, bundan artın bir şeyə ehtiyac varmı? Ehtiras, arzu və təəssüflərə nə lüzum?.. Vaxtdır. Yelisavetski çeşməsinin yanına getmək lazımdır: deyirlər səhərlər suya gələn bütün camaat oraya toplaşır.

Şəhərin ortasına enərək, bulvara getdim, burada yavaş-yavaş dağa çıxmaqda olan bir neçə kədərli dəstəyə rast gəldim. Bunların çoxu çöl mülkədarlarının arvad-uşaqları idi. Bunu ərlərinin sürtülmüş köhnə modalı sürtuklarından, arvad və qızlarının isə zəngin və şıq paltarlarından haman saat sezmək mümkün idi. Elə görünür ki, sulara gələn gənclərin hamısı onlara tanış idi, çünki onlar mənə çox maraqla baxırdılar: sürtukumun Peterburq biçimi onları yanıltdı, lakin tezliklə orduya məxsus epoletlərimi görüb nifrətlə üzlərini döndərdilər.

Yerli hökumət adamlarının arvadları, belə demək mümkünsə, suların sahibləri, daha iltifatlıdırlar, onların lorneti var, mundirə o birilərindən az diqqət yetirirlər, onlar Qafqazda, nömrələnmiş düymə altında atəşin qəlbə və ağ furajka altında elmli başa rast gəlməyə alışmışlar. Bu xanımlar çox iltifatlıdırlar və iltifatları da uzun sürür, onların pərəstişkarları hər il dəyişilir və onların tükənmək bilməyən lütfkarlıqlarının sirri bəlkə də burasındadır. Dar cığırla Yelisavetski çeşməsinə doğru qalxarkən mən, zabit və mülki məmurlardan ibarət bir dəstə kişini geridə qoydum. Sonralar öyrəndiyinə görə onlar suyun həsrətini çəkən adamlar arasında xüsusi bir sinif təşkil edirlər. Onlar içirlər, lakin içdikləri su deyil, az gəzirlər, eşqbazlıqla yalnız ötəri olaraq məşğul olurlar, onlar qumar oynayır və şikayət edib darıxdıqlarını deyirdilər. Şıqlıq sevəndirlər: ətrafına həsir toxunmuş stəkanlarını kükürdlü su quyusuna salarkən ədalı bir vəziyyət alırlar. Mülki qulluqda olanlar açıq mavi qalstuk bağlayırlar, əksəri qulluqda olanlar boyunluqlarının altından yaxalığın uclarını çıxarırlar. Onlar əyalət qadınlarına qarşı dərin bir nifrət bəsləyirlər və paytaxtda, buraxılmadıqları aristokrat qonaq salonlarının həsrətindən ölürlər.

Nəhayət, quyuya çatdım... Onun yanındakı meydançada, vannaların üzərində qırmızı çardaqlı balaca bir ev tikilmişdir, bir qədər kənarda qalereya vardır ki, yağış yağanda burada gəzinirlər. Bir neçə yaralı zabit qoltuq ağaclarını yanlarına qoyub skamyada oturmuşdu – bunların çöhrəsi solğun və kədərlidir. Bir neçə qadın suyun təsirini gözləyərək meydançada yeyin addımlarla o tərəf-bu tərəfə gedib-gəlirdilər. Bunların arasında iki-üç qəşəng sima vardı. Maşukun yamacını örtən üzümlük xiyabanlarında ikilikdə tək qalmağı sevən qadınların şlyapaları görünürdü. Belə şlyapaların yanında həmişə mən ya əsgəri furajka ya da biçimsiz dəyirmi şlyapalar görürdüm. Təpəsində Eolovoy Arfa adlanan bir pavilyon tikilmiş sıldırım qayanın üstündə mənzərə həvəskarları duraraq, teleskopla Elbrusa tamaşa edirdilər, bunların arasında iki mürəbbiyə və onların tərbiyəsi altında olan uşaqlar görünürdü: bunlar uşaqları su ilə sarılıq xəstəliyindən sağaltmaq üçün buraya gətirmişdilər.

Mən yorulduğum üçün dağın ətəyində dayandım və kiçik bir evin küncünə söykənərək, ətrafın gözəl mənzərələrinə tamaşa etməyə başlamışdım ki, birdən arxadan tanış bir səs eşitdim:

– Peçorin! Çoxdanmı buradasan?

Döndüm: Qruşnitski! Qucaqlaşdıq. Mən onunla, döyüşən dəstədə tanış olmuşdum. O, ayağından güllə ilə yaralanmışdı və sulara, məndən bir həftə qabaq gəlmişdi.

Qruşnitski – yunkerdir. O, bircə ildir ki, hərbi qulluqdadır. Qalın əsgər şinelini xüsusi bir şıqlıqla geyib gəzir. Onun əsgərlərə verilən Georgi xaçı vardır. Bədəninin quruluşu yaxşıdır. Rəngi buğdayı, saçları qaradır. 21 yaşı olsa da görünüşdən ona 25 yaş vermək olar. Danışanda başını geriyə verir və sağ əli ilə qoltuq ağacına söykəndiyi üçün sol əli ilə hey bığlarını burur. Tez-tez və qəribə danışır; o, yaşayışın bütün təsadüfləri üçün hazır və bəzəkli cümlələri olan adamlardandır. Belələrinə sadə gözəlliklər təsir etmir, bunlar fövqəladə hisslərdən, yüksək ehtiraslardan və müstəsna əzablardan özlərinə lovğalıqla pərdə çəkirlər. Şiddətli təsir bağışlamaq onlara ləzzət verir, əyalətin romantik qadınları onları dəlicəsinə bəyənirlər. Qocalıqda onlar ya dinc bir mülkədar, ya da əyyaş olurlar, – bəzən eyni vaxtda həm mülkədar, həm də əyyaş olurlar. Onların ruhunda əksərən yaxşı xassələr çox olduğu halda, bir kor qəpiklik şeriyyət olmur. Qruşnitski ehtirasla danışmağı çox sevirdi: söhbət adi məfhumlar dairəsindən kənara çıxınca, o sizi sözə basar: onunla mən heç vaxt mübahisə edə bilmirdim: o sizin etirazlarınıza cavab vermir, sizi dinləmir. Siz dayanar-dayanmaz o, guya sizin dediyinizlə əlaqədar olan, lakin əsl həqiqətdə öz şəxsi fikirlərinin davamından başqa bir şey olmayan uzun bir əhvalat başlayır.

O, kafi dərəcədə gülməli danışır, epiqramları çox vaxt məzəli olursa da, heç vaxt acı və yerində deyilmiş olmur: o heç vaxt öldürücü bir söz deyə bilməz: onları və onların zəif damarlarını tanımır, çünki bütün ömrü boyu özü ilə məşğul olmuşdur. Onun məqsədi-məhəbbət qəhrəmanı olmaqdır. O özünün dünya üçün yaranmamış bir məxluq olduğuna, məxfi bir əzaba məhkum edildiyinə özgələrini o qədər inandırmağa çalışmışdır ki, özü belə buna az qala tamamilə inanırdı. Qalın əsgər şinelini buna görədir ki, belə təkəbbürlə geyib gəzir. Mən onun bu xassələrini sezmiş olduğuma görə o məni sevmir, halbuki aramızdakı münasibət ən dostcasına bir münasibətdir. Qruşnitski cəsurluqda şöhrət qazanmışdır. Mən onu hücuma gedərkən görmüşəm; o, qılıncını oynadıb bağırır və gözlərini yumaraq irəliyə doğru yüyürür. Bu, hər halda rus cəsurluğu deyil!..

Mən də onu sevmirəm, çünki günün birində onunla üz-üzə gələcəyimizi və ikimizdən birimizin salamat qurtarmayacağını hiss edirəm.

Onun Qafqaza gəlməsi də romantik fanatizminin nəticəsidir. Mən əminəm ki, doğma kəndindən yola düşməzdən əvvəl tutqun bir görünüşdə qəşəng qonşu qızlarından birinə: mən sadəcə qulluq etmək üçün deyil, ölüm axtarmaq üçün gedirəm, çünki... demiş və bundan sonra, yəqin, əli ilə gözlərini örtərək sözünə belə davam etmişdi: “Yox, siz (yainki sən) bunu bilməməlisiniz! Bu, sizin saf ruhunuzu sarsıdar... Hə üçün də bunu sizə deyim? Mən sizin nəyinizəm ki? Siz məni anlarsınızmı?.. və sairə.

Onu K. polkuna daxil olmağa məcbur edən səbəbin onunla göylər arasında daimi bir sirr olaraq qalacağını özü mənə demişdir.

Bununla bərabər Qruşnitski faciə niqabını üzündən atdığı dəqiqələrdə kafi dərəcədə mehriban və məzəlidir. Onu qadınlarla görmək məni çox maraqlandırır. Onların hüzurunda Qruşnitski zənnimcə, ayrıca bir səy göstərir!

Biz iki köhnə dost kimi görüşdük. Mən sulardakı həyat və diqqətəlayiq şəxslər haqqında ona suallar verməyə başladım. O, ah çəkərək:

– Biz burada kafi dərəcədə adi bir həyat keçiririk, səhərlər su içib bütün xəstələr kimi süst, axşamlar şərab içib bütün sağlam adamlar kimi dözülməz oluruq. Qadın cəmiyyəti var, ancaq onların verdiyi zövq cüzidir, onlar vist oynayır, yaraşıqsız geyinir və fransızca çox pis danışırlar. Bu il Moskvadan gələn, təkcə knyaginya Liqovskaya ilə qızıdır, lakin mən onlarla tanış deyiləm. Mənim əsgər şinelim səfalət damğası kimi bir şeydir. Onun qəlblərdə oyatdığı təəssüf hissi isə sədəqə qədər ağırdır.

Bu zaman bizim yanımızdan quyuya tərəf biri yaşlı, digəri gənc və qədd-qamətli iki xanım keçdi. Üzləri şlyapaları ilə örtülü olduğu üçün onları görə bilmədim. Lakin ən incə zövqün bütün qaydalarına riayət edərək geyinmişdilər: üstlərində lüzumsuz bir şey yox idi. İkincinin əynindəki qapalı gris de perles1 paltar vardı: nazik ipək ləçək onun çevik boynunun ətrafına dolanmışdı: ceuleur puce1 ayaqqabıları zərif ayaqlarını topuğundan elə qəşəng sıxırdı ki, hətta gözəllik sirlərindən xəbərdar olmayan adam belə təəccübündən heç olmazsa mütləq pəh-pəh deyərdi. Onun xəfif, lakin nəcib yerişində, çətin müəyyən edilsə də aydın sezilən bir bakirəlik vardı. O bizim yanımızdan keçərkən ətrafına izah edilə bilməyən bir ətir saçdı. Belə bir ətir bəzən sevimli qadınların məktubundan gəlir.

Qruşnitski:

– Knyaginya Liqovskaya budur, – dedi, – yanındakı da onun qızı Meridir. Anası onu ingilis tərzində belə adlandırır. Onlar gələni cəmisi üç gündür.

– Bununla belə sən onun adını bilirsən?

O, qızararaq:

– Bəli, – deyə cavab verdi. – Mən təsadüfi olaraq eşitdim. Onlarla tanış olmaq istəmədiyimi etiraf etməliyəm. Məğrur əsilzadələr bizə,

_________________

1 Boz mirvari rəngində

2 Tünd qəhvəyi rəngində

orduda xidmət edənlərə vəhşilərə baxan kimi baxırlar. Onların nə işinə ki, nömrələnmiş furajka, qalın şinel altında ağıl və qəlb var, yoxsa, yox?

Mən gülərək:

– Yazıq şinel! – dedim. – Bəs onlara yanaşan və yaltaqlıqla, stəkan təqdim edən bu ağa kimdir?

– Aha! O, Moskva modabazı Rayeviçdir! O, qumarbazdır: mavi jiletinin üstündə qıvrılan böyük qızıl zəncirdən bunu həmin saat seçmək olar. Onun o yoğun əsası, lap Robinzon Kruzonun əl ağacına bənzəyir! Saqqalı da lap öz yerindədir, saçları da a la mouik1 daranmışdır.

– Sən bütün bəşər nəslinə qarşı kinlisən.

– Səbəbsiz deyil...

– Oho! Doğrudanmı?

Bu zaman qadınlar quyudan aralanıb bizim yanımıza yetişmişdilər. Qruşnitski qoltuq ağaclarının köməyi ilə tez faciənə bir görkəm alıb, uca səslə mənə fransızca cavab verdi: – Mon cher, je hais les hommes pour ne pas les m’prlser, car autr ment la vie serait une farce, trop d goutante2.

Gözəl knyajna dönərək natiqə uzun və maraq dolu bir nəzər bəxş etdi. Bu nəzərin mənası çox qeyri-müəyyən idi, lakin istehzalı deyildi və buna görə də mən onu ürəyimdə səmimiyyətlə təbrik etdim.

Mən ona:

– Bu knyajna Meri çox məlahətlidir, – dedim. – Onun məxmər kimi, məhz məxmər kimi elə yumşaq gözləri var ki, bu gözlər haqqında danışdığın vaxt, bu kəlməni işlətməyi sənə tövsiyə edirəm: alt və üst kirpikləri o qədər uzundur ki, günəşin şüaları onun bəbəklərində inikas etmir. Mən işıldamayan belə gözləri sevirəm. Onlar o qədər yumşaqdır ki, guya səni oxşayır və sığallayır... Amma burası da var ki, deyəsən onun simasında yeganə yaxşı şey elə budur... Görəsən onun dişləri ağdırmı? Bu çox mühüm məsələdir! Təəssüflər ki, o sənin dəbdəbəli cümlənə gülümsəmədi.

Qruşnitski hirsli-hirsli dedi:

– Sən yaxşı qadın haqqında elə danışırsan ki, guya ingilis atından bəhs edirsən.

_________________

1 Mujik saçları kimi

2 Əzizim, onlara nifrət etməmək üçün mənim insanları görməyə gözüm yoxdur: ona görə ki, bunsuz həyat iyrənc bir farsdan başqa bir şey olmazdı.

İfadəmi onunkuna oxşatmağa çalışaraq dedim:

– Mon che, e mep is les femmes pou ne pas les almer, car aut ement la vie se ait un melod ame tpo ridicule1.

Mən dönüb ondan uzaqlaşdım. Yarım saata qədər üzümlük xiyabanlarda, kirəc qayalar və onların arasından asılmış kolluqlarda gəzdim. İsti başladığı üçün evə çatmağa tələsdim. Kükürdlü çeşmənin yanından keçərkən üstüörtülü qalereyanın yanında dayandım: onun kölgəsində dincimi almaq istəyirdim. Bu, mənə çox maraqlı bir hadisəni görmək imkanı verdi. Hadisədə iştirak edən şəxslər, bax belə bir vəziyyətdə idilər: knyaginya, Moskva modabazı ilə birlikdə örtülü qalereyadakı skamyada oturmuşdu və ikisi də deyəsən ciddi bir söhbətə məşğul idi. Knyajna, yəqin, son stəkanını içdikdən sonra quyunun yanında fikirli-fikirli gəzirdi. Qruşnitski quyunun lap yanında durmuşdu, meydançada onlardan başqa kimsə yox idi.

Mən daha da yaxınlaşaraq qalereyanın tinində gizləndim. Elə bu dəqiqədə Qruşnitski öz stəkanını əlindən qumun üstünə saldı və onu qalxızmağa çalışdı: yaralı ayağı ona mane olurdu. Yazıq! Qoltuq ağacına söykənərək çox kələk işlətdi, lakin bir şey çıxmadı. Onun ifadəli üzü həqiqətdə də əzab çəkdiyini göstərirdi.

Knyajna Meri bütün bunları məndən yaxşı görürdü.

O, quşdan daha yüngül bir hərəkətlə Qruşnitskinin yanına atılıb əyildi və stəkanı götürərək onu ifadə edilməz dərəcədə gözəl bir hərəkətlə Qruşnitskiyə verdi: sonra qıpqırmızı qızararaq boylanıb qalereyaya baxdı və anasının görmədiyinə əmin olduqdan sonra, deyəsən haman saat toxtadı. Qruşnitski ona təşəkkür etmək üçün ağzını açdığı vaxt, o artıq uzaqlaşmışdı. Bir dəqiqə sonra o, anası və modabazla bə-

rabər qalereyadan çıxdı, lakin Qruşnitskinin yanından ötərkən çox mütəkəbbir və ciddi bir görünüş aldı, hətta çevrilmədi və Qruşnitskinin ehtiraslı nəzərlərini sezmədi: o, bu nəzərlərlə uzun-uzadı, gənc qız dağdan düşərək bulvarın qovaqları arasında gizlənincəyə qədər, onu təqib etdi... Budur, onun şlyapası, küçədə bir daha göründü: qaçaraq Pyatiqorskın ən yaxşı evlərindən birinin darvazasına girdi. Onun dalınca knyaginya keçdi və darvazanın yanında Rayeviçlə salamatlaşdı.

_________________

1 Əzizim, qadınları sevməmək üçün mən onlara nifrət edirəm, belə olmasa idi, həyat gülünc bir melodramdam ibarət olardı.

Yazıq, ehtiraslı yunker mənim burada olduğumu ancaq bundan sonra görə bildi.

O mənim əlimi bərk-bərk sıxaraq:

– Sən gördünmü? – dedi, – bu qız lap mələkdir!

Mən tamamilə sadədil bir adam kimi:

– Nəyi deyirsən? – deyə soruşdum.

– Sən görmədinmi?

– Yox, gördüm: o sənin stəkanını qaldırdı. Əgər buranın gözətçisi burada olsaydı, o da onun kimi edərdi, hətta araq pulu almaq ümidi ilə bu işi daha cəld görərdi. Bir də onun sənə yazığı gəlməsi tamamilə təbii bir şeydir: sən güllə dəymiş ayağını yerə basdıqda üz-gözünü o qədər dəhşətlə qırışdırdın ki...

– Onun ruhu çöhrəsində parlayan dəqiqədə sən onu görərkən heç mütəəssir olmadınmı?..

Yox.

Mən yalan deyirdim; onu cinlətmək istəyirdim. Etiraz etmək mənim fitri xasiyyətimdir; mənim bütün həyatım ancaq öz qəlbimlə mühakiməm arasındakı bir sıra kədərlə və müvəffəqiyyətsiz təzadlardan ibarət olmuşdur. Coşqun adamın yanımda olması məni şiddətli soyuq kimi üşüdür və zənnimcə süst bir fleqmatiklə sıx əlaqədə olsaydım müdhiş bir xəyalpərəstə çevrilərdim. Bunu da etiraf edirəm ki, o anda xoşa gəlməyən, lakin tanış bir hiss mənim qəlbimi xəfifcə titrətdi: bu, həsəd hissi idi, mən cəsarətlə ona görə “həsəd” deyirəm ki, özüm-özümə hər şeyi etiraf etməyə alışmışam: çətin elə bir gənc tapılsın ki, təsadüf etdiyi gözəl bir qadın, onun diqqətini özünə cəlb etdikdən sonra, birdən-birə onun yanındaca açıqdan-açığa özünə eyni dərəcədə tanış olmayan bir başqasını seçdikdə, o gənc (əlbəttə ali cəmiyyətdə yaşamış və öz izzəti-nəfəsini nazlatmağa alışmış bir gənc) bundan kədərlənməsin.

Qruşnitski ilə bərabər, dinməz-söyləməz dağdan endik. Bulvarın içi ilə, bizim gözəlin girdiyi evin pəncərələri qabağından keçdik. Qız pəncərənin qabağında oturmuşdu. Qruşnitski mənim qolumdan dartaraq qadınlara az təsir edən tutqun və nəvazişli nəzərlərdən biri ilə qıza baxdı. Mən lornetimi qıza tərəf çevirdiyim vaxt onun bu baxışdan gülümsədiyini, mənim həyasız lornetimin isə onu ciddi surətdə hirsləndirdiyini gördüm. Doğrudan da Moskva knyajnasına şüşəciklə baxmaq Qafqaz ordusu zabitinin həddimidir?..

13 may

Bu gün səhər doktor yanıma gəldi: onun adı Verner olsa da, özü rusdur. Bunun nəyi təəccüblüdür? Mən İvanov adlı bir alman da tanıyırdım.

Verner bir çox səbəblərə görə dəyərli bir adamdır. O da az qala bütün həkimlər kimi skeptik və materialistdir, bununla bərabər, o, şairdir, həm də ciddi bir şairdir – hər zaman işdə, çox vaxt isə sözdə şairdir, halbuki ömründə iki şeir yazmamışdır. O, insan qəlbinin bütün canlı tellərini, meyitin damarlarının öyrənildiyi kimi öyrənmişdisə də biliyindən heç vaxt istifadə etməyi bacarmamışdır: belə ki, bəzən mükəmməl bir anatomiya mütəxəssisi xəstəsini qızdırmadan sağaltmağı bacarmır. Adətən Verner öz xəstələrinə altdan-altdan istehza edirdi: lakin mən bir dəfə onun can üstə olan bir əsgərin üzərində ağladığını gördüm... O, yoxsul idi, milyonların həsrətini çəkirdi, lakin pul üçün artıq bir addım belə atmazdı: o bir dəfə deyirdi ki, mən düşmənə dostuma etdiyimizdən daha çox həvəslə yaxşılıq edərəm: çünki, dosta yaxşılıq etsən elə çıxar ki, guya öz xeyirxahlığını satırsan, halbuki nifrət, düşmənin mürüvvətinə mütənasib bir surətdə qüvvətlənir. O, acıdilli adam idi; onun epiqramları sayəsində bir çox yaxşı adamlar mənfur axmaq kimi şöhrət qazanmışdılar. Sularda ona rəqib olan paxıl həkimlər şayiə yaymışdılar ki, guya o öz xəstələrinin karikaturalarını çəkir: xəstələr cinlənərək az qala onun müalicəsini rədd edirdilər. Dostları, yəni Qafqazda qulluq edən həqiqi namuslu adamlar onun düşməkdə olan nüfuzunu qaldırmağa çalışırdılarsa da, müvəffəqiyyət qazana bilmirdilər.

Onun üzü ilk nəzərdə adamın xoşuna gəlməyən, lakin göz bu simanın düzgün olmayan cizgilərində ülvi və sınaqdan çıxmış bir ruhun inikasını sezməyi öyrəndikdən sonra isə xoşa gəlməyə başlayan üzvlərdən idi. Elə hallar olub ki, qadınlar belə adamlara çılğıncasına aşiq olurlar və onların çirkinliyini ən təzə və alyanaqlı endimionların1 gözəlliyinə dəyişməzlər: qadınlara haqq vermək lazımdır; onlar ruhun gözəlliyini sezən bir instinktə malikdirlər: Verner kimi adamların, qadınları bu qədər ehtirasla sevməsi, bəlkə də, bundan irəli gəlir.

Verner boyca balaca, uşaq kimi arıq və zəif idi, ayağının biri, Bayronunku kimi, o birindən gödək idi. Gövdəsinə nisbətən başı çox böyük

______________

1 Endimion – qədim yunan dini əfsanələrində gözəllik və gəncliyi təcəssüm etdirən gənc.

görünürdü. Saçlarını qısaca vurdururdu, buna görə də kəlləsinin açıq qalan kələ-kötürlüyü ziddiyyətli meyllərin əcaib surətdə qarışması və frenoloqu1 təəccübə gətirə bilərdi. Onun heç vaxt dinc durmayan xırda qara gözləri sizin beyninizə nüfuz etməyə çalışırdı. Geyimində bir zövq, bir təmizlik gözə çarpırdı: arıq, damarlı, kiçik əllərinə açıq sarı rəngli əlcək taxırdı. Sürtuku, qalstuku və jileti daima qara olurdu. Gənclər ona Mefistofel ləqəbini vermişdilər: o özünü bu ləqəbdən acıqlanmış kimi göstərirdisə də həqiqətdə bu onun izzəti-nəfsini oxşayırdı. Biz tezliklə bir-birimizi anladıq və yaxın tanışlar olduq, çünki mən həqiqi dost olmaq istedadına malik deyiləm: – dostlardan heç biri bunu etiraf etməsə də iki dostdan biri daima o birinin kölgəsidir: mən kölə ola bilmirəm, əmr etmək isə bu halda yorucu bir əməkdir: çünki amir olmaqla bərabər, aldatmaq da lazım gəlir: bir də mənim nökərlərim də var, pulum da! Biz belə dost olduq, mən Vernerə S...də müxtəlif tipli gənclərin gurultulu məclisində təsadüf etdim, məclisin axırına doğru söhbət fəlsəfi-metafizik istiqamət aldı: əqidə haqqında danışırdıq, hərənin müxtəlif bir əqidəsi vardı.

Doktor dedi:

– Mənə gəldikdə, mənim yalnız bircə şeyə etiqadım vardır...

İndiyə qədər susmuş bir adamın rəyini bilmək niyyətilə:

– Nəyədir? – deyə mən soruşdum.

Cavabında:

– Tez-gec günlərin birində mən öləcəyəm – dedi.

– Mən sizdən dövlətliyəm, – dedim. – Mənim bundan əlavə bir etiqadım daha var – o da məhz budur ki, mən bəd bir gecədə anadan olmuşam.

Hamı bu qərara gəldi ki, biz cəfəngiyat danışırıq, lakin həqiqətdə onlardan heç biri bundan ağıllı bir söz demədi. Bu dəqiqədən etibarən

biz camaat arasında bir-birimizi seçirdik. Tez-tez bir-birimizlə görüşür və ikilikdə ciddi olaraq mücərrəd şeylərdən bir-birimizin beynini apardığımızı sezincəyə qədər danışırdıq. Bunu sezəndə isə Sitseronun rəvayətinə görə Roma avqurları kimi mənalı-mənalı bir-birimizin gözünə baxıb qəhqəhə ilə gülməyə başlayırdıq, doyunca güldükdən sonra, axşamımızı şən keçirdiyimizdən məmnun bir halda ayrılırdıq.

______________

1 Frenoloq – insanın xarici görünüşünə görə xasiyyətlərini müəyyən edən qeyri-elmi burjua nəzəriyyəsi.

Verner mənim otağıma daxil olduğu vaxt divan üzərində əllərimi başımın altına qoyaraq uzanıb, gözlərimi tavana zilləmişdim: o, kresloya oturdu, əsasını küncə qoydu, əsnədikdən sonra eşikdə havanın istiləşməyə başladığını bildirdi. Cavabında çibinlərin məni narahat etdiyini söylədim. Bundan sonra susduq.

– Mehriban doktor, – dedim, – burasını bilməlisiniz ki, axmaqlar olmasaydı dünyada yaşayış çox sıxıntılı keçərdi... Baxın, budur, biz iki ağıllı adamıq, biz qabaqcadan bilirik ki, hər bir məsələ haqqında nə qədər istəsən mübahisə etmək olar, ona görə də mübahisə etmirik: biz bir-birimizin az qala bütün qiymətli fikirlərini bilirik: bir söz bizim üçün tam bir tarixdir; hər bir hissimizin canını üç lay pərdə arxasından görürük. Qüssəli şey bizə gülünc gəlir: gülünc şey bizi qüssələndirir: doğrusunu desək, ümumiyyətlə biz özümüzdən başqa hər şeyə kafi dərəcədə laqeydik. Beləliklə, bizim aramızda hiss və fikir mübadiləsi ola bilməz. Bir-birimiz haqqında bilmək istədiklərimizin hamısını bilir, bundan da artıq bilmək istəmirik. Bircə vasitə qalmışdır: o da yenilikləri nağıl etməkdir. Mənə yenilikdən danışın.

Uzun sürən bu nitqdən yorularaq, gözlərimi yumub əsnədim. Doktor bir qədər düşündükdən sonra cavab olaraq:

– Amma sizin bu cəfəngiyatda bir ideya vardır, – dedi.

– İki ideya! – deyə cavab verdim.

– Siz mənə birini desəniz, o birini mən özüm deyərəm.

Tavanı gözdən keçirməyə və qəlbimdə gülümsəməyə davam edə-edə:

– Yaxşı, başlayın! – dedim.

– Siz sulara yeni gələnlərdən birinin haqqında bəzi təfsilat öyrənmək arzusundasınız və kimin qayğısını çəkdiyinizi də mən artıq duymuşam: çünki orada artıq sizi soruşmuşlar.

– Doktor! Bizim bir-birimizlə danışmamız qəti mümkün deyil: biz bir-birimizin ürəyindəkiləri oxuyuruq.

– İndi ikincisi...

– İkinci ideya budur: mən sizi bir şey nağıl etməyə məcbur etmək istədim: əvvəla, ona görə ki, dinləməkdən insan az yorulur: ikincisi, beləliklə də, ağzından sirr qaçırmazsan; üçüncüsü, başqasının sirrini öyrənə bilərsən, dördüncüsü də odur ki, sizin kimi ağıllı adamlar dinləyənləri, danışanlardan çox sevərlər. İndi işə keçək: knyaginya Liqovskaya mənim haqqımda sizə nə dedi?

– Soruşanın knyajna deyil, knyaginya olduğuna siz çoxmu əminsiniz!..

– Tamamilə əminəm.

– Nə üçün?

– Çünki knyajna Qruşnitskini soruşmuşdur.

– Sizdə təsəvvür etmək istedadı çox böyükdür. Knyajna əsgər şineli geyən gəncin duel üstündə zabitlik rütbəsindən məhrum edildiyinə əmin olduğunu söylədi...

– Ümidvaram ki, siz onun bu xoş yanılmasına toxunmazsınız?

– Məlum şeydir.

– İntriqa başlanır! – deyə mən sevinclə qışqırdım, – bu komediyanın axırının qeydinə isə biz qalarıq. Aydındır ki, sıxıntılı həyat keçirməmək üçün tale mənim qayğımı çəkir.

Doktor cavabında:

– Zavallı Qruşnitskinin sizin qurbanınız olacağını mən əvvəlcədən hiss edirəm, – dedi...

– Doktor, sonrası...

– Knyaginya dedi ki, sizin üzünüz ona tanış gəlir. Mən də onun sizi yəqin Peterburqda, yüksək cəmiyyətdə görmüş olduğunu söylədim... Adınızı dedim... Adınızı o bilirmiş. Deyəsən sizin macəranız orada çox gurultuya səbəb olmuşdur... Knyaginya sizin başınıza gələn macəralardan danışmağa başladı: yüksək cəmiyyətdə söylənən dedi-qodulara öz uydurmalarını da əlavə edirdi... Qızı da maraqla dinləyirdi. Siz onun xəyalında yeni zövqlə yazılmış bir roman qəhrəmanı olmuşsunuz... Knyaginyanın axmaq şeylər söylədiyini bildiyimə baxmayaraq ona etiraz etmirdim.

Əlimi ona uzadaraq:

– Dəyərli dostsan! – dedim. Doktor mütəəssir olub əlimi sıxaraq sözünə davam etdi:

– İstəyirsinizsə, mən sizi ona təqdim elərəm...

Mən əllərimi bir-birinə vuraraq:

– Lütf edin! – dedim, – qəhrəmanları da təqdim edərlərmi? Onlar bəyəndikləri qızla, onu ancaq həqiqi ölümdən qurtararkən tanış olurlar...

– Doğrudanmı siz knyajnanın dalınca düşmək istəyirsiniz?..

– Əksinə, tamamilə əksinə!.. Doktor, axır ki, mənim təntənəm başlayır: siz məni başa düşürsünüzmü!.. – Bir dəqiqə düşündükdən sonra sözümə davam etdim: – Burası da var ki, doktor, bu məni kədərləndirir. Mən heç vaxt özüm öz sirlərimi açmıram, onların özgələr tərəfindən tapılmasını olduqca sevirəm: çünki, beləliklə, lazım gəldiyi vaxt həmişə onlardan boyun qaçırıram. Lakin siz anacığı ilə qızcığazını mənə təsvir etməlisiniz. Bunlar necə adamlardır?

– Əvvələn, knyaginya 45 yaşlı bir qadındır, – deyə doktor cavab verdi, – onun mədəsi sağlamdır, amma qanı xarab olmuşdur: yanaqlarında qırmızı ləkələr var. Ömrünün son yarısını Moskvada keçirmiş və burada rahatlıq içərisində yoğunlaşmışdır. O, duzlu məzhəkələri xoşlayır, qızı otaqda olmayan vaxtlar, özü də, bəzən nalayiq şeylər danışır. O, qızının göyərçin qədər məsum olduğunu mənə bildirdi. Bunun mənə nə dəxli var?.. Ürəyinə bir şey gəlməsin, deyə, bu barədə kimsəyə bir söz deməyəcəyimi ona bildirmək istəyirdim. Knyaginya revmatizmini, qız isə Allah bilir, nəyi müalicə etdirir: hər ikisinə də gündə iki stəkan kükürdlü su içməyi və həftədə iki dəfə qarışıq vannada çimməyi tövsiyə etdim. Knyaginya, deyəsən, əmr etməyə alışmamışdır. O, qızının ağıl və biliyinə ehtiram bəsləyir, qızı, Bayronu ingilis dilində oxumuşdur, cəbri də bilir: görünür ki, Moskvada qızlar alimliyə meyl edirlər: yaxşı da eləyirlər, bunu ciddi deyirəm! Bizim kişilərimiz ümumiyyətlə o qədər nəzakətsizdirlər ki, onlara şivə satmaq, ağıllı bir qadın üçün dözülməz bir işdir. Knyaginya gənc oğlanları çox sevir, knyajna isə onlara bir qədər saymazyana baxır, bu Moskva vərdişidir. Onlar Moskvada yəqin yalnız 40 yaşlı lətifəgular ilə kifayətlənirlər.

– Doktor, siz Moskvada olmuşsunuzmu?

– Bəli, mən orada azacıq işləmişəm.

– Davam edin.

– Mən deyəsən, hamısını dedim... Bəli! Bir şey daha var, gərək ki, knyajna hisslər, ehtiraslar və sairə haqqında fikir yürütməyi sevir... O, bir qışı Peterburqda keçirmiş, şəhəri, xüsusən oranın cəmiyyətini bəyənməmişdir: yəqin onu soyuq qəbul etmişlər.

– Siz bu gün onlarda heç kəsi görmədinizmi?

– Əksinə onlarda bir yavər, uzunboylu bir qvardiyaçı, bir də yeni gəlmiş, tanımadığım bir qadın vardı: qadın knyaginyanın ərinin qohumudur, çox gözəl, lakin deyəsən çox da xəstə bir qadındır... Siz ona quyunun yanında təsadüf etməmişsiniz ki? O, ortaboylu, sarışın, üzünün cizgiləri çox düz bir qadındır. Üzünün rəngi vərəmli adamın üzünü andırır, sağ yanağında qara bir xalı var: onun üzünün ifadəli olması məni heyran qoydu.

Mən dodaqaltı:

– Xalmı? Olan işdirmi? – deyə mızıldandım.

Doktor mənə baxaraq əlini qəlbimin üstünə qoydu və təntənəli bir surətdə dedi:

– Siz onu tanıyırsınız! – Mənim qəlbim elə bil həmişəkindən daha şiddətlə döyünürdü.

Mən dedim:

– İndi sevinmək növbəsi artıq sizə çatdı. Ancaq mən sizdən arxayınam: siz mənə vəfasızlıq etməzsiniz. Mən o qadını hələ görməmişəm, lakin əminəm ki, sizin təsvir etdiyiniz rəsm keçmişdə sevdiyim bir qadının rəsmidir... Mənim haqqımda ona bir kəlmə də deməyin, məni soruşsa pisliyimdən danışın.

Verner çiyinlərini çəkərək:

– Olar! – dedi.

O getdikdən sonra ürəyimi müdhiş bir kədər sıxmağa başladı. Talemi Qafqazda bizi yenə görüşdürür, yoxsa o məni burada görəcəyini bildiyindənmi, qəsdən buraya gəlmişdir?.. Bir də biz üz-üzə necə gələcəyik?.. Sonra bu qadın odurmu? Mənim ürəyimə daman duyğular heç vaxt məni aldatmamışdır. Dünyada elə bir adam tapılmaz ki, keçmiş onun üzərində mənim üzərimdəki qədər hakim ola bilsin. Keçmiş kədər və ya sevincli xatirələrim ruhuma ağrıdıcı zərbələr endirərək, onu daima eyni səslə səslənməyə məcbur edir... Mən axmaqcasına yaranmışam: heç bir şeyi unuda bilmirəm, – heç bir şeyi!

Nahardan sonra saat 6-ya yaxın bulvara getdim; orada çoxlu adam vardı; knyaginya da knyajna ilə skamyada oturmuşdular; başlarına toplaşmış gənclər bir-birinə macal vermədən onlara nəzakət göstərirdilər. Mən onlardan bir qədər aralı duran başqa bir skamyada əyləşib D... zabitlərindən iki tanışımı saxladım və onlara bir şey nağıl etməyə başladım: söylədiyim gülməli şey olmalı idi ki, onlar dəlicəsinə gülməyə başladılar. Maraq knyajnanı əhatə edənlərdən bəzilərini mənə tərəf cəlb etdi: yavaş-yavaş qalanları da onu tək buraxıb mənim ətrafımdakılara qarışdılar. Səsimi kəsmirdim: söylədiyim məzhəkələr axmaqlığa bənzər dərəcədə ağıllı idi: yanımızdan keçən orijinal adamlar haqqındakı istehzalarım isə son dərəcə yaman və acı idi... Gün batana qədər camaatı əyləndirməkdə davam etdim. Anası ilə qol-qola gəzən knyajna neçə dəfə gəlib yanımdan keçdi. Bir topal qoca kişi də yanlarınca gedirdi. Knyajnanın bir neçə dəfə mənə tərəf çevrilən nəzəri etinasızlıq göstərməyə çalışsa da hiddət ifadə edirdi.

Nəzakət xatirinə knyajnanın yanına qayıtmış gənclərin birindən soruşdu:

– O sizə nə nağıl edirdi? Yəqin çox maraqlı vaqiələrdən – müharibələrdə göstərdiyi igidliklərdən danışırdı? – Bunu o çox uca səslə dedi, ehtimal ki, niyyəti məni sancmaqdı. Mən fikrimdə: “Aha! Mehriban knyajna, demək, siz ciddi surətdə hirslənmişsiniz, hələ bu harasıdır!” – dedim.

Qruşnitski vəhşi bir heyvan kimi onu izləyir, bir dəqiqə belə gözündən qoymurdu. Mərc gəlirəm ki, sabah o, knyaginyaya təqdim olunmasını tanışlarının birindən xahiş edəcəkdir. Knyaginya da çox sevinəcəkdir: çünki darıxır.

16 may

İki gün ərzində mənim işlərim yaman irəliləmişdi. Knyajna qəti surətdə məni görmək istəmirdi: haqqında yayılmış iki-üç kafi dərəcədə zəhərli, eyni zamanda yaltaq epiqramlar haqqında artıq mənə xəbər vermişdilər. Yaxşı cəmiyyətə alışmağıma, Peterburqdakı xalaları və əmisi uşaqları ilə bu qədər yaxından tanış olmağıma baxmayaraq onunla tanış olmağa səy etməməyim knyajnanı çox təəccübləndirirdi. Biz hər gün quyu yanında, bulvarda bir-birimizə rast gəlirdik; mən qüvvətimi onun pərəstişkarlarını – bərbəzəkli yavərləri, solğun moskvalıları və qeyrilərini – öz tərəfimə çəkməyə sərf edirəm və demək olar ki, hər zaman da buna nail oluram. Evimdə qonaq qəbul etməkdən zəhləm getdiyi halda indi evim hər gün qonaqla dolur, nahar, axşam yeməyi yeyib, qumar oynayırlar, – heyhat! Mənim şampan şərabım onun cazibəli gözlərinə qalib gəlirdi.

Dünən ona Çelaxovun mağazasında rast gəldim: o, gözəl bir İran xalçası alırdı. Knyajna anasının pula heyfsilənməməsini rica edirdi, bu onun kabinetini çox gözəlləşdirər!.. Mən 40 manat artıq verib xalçanı onların əlindən çıxartdım: buna qarşı mən onun ən quduz bir çılğınlıqla parıldayan baxışı ilə təltif edildim. Nahara yaxın həmin xalça ilə çullanmış çərkəz atımı qəsdən onların pəncərələri qarşısından aparmağı əmr etdim. Bu zaman Verner onlarda imiş, sonra o, bu vaqiənin çox dramatik bir təsir bağışladığını mənə söylədi. Knyajna adamları mənim əleyhimə qaldırmaq istəyir: mən hətta iki yavərin, onun yanında mənimlə çox soyuq salamlaşdığını da duydum, lakin bununla bərabər onlar hər gün naharı mənim evimdə yeyirdilər.

Qruşnitski əsrarəngiz bir vəziyyət almışdır. Əllərini dalına qoyaraq gəzir, heç kəsi tanımaq istəmir; onun ayağı birdən-birə sağaldı: indi azca axsayırdı. O, bir fürsət taparaq, knyaginya ilə söhbətə girişmiş və knyajnaya bir kompliment demişdir: görünür ki, bu qız da çox həssas deyildir; çünki o vaxtdan sonra Qruşnitskinin salamlarına ən sevimli təbəssümlə cavab verirdi.

Dünən o mənə dedi:

– Liqovskilərlə qəti surətdəmi tanış olmaq istəmirsən?

– Qəti surətdə.

– Əzizim! Sularda ən yaxşı ev onlarınkıdır! Buranın ən yaxşı cəmiyyəti...

– Dostum, mənim özgə yerin yaxşı cəmiyyətindən də zəhləm gedir. Sən onlara gedirsənmi?

– Hələ ki, yox; mən knyajna ilə ancaq bir-iki dəfə danışmışam. Bilirsən, hər nə qədər burada belə şey adət olsa da evlərinə getmək mənə bir növ münasibətsiz gəlir. Çiyinlərimdə epoletim olsa idi, o başqa məsələ...

– Əzizim! Sən bu görkəmdə daha gözəlsən! Sən ancaq öz əlverişli vəziyyətindən istifadə etməyi bacarmırsan... Soldat şineli səni hər hansı bir həssas qızın gözündə qəhrəman və cəfakeş kimi göstərir.

Qruşnitski xudkamlıqla gülümsədi:

– Bu nə boş sözdür! – dedi.

Mən sözümə davamla dedim:

– Mən əminəm ki, knyajna artıq sənə vurulmuşdur.

O, qulaqlarına qədər qızardı və qəzəbləndi.

Ax xudpəsəndlik! Sən həmin istinad nöqtəsisən ki, Arximed səninlə yer kürəsini qaldırmaq istəyirdi!..

O sanki hirslənmiş olduğunu göstərmək üçün:

– Sən hər şeyi zarafata salırsan, – dedi, – əvvələn, knyajna məni hələ çox az tanıyır...

– Qadınlar ancaq tanımadıqları adamları sevirlər.

– Mən ona xoş gəlmək iddiasında deyiləm də; ancaq yaxşı bir ailə ilə tanış olmaq istəyirəm, mənim bəzi ümidlər bəsləməm də çox gülünc olardı.. Bax, misal üçün sizi götürsək, başqa məsələ: siz Peterburqda qələbə çalanlardansınız: bircə dəfə baxan kimi qadınlar əriyir... Peçorin, bilirsənmi knyajna sənin haqqında nə deyirdi?

– Necə? Artıq mənim barəmdə sənə danışmağa başlamışdır?..

– Ancaq səninlə, təsadüfi olaraq bir dəfə mən onunla quyu yanında söhbətə girişdim, onun üçüncü sözü bu oldu: “Ağır və iyrənc baxışlı cənab kimdir? O gün... sizin yanınızda idi...” Knyajna qızardı və öz mehriban hərəkətini yadına salaraq o günün adını çəkmək istəmədi. Mən cavabında dedim: “o gün haqqında danışmamıza lüzum yoxdur; o gün əbədi olaraq mənim xatırımda qalacaqdır...” Dostum Peçorin! Mən səni təbrik etmirəm, sənin haqqında onun rəyi yaxşı deyildir... Buna ciddi təəssüf edirəm, çünki Meri çox qəşəng qızdır...

Qruşnitskinin bambaşqa çeşid adamlardan olduğunu demək lazımdır. Bu çeşid adamlar azacıq tanıdıqları, lakin bəyəndikləri qadın haqqında danışarkən onun mənim Merim, mənim Sophie, – deyə adlandırırlar.

Mən ciddi bir görünüş alaraq, onun cavabında dedim:

– Bəli, o, çirkin deyil... Ancaq Qruşnitski, özünü gözlə! Rus qızları əksərən yalnız ilahi sevgi ilə kifayətlənirlər. Buna ərə getmək fikrini əlavə etmirlər: belə bir sevgi isə ən əndişəli bir sevgidir. Knyajna deyəsən kişilərdən özü üçün əyləncə tələb edən qadınlardandır: əgər sənin yanında bir-birinin dalınca ikicə dəqiqə darıxarsa, işin həmişəlik bitmiş olur: sənin sükutun onda maraq oyatmalıdır; danışığın bu marağı heç vaxt tamamilə qənaətləndirməməlidir, sən dəqiqəbaşı onu rahatsız etməlisən: o sənin xatirin üçün ümumən fikrinə qarşı açıqdan-açığa etinasızlıq göstərir və bunu da sənin yolunda edilmiş bir fədakarlıq adlandırır: sonra bunun əvəzində səndən mükafat almaq üçün səni əzab və əziyyətə salmağa başlar, – axırda isə qısaca, səni görməyə gözü olmadığını söylər. Əgər sən onu özünə tabe etməyə müvəffəq olmasan, onda onun hətta birinci öpüşü sənə ikinci öpüşü almaq haqqını verməz, o sənə doyunca naz satacaq, iki ilə keçməmiş anasına mütilik ucundan eybəcər bir adama ərə gedəcəkdir, sonra özünü inandırmağa başlayacaq ki, o bədbəxt bir insandır, yalnız bircə adamı, yəni səni sevirdi. Lakin göylər onu sevdiyi gənclə birləşdirmək istəmədi: çünki onun nəcib bir qəlbi olmasına baxmayaraq əynində əsgər şineli vardı.

Qruşnitski yumruğunu stola çırparaq, otaqda o tərəf-bu tərəfə gəzinməyə başladı.

Mən içimdə qəhqəhə ilə gülürdüm və hətta bir-iki dəfə gülümsədim, xoşbəxtlikdən o, gülümsədiyimi görmədi. Aşiq olduğu aydın idi: çünki əvvəlkindən daha sadədil olmuşdu: hətta barmağına burada qayrılmış qara cilalı gümüş bir üzük belə taxmışdı: bu üzük mənə şübhəli gəldi... Mən onu diqqətlə gözdən keçirməyə başladım, nə görsəm yaxşıdır?.. Üzüyün iç tərəfində xırda hərflərlə Meri adı həkk edilmiş, adın yanında isə qızın məşhur stəkanı qaldırdığı günün tarixi yazılmışdı. Kəşfimi gizlətdim, ürəyindəki sirləri mənə deməyə onu vadar etmək istəmirəm: dərdini açmaq üçün onun özünün fürsət tapmasını istəyirəm: – beləliklə, daha çox həzz alacağam! . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

Bu gün yuxudan gec durdum, quyunun yanına gəldiyim vaxt orada kimsə yox idi. Hava istiləşirdi: ağ buludlar qarlı dağlardan, sürətlə qaçışaraq, tufan olacağını xəbər verirdi. Maşuqun təpəsi söndürülmüş məşəl kimi tüstülənirdi: ətrafındakı boz bulud parçaları təpəni örtən tikanlı kol-kosa ilişmiş kimi təpə ətrafında ilan tək qıvrılıb sürünürdü. Hava elektriklə dolu idi. Mağaraya gedən üzümlük xiyabanla yollandım: kədərli idim. Doktorun dediyi, yanağı xallı gənc qadını düşünürdüm... Axı, o nə üçün buradadır? Bu odurmu? Bir də nə üçün bu qadının o olduğunu zənn edirəm? Mən buna nə üçün əminəm? Yanaqlarında xalı olan qadın azmıdır? – Bu sayaq düşünə-düşünə mağaraya yanaşdım. Bir də baxıb gördüm ki, başında küləş şlyapa olan bir qadın mağara qübbəsinin sərin kölgəsində daş skamya üzərində başını aşağı dikmiş halda oturmuşdur: özü də qara şala bürünmüşdür. Şlyapa onun üzünü örtməkdə idi. Onun xülyalarına mane olmamaq üçün qayıtmaq istərkən, birdən o mənə tərəf baxdı.

Mən bilaixtiyar:

– Vera! – deyə qışqırdım.

O diksinib ağardı.

– Mən sizin burada olduğunuzu bilirdim, – dedi.

Onun yanında oturaraq əlini əlimə aldım. Bu mehriban səsi eşidərkən damarlarımı, çoxdan unutmuş olduğum bir titrəyiş bürüdü: o öz dərin və sakit gözləri ilə gözlərimə baxdı: bu gözlər inamsızlıq və töhmətə bənzər bir şey ifadə edirdi.

– Biz çoxdandır görüşməmişik, – dedi.

– Bəli, çoxdan, həm də hər ikimiz bir çox cəhətdən dəyişmişik!

– Demək, sən artıq məni sevmirsən!..

– Mən ərə getmişəm!.. – dedi.

– Yenəmi? Lakin bir neçə il əvvəl də bu səbəb vardı, amma bununla bərabər...

O, əlini mənim əlimdən dartıb çıxartdı və qıpqırmızı qızardı.

– Bəlkə sən ikinci ərini sevirsən?

O cavab verməyərək üzünü yana çevirdi.

– Yoxsa o çox qısqancdır?

Sükut.

– Yəqin o, gənc, gözəl, xüsusilə zəngindir və sən qorxursan ki... – Burada mən ona baxdıqda təşvişə düşdüm: onun üzü dərin bir ümidsizlik ifadə edirdi, gözlərində yaş parlayırdı.

Axırda o, pıçıltı ilə:

– Söylə görüm, – dedi, – mənə əzab vermək sənə çoxmu xoş gəlir? Mən sənə nifrət etməli idim. Biz bir-birimizi tanıdığımız gündən bəri sən mənə əzabdan başqa bir şey verməmisən... – Onun səsi titrədi, mənə tərəf əyilib başını sinəmə qoydu.

Mən xəyalımda öz-özümə dedim:

“Bəlkə də sən məni bunun üçün sevirdin, sevinc unudulur, kədər isə heç vaxt unudulmur...”.

Mən onu bərk qucaqladım və bu halda uzun zaman qaldıq. Axırda dodaqlarımız yaxınlaşaraq, qızğın və məstedici bir öpüşlə birləşdi: onun əlləri buz kimi soyuq idi, başı isə yanırdı. Bundan sonra aramızda kağız üzərində məna verməyən, təkrar edilməyən və hətta yadda saxlanılmayan söhbətlərdən biri başlandı. Bu söhbətdə, İtaliya operasında olduğu kimi, səslərin mənası sözlərin mənasını təkmil və əvəz edir.

Əri ilə mənim tanış olmamı o qəti surətdə istəmir. Əri, mənim bulvarda ötəri olaraq gördüyüm o axsaq qocadır. Vera öz oğlunu saxlamaq xatirinə ona ərə getmişdir. O, zəngindir, revmatizm azarına mübtəladır. Onun haqqında istehzalı bir söz belə demədim. Vera bir ata kimi onun ehtiramını saxlayır, – lakin ona bir ər kimi də xəyanət edəcəkdir... İnsan qəlbi, xüsusən qadın qəlbi anlaşılmaz bir şeydir!

Veranın əri Semyon Vasilyeviç Q...yov, knyaginya Liqovskayanın uzaq qohumudur. Evləri bir-birinin yanındadır: Vera knyaginyanın evinə tez-tez gedib-gəlir, özgələrinin diqqətini yayındırmaq üçün mən Veraya Liqovskilərlə tanış olmağı və knyajnanın dalınca düşməyi vəd etdim. Beləliklə, mənim planım azacıq da olsa pozulmadı və deməli, mənim vaxtım şən keçəcəkdir...

Bəli, şən keçəcəkdir!.. İnsanın yalnız bəxtiyarlıq axtardığı, qəlbi şiddət və ehtirasla birisini sevmək ehtiyacı hiss etdiyi o mənəvi həyat dövrünü artıq mən keçirmişəm: indi mən ancaq başqaları tərəfindən, həm də çox az qadın tərəfindən sevilmək istəyirəm, hətta mənə elə gəlir ki, bircə daimi sevgi məni kifayətləndirə bilər: qəlbin nə yazıq bir vərdişi var!..

Mənə bir şey daima qəribə gəlir: mən sevdiyim qadına heç vaxt qul olmamışam: əksinə, mən həmişə əsla səy etmədən onların iradə və qəlblərinə yenilməz bir hakim kəsilmişəm. Nə səbəbə görə? Heç vaxt və heç nəyi o qədər də qiymətli tutmadığıma görəmi, yoxsa onlar məni əldən çıxarmaqdan hər dəqiqə qorxduqlarına görəmi! Bəlkə də qüvvətli bir orqanizmin cəzbedici təsirindən əmələ gəlir? Ya sadəcə olaraq inadlı bir xasiyyətə malik qadına rast gəlməmişəm?

Mən doğrudan da möhkəm xasiyyətə malik qadınları sevmədiyimi etiraf etməliyəm: bu onlarınmı işidir!..

Doğrudur, indi xatırladım: bir dəfə, yalnız bircə dəfə möhkəm iradəyə malik bir qadın sevmişəm, onu mən qətiyyən məğlub edə bilmədim... Biz, iki düşmən kimi ayrıldıq, orası da var ki, mən ona beş il gec rast gəlmiş olsaydım, biz bəlkə də ayrı cür ayrılardıq.

Vera xəstədir, bunu etiraf etmirsə də çox xəstədir. Onun vərəm xəstəliyinə ya da fievre lente1 adlanan xəstəliyə tutulmuş olduğundan qorxuram, o əslən rus xəstəliyi deyil, onun bizim dildə adı yoxdur.

Tufan bizi mağarada yaxaladı və yarım saat orada artıq saxladı. Vera məni ona sadiq olacağıma and içməyə məcbur etmir, ayrılandan bəri başqalarını sevib-sevmədiyimi soruşmurdu... O əvvəlki laqeydliklə yenə mənə bel bağladı, – mən də onu aldatmayacağam: o, dünyada yeganə bir qadındır ki, mən onu aldatmaq qüvvəsində deyiləm. Mən bilirəm, biz tezliklə yenə ayrılacağıq, özü də ehtimal ki, əbədi olaraq ayrılacağıq, ikimiz də qəbrə ayrı-ayrı yollarla gedəcəyik, lakin onun xatirələri qəlbimdə toxunulmaz qalacaqdır – mən bunu ona həmişə təkrar edirdim, o bunun əksini iddia edirsə də, yenə mənə inanır.

Nəhayət, biz ayrıldıq, şlyapası kol-kos və qayalar arasında gizlənincəyə qədər nəzərlərimlə onu təqib etdim. Birinci ayrılığımızda ol-

duğu kimi qəlbim sıxılıb ağrıdı. Ah, bu hiss məni o qədər sevindirdi ki!.. Görəsən bu xoş həyəcanları ilə birlikdə yenə mənə qayıtmaq istəyən gənclikdirmi, yoxsa yalnız onun yadigar verdiyi son vida baxışımı, – son hədiyyəsimidir?.. Amma zahirimdən mənə, hələ “uşağam” demək nə qədər gülüncdür: bənizim bir qədər uçmuşsa da hələ təravətlidir: əzam elastik və mütənasibdir: qalın saçım qıvrımdır, gözlərim yanır, qanım qaynayır...

Evə qayıtdıqda ata minib çölə çapdım. Mən qızğın at belində hündür otların içi ilə çöldə əsən küləyə qarşı çapmağı xoşlayıram: ətirli havanı acgözlüklə uduram, gözlərimi mavi uzaqlara zilləyərək, hər

_________________

1 Üzücü qızdırma

dəqiqə daha aydın görünməyə başlayan dumanlı şeylərin cizgilərini seçməyə çalışıram. Ürəyimi nə kimi kədər sıxır sıxsın, beynimi hansı nigarançılıq yorur yorsun, hamısı bir dəqiqə içərisində çəkiləcəkdir, ruhum ağırlıqdan silkinib rahatlanacaq, bədənimin yorğunluğu ağlımın həyəcanını məğlub edəcəkdir. Elə bir qadın baxışı yoxdur ki, cənub günəşinin şəfəqlərilə yaşıla boyanmış yaşıl dağları və mavi göyü gördüyüm, ya da ki bir sıldırım qayadan o birinə tökülən selin gurultusuna qulaq asdığım zaman onu unutmamış olum.

Zənnimcə indi növbə qüllələrində əsnəyən kazaklar, atımı ehtiyac olmadan və məqsədsiz çapdığımı görərək bu hərəkətimin mənasını tapmaq üçün uzun vaxt baş sındırırlar: çünki məni paltarımdan yəqin çərkəz sanmışlar. Mənə deyirlər ki, doğrudan da mən çərkəz geyimində və at belində kabardinə bir çox kabardindən daha çox bənzəyirəm. Həqiqətdə də belədir, nəcib hərbi paltarda mən mükəmməl bir şıqam: lüzumsuz bir bafta tapmazsınız, qiymətli silahımın bəzəyi çox sadədir, papağımın tükü nə o qədər uzun, nə də o qədər qısadır, vəznələrim yerində, çustlarım düz ayağıma tikilmişdir, arxalığım ağ, çərkəzim tünd boz rəngdədir. At belində dağlılar kimi oturmağı öyrənmək üçün mən uzun vaxt sərf etmişəm: mənim izzəti-nəfsimi, Qafqaz qaydasında at minmək məharətimi etiraf etməklə oxşaya biləcəyiniz qədər, heç şeylə oxşaya bilməzsiniz. Mən dörd at saxlayıram, birini özüm üçün, üçünü dostlarım üçün, bunları, düzlərlə tək-tənha veyllənib darıxmamaq üçün saxlayıram. Dostlarım atlarımı məmnuniyyətlə minirlərsə də, heç vaxt gəzməyə mənimlə bərabər getmirlər. Nahar vaxtının çatdığı yadıma düşəndə günortadan artıq altı saat keçmişdi: atım son dərəcə yorulmuşdu: Pyatiqorskdan alman koloniyasına gedən yola çıxdım. Sulardakı cəmiyyət tez-tez buraya en piquenique1 gəlir. Yol kol-kolsun arası ilə burula-burula, kiçik dərələrə düşə-düşə gedir. Burada, yarğanların dibində hündür otların altından gurultulu çaylar axır: ətrafda Beştau, İlanlı, Dəmirli və Keçəl adlanan mavi dağlar amfiteatr şəklində yüksəlməkdədir. Dərələrdən birinə enərək, atımı suvarmaq üçün dayandım. Bu vaxt yolda gurultulu və gözəl bir atlı dəstəsi göründü: qadınlar qara və mavi amazonkalar, kişilər isə çərkəz forması ilə Nijeqorod formasından qarışıq bir kostyum geymişdilər: Qruşnitski ilə knyajna Meri qabaqda gəlirdilər.

_________________

1 Kefə

Sulardakı qadınlar çərkəzlərin günün günorta çağı basqın etmələrinə hələ də inanırlar. Qruşnitski əsgər şineli üstündən qılınc və iki tapançanı da ehtimal elə bu səbəbə asmışdı: o, bu qəhrəman geyimində çox gülünc görünürdü. Hündür bir kol məni onlardan gizləyirdi: lakin kolun yarpaqları arasından mən hər şeyi görə bilir, onların üzlərinin ifadəsindən isə söhbətlərinin sentimental olduğunu sezirdim. Axırda, onlar enişə yaxınlaşdılar: Qruşnitski knyajnanın atının cilovundan tutdu, bu zaman mən söhbətlərinin axırını eşitdim.

Knyajna deyirdi:

– Demək, siz ömrünüzün axırına qədər Qafqazda qalmaq istəyirsiniz?

Kavaleri isə cavabında:

– Rusiya mənim üçün nədir ki? – deyirdi. – Ora elə bir ölkədir ki, orada minlərcə adam məndən zəngin olduğu üçün mənə etinasızlıq göstərəcəklər, halbuki burada bu qalın şinel, mənim sizinlə tanış olmağıma mane olmadı...

– Əksinə... – deyə knyajna qızardı.

Qruşnitskinin üzü məmnuniyyət ifadə etdi. O davam edərək dedi:

– Burada mənim həyatım gurultulu, sezilmədən və vəhşi insanların güllələri altında sürətlə keçir. Əgər Allah mənə hər il bircə şəfqətli qadın baxışı göndərsə, o baxışa bənzəyən bir baxış...

Bu zaman onlar mənimlə bərabərləşdilər. Mən ata bir qamçı vuraraq kolun dalından çıxdım...

Knyajna dəhşətlə qışqırıb dedi:

– Mon dieu’ un circassien...1

Onun şübhəsini tamamilə dağıtmaq üçün mən yavaşca baş əyib fransızca cavab verdim:

– Ne craignez mien, madame, – je ne suis plus dange eux que vot-e cavalter2.

O bir az utandı, lakin nədən? Öz səhvindənmi, yoxsa mənim cavabımın ona həddindən artıq həyasız görünməsindənmi? Mən, ikinci zənnimin doğru olmasını istərdim. Qruşnitski mənə narazı bir nəzər saldı.

Axşamdan xeyli keçmiş, yəni saat on birdə, mən bulvarın cökə xiyabanına gəzməyə getdim. Şəhər yatmışdı, yalnız tək-tək pəncərə-

_________________

1 İlahi, bu çərkəzlər!

2 Qorxmayın, xanım, mən sizin kavalerinizdən qorxulu deyiləm.

lərdən işıq gəlirdi. Üç tərəfdən qayaların yanları, Maşuqun qolları qaralırdı. Maşuqun təpəsini qorxunc bir bulud almışdı, şərqdə ay ucalmaqda idi; uzaqlardakı qarlı dağlar gümüş haşiyə kimi parıldayırdı. Qarovulların səsi, gecə olduğu kimi açıq buraxılmış isti çeşmələrin şırıltısı bir-birini izləyirdi. bəzən küçədə at ayağı tappıltısı, onun dalınca naqay arabasının cırıltısı və iniltili tatar mahnısı eşidilirdi. Mən skamyada oturub fikrə getdim... Düşüncələrimi bir dostuma açıb demək ehtiyacı duydum... lakin kimlə danışa bilərdim?.. “Vera indi nə qayırır”, – deyə fikirləşdim... Bu dəqiqələrdə onun əlini sıxa bilmək üçün mən nələr etməzdim.

Birdən yeyin və səlis olmayan ayaq səsləri eşitdim... Yəqin! Qruşnitskidir, – doğrudan da o imiş!..

Haradan belə?

O çox lovğa bir tərzdə:

– Knyajna Liqovskayagildən, – dedi. – Ah, bilsəydin Meri necə oxuyur!..

Mən ona:

– Bilirsənmi nə var? – dedim, mərc gələrəm ki, o sənin yunker olduğunu bilmir: o zənn edir ki, sən cəza üçün rütbədən məhrum edilmisən...

– Bəlkə də! Mənim nə işimə!.. – deyə o pərişanlıqla cavab verdi.

– Yox, mən ancaq bunu elə-belə deyirəm...

– Bəs sən bilirsənmi ki, bu gün onu necə acıqlandırmısan? O sənin hərəkətini misli görünməmiş bir qabalıq hesab edir: mən sənin yaxşı tərbiyə aldığına, yüksək cəmiyyət qaydalarını yaxşı bildiyi üçün onu təhqir etmək niyyətində olmadığına onu güclə inandıra bildim: o deyir ki, sən adama ədəbsiz bir baxışla baxırsan, özündən müştəbehsən.

– O səhv etmir... Yoxsa sən onu müdafiə etmək istəyirsən?

– Təəssüf edirəm ki, mən hələ bu haqqa malik deyiləm...

“Oho! Deyəsən o buna artıq bəzi ümidlər bəsləməkdədir” – deyə düşündüm...

Qruşnitski davam edərək dedi:

– Özün özünü pis edirsən, onlarla tanış olmağın indi daha da çətinləşdi, təəssüf! Çünki mənim tanıdığım bütün ailələrin ən yaxşısı bu ailədir...

Mən ürəyimdə gülümsədim.

– Mənim üçün indi ən yaxşı ev – öz evimdir, – deyə əsnədim və getmək üçün ayağa qalxdım.

– Heç olmazsa, peşman olduğunu boynuna alırsanmı?..

– Bu nə boş sözdür! Mən istəsəm, günü sabah axşam knyaginyanın evində ola bilərəm...

– Görərik...

– Hətta səni məmnun etmək üçün knyajnanın dalınca düşəcəyəm...

– Heç gör o səninlə danışmaq istərmi...

– Mən ancaq sənin söhbətindən onun zəhləsinin getməyə başladığı dəqiqəni gözləyəcəyəm... salamat qal!..

– Mənsə veyllənməyə gedirəm... indi heç yuxulaya bilmərəm... Mənə bax, yaxşısı budur, gəl restorana gedək, orada qumar oynayırlar...mənim bu gün coşqun hisslərə ehtiyacım var...

– Uduzmağını təmənna edirəm...

Mən evə getdim.

21 may

Bir həftəyə qədər keçmişdir. Lakin mən hələ Liqovskilərlə tanış olmamışam. Münasib fürsət axtarıram. Qruşnitski kölgə kimi hər yerdə knyajnanın dalınca gəzir: onların danışıqları qurtarmaq bilmir: bəs o nə vaxt knyajnanın zəhləsini aparacaq?.. Anası buna etiraz etmir, çünki o, knyajnanın tayı deyil. Bu da anaların məntiqi! Mən iki-üç sevimli baxış sezdim, buna son qoymaq lazımdır.

Vera dünən birinci dəfə olaraq quyunun yanına gəlmişdi. Biz mağarada görüşəndən bəri o, evdən eşiyə çıxmamışdı. Biz stəkanlarımızı eyni vaxtda quyuya salladıq, əyilərkən o mənə pıçıltı ilə dedi:

– Sən Liqovskilərlə tanış olmaq istəmirsən?.. Biz ancaq orada görüşə bilərik...

Töhmətdir!.. Sıxıntılıdır! Lakin haqlı töhmətdir...

Yeri gəlmişkən deməliyəm ki, sabah restoranın zalında ümumun xərcinə bal təyin edilmişdir. Mən knyajna ilə mazurka oynayacağam.

22 may

Restoranın zalı əsilzadələr yığıncağı zalına döndərilmişdi. Saat doqquzda hamı toplaşdı. Knyaginya qızı ilə son gələnlərdən oldu: knyajna Meri gözəl geyindiyinə görə qadınların çoxu ona həsəd və ədavət hissi ilə baxdılar. Özlərini buranın aristokratı sayan qadınlar həsədi qəlblərində gizləyərək ona yanaşdılar. Nə etməli? Qadın cəmiyyəti olan yerdə haman saat yuxarı və aşağı dairə meydana çıxacaqdır. Pəncərə yanında izdihamın içində üzünü şüşəyə dayamış halda duran Qruşnitski gözlərini öz məhbubəsindən götürmürdü: knyajna onun yanından keçərkən, başını güclə seziləcək dərəcədə əyib, ona salam verdi... Qruşnitskinin üzü günəş kimi parıldadı... Rəqslər polka ilə başlandı: sonra vals çaldılar. Mahmızlar cınqıldamağa başladı, ətəklər qalxdı, fırlandı.

Mən şlyapası çəhrayı quş lələkləri ilə bəzənmiş şişman bir qadının arxasında durmuşdum. Onun paltarının təmtəraqlığı 18-ci əsrdəki qadın geyimi zamanını, hamar olmayan dərisinin alabəzəkliyi isə, qara taftadan qayrılan üz xallarının xoşbəxt dövrünü xatırladırdı. Onun boynundakı ən böyük ziyil həmailin altında gizlədilmişdi, o öz kavaleri draqun kapitanına belə deyirdi:

– Bu knyajna Liqovskaya çox dözülməz bir qızdır! Bir düşünün, məni itələdikdən sonra üzr belə istəmədi, üstəlik dönüb mənə lornetlə də baxdı... C’est impayable!..1

Axı nəyinə lovğalanır? Ona bir qulaqburması vermək lazımdır.

Qulluq göstərən kapitan:

– Bu ki, asan bir işdir, – dedi və o biri otağa tərəf yollandı.

Mən həmin saat knyajnaya yanaşdım və buranın tanış olmayan qadınlarla rəqs etməyə müsaidə edən adətindən istifadə ilə onu rəqsə dəvət etdim.

O, gülümsəməməyə və qələbəsini gizlətməyə özünü güclə məcbur edə bildi, bununla bərabər özünə tamamilə laqeyd və ciddi bir tövr verməyə çox tez müvəffəq oldu. Əlini etinasızcasına çiynimə qoyaraq, başcığazını azacıq yana əydi. Biz fırlanmağa başladıq. Onun belindən daha elastik və ehtiras doğuran bir bel görməmişəm! Onun tər nəfəsi üzümə toxunurdu: valsda sürətlə fırlandığımız vaxt, onun qıvrım hörüklərindən bir tel öz dəstəsindən ayrılaraq odlu yanağıma sürtünürdü... Mən üç tur oynadım (O çox gözəl vals oynayırdı). Qız töyşüyürdü, gözləri dumanlanmışdı və yarıaçıq dodaqları zəruri olan “merci monsiur”2 sözlərini çətinliklə tələffüz edə bildi.

Bir neçə dəqiqəlik sükutdan sonra mən ən müti bir vəziyyət alaraq ona dedim:

_________________

1 Bu dözülməz bir haldır.

2 Təşəkkür edirəm, cənab.

– Knyajna, sizinlə əsla tanış olmadığım halda bədbəxtlikdən sizin qəzəbinizə düçar olduğumu eşitmişəm... Guya siz məni həddini bilməyən bir adam hesab etmişsiniz... bunlar doğrudurmu?

– Siz də mənim bu rəyimi indi möhkəmlətmək arzusundasınız? – deyə o, üzünü istehza ilə qırışdıraraq gülümsündü: bu təbəssümün onun oynaq çöhrəsinə çox yaraşdığını də qeyd etmək lazımdır.

– Mən sizi bir şeylə təhqir etmək cəsarətində olmuşamsa, onda sizdən üzr istəmək kimi daha böyük bir cürət etməmədə müsaidə buyurun... Bir də mənim haqqımda səhv etmiş olduğunuzu isbat etməyi mən, həqiqətən, çox arzu edərdim...

– Sizin üçün bu çox çətin olacaqdır.

– Nə səbəbə?

– O səbəbə ki, siz bizim evə gəlmirsiniz, bu ballar isə yəqin tez-tez təkrar edilməyəcək.

Mən – “bu o deməkdir ki, onların qapısı mənim üzümə həmişəlik bağlıdır” – deyə düşündüm.

Mən bir qədər pərtliklə:

– Bilirsiniz, knyajna, – dedim, – peşman olmuş bir canini heç bir zaman rədd etmək lazım deyil. Ümidsizlikdən, belə cani iki qat artıq cinayət edə bilər... Onda isə...

Bizi əhatə edənlərin qəhqəhə və pıçıltıları məni dönüb baxmağa və sözümü kəsməyə məcbur etdi. Məndən bir neçə addım aralı bir dəstə kişi durmuşdu. Sevimli knyajnaya qarşı düşmənçilik niyyətində olduğunu bildirmiş draqun kapitanı da bunların arasında idi. O, bir şeydən çox məmnun imiş kimi əllərini bir-birinə sürtür, qəhqəhə çəkir və yoldaşları ilə gözləşirdi. Birdən, onların arasından frak geyinmiş uzunbığlı və qırmızı bir adam ayrılaraq səndələyə-səndələyə birbaş knyajnaya tərəf gəlməyə başladı. O, sərxoş idi. Özünü itirmiş knyajnanın qarşısında dayanıb, əllərini dalında çarpazlayaraq tutqun-boz gözlərini ona zillədi və xırıltılı, nazik bir səslə dedi:

– Permete1... Eh, uzun, getmək nəyə lazım!.. Sözün qısası, sizi mazurkaya dəvət edirəm...

Knyajna ətrafına yalvarıcı baxışlar salaraq titrək səslə:

– Nə istəyirsiniz? – dedi.

_________________

1 Bağışlayın.

Heyhat! Onun anası uzaqda idi. Yanında da tanış kavalerdən kimsə yox idi. Bunların hamısını deyəsən yalnız bircə yavər gördü: o da hadisəyə qarışmamaq üçün həmin saat izdihamın içində gizləndi.

Sərxoş adam, onu işarə ilə qızışdırmaqda olan kapitana göz vuraraq:

– Necə? – dedi, – xoşunuza gəlmir?.. Mən yenə də sizi pour mazure1... dəvət etmək şərəfinə nail olmaq istəyirəm. Siz bəlkə məni sərxoş hesab edirsiniz? – Bunun eybi yoxdur!.. Sizi əmin edə bilərəm ki, belə daha da sərbəstcə olar...

Qorxu və qəzəbdən qızın az qala özündən gedəcəyini gördüm.

Mən sərxoş cənaba yanaşaraq, onun qolundan çox möhkəmcə tutdum və diqqətlə gözlərinin içinə baxaraq çəkilib getməsini rica etdim, – knyajna mazurkanı mənimlə bərabər rəqs etməyi mənə çoxdan vəd etmişdir – sözlərini də əlavə etdim.

– Yaxşı, nə etməli, çarə yoxdur!.. Gələn dəfəyə qalsın! – deyə sərxoş güldü və utandırılmış olan yoldaşlarına tərəf yollandı. Yoldaşları onu həmin saat o biri otağa apardılar.

Knyajna mənə dərin və sevimli bir nəzər saldı.

Knyajna anasına yanaşaraq əhvalatı ona nağıl elədi. O, izdihamın içində məni taparaq, təşəkkür etdi. Anamı tanıdığını, yarım düjün xalalarımla dost olduğunu mənə bildirdi və:

– Bilmirəm necə olmuş ki, biz indiyə qədər tanış olmamışıq, – deyə əlavə etdi. – Lakin etiraf etməlisiniz ki, burada günah sizdədir. Siz nahaq yerə hamıdan qaçırsınız. Mənim qonaq otağımın havası sizin qaşqabağınızı açacağına ümid edirəm... Doğru deyilmi?

Mən ona bu kimi hadisələr üçün hər kəsin hazırda saxlamalı olduğu cümlələrdən birini dedim.

Kadrillər son dərəcə uzun sürürdü.

Nəhayət, mazurka gurultusu eşidildi. Knyajna ilə bərabər oturduq.

Mən bir dəfə də olsun istər sərxoş şəxs, istər mənim əvvəllərdəki rəftarım, istərsə də Qruşnitski haqqında bir söz danışmadım. Xoş olmayan səhnənin ona bağışlamış olduğu təsir yavaş-yavaş unuduldu: siması gül kimi açıldı: çox sevimli bir tərzdə zarafat edirdi: onun söhbəti duzlu və xoş olmağa səy edilmədən duzlu, sadə və canlı idi: qeydləri bəzən mənalı idi... Mən onu çoxdan bəri bəyəndiyimi olduqca dolaşıq bir cümlə ilə ona hiss etdirdim. O, başını aşağı saldı, azca qızardı.

_________________

1 Mazurkaya

Sonra məxmər kimi gözlərini qaldırıb üzümə baxaraq məcburiyyətlə güldü və dedi:

– Siz qəribə adamsınız!

Mən sözümə davam edərək:

– Mən sizinlə tanış olmaq istəmirdim, – dedim, – səbəbi də həddindən artıq pərəstişkarlar izdihamının sizi əhatə etməsi və mənim bu izdihamlar içərisində tamamilə itməkdən qorxmağım idi.

– Siz boş yerə qorxursunuz! Onların hamısı çox cansıxan adamlardır...

– Hamısı! Doğrudanmı hamısı?

O, bir şey xatırlamağa səy edirmiş kimi olduqca diqqətlə mənə baxdı, sonra yenə qızardı və axırda qəti bir surətdə:

– Hamısı! – dedi.

– Hətta mənim dostum Qruşnitskidəmi?

– O sizin dostunuzdurmu? – desə də bir qədər şübhələnir kimi göründü.

– Bəli.

– O, əlbəttə, cansıxanlar sırasına daxil deyil...

Mən gülərək.

– Lakin bədbəxtlər sırasına daxildir, – dedim.

– Əlbəttə! Bu sizə gülüncmü gəlir? Mən arzu edərdim ki, onun vəziyyətində siz olaydınız.

– Nə olar ki? Bir vaxtlar mən özüm də yunker idim. Doğrusunu deyirəm, bu mənim həyatımın ən gözəl çağı idi!

Qız cəld:

– O yunkerdirmi? – dedi və sonra, – mən zənn edirdim ki,... – deyə əlavə etdi.

– Siz nə zənn edirdiniz?..

– Heç!.. O xanım kimdir?

Burada söhbət, istiqamətini dəyişdi və biz bu mövzuya bir daha qayıtmadıq.

Artıq mazurka bitdiyi üçün biz ikinci görüşə qədər ayrıldıq. Xanımlar dağılışdılar... Mən axşam yeməyinə getdim və Vernerə rast gəldim.

– Aha, – dedi, – siz belə imişsiniz! Bəs siz knyajnanı həqiqi ölümdən qurtarmamış onunla tanış olmaq istəmirdiniz?

– Mən bundan yaxşısını etdim, – deyə cavab verdim. – Balda onu ürəkgetmədən qurtardım...

– Necə oldu? Söyləyin!..

– Yox, söyləmərəm, siz, dünyada hər şeyi duyan adamsınız, bunu da özünüz tapın!

23 may

Axşam saat yeddi olardı. Bulvarda gəzirdim. Qruşnitski məni uzaqdan görüb yanıma gəldi: onun gözlərində gülünc bir sevinc parıldayırdı. O, əlimi bərk-bərk sıxıb fəci bir səslə dedi:

– Sənə təşəkkür edirəm, Peçorin... Nə demək istədiyimi anlayırsanmı?..

Nə üçün mənə təşəkkür edildiyini bilmədən:

– Yox, – dedim, – hər halda təşəkkürə dəyməz.

– Necə dəyməz? Bəs dünənki? Unutdunmu?.. Meri hamısını mənə söylədi...

– Necə? Yoxsa artıq sizin hər şeyiniz, hətta təşəkkürləriniz belə müştərəkdir.

Qruşnitski çox lovğalıqla:

– Mənə bax, – dedi, – mənim dostum olaraq qalmaq istəyirsənsə, rica edirəm, mənim sevgimi məsxərəyə qoyma... Görürsən də mən onu, ümidvaram ki, o da məni sevir... Mənim səndən bircə ricam var: sən bu axşam onlarda olacaqsan: hər şeyə göz qoyacağını mənə vəd et, bilirəm, sən bu işlərdə təcrübəlisən, sən qadınları məndən yaxşı tanıyırsan... Qadınlar, qadınlar! Onları kim anlaya bilər? Onların təbəssümləri ilə baxışları arasında təzad vardır, onların sözləri vədlər verir, özlərinə tərəf çəkir, səsləri isə insanı kənara itələyir... gah onlar bizim ən gizli fikrimizi bir dəqiqədə sezirlər, gah da ən aydın işarələri anlamırlar... Budur, məsələn, knyajnanı götürək: dünən onun gözləri mənə dikilərkən ehtiras alovu ilə yanırdı, indi isə onlar tutqun və soyuqdur.

– Bəlkə də bu suların təsirinin nəticəsidir, – deyə cavab verdim.

O nifrətlə:

– Sən hər şeydə mənfi cəhət görürsən... materialist! – dedi və bunu əlavə etdi: – Amma bununla bərabər, gəl materiyanı dəyişək... – Bu sözlərdən sonra o öz şit zarafatından razı qalaraq nəşələndi.

Saat doqquza işlərkən biz birlikdə knyaginyagilə yollandıq.

Veranın pəncərələri yanından keçərkən, onu pəncərənin qabağında gördüm. Biz bir-birimizə ötəri bir nəzər saldıq. Bizdən bir az sonra o da Liqovskilərin qonaq otağına gəldi. Knyaginya məni ona təqdim edərkən, onu öz qohumu adlandırırdı. – Çay içilirdi; qonaq çox idi; söhbət ümumi idi. Mən knyaginyaya xoş gəlməyə çalışır, zarafat edirdim, onu bir neçə dəfə ürəkdən gülməyə məcbur etdim. Knyajna da dəfələrlə qəhqəhə ilə gülmək istəyirdi: lakin qəbul etmiş olduğu roldan çıxmamaq üçün özünü toxdadırdı: onun fikrinə görə dalğınlıq ona yaraşır, – ola bilsin ki, səhv etmir. Mənim şənliyimin ona sirayət etməməsinə Qruşnitski, deyəsən, çox sevinir.

Çaydan sonra hamı zala gəldi.

Mən Veranın yanından keçərkən:

– Mənim itaətkarlığımdan razısanmı, Vera? – dedim.

O mənə məhəbbət və minnətdarlıqla dolu bir nəzər saldı. Bu nəzərlərə mən alışmışam, vaxtilə mən bu nəzərlərdən zövq alardım. Knyaginya, qızını pianino arxasına oturtdu: hamı ondan bir şey oxumasını rica edirdi, mən dinmirdim, bu qarışıqlıqdan istifadə edərək mən Vera ilə bərabər pəncərənin qabağına getdim. Vera mənə bizim hər ikimiz üçün əhəmiyyətli bir şey demək istəyirdi... Nəticədə boş bir şey çıxdı...

Bu aralıq mənim laqeydliyim knyajnanı hiddətləndirmişdi, bunu onun hirsli, parıltılı baxışından sezdim... Ax, mən bu sözsüz, lakin ifadəli, qısa, həm də qüvvətli danışığı təəccüb ediləcək dərəcədə yaxşı anlayıram.

Qız mahnı oxumağa başladı: onun səsi pis deyil, lakin o pis oxuyur... Bir də ki, mən dinləmirdim. Amma onun qarşısında royala dirsəklənmiş Qruşnitski onu gözləri ilə yeyir və dəqiqəbaşı, ona yavaş səslə: “charmant! delicieux!”1 – deyirdi.

Vera mənə:

– Bura bax, – dedi, – ərimlə tanış olmağını istəmirəm, lakin sən knyaginyaya hər halda xoş gəlməlisən: bu sənin üçün asan bir işdir, sən bütün istədiklərini edə bilirsən. Biz yalnız burada görüşəcəyik...

– Yalnız buradamı?..

O qızararaq, sözünə davam etdi:

– Mənim sənə qul olduğumu bilirsən: sənə müqavimət göstərmək heç vaxt mənim əlimdən gəlməmişdir... Bunun üstə də mən cəza çəkəcəyəm: məndən soyuyacaqsan!.. Mən heç olmazsa öz nüfuzumu saxlamaq istəyirəm... Özümdən ötrü yox, sən bunu çox yaxşı bilirsən... Rica edirəm, keçənlərdəki kimi boş şübhələr, saxta laqeydliklərlə

_________________

1 Füsunkar! Cazibəli!

mənə əzab vermə: bəlkə də tezliklə öldüm. Güngündən zəiflədiyimi hiss edirəm... Buna baxmayaraq gələcək həyat haqqında düşünməmək əlimdən gəlmir, yalnız səni düşünürəm. Siz kişilər baxışdan və əl sıxmaqdan alınan zövqün nə olduğunu anlamırsınız... Mən isə sənin canına and içirəm ki, səsini eşidərkən o qədər dərin və qəribə bir zövq duyuram ki, bunu ən qızğın öpüşlər belə verə bilməz.

Bu aralıq knyajna Meri mahnısını kəsdi. Ətrafından tərif səsləri yüksəldi, mən hamıdan sonra ona yanaşaraq, onun səsi haqqında olduqca ehtiyatsız şeylər dedim.

O, alt dodağını irəli verib üz-gözünü büzdü və çox istehzalı bir tərzdə oturdu.

– Bu mənə, bilxassə siz məni heç də dinləmədiyiniz üçün xoşdur, – dedi. – Lakin ola bilər ki, musiqini xoşlamırsınız?..

– Əksinə... Xüsusilə nahardan sonra.

– Qruşnitski sizin ən adi bir zövqə malik olduğunuzu deməkdə haqlıdır... Mən də görürəm ki, siz musiqini qastronomik cəhətdən sevirsiniz...

– Siz yenə səhv edirsiniz. Mən heç də qastronom deyiləm, mədəm çox pisdir. Lakin musiqi nahardan sonra insanı yuxuladır. Nahardan sonra yatmaq isə səhhət üçün xeyirlidir: deməli, musiqini mən tibbi nöqteyi-nəzərdən sevirəm. Axşamlar isə, əksinə, musiqi mənim sinirlərimi həddindən artıq qıdıqlayır: mən ya çox şən, ya da çox qəmgin oluram. İstər birinci, istərsə ikinci sevinmək və ya kədərlənmək üçün müsbət səbəb olmayınca insanı usandırır, burası da vardır ki, məclisdə kədərli olmaq gülünc, həddən artıq şən olmaq ayıbdır.

O, axıra qədər dinləməyərək məndən uzaqlaşdı, gedib Qruşnitskinin yanında oturdu və aralarında sentimental bir söhbət başladı: knyajna özünü elə göstərirdi ki, guya ona diqqətlə qulaq asır, lakin deyəsən, o, Qruşnitskinin ağıllı sözlərinə çox diqqətsiz və yersiz cavablar verirdi: bunu Qruşnitskinin bəzən qıza təəccüblə baxmasından, onun rahatsız nəzərlərində ifadə olunan daxili həyəcanlarının səbəblərini sezməyə çalışmasından duymaq olardı...

Lakin sevimli knyajna, mən sizin niyyətinizi duymuşam. Özünüzü gözləyin! Siz mənimlə eyni surətdə rəftar etmək, mənim izzət-nəfsimə toxunmaq istəyirsiniz, – siz bunu edə bilməyəcəksiniz! Siz mənə müharibə elan etsəniz mən mərhəmətsiz olacağam.

O axşam mən bir neçə dəfə qəsdən onların söhbətinə qarışmağa çalışdımsa, knyajna mənim sözlərimi çox soyuqluqla qarşıladı. Axırda mən saxta bir acıqla oradan getdim. Knyajna sevinirdi: Qruşnitski də sevinirdi. Sevinin, mənim dostlarım, tələsin...

Çünki bu sevinciniz uzun sürməyəcək!.. Nə etməli?.. Mən hər şeyi qabaqcadan hiss edə bilərəm... Bir qadınla tanış olduğum zaman, mən həmişə yanılmadan onun mənim sevib-sevməyəcəyini duyuram...

Axşamın qalan hissəsini mən Vera ilə birlikdə keçirərək keçmiş günlərimiz haqqında onunla doyunca danışdım... Onun məni nə üçün bu qədər sevdiyini doğrusu, özüm də bilmirəm! Hələ burası da var ki, o məni bütün xırda zəifliklərimlə, alçaq ehtiraslarımla birlikdə anlayan yeganə bir qadındır... Görəsən yamanlıq bu qədərmi cəzbedici bir şeydir?..

Qruşnitski ilə birlikdə çıxdıq, küçədə o mənim qoluma girdi və uzun-uzadı bir sükutdan sonra:

– Hə, necədir? – dedi.

Mən ona:

“Sən axmaqsan” demək istədim, lakin özümü saxlayıb çiyinlərimi çəkdim.

29 may

Bütün bu günlərin ərzində mən bir dəfə olsun öz mövqeyimdən geri çəkilmədim. Söhbətim knyajnaya xoş gəlməyə başlamır, həyatımın əcaib təsadüflərindən bəzisini ona söylədim, o məni fövqəladə bir adam saymağa başlayır. Dünyada hər bir şeyi, xüsusi hissləri lağa qoyuram: bu onu hürkütməyə başlayır. O mənim yanımda Qruşnitski ilə sentimental mübahisəyə girişməyə cəsarət etmir və onun davranışlarına bir neçə dəfə istehzalı təbəssümlərlə cavab vermişdir. Lakin Qruşnitski hər dəfə ona yanaşarkən mən mülayim bir tövr alır, onları təklikdə qoyub gedirəm: birinci dəfə qız bundan məmnun idi, ya da belə görünməyə səy edirdi: ikinci dəfə mənə, üçüncü dəfə isə Qruşnitskiyə hirsləndi.

Dünən qız mənə:

– Sizdə izzəti-nəfs çox azdır, – dedi. – Qruşnitski ilə bir yerdə olduğum zaman mənim şən olduğumu nədən zənn edirsiniz?

Mən cavab verdim ki, öz zövqümü dostumun bəxtiyarlığına qurban edirəm.

O, əlavə edərək:

– Mənimkini də, – dedi.

Mən ona diqqətlə baxdıqdan sonra ciddi bir tövr aldım. Sonra bütün günü onunla bir söz də danışmadım... Axşam o, dalğın idi. Bu səhər quyunun yanında daha da dalğın idi. Mən ona yanaşdığım zaman o, fikri dağınıq bir halda Qruşnitskini dinləyirdi. Qruşnitski gərək ki, təbiətin gözəlliyinə heyran qaldığından danışırdı: məni görüncə qız qəhqəhə ilə (heç də yeri deyildi) gülməyə başladı və özünü elə göstərdi ki, guya məni görmür. Mən bir az uzağa çəkilib oğrun-oğrun ona diqqət etməyə başladım: qız üzünü öz müsahibəsindən döndərərək iki dəfə əsnədi. Qruşnitski qəti surətdə onu bezikdirmişdi. Knyajna ilə iki gün daha danışmayacağam.

3 iyun

Mən tez-tez özümdən soruşuram: axı nə səbəbə mən bu qədər inadla gənc bir qızın məhəbbətini qazanmağa çalışıram? Halbuki onu özümə məşuqə etmək istəmirəm və heç bir vaxt onunla evlənməyəcəyəm də! Bu qadın şivələri nəyə lazımdır? – Vera məni, knyajna Merinin bir zaman sevə biləcəyindən daha çox sevir: o mənə məğlub edilə bilməyəcək bir gözlə görünsəydi bəlkə də bu təşəbbüsün çətinliyindən şövqə gələ bilərdim.

Lakin belə bir şey kökündən yox idi. Deməli bu, gəncliyin o ilk illərində bizə əzab verən, axırda bizdən zəhləsi gedən bir qadın tapana qədər bizi bir qadından digərinə sürükləyən rahatsız məhəbbət ehtiyacı deyildir: biz bir qadına daimi sədaqət göstərdiyimiz zamandan həqiqi intəhasız ehtiras başlanır: bunu matematik nöqteyi-nəzərdən fəzaya düşən bir cizgi ilə ifadə etmək olar, bu intəhasızlığın sirri yalnız məqsədə, yəni sona çatmağın qeyri-mümkün olmasındadır.

Bəs nə səbəbə mən, belə əl-ayağa düşmüşəm? Qruşnitskiyə həsəd apardığımdanmı? Yazıq! O heç də buna layiq deyil. Yoxsa, bu, yaxın adamlarımızın şirin xatirələri məhv etməyə bizi məcbur edən həmin çirkin, lakin məğlubedilməz hissin nəticəsidir ki, onlar ümidsizlik içində nəyə inanmalı olduqlarını bizdən soruşanda biz də kiçik bir zövq almaq üçün cavab verək:

– Dostum, eyni iş mənim də başıma gəlmişdi! Amma bununla bərabər siz görürsünüz ki, naharımı və şamamı rahatca yeyir, rahatca da yatıram: həm bağırtı salmadan, göz yaşı tökmədən öləcəyimə ümid edirəm.

Onu deyim ki, təzəcə çiçəklənən gənc bir qəlbə yiyələnməkdə də intəhasız bir zövq vardır! Bu qəlbin ən gözəl rayihəsi günəşin ilk şüasına doğru saçılmaqda olan bir çiçəkdir: onu bu dəqiqədə qoparmaq və doyunca iylədikdən sonra yola atmaq lazımdır: bəlkə yoldan keçənin biri qaldırdı. Mən, doymaq bilməyən və yolu üzərində rast gəldiyini udan bu tamahkarlığı özümdə hiss etməkdəyəm, mən başqalarının əzab və sevincinə yalnız öz xatirim üçün, mənim ruhi qüvvəmə qida verən bir şey kimi baxıram. Özüm isə ehtiras təsiri altında çılğınlıq etməyə artıq iqtidarlı deyiləm. Şöhrətpərəstliyimi mühit əzmişdirsə də indi o başqa bir şəkildə meydana çıxmışdır: çünki şöhrətpərəstlik hakimlik etmək arzusundan başqa bir şey deyildir, ən böyük zövqüm isə məni əhatə edənlərin hamısını iradəmə boyun əydirməkdir. Özünə qarşı başqasında məhəbbət, sədaqət və qorxu hissi oyatmaq – hakimliyin ən birinci əlaməti və onun qalibiyyət təntənəsi deyilmidir? Heç bir müsbət haqqa malik olmadığın halda, birinin əzab və sevincinə səbəb olmaq qürurumuz üçün ən şirin bir qida deyildirmi? Bəs bəxtiyarlıq nə deməkdir? Bu, gözü tox məğrurluqdur. Mən özümü dünyada hamıdan yaxşı, qüdrətli hesab etsəydim, bəxtiyar olardım: əgər hamı məni sevsəydi mən öz-özümdə intəhasız sevgi çeşməsi tapardım. Yamanlıq, yamanlıq doğurur. İlk iztirab özgəyə əzab vermək zövqü haqqında fikir doğurur: yamanlığı tətbiq etmək arzusu doğmamış, yamanlıq ideyası insanın başına girə bilməz. Kim isə demiş ki, ideyalar – orqanik məxluqdur: onların doğuluşu onlara müəyyən şəkil vermiş olur, bu şəkil isə hərəkətdir: başında ən çox ideya doğulmuş olan adam başqalarından daha çox fəaliyyət göstərir: buna görə qüdrətli vücuda malik bir adam oturaq həyat keçirdiyi və təvazökar bir əxlaqla yaşadığı vaxt qəflətən yıxılıb öldüyü kimi məmurluq stoluna bağlanmış dahi ya ölməli, ya da dəli olmalıdır.

Ehtiraslar ibtidai inkişaf dövrü keçirən ideyalardan başqa bir şey deyildir, onlar qəlbin gəncliyinə aid şeylərdir: bütün ömrünü ehtirasların təsiri altında həyalanmaq fikrində olanlar axmaqdırlar, bir çox lal axan çaylar öz məcrasını gurultulu şəlalələrdən götürür: ancaq bunların heç biri dənizə çatıncaya qədər qıjıltı ilə axıb köpüklənmir. Lakin bu sakitlik çox vaxt gizli olsa da böyük bir qüvvətin əlamətidir, hiss və fikirlərin mükəmməlliyi və dərinliyi cılğın ehtirasa yol vermir: könül zövq alarkən və əzab çəkərkən bunun hamısını ciddi bir surətdə mülahizəyə alır və inanır ki, bunların hamısı elə-belə də olmalıdır. Könül bilir ki, tufanlar olmasa günəşin daimi bürküsü onu qurudar: o, ciddi surətdə özünü sevimli bir uşaq kimi nazlandırır da, cəzalandırır da. Allahın ədalətini insan yalnız öz-özünə dərketmənin belə yüksək dərəcəsində təqdir edə bilər.

Bu səhifəni gözdən keçirərkən öz mövzumdan çox uzaqlaşdığımı sezirəm. Lakin, nə eybi var?.. Bu gündəliyi mən özümdən ötrü yazıram, ona görə də burada qeyd edəcəyim hər şey vaxtilə mənim üçün qiymətli bir xatirat olacaqdır. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

Qruşnitski gəldi, mənim boynumu qucaqladı, – o zabit rütbəsi almışdır, şampanski içdik, ondan sonra Verner də daxil oldu.

O, Qruşnitskiyə:

– Mən sizi təbrik etmirəm, – dedi.

– Nə üçün?

– Çünki soldat şineli sizə çox yaraşır və etiraf etməlisiniz ki, burada, sularda tikilən piyada ordu mundiri sizin üçün maraqlı bir hadisəyə səbəb olmayacaqdır... Bilirsiniz, indiyə qədər siz bir istisna təşkil edirdiniz, indi isə ümumən tətbiq edilən bir ölçü ilə ölçüləcəksiniz.

– Danışın, istədiyiniz qədər danışın, doktor! Siz mənim sevincimə mane olmayacaqsınız, – deyə Qruşnitski qulağıma pıçıldadı: – epoletlərin mənə nə qədər ümid verdiyini o bilmir. Ax, epoletlər, epoletlər! Sizin ulduzcuqlarınız yol göstərici ulduzcuqlardır... Yox! Mən indi tamamilə bəxtiyaram.

Mən ondan:

– Sən bizimlə uçuruma gəzməyə gedirsənmi? – deyə soruşdum.

– Mən? Mundir hazır olmayınca mən heç bir vəchlə knyajnanın gözünə görünməyəcəyəm.

– Sənin sevincini ona xəbər verməyi əmr edirmisən?..

– Yox, rica edirəm, demə... Mən onu heyrətləndirmək istəyirəm...

– Bircə mənə de görüm, onunla işləriniz nə yerdədir? – O özünü itirib fikrə daldı: lovğalanmaq, yalan söyləmək arzusunda idi, – lakin bunu etməkdən utanırdı, eyni zamanda həqiqəti etiraf etmək də eybinə gəlirdi.

– Zənnincə o, səni sevirmi?..

– Sevirmi? Aman, Peçorin yaman da qanan adamsan, ha! Bu tezliklə belə şey olarmı? Bir də, tutaq ki, o, sevir, ismətli qadın bunu heç deyərmi?

– Yaxşı! Yəqin, sənin fikrincə, namuslu bir adam öz ehtirasını bildirməməlidir?

– Eh, qardaşım, hər şeyin öz qaydası vardır, bir çox şeyi söyləməzlər, onlar öz-özündən başa düşülər.

– Bu doğrudur.. Ancaq bizim, gözlərdə oxuduğumuz sevgi qadının boynuna heç bir vəzifə qoya bilməz, – lakin söz... Özünü gözlə, Qruşnitski, o səni aldadır...

– Omu? – Bunu deyərək o, gözlərini göyə qaldırıb xudkamlıqla gülümsədi. – Sənə yazığım gəlir. Peçorin!..

O çıxıb getdi.

Axşam böyük bir izdiham piyada, uçuruma tərəf getdi.

Yerli alimlərin rəyinə görə bu uçurum sönmüş vulkan ağzından başqa bir şey deyil, uçurum Maşukun yamacında, şəhərin bir verstliyindədir. Oraya çıxmaq üçün kol-kos və qayaların arasından keçən dar cığırla getmək lazımdır: yoxuşu çıxarkən, mən əlimi knyajnaya verdim və o, gəzintinin axırına qədər əlimi buraxmadı.

Söhbətimiz qeybətlə başlandı: mən bizim orada olan və olmayan tanışlarımızı bir-bir sadalamağa başladım, əvvəlcə onların gülünc, sonra isə mənfi cəhətlərini göstərdim. Mən qızışmışdım. Zarafatla başladığım söhbəti ürəkdən gələn bir kinlə bitirdim. Bu, əvvəlcə onu əyləndirirdi, sonra isə qorxutdu.

O mənə:

– Siz qorxulu adamsınız! – dedi. – Mən sizin dilinizə düşməkdənsə meşədə qatil bıçağı ilə ölməyə razıyam... Mən sizdən, zarafatsız, bir şey rica edirəm: mənim yamanlığımdan danışmaq niyyətinə düşdüyünüz zaman, bıçağı götürüb məni doğrasanız yaxşıdır, bu, zənnimcə, sizin üçün o qədər də çətin bir iş olmaz.

– Mən qatilə bənzəyirəmmi?..

– Qatildən də yamansınız...

Bir dəqiqəlik fikrə daldıqdan sonra, çox mütəəssir bir tövr alaraq dedim:

– Bəli, ta uşaqlığımdan mənim taleyim belə olmuşdur! Hamı mənim üzümdə pis xasiyyətlərin əlamətlərini görürdü. Halbuki məndə belə şeylər yox idi, onların məndə olduğunu fərz edirdilər, – onlar da məndə əmələ gəldi. Mən təvazökar idim. – Məni hiyləgərlikdə müqəssir tuturdular; mən də qapalı adam olmağa başladım. Mən yaxşı ilə yamanı dərindən hiss edirdim: heç kəs mənə oxşamır, hamı məni təhqir edirdi: kinli, qaşqabaqlı olmağa başladım, başqa uşaqlar isə şən və lağlağı idilər: mən özümü onlardan yüksək hiss edirdim, – məni onlardan aşağı tuturdular: ona görə də paxıl oldum. Mən bütün aləmi sevməyə hazır idim, – kimsə məni anlamadı: ona görə mən də hamını sevməməyi öyrəndim. Mənim solğun gəncliyim özümlə, yüksək cəmiyyətlə mübarizədə keçdi, istehzadan qorxaraq duyğularımın ən gözəllərini qəlbimin dərinliklərində gizlətdim: bu hisslər oradaca öldü. Mən doğru danışırdım-inanmırdılar: aldatmağa başladım. Yüksək cəmiyyəti yaxşı tanıdıqdan və cəmiyyətin sirlərini öyrəndikdən sonra, həyat təcrübəsində məharət qazandım və yorulmadan əldə etməyə çalışdığım mənfəətlərdən başqalarının necə müftəcə istifadə etdiyini və heç bir hünərə malik olmadan bəxtiyar olduqlarını gördüm. Onda qəlbimdə ümidsizlik doğdu, bu, tapanca lüləsi ilə müalicə edilən ümidsizlik deyil, mehribanlıq və yaxşı təbəssümlə pərdələnmiş soyuq, gücsüz bir ümidsizlik idi. Mənəvi cəhətcə şikəst oldum: könlümün bir yarısı yaşamırdı, o qurumuş, buxarlanmış, havaya qalxıb yox olmuşdu, mən onu kəsib atmışdım, – halbuki o biri yarısı tərpənir və hər kəsə xidmət etmək üçün yaşayırdı. Bunu isə kimsə sezməzdi: çünki onun məhv olmuş yarısından heç kəsin xəbəri yox idi. Lakin siz indi könlüm haqqındakı xatirələrimi oyatdınız və mən sizə onun lövhəsində yazılanları oxudum. Çoxları üçün ümumiyyətlə bütün yazılı daşlar gülünc görünür, mənə isə, bilxassə onların altında gizlənənləri xatirə gətirdiyim zaman bu heç də gülünc görünmür. Bir də mənim rəyimə şərik olmağı mən sizdən rica etmirəm. Mənim hərəkətim sizə gülünc görünürsə, rica edirəm: gülün, bunun məni kədərləndirməyəcəyini sizə əvvəlcədən xəbər verirəm.

Bu zaman gözlərim onun gözlərinə sataşdı, – onlardan yaş axırdı; mənim qoluma söykənən qolu titrəyirdi, yanaqları yanırdı, onun mənə yazığı gəlirdi! Qadınların bu qədər asanlıqla qapıldığı təəssüf hissi öz caynaqlarını onun təcrübəsiz qəlbinə batırmışdı. Gəzintinin axırına qədər onun fikri dağınıq idi, heç kəsə də nazlanmırdı – bu isə böyük bir əlamət idi!

Gəlib uçuruma çatdıq: qadınlar öz kavalerlərindən ayrıldılarsa da, o mənim qolumu buraxmırdı. Buranın şıqlarının məzəli sözləri onu güldürmürdü, kənarında durduğu uçurumun müdhiş dərinliyi onu qorxutmurdu, halbuki başqa qızlar çığırışaraq əlləri ilə gözlərini örtürdülər.

Geri qayıdarkən mən kədərli söhbətimizə artıq davam etmədim, lakin boş sual və zarafatlarıma o, qısa və pərişanlıqla cavab verirdi.

Axırda mən ondan:

– Heç bir adamı sevibsinizmi? – deyə soruşdum.

O, diqqətlə mənə baxaraq başını buladı, yenidən fikrə daldı, onun nə isə demək arzusunda olduğu, lakin nədən başlamaq lazım gəldiyini bilmədiyi aşkar idi, köksü qalxıb enirdi... Nə etməli! Kisəyi paltarının qolu zəif bir müdafiə vasitəsi olduğundan mənim qolumdan onun qoluna zəif bir elektrik cərəyanı keçirdi: bütün ehtiraslar da, demək olar ki, beləcə başlanır və qadınların cismani və ya mənəvi ləyaqətimizə görə sevdiklərini zənn edərək, çox vaxt öz-özümüzü şiddətlə aldadırıq, əlbəttə bunlar qadın qəlbini, müqəddəs atəşi qəbul etmək üçün hazırlayır, lakin yenə də işi qət edən birinci əlamət təmasdır.

Biz gəzintidən qayıtdıqdan sonra knyajna güclə gülümsəyərək:

– Mən bu gün çox mehriban idim, elə deyilmi? – deyə soruşdu.

Biz ayrıldıq.

Knyajna özündən narazıdır; o özünü soyuqqanlı olmaqda ittiham edir... Aha, bu ilk və başlıca qələbədir! Sabah bunun əvəzini çıxmaq arzusuna düşəcək. Mən bütün bunları artıq əzbər bilirəm – bax, qüssə gətirən də elə budur!

4 iyun

Bu gün Veranı gördüm. O öz qısqanclığı ilə məni lap cana gətirmişdi. Deyəsən knyajna öz qəlbinin sirlərini ona açmaq xəyalına düşmüşdür: yaxşı adam seçmiş olduğunu etiraf etmək lazımdır.

Vera mənə deyirdi:

– Bütün bunların mənasını mən başa düşürəm, mənə onu sevdiyini indi desən, daha yaxşıdır?

– Əgər mən onu sevmirəmsə?

– Elə isə onu izləmək, narahat etmək, təsəvvürlərini həyəcanlandırmaq nəyə lazımdır?.. A, mən səni yaxşı tanıyıram! Mənə bax, əgər istəyirsənsə mən sənə inanım, onda, bir həftədən sonra Kislovodska gəl! Birigün biz oraya köçürük. Knyaginya burada hələ bir az da qalacaq. Bizim mənzilimizə yaxın bir mənzil tut, biz çeşmə yanındakı böyük evin üst mərtəbəsində olacağıq, aşağıda knyaginya Liqovskaya olacaq. Bu evin yanında haman ev yiyəsinin bir evi də var, hələ tutulmamışdır... Gələcəksənmi?

Mən söz verdim və haman gün o evi kirələmək üçün adam göndərdim.

Axşam saat altıda Qruşnitski yanıma gəlib mundirinin sabah hazır olacağını elan etdi; elə sabah da bal olacaqdır.

– Axır ki, bütün axşamı onunla oynayacağam... doyunca söhbət edəcəyəm, – dedi.

– Bəs bal nə vaxt olacaq?

– Sabah olacaq! Məgər bilmirsən? Böyük bayram olduğuna görə buranın hökumət adamları bal düzəltmək istəyiblər...

– Gedək bulvara...

– Heç bir vəchlə, bu mənfur şineldəmi?..

– Yoxsa bu şineli gözdən saldın?..

Mən tək getdim, knyajna Meriyə rast gələrək onu mazurkaya dəvət etdim, o, təəccüblənən və sevinən kimi oldu.

Çox mehribanlıqla gülümsəyərək:

– Mən elə zənn edirdim ki, – dedi, – siz keçən dəfəki kimi yalnız lazım olanda rəqs edirsiniz.

Knyajna deyəsən Qruşnitskinin burada olmadığını əsla sezmirdi.

– Siz sabah xoş bir surətdə təəccüblənəcəksiniz, – dedim.

– Nədən?

– Bu bir sirdir... balda özünüz duyarsınız...

Axşamı mən knyajnanın evində keçirdim: Veradan, bir də çox məzəli bir qocadan başqa qonaq yox idi. Mən nəşəli idim, cürbəcür xariqüladə vaqiələr nağıl edirdim; knyajna qabağımda oturmuşdu və söylədiyim səfsəfələri o qədər dərin, gərgin və hətta incə bir diqqətlə dinləyirdi ki, mən xəcalət çəkməyə başladım. Bəs ondakı vəcd, naz və qəmzə, onun nadincliyi, özünü sərt göstərməsi, saymazca təbəssümü, pərişan baxışları hanı?..

Bütün bunları Vera hiss etmişdi, onun solğun üzündə dərin bir qüssə sezilirdi, pəncərənin yanında geniş kresloya quylanaraq kölgədə oturmuşdu... Mənim ona yazığım gəldi...

Belə olduqda mən bizim onunla tanış olmamızın və sevişməmizin bütün dramatik təfsilatını söz yox ki, saxta adlar işlədərək nağıl etdim.

Öz riqqətimi, nigarançılığımı, sevinclərimi o qədər canlı təsvir etdim, onun hərəkətlərini, xarakterini elə rövnəqli bir tərzdə tərif etdim ki, o mənim knyajna ilə eşqbazlığımı ixtiyarsız olaraq bağışlamalı oldu.

Vera da qalxıb bizim yanımızda oturdu, nəşələndi... biz həkimlərin saat on birdə yatmağı tövsiyə etdiklərini yalnız saat ikidə xatırladıq.

5 iyun

Bala yarım saat qalmış Qruşnitski yanıma gəldi. Onun əynindəki piyada ordu mundiri par-par parıldayırdı. Üçüncü düyməyə bir bürünc zəncir keçirilmişdi, zəncirdən də iki gözlü lornet asılı idi. Həddindən böyük olan epoletləri sevgi mələyinin qanadları kimi yuxarıya doğru diklənmişdi; çəkmələri cırıldayırdı, qəhvəyi rəngli əlcəkləri ilə furajkasını sol əlində tutmuşdu, sağ əli ilə də dəqiqəbaşı xırda qıvrım tellərini yuxarıya tumarlayırdı. Onun üzü xudkamlıq və eyni zamanda bir növ etimadsızlıq ifadə edirdi; qəhqəhə ilə gülmək mənim niyyətlərimə uyğun olsa idi, onun təntənəli görünüşü və lovğa yerişi məni gülməyə məcbur edərdi.

O, vurajka ilə əlcəklərini stolun üstünə ataraq, ətəklərini çəkməyə və güzgü qabağında özünü düzəltməyə başladı; az qala tüklü çənəsinə dəyən həddindən uca boyunluğuna çox böyük və qara bir yaylıq sarınmışdı. Yaylıq iki santimetr qədər boyunluğundan bayıra çıxmışdı: bu ona az görünürmüş kimi yaylığı çəkib qulaqlarına qədər qaldırdı, bu çətin işdən (çunki mundirin boynu, çox dar olduğu üçün sıxırdı) onun üzü qıpqırmızı qızardı.

Qruşnitski mənə baxmadan və xeyli etinasızlıqla dedi:

– Deyilənlərə görə, sən bu günlər mənim knyajnamın dalınca çox düşmüsən?

Onun cavabında:

– Biz axmaqlar çay içməyi nə bacarırıq! – dedim və beləliklə keçmiş zamanda Puşkin tərəfindən tərənnüm edilmiş ən hiyləgər əyyaşlardan birinin sevdiyi məsəli təkrar etdim.

– Bircə de görüm, mundir mənə yaxşımı yaraşır?.. Lənətə gəlmiş... qoltuğumun altını elə sıxır ki!.. Səndə heç ətir var?

– Əzizim, sənə daha ətir nə lazımdır? Səndən onsuz da qızıl gül yağı qoxusu gəlir...

– Eybi yoxdur, bura ver görüm!..

Yarım şüşə ətri yaxasından içəriyə, dəsmalına və qollarına tökdü.

– Sən rəqs edəcəksənmi? – deyə soruşdu.

– Zənn etmirəm.

– Qorxuram ki, knyajna ilə mazurkadan başlamalı olum, halbuki mən demək olar ki, fiqurlardan birini də bilmirəm.

– Sən onu mazurkaya dəvət etmisənmi?

– Hələ yox...

– Gözlə səndən əvvəl dəvət etməsinlər...

Qruşnitski əli ilə alnına vuraraq:

– Doğrudur, ha! –dedi. – Salamat qal... Gedib onu qapının ağzında gözləyəcəyəm. – O, furajkasını qaparaq qaçdı.

Yarım saat sonra mən də getdim. Küçə qaranlıq və bomboş idi; camaat klubun, ya meyxananın – nə istəyirsiniz deyin – ətrafına toplanmışdı, oranın pəncərələrindən işıq gəlirdi. Axşam küləyi polk musiqisinin səsini mənə tərəf gətirirdi. Yavaş-yavaş gedirdim; qüssəli idim... Başqalarının ümidini qırmaq – yer üzündə mənim üçün yeganə bir vəzifədirmi? – deyə düşünürdüm. Mən yaşamağa və fəaliyyət göstərməyə başladığım gündən bəri, tale, nədənsə, hər zaman məni özgələrinin faciəsinə nəticə vurmağa məcbur etmişdir. Sanki mənsiz heç kəs nə ölə bilərmiş, nə də ümidsizliyə mübtəla olarmış! Mən tamaşanın beşinci pərdəsi üçün ən lazımlı bir sima idim; ixtiyarsız olaraq miskin bir cəllad və ya bir xain rolu oynayırdım. Bunu belə yazmaqda taleyin məqsədi nə idi? Yoxsa mən onun tərəfindən meşşan faciələri və ailə romanları yazmaq üçün ya da məsələn: “Biblioteki dlya çteniya”1 jurnalına hekayə verən adamlarla əməkdaş olmaq üçünmü təyin edilmişəm? Haradan bilmək olar?.. Yaşamağa başlarkən həyatını Böyük İskəndər və ya lord Bayron kimi qurtarmaq niyyətində olub, bütün ömrü boyu titulyar müşavirəçi olaraq qalan adamlar azdırmı?..

Zala girdikdən sonra mən kişilərin içində gizlənərək müşahidəyə başladım. Qruşnitski knyajnanın yanında dayanıb, böyük bir coşqun-luqla ona bəzi şeylər söyləyirdi, knyajna onu fikri dağınıq halda dinləyir, yelpiyi dodağının yanında tutaraq o tərəf-bu tərəfə baxırdı, üzündə səbirsizlik əlaməti görünürdü, gözləri də ətrafda kimi isə axtarırdı; onların söhbətinə qulaq asmaq üçün arxadan yavaşca yanaşdım.

Qruşnitski deyirdi:

– Knyajna, siz mənə əzab verirsiniz! Mən sizi görmədiyim gündən bəri müdhiş bir surətdə dəyişmişsiniz...

Knyajna ona ötəri bir nəzər ataraq:

– Siz də dəyişmişsiniz, – dedisə də, Qruşnitski bu nəzərdəki gizli istehzanı sezməyi bacarmır.

– Mən?.. Mən dəyişmişəm?.. Axı, heç bir zaman! Siz bilirsiniz ki, bu mümkün şey deyildir! Sizi bircə dəfə görənin qəlbində sizin ilahi surətiniz ədəbi yaşayır.

_________________

1 1834-cü ildə Peterburqda çıxan aylıq kütləvi jurnal.

– Bəsdir...

– Axı nə üçün siz bu yaxınlaradək bu qədər tez-tez və həvəslə dinlədiklərinizi indi artıq dinləmək istəmirsiniz?..

Knyajna gülərək:

– Çünki mən təkrarı sevmirəm, – deyə cavab verdi.

– Ax, mən böyük bir səhv etmişəm!.. Mən dəli elə zənn etmişəm ki, heç olmazsa bu epoletlər mənə bir az ümid bəsləmək haqqı verəcək... Yox, mən əbədi olaraq o mənhus əsgər şinelində qalsaydım, daha yaxşı olardı. Sizin göstərdiyiniz diqqət üçün mən, bəlkə də o şinelə minnətdaram...

– Doğrudan da, şinel sizə daha çox yaraşır...

Bu zaman mən yanaşaraq knyajnaya baş əydim; o bir az qızararaq cəld dedi:

– Boz şinelin müsyö Qruşnitskiyə daha çox yaraşdığı doğru deyilmi, müsyö Peçorin?..

– Mən sizin rəyinizə şərik deyiləm, – deyə cavab verdim, – mundirdə o daha gənc görünür.

Qruşnitski bu zərbəyə tab gətirə bilmədi: bütün uşaqlar kimi o da qocalmaq arzusundadır; o elə zənn edir ki, üzündəki dərin ehtiras hissləri yaşının əlamətlərini əvəz edir. Qruşnitski mənə çılğın bir nəzər ataraq, ayaqlarını yerə vura-vura kənara çəkildi.

Knyajnaya dedim:

– Onun həmişə çox gülünc bir adam olduğuna baxmayaraq boz şineldə sizə bu yaxınlara qədər... gözəl göründüyünü etiraf edirsinizmi?

Qız gözlərini aşağı salıb cavab vermədi.

Qruşnitski bütün axşamı knyajnanı hər yerdə izləyirdi: ya onunla rəqs edir, ya da vis-a-vis oynayırdı; o, knyajnanı gözləri ilə yeyir, ah çəkir, yalvarış və töhmətlərlə onun zəhləsini tökürdü. Üçüncü kadrildən sonra knyajna ona daha nifrət edirdi.

Qruşnitski mənə yapışıb qolumdan tutaraq:

– Mən bunu səndən gözləmirdim, – dedi.

– Nəyi?

Təntənəli bir səslə soruşdu:

– Sən onunla mazurka oynayacaqsan? – Mənə özü dedi ki..

– Yaxşı, nə olsun? Bu gizlin işdirmi?

– Məlumdur... Mən bu qızdan... bu şivəli qızdan bunu gözləməli idim... Mən ondan intiqam alaram!

– Öz şinelindən, ya öz epoletindən küs, daha onu nə üçün günahkar tutursan? O səni daha bəyənmirsə, günahmı etmiş olur?

– Bəs nə üçün ümid verirdi?

– Sən niyə ona ümid olurdun? Bir şeyi arzu etmək, onu əldə etməyə çalışmaq-təbii bir işdir, lakin kim buna ümid olur?

– Sən mərci uddun, amma tamamilə yox, – deyə o, acıqlı-acıqlı gülümsədi.

Mazurka başlandı. Qruşnitski bircə knyajnanı seçirdi, başqa kavalerlər də dəqiqəbaşı onu seçirdilər: bu açıqdan-açığa mənə qarşı düzəlmiş bir sui-qəsd idi. Bu mənim üçün daha xeyirlidir: knyajna mənimlə danışmaq istəyir, ona mane olurlar, onun bu arzusu birə iki artacaqdır.

Mən iki dəfə onun əlini sıxdım, ikinci dəfəsində o bir söz belə demədən əlini geri çəkdi.

Mazurka qurtardıqdan sonra mənə:

– Mən bu gecəni yaxşı yata bilməyəcəyəm, – dedi.

– Bunun səbəbi Qruşnitskidir.

– Ah, yox! – dedi və onun üzü o qədər dalğın, o qədər məyus görünüş aldı ki, mən bu axşam mütləq onun əlini öpməyi özümə söz verdim.

Camaat dağılmağa başladı. Knyajna karetaya oturduqdan sonra, mən cəld onun kiçicik əlini dodaqlarıma sıxdım. Qaranlıq olduğundan bunu kimsə görə bilməzdi.

Mən özümdən məmnun halda zala qayıtdım.

Böyük stol başında gənclər axşam yeməyinə oturmuşdular. Qruşnitski də onların arasında idi. Mən içəri girdiyim zaman hamı səsini kəsdi: görünür ki, məndən danışırdılar. Çoxları, xüsusilə draqun kapitanı, keçən baldan bəri mənə kin bəsləməkdədir. İndi isə, deyəsən, Qruşnitskinin komandası altında mənim əleyhimə qəti surətdə düşmən dəstəsi düzəltməkdədir. Qruşnitskinin görkəmi o qədər cəsur və mütəkkəbdir ki...

Çox məmnunam: mən bir xristiana layiq olmasa da, düşmənlərimi sevirəm. Onlar məni əyləndirir, qanımı coşdururlar. həmişə gözdə qulaqda olmaq, hər bir baxışın, hər bir sözün mənasını sezmək, niyyətləri duymaq, sui-qəsdləri pozmaq, özünü aldanmış kimi göstərmək, hiylə və pis niyyətlərdən qurulmuş çox böyük bir binanı birdən-birə təkanla vurub yıxmaq – bax, həyat mən buna deyirəm.

Axşam yeməyinin axırına qədər Qruşnitski draqun kapitanı ilə pıçıldaşır və gözləşirdi.

6 iyun

Bu gün səhər Vera əri ilə bərabər Kislovodska yola düşdü. Mən knyaginya Liqovskayagilə gedərkən onların karetasına rast gəldim. O mənə başı ilə işarə elədi: nəzərindən töhmət sezilirdi.

Günahkar kimdir? O nə üçün mənə onunla təklikdə görüşməyə imkan yaratmaq istəmir? Sevgi də atəş kimidir, – qidasız sönər. Mənim yalvarışlarımın edə bilmədikləri şeyi bəlkə qısqanclıq edəcəkdir.

Mən knyaginyagildə düz bir saat oturdum. Meri görünmədi, xəstədir. Axşam bulvara da gəlməmişdi. Yeni təşkil edilmiş dəstə, əllərində lornet, doğrudan da təhlükəli bir şəkil almışdı. Knyajnanın xəstələnməsindən məmnunam! Yox onlar knyajnanın haqqında bir tərbiyəsizlik edə bilərdilər. Qruşnitskinin saçları qarmaqarışıq, görünüşü məyusdur, deyəsən o, həqiqətən kədərlənmişdir, xüsusilə onun izzəti-nəfsi təhqir edilmişdir, lakin bəzi adamlar var ki, onların məyusluğu da məzəlidir!..

Evə qayıtdıqda özümdə bir məhrumiyyət hiss etdim. Onu görmədim! O xəstədir! Görəsən aşiq olmamışam ki? Nə boş fikirdir!

7 iyun

Səhər saat on birdə, knyaginya Liqovskaya hər gün Yermolovski vannasında tərlədiyi saatda, mən onun evinin yanından keçirdim. Knyajna pəncərə yanında dalğınca oturmuşdu: məni görüncə ayağa qalxdı.

Mən dəhlizə girdim; kimsə yoxdu. Buna görə də mən, buradakı azadlıq adətlərinin azaldığından istifadə edərək xəbər vermədən qonaq otağına keçdim.

Knyajnanın qəşəng üzünü donuq bir solğunluq bürümüşdü. O bir əli ilə kresloya söykənərək fortepianonun yanında durmuşdu; bu əli azacıq titrəyirdi, mən yavaşca ona yanaşaraq:

– Sizin mənə acığınızmı tutur? – dedim.

Qız yumşaq və dərin bir baxışla mənə baxaraq başını buladı; dodaqları nə isə söyləmək istədisə də, deyə bilmədi; gözləri yaşla doldu, kresloya düşərək üzünü əlləri ilə örtdü.

Onun əlini əlimə alaraq:

– Sizə nə olmuşdur? – dedim.

– Siz mənə hörmət etmirsiniz!.. Ah, məndən kənar olun!

Mən bir neçə addım kənara çəkildim... O, dik qalxdı, gözləri parıldadı...

Mən qapının dəstəyindən tutaraq dayandım və:

– Məni bağışlayın, knyajna! – dedim. Mən sizinlə bir ağılsız kimi rəftar etdim... İkinci dəfə belə etmərəm: mən öz tədbirlərimi görərəm... İndiyə qədər mənim qəlbimdə olub keçən şeyləri sizin bilməniz nəyə lazımdır? Siz onu heç vaxt bilməyəcəksiniz, bu sizin üçün daha yaxşıdır. Salamat qalın.

Çıxarkən qulaqlarıma, deyəsən onun ağlamaq səsi gəldi.

Mən axşama qədər Maşukun ətrafında piyada veylləndim, çox yoruldum, evə qayıtdıqda tamamilə yorğun bir halda yatağa düşdüm.

Verner yanıma gəldi.

– Sizin knyajna Liqovskaya ilə evlənmək istədiyiniz doğrudurmu? – deyə soruşdu.

– Necə, nə olub ki?

– Bütün şəhər bunu söyləməkdədir, mənim xəstələrimin hamısı bu mühüm xəbərlə məşğuldur, xəstələr qəribə insanlardır: hər şeyi bilirlər!

“Bu, Qruşnitskinin fırıldağıdır” – deyə fikirləşdim.

– Doktor, bu xəbərin yalan olduğunu sizə isbat etmək üçün öz aramızda qalmaq şərtilə sabah Kislovodska köçəcəyimi sizə bildirirəm.

– Knyajnadamı ora köçür?..

– Yox, o burada bir həftə daha qalacaqdır...

– Deməli siz evlənmirsiniz?..

– Doktor, doktor! Bir mənə baxın: heç mənim nişanlıya və ya ona bənzər bir şeyə oxşarım varmı?

– Mən, oxşayırsınız demirəm... Lakin bilirsiniz, bəzi ittifaqlarda... – burada o hiylə ilə gülümsədi, – nəcib adamlar evlənmək məcburiyyətində olurlar və bu ittifaqların qarşısını almaq istəyən anacıqlar vardır. Xülasə, mən bir dost kimi sizə bir az ehtiyatlı olmağı tövsiyə edirəm. Burada suların havası çox qorxuludur: gözəl bəxtiyarlığa layiq olan bir çox gözəl gənclər görmüşəm ki, buradan evlənmiş getmişlər... İnanmırsınız, hətta məni belə evləndirmək istəyirdilər! Bunu istəyən də qəzadan gəlmiş solğun bir qızın anası idi. Bədbəxtlikdən, bir dəfə mən ona dedim ki, qızının üzünün rəngi ərə getdikdən sonra yaxşılaşacaqdır, bunu dedikdə o, gözlərindən minnətdarlıq yaşları axıda-axıda qızının izdivacı ilə bərabər onun bütün sərvətini mənə təklif etdi, sərvəti gərək ki, əlli nəfər təhkimlidən ibarət idi. Lakin mən belə bir işi bacara bilməyəcəyimi söylədim...

Verner məni xəbərdar etdiyinə tamamilə əmin bir halda çıxıb getdi.

Onun sözlərindən anladım ki, knyajna ilə mənim haqqımda şəhərdə cürbəcür pis şayələr buraxılmışdır. Qruşnitskiyə bunlar baha oturacaqdır!

10 iyun

Budur, üç gündür ki, mən Kislovodskdayam. Hər gün Veranı quyunun yanında və gəzintidə görürəm. Səhərlər yuxudan durub pəncərənin qabağında oturur və lorneti onun balkonuna tuşlayıram, o çoxdan geyinmiş və mənim işarəmi gözləyir, biz, sanki təsadüfən bağda görüşürük, bağ bizim evlərdən quyuya doğru enir. İnsana can verən dağ havası onun qüvvəsini özünə qaytarmış, rəngi açılmışdır. Narzana havayı yerə pəhləvan çeşmə demirlər. Buranın əhalisi təsdiq edir ki, Kislovodskın havası insanı sevgiyə meylləndirir, həm də vaxtında Maşukun yamacında başlanan bütün romanlar burada nəticəyə çatır. Doğrudan da burada hər şey tənhalıq qoxusu verir. Burada şırıltı ilə qayadan qayaya tökülərək köpüklənən və yaşıl dağların arasında özünə yol açan seylabın üzərinə əyilmiş qovaq xiyabanlarının qalın kölgələri də, qollarını buradan hər tərəfə gərərək sükut və zülmətlə örtülü dərələr də, uca cənub otlarından və ağ akasiyalardan qalxan rütubətdən ağırlaşmış ətirli havanın təzəliyi də, dərənin axırında bir-birinə qovuşaraq irəliyə doğru sürətlə qaçan və axırda Podkumok çayına tökülən sərin çaycığazların daimi və şirin tərənnümlü şırıltıları da əsrarəngizdir. Bu tərəfdən dərə daha genişdir və getdikcə yaşıl düzəngah şəklini alır. Düzəngahdan keçən yol əyri-üyrü və tozludur. Hər dəfə bu yola baxdıqda mənə elə gəlir ki, guya yolla bir kareta gəlir, karetanın pəncərəsindən isə çəhrayı bir sima baxır. Bu yoldan çox kareta gəlib keçmiş, – o isə hələ gəlməmişdir. Qalanın arasındakı kənd artıq məskun olmuşdur, mənzilimdən bir neçə addım aralı olan təpə üzərində tikilmiş restoranın işığı axşamlar iki sıra qovaq arasından bu tərəfə süzülməyə başlayır, gecə yarısına qədər burada gurultu və qədəh cingiltisi eşidilməkdədir.

Kaxetiya şərabı ilə mədən suyu heç yerdə buradakı qədər çox içilmir.

Çoxları birləşdirir, bax, bu iki peşəni.

Be lə hünər sahibi zənn etməyin siz məni!1

_________________

1 Qriboyedovun “Ağıldan bəla” komediyasından.

Qruşnitski öz dəstəsi ilə bu meyxanada hər gün gurultulu eyş-işrət sürür və mənimlə də demək olar ki, heç salamlaşmır.

O, dünən gəlməyinə baxmayaraq bu qısa vaxt içərisində üç qoca kişi ilə dalaşmışdır. Buna səbəb qocaların vannaya ondan qabaq girmək istəməsi olmuşdur; talesizliyin onda dalaşqanlıq ruhunu inkişaf etdirdiyi qəti surətdə aydındır.

11 iyun

Axırı ki, onlar da gəldilər. Karetanın taqqıltısını eşitdiyim zaman mən pəncərə qabağında oturmuşdum: ürəyim əsdi. Bu nə deməkdir? Mən aşiqmi olmuşam?.. Mən elə axmaqcasına yaranmışam ki, bunu məndən gözləmək olar.

Naharı onlarla etdim. Knyaginya mənə çox mehriban nəzərlə baxır, qızının yanından kənara çəkilmir... İş xarabdır... Vera isə məni knyajnaya qısqanır: amma əcəb işə düşmüşəm ha! Öz rəqibini kədərləndirmək üçün qadın nələr etməz? Xatırımdadır, bir qadın məni, mən başqasını sevdiyim üçün sevirdi. Qadın ağlı qədər əcaib heç bir şey tapa bilməzsiniz; qadınları hər hansı bir şeyə inandırmaq çətindir; onları elə bir hala salmaq lazımdır ki, özləri özlərini inandırsınlar, qabaqkı qənaətlərini məhv etmək üçün onların gətirdiyi sübutların qaydası çox orijinaldır; onların dialektikasına alışmaq üçün məktəbdə öyrənilmiş

bütün məntiq qaydalarını başınızdan çıxarmalısınız. Misal üçün adi bir qaydanı götürək:

Bu adam məni sevir, lakin mən ərliyəm: deməli, mən onu sevməməliyəm.

Qadın üsulu:

Mən ərli olduğum üçün onu sevməməliyəm, lakin o məni sevir, – deməli...

Burada bir neçə nöqtə qoymalı, çünki mühakimə artıq heç bir şey söyləmir, bundan sonra söylənən çox vaxt ancaq dil, göz və bunların dalınca, əgər varsa qəlbdir.

Bu yazılar bir vaxt qadınlardan birinin gözünə sataşsa nə olacaq? – O, nifrətlə: şərdir, deyə bağıracaqdır.

Şairlərin yazdığı və qadınların bu yazıları oxuduğu vaxtdan bəri (oxucuları üçün onlara təşəkkürlər) qadınları o qədər mələk adlandırmışlar ki, bu komplimentə onlar sadədilliklə inanmış və unutmuşlar ki, həmin şairlər vaxtilə pul üçün Neonu yarımallah dərəcəsinə çıxardırdılar.

Qadınlar haqqında belə acı-acı danışmaq mənə, onlardan başqa dünyada heç bir şeyi sevməyən, onların yolunda istirahətini, heysiyyət və həyatını fəda etməyə həmişə hazır olan bir adama yaraşmaz... Lakin mən onların üstünü örtən əfsanəvi pərdəni – içinə yalnız alışan gözün nüfuz edə bildiyi pərdəni – açdığımdan və izzəti-nəfsimin təhqir edildiyindən dolayı çalışmıram. Yox, onların haqqında söylədiklərimin hamısı yalnız:

Əqlin soyuq müşahidələrinin.

Qəlbin acı həsrətlərinin acı nəticəsidir1.

Kişilərin hamısının, qadınları mənim qədər tanımalarını qadınlar arzu etməlidirlər, çünki mən onların kiçik zəifliklərini bildiyim zamandan bəri onları yüz qat daha çox sevirəm.

Verner qadınları tilsimlənmiş meşə ilə həyasızcasına müqayisə edir ki, Tass özünün “Azad edilmiş Beytülmüqəddəs” adlı əsərində həmin bu meşədən bəhs edərək deyirdi: “Sən yaxınlaşınca üzlərinə hər tərəfdən vəzifə, qürur, ləyaqət, ümumi rəyi, istehza, nifrət kimi elə dəhşətlər hücum edəcək ki, Allah göstərməsin!.. Ancaq baxmamalı və dosdoğru irəliləməlidir, – yavaş-yavaş əjdahalar yox olur, qarşında sakit və işıqlı bir tala açılır, bu talanın ortasında isə yaşıl bir mərsi ağacı çiçəkləyir. Lakin ilk qədəmlərini atarkən qəlbin titrəsə, geri qayıtsan – fəlakətə uğrayacaqsan!”

12 iyun

Bu axşam çox hadisələr oldu. Kislovodskın üç verstliyində Podkumok çayının axdığı dərədə Koltso (üzük) adlı bir qaya var. Bu, təbii bir darvazadır. Bu darvaza uca təpə üzərində yüksəlir və batmaqda olan günəş bunun içindən dünyaya son dəfə alovlu bir nəzər salır. Hay-küylü bir atlı dəstəsi daş pəncərədən günəşin qürubuna tamaşa etmək üçün oraya yollandı. Doğrusu, onlardan heç biri fikrində günəşi tutmamışdı. Mən knyajnanın yanınca gedirdim, evə qayıdarkən Podkumok çayından atla keçmək lazım gəldi. Dağ yerinin ən dayaz çayları belə qorxuludur, xüsusilə ona görə ki, bu çayların dibi tam mənasız bir kaleydoskopdur, dalğaların şiddətindən bunlar hər gün dəyişilir: dünən daş olan bir yerdə bu gün çuxur əmələ gəlir. Knyajnanın atının cilo-

_________________

1 A.S.Puşkinin “Yevgeni Onegin” poemasından.

vundan tutaraq suya çəkdim, çay burada dizdən yuxarı deyildi, biz atlarımızı çay yuxarı yavaş-yavaş sürməyə başladıq. Məlum şeydir ki, sürətlə axan çayları keçərkən suya baxmaq lazım deyil, çünki həmin saat insanın başı gicəllənməyə başlayır. Mən knyajna Merini bu barədə xəbərdar etməyi unutdum.

Biz çayın ortasında, ən qıjov yerinə yetişdikdə, o, birdən yəhərin üstündə səndələdi və zəif səslə “Halım xarabdır!” – dedi... mən cəld ona tərəf əyilərək elastik belini bir qolumla qucaqladım.

– Yuxarı baxın, – deyə ona pıçıldadım. Bunun eybi yoxdur, ancaq qorxmayın: mən yanınızdayam.

Onun halı yaxşılaşdı: qolumdan azad olmaq istədi. Lakin mən onun yumşaq və qəşəng belini daha bərk qucaqladım, yanağım az qala onun yanağına dəyməkdə idi, qızın yanaqları yanırdı.

– Siz nə edirsiniz?.. Aman ya rəbbi!..

Mən onun titrəyiş və xəcalətinə etina etmirdim, mənim dodaqlarım onun zərif yanaqlarına toxundu, diksindi, lakin bir söz demədi; biz dalda gəlirdik: bunu kimsə görmədi. Biz kənara çıxdıqdan sonra hamı atını yorğa sürdü. Knyajna atını saxladı; mən də onun yanında qaldım; hiss olunurdu ki, mənim dinib-danışmamağım onu narahat edir, lakin mən maraq üçün bir söz danışmamağa and içmişdim. Bu dolaşıq vəziyyətdən onun nə cür çıxacağını görmək istəyirdim.

Axırda o ağlar bir səslə:

– Ya siz mənə nifrət edirsiniz, ya da məni çox sevirsiniz! – dedi, – Bəlkə siz məni bir qədər məsxərəyə qoymaq, könlümü lərzəyə gətirmək, sonra isə buraxmaq istəyirsiniz... Bu elə bir rəzillik, elə bir alçaqlıq olardı ki, bunu yalnız fikrə gətirmək... Ah, yox! Doğru deyilmi? – deyə o, riqqətli və inamlı bir səslə əlavə etdi: – Doğru deyilmi ki, məndə şəxsiyyətə qarşı ehtiramı məhv edəcək heç bir şey yoxdur? Sizin cürətli hərəkətinizi mən əfv etməliyəm; çünki ona mən özüm yol verdim... Cavab verin, danışın, mən sizin səsinizi eşitmək istəyirəm!.. Bu sözlərdə qadınlara məxsus səbirsizlik o qədərdi ki, mən ixtiyarsız gülümsədim: xoşbəxtlikdən qaranlıq qovuşmaqda idi...Mən heç bir cavab vermədim.

– Siz dinmirsiniz? – deyə o davam etdi: – Bəlkə də siz birinci olaraq mənim – sizi sevirəm deməyimi istəyirsiniz!..

Mən dinmirdim...

O, sürətlə mənə tərəf dönərək, sözünə davamla:

– Bunumu istəyirsiniz, – dedi. Onun səsinin və baxışının qətiyyətində dəhşətli bir şey vardı...

Mən çiyinlərimi çəkərək:

– Yox, nə üçün ki? – deyə cavab verdim.

O, qamçı ilə atını vuraraq dördnala dar və qorxulu yolla çapdı; bu o qədər sürətli oldu ki, mən ona ancaq yerdə qalan camaata qarışdıqdan sonra güclə yetişə bildim. Ta evə qədər o hər dəqiqə danışır, gülürdü. Onun hərəkətlərində qızdırmalılara məxsus bir şey vardı: mənə bir dəfə də olsun baxmadı. Onun bu qeyri-adi şənliyini hamı duymuşdu. Knyaginya da qızına baxaraq, qəlbən sevinirdi; qızı isə sadəcə əsəbilik böhranı keçirirdi: o, gecəni yuxusuz keçirəcək və ağlayacaqdır. Bu fikir mənə intəhasız zövq verir: həyatımda bəzi dəqiqələr olur ki, mən Vampiri1 təqdir edirəm... Buna baxmayaraq mən hələ mərhəmətli oğlan şöhrəti də qazanmışam və bu adı saxlamağa çalışıram!

Atlardan düşdükdən sonra xanımlar knyaginyanın evinə girdilər. Mən həyəcanlı olduğuma görə başıma toplanan fikirləri dağıtmaq üçün atımı dağlara doğru çapdım. Şehli axşamların sərinliyi ruha zövq verirdi. Ay qaranlıq dağ zirvələrinin dalından qalxmaqda idi. Nallanmamış atımın hər addımı dərələrin sükutu içərisində boğuq bir əks-

səda verirdi: şəlalə yanında atımı suvardıqdan və cənub gecəsinin təmiz havasını iki dəfə zövqlə ciyərlərimə doldurduqdan sonra atımı geriyə göndərdim. Kəndin içi ilə gəlirdim. Pəncərələrdə işıqlar sönməyə başlamışdır; qalanın torpaq bəndi üzərindəki qarovullarla ətrafdakı mühafizə kazakları uzun səslərlə oxuyurdular...

Kəndin dərə kənarında tikilən evlərin birində fövqəladə bir işıq gördüm; hərdənbir eşidilən qarmaqarışıq bağırtı və danışıq burada əsgəri bir kef məclisi qurulmuş olduğunu anladırdı. Atdan düşərək pusa-pusa pəncərəyə yanaşdım, pəncərə taxtasının möhkəm örtülməməsi, içəridə işrətə məşğul olanları görməyə, danışıqlarını eşitməyə mənə imkan verirdi. Mənim haqqımda danışırdılar.

Şərabdan qızmış draqun kapitanı yumruğunu stola çırparaq hamının ona qulaq asmasını tələb edirdi.

– Həzərat! – dedi, belə də şey olarmı? Peçorinə qulaqburması vermək lazımdır! Bu Peterburq gəncləri, nə qədər ki, burunları ovulmayıb, həmişə lovğalanırlar. Həmişə təmiz əlcək və parıltılı çəkmə geyin

_________________

1 İsti ölkələrdə yaşayan gecə quşudur. Heyvanların qanını sorur.

diyinə görə o elə xəyal edir ki, yuxarı cəmiyyətdə ancaq bircə özü yaşamışdır.

– Nə qədər də təkəbbürlə gülümsəyir! Amma bununla bərabər mən onun qorxaq olduğuna əminəm, bəli, o qorxaqdır!

Qruşnitski:

– Mən də bu fikirdəyəm, – dedi. O hər şeyi zarafata salmağı sevir. Mən bir dəfə ona elə şeylər dedim ki, başqası onun yerində olsaydı, məni o saat parça-parça edərdi; Peçorin isə sözləri zarafata salıb keçdi. Mən, söz yox, duelə çağırmadım, çünki bu onun işi idi. Bir də ona baş qoşmaq istəmirdim...

Kim isə dedi:

– O, knyajnanı Qruşnitskinin əlindən aldığı üçün Qruşnitskinin ona acığı tutmuşdur.

– Hələ bu sözdür! Mən, doğrudur, knyajnanın dalınca bir qədər düşdüm, lakin evlənmək istəmədiyim üçün dərhal buraxdım. Xalqın qızını ləkələmək mənim adətim deyil...

Draqun kapitan yenə sözə qarışaraq dedi:

– Bəli, mən sizi inandırıram ki, o ən birinci qorxaqdır, yəni Qruşnitski yox, Peçorin, Qruşnitski isə igiddir, həm də mənim ən səmimi dostumdur! Həzərat! Onu burada müdafiə edən yoxdur ki? Heç kim? Bu daha yaxşıdır! Onun cəsarətini sınamaq istəyirmisiniz? Bu sizi bir qədər əyləndirər.

– İstəyirik; ancaq nə cür?

– Bax, qulaq asın: Qruşnitski onun əlindən çox yanıqlıdır, ona görə də birinci rol onun olmalıdır. O, boş bir şeyi bəhanə edib, Peçorini duelə çağırır... yaxşı. Bütün bunlar – duelə çağırmaq... hazırlıq görmək, şərt-şurut, mümkün qədər təntənəli və dəhşətli olmalıdır; bunu mən boynuma alıram: mənim yazıq dostum, mən sənin sekundantın olacağam! Yaxşı! Ancaq bax, biclik də burasında olacaq; tapançalara güllə qoymayacağam, mən sizə indidən söz verirəm ki, Peçorin qorxacaq – lənət şeytana! Mən onları bir-birindən altı addım aralı qoyacağam. Həzərat, razımısınız?

Hər tərəfdən:

– Gözəl düşünülmüşdür! Razıyıq! Razıyıq!.. Niyə də razı olmayaq? – deyə hamısı çığırışdı.

– Qruşnitski, bəs sən?

Mən Qruşnitskinin cavabını səbirsizliklə gözləyirdim, təsadüfi olaraq buraya gəlməmiş olsaydım, bu axmaqların əlində gülünc bir vəziyyətdə qalacağımı fikrimə gətirdikcə bütün vücudumu soyuq bir hiddət bürüyürdü. Qruşnitski razı olmasa idi, mən içəri girib onu qucaqlayacaqdım. Lakin bir qədər sükut etdikdən sonra o, yerindən qalxıb əlini kapitana uzatdı, çox lovğa bir tərzdə: “Yaxşı, mən razıyam” – dedi.

Bu namuslu yığıncağın sevincini təsvir etmək çətindir.

Mən iki müxtəlif hisslə həyəcanlanmış halda evə qayıtdım. Birincisi – qüssə idi. Bunların hamısı mənə nə üçün nifrət edir? – deyə düşünürdüm. Nə üçün? Bunlardan birini mən təhqir etmişəmmi? – Yox. Mən pis görünüşü ilk başqalarının qəlbində bədxahlıq hissi oyadan adamlardanmıyam? Ruhumun yavaş-yavaş zəhərli bir acıqla dolmaqda olduğunu hiss edirdim. Cənab Qruşnitski, özünüzdən yaxşı muğayat ol! – deyə otaqda irəli-geri gəzindim. – Mənimlə belə zarafat etmək olmaz. Axmaq yoldaşlarınızın təqdiri sizə baha otura bilər. Mən sizin üçün oyuncaq deyiləm!

Mən bütün gecəni yatmadım. Səhərə yaxın narınc kimi saralmışdım.

Səhər tezdən quyunun yanında knyajnaya rast gəldim. O, diqqətlə mənə baxaraq:

– Siz xəstəmisiniz? – dedi.

– Gecəni yatmamışam.

– Mən də yatmamışam... Mən sizi müqəssir bilirdim... Bəlkə də boş yerə? Lakin izah edin, mən sizə hər şeyi əfv edə bilirəm...

– Hər bir şeyimi?

– Hər şey... ancaq doğrusunu söyləyin... tez söyləyin. Bilirsiniz, sizin rəftarınızı aydınlaşdırmaq, hərəkətinizə bəraət qazandırmaq üçün çox düşündüm, bəlkə siz mənim ata-anamın tərəfindən müqavimət göstərilməsindən qorxursunuz... Bu bir şey deyil... Onlar xəbərdar olduqları vaxt... (onun səsi titrədi) mən yalvarıb razı edərəm. Yaxud sizin öz vəziyyətiniz... Lakin bilməlisiniz ki, sevdiyim adamın yolunda mən hər şeyi fəda edə bilərəm. Ox, tez cavab verin, mənə yazığınız gəlsin... Siz mənə nifrət etmirsiniş, doğru deyilmi?

O, mənim əlimdən yapışdı.

Knyaginya, Vera əri ilə bizdən irəlidə getdiyi üçün heç bir şey görmürdü, lakin bizi, burada gəzən xəstələr görə bilərdi, bunlar isə bütün maraqlananlar içərisində ən çox maraqlanan dedi-qoduçulardır, ona görə mən cəld əlimi onun ehtiraslı əlindən çəkdim.

– Mən sizə bütün həqiqəti söyləyəcəyəm, – deyə cavab verdim; – nə özümü təmizə çıxarmağa çalışacağam, nə də hərəkətlərimi izah edəcəyəm. – Mən sizi sevmirəm.

Onun dodaqları azca ağardı...

Çətinliklə eşidiləcək bir səslə:

– Məndən kənar olun, – dedi.

Mən çiyinlərimi çəkdim, geri dönərək uzaqlaşdım.

14 iyun

Mən bəzən özümə nifrət edirəm. Bu səbəbəmi ki, mən başqalarına da nifrət edirəm?.. mən təmiz ehtiraslardan məhrum olmuşam; öz-özümə gülünc görünməkdən qorxuram. Mənim yerimə başqası olsaydı, knyajnaya son tcoeur et sa fortune1 təklif edərdi, lakin evlənmək sözü mənim üzərimdə sehrli bir hakimiyyətə malikdir: bir qadını nə qədər şiddətli bir ehtirasla sevsəm belə, onu almalı olduğumu mənə hiss etdirən kimi, əlvida məhəbbət! Mənim qəlbim daşa dönür və onu heç bir şey bir daha yenidən qızdırmır. Mən evlənməkdən başqa hər bir fədakarlığa hazıram; həyatımı, hətta namusumu belə iyirmi dəfə təhlükəyə qoyaram... Lakin azadlığımı satmaram... Nədən ötrü azad-lıq mənim üçün bu qədər əzizdir? Bu azadlıq mənim nəyimə lazımdır?.. Özümü haraya hazırlayıram? Gələcəkdən nə gözləyirəm?.. Doğrusu, heç bir şey. Bu, məndə fikri bir qorxu, izah edilə bilməyəcək bir ürəyədammadır... Hörümçək, pıspısa və siçandan qeyri-ixtiyari olaraq qorxan adamlar da var... Etiraf edimmi?.. Mən hələ uşaq ikən anam mənim haqqımda bir qarıya fal açdırmışdı; qarı mənim xain bir qadın əli ilə öləcəyimi söyləmişdi. O zaman bu məni dərindən heyrətləndirmişdi; qəlbimdə evlənməyə qarşı silinməz bir nifrət doğdu... Bununla bərabər, nə isə bir şey mənə bu falın düz çıxacağını söyləyir; heç olmazsa, çalışacağam ki, bu mümkün qədər gec baş versin.

15 iyun

Fokusçu Apfelbaum dünən buraya gəldi. Restoranın qapısında yapışdırılan uzun afişa, möhtərəm camaata yuxarıda adı qeyd olunan

_________________

1 Öz qəlbini və varını

heyrətli fokusçu, akrobat, kimyagər və eynəkçi bu gün axşam saat səkkizdə nücəba yığıncağı zalında (başqa sözlə – restoranda) gözəl bir tamaşa verəcəyini bildirir; biletlərin qiyməti iki manat yarımdır.

Hamı bu təəccüblü fokusçunun tamaşasına getməyə hazırlaşır, qızının xəstəliyinə baxmayaraq hətta knyaginya Liqovskaya belə özünə bilet almışdı.

Bu gün, nahardan sonra mən Veragilin pəncərələri yanından keçirdim; o, balkonda tək oturmuşdu; ayaqlarımın altına bir məktub düşdü.

“Bu gün axşam saat ona doğru böyük pilləkənlə mənim yanıma gəl; ərim Pyatiqorska gedib, ancaq sabah səhər çağı qayıdacaqdır. Nökər və qarabaşlarım evdə olmayacaqdır: hamısına, knyaginyanın da nökər və qaravaşlarına bilet paylamışam. – Səni gözləyəcəyəm, mütləq gəl”.

Mən fikrimdə:

– Aha! – dedim, – axırda mən istədiyim kimi oldu.

Saat səkkizdə mən fokusçuya tamaşa etməyə getdim. Camaat saat 9-a yaxın toplandı: tamaşa başlandı. Skamyaların son cərgələrində mən Vera ilə knyaginyanın lakey və qaravaşlarını gördüm. Hamı burada hazır idi. Qruşnitski əlində lornet birinci sırada oturmuşdu. Hər dəfə cib yaylığı, üzük, saat kimi şeylər lazım olduqda fokusçu ona müraciət edirdi.

Qruşnitski çoxdan bəridir ki, mənimlə salamı kəsmişdir, bu gün isə bir-iki dəfə mənə acıqla baxdı. Hesablaşacağımız vaxt bunların hamısı ona xatırladılacaqdır.

Saat ona doğru çıxdım.

Bayırda göz-gözü görmürdü. Ətraf dağların başına ağır və soyuq buludlar çökmüşdü, yalnız iniltili külək restoranı əhatə edən qovaqların təpəsini hərdənbir titrədirdi; restoranın pəncərələri qabağında camaat toplanmışdı. Mən dağdan enərək qapıya tərəf döndükdən sonra, addımımı yeyinlətdim. Birdən birinin arxamca gəldiyini hiss edən kimi oldum. Dayanıb ətrafıma baxdım. Qaranlıqda heç şeyi seçmək mümkün deyildi, lakin mən ehtiyat üçün gəzinirmişəm kimi evin ətrafını dolaşdım. Knyajnanın pəncərəsinin qabağından keçərkən mən yenə arxamdan addım səsi eşitdim: şinelə bürünmüş bir adam qaçaraq yanımdan keçdi. Bu, məni təşvişə saldı; bununla bərabər mən pusaraq balkona yanaşdım, sürətlə qaranlıq pilləkənləri çıxmağa başladım. Qapı açıldı, balaca əl əlimdən yapışdı...

Vera yanıma qısılaraq pıçıltı ilə:

– Səni heç kəs görmədi ki? – dedi.

– Heç kəs!

– İndi səni sevdiyimə inanırsanmı! Ax, mən çox tərəddüd etdim, çox əzab çəkdim... Lakin sən mənə nə istəsən edə bilərsən.

Onun qəlbi şiddətlə döyünürdü, əlləri buz kimi soyuq idi. Töhmətlər, qısqanclıqlar, şikayətlər başlandı; o bütün etdiklərimi boynuma almamı tələb edir, yalnız xoşbəxt olmamı istədiyi üçün xəyanətimə müti bir surətdə dözəcəyini söyləyirdi. Mən buna o qədər də inanmırdım, lakin yenə də onu and-aman və vədlərlə sakit etdim.

– Demək, sən Meri ilə evlənməyəcəksən? Onu sevmirsən? O zənn edir ki... bilirsənmi, yazıq sənə çılğıncasına vurulmuşdur!..

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

Gecə saat ikiyə yaxın mən pəncərəni açaraq iki şalı bir-birinə bağladım və sütuna söykənə-söykənə yuxarı balkondan aşağı balkona düşdüm. Knyajnanın otağından hələ işıq gəlirdi. Nə isə bir şey məni bu pəncərəyə yapışmağa vadar etdi. Pərdə tamamilə salınmadığı üçün otağın içərisinə maraqlı bir nəzər salmaq mümkün idi. Meri yatağının üstündə oturub əlini dizlərinin üstünə çarpazlamışdı; onun gur saçları, kənarı krujevalı gecə yaylığı altında toplanıb bağlanmışdı; böyük qırmızı bir şal onun ağ çiyinlərini örtməkdə idi; balaca ayaqları əlvan İran çustları içində gizlənmişdi. Başını sinəsinə əyərək hərəkətsizcə oturmuşdu; qabağında, balaca stol və üzərində açıq bir kitab qoyulmuşdu, lakin hərəkətsiz və anlaşılmaz qüssə ilə dolmuş gözləri eyni səhifəni yüzüncü dəfə gəzdiyi halda, fikirləri uzaqlarda dolaşıq kimi görünürdü...

Bu zaman kolların içində bir adam tərpəndi. Mən balkondan onun üstünə atıldım. Görünməyən bir əl çiynimdən yapışdı. Qaba bir səs: “Aha – dedi, – yaxanı ələ verdin! Gecələri knyajnaların yanında veyllənməyi indi sənə göstərərəm!..”.

Tinin dalından atılıb çıxan bir başqası:

– Onu bərk tut, – deyə qışqırdı.

Bunlar Qruşnitski ilə draqun kapitanı idi.

Kapitanı yumruğumla başından vuraraq yerə sərdim və kolların içinə atıldım. Bizim evlərin qabağındakı yamacda salınmış bağın bütün cığırlarına bələd idim.

Onlar:

– Qarovul! Oğruları qoymayın!.. – deyə qışqırırdılar; tüfəng səsi eşidildi; güllə, demək olar ki, lap ayağımın yanında tüstüləndi.

Bir dəqiqədən sonra mən artıq öz otağımda idim, cəld soyunub yatağıma girdim. Lakeyim qapını təzəcə bağlamışdı ki, bu halda Qruşnitski ilə kapitan qapını taqqıldatmağa başladı.

– Peçorin! Siz yatırsınızmı? Buradasınızmı? – deyə kapitan çağırdı.

Mən acıqlı halda:

– Yatıram, – deyə cavab verdim.

– Qalxın! – oğru gəlmişdir... Çərkəzlərdir...

– Mən zökəm olmuşam, – dedim, – soyuqdəymədən qorxuram.

Onlar getdilər. Nahaq yerə mən onlara cavab verdim: onlar bir saat daha məni bağçada axtaracaqdılar. Bu aralıq müdhiş bir çaxnaşma düşdü. Qaladan bir kazak çapa-çapa gəldi. Hamı həyəcana düşdü, bütün kollarda çərkəz axtarmağa başladılar və söz yox ki, heç bir şey tapmadılar. Lakin bir çoxları yəqin möhkəm bir rəydə qaldı ki, əgər qarnizon bir az daha artıq tələsmiş və cəsarət göstərmiş olsaydı, vəhşilərdən heç olmazsa iyirmisinin meyiti meydanda qalacaqdı.

16 iyun

Bu gün səhər tezdən quyunun yanında yalnız çərkəzlərin axşamkı hücumundan bəhs edilirdi. Təyin edilmiş miqdarda narzan suyu içdikdən və uzun çökə xiyabanında beş-on dəfə gəzindikdən sonra Veranın ərinə rast gəldim. O, Pyatiqorskdan təzəcə gəlmişdi. O, qolumdan yapışdı, birlikdə restorana qəlyanaltı etməyə getdik; arvadından çox nigaran idi. “Bilsəydiniz o bu gecə necə qorxub! – deyirdi. Belə bir çaxnaşma bədbəxtlikdən sanki mən evdə olmadığım bir gecədə əmələ gəlməli imiş”. Biz yemək üçün küncdəki otağın qapısı yanında duran stolun dalında oturduq. Otaqda 10 nəfər gənc əyləşmişdi. Qruşnitski də bunların arasında idi. Bəxtim mənə ikinci dəfə olaraq Qruşnitskinin taleyini həll edəcək söhbətə qulaq asmaq imkanı verdi. O məni görmürdü, mən isə onun, məhz pis niyyətlə danışdığını güman edə bilməzdim, lakin bu mənim gözümdə onun günahını daha da artırırdı.

Onlardan biri:

– A kişi, doğrudanmı axşamkılar çərkəzlər idi? Onları heç görən olmuşdumu?

– Mən sizə işin əslini söyləcəyəm, – deyə Qruşnitski cavab verdi, – ancaq rica edirəm, mənim adım olmasın, əhvalat belədir: dünən bir adam, bunun adını sizə deməyəcəyəm. Mənim yanıma gələrək saat onda birinin pusa-pusa Liqovskilərin evinə yanaşdığını gördüyünü mənə xəbər verdi. O vaxt knyaginyanın burada olduğunu da demək lazımdır; knyajna isə evdə qalmışdı. Buna görə də o adamla mən bu bəxtəvəri pusmaq üçün knyaginyanın pəncərələrinin yanına getdik.

Müsahibimin yeməklə məşğul olduğuna baxmayaraq, mən təşvişə düşmüş olduğumu etiraf etməliyəm: Qruşnitski həqiqəti sezmiş olsaydı, Veranın əri özü üçün çox namünasib şeylər eşitmiş olardı; lakin qısqanclıqdan qızışmış Qruşnitski belə bir şeyin olduğunu heç ağlına belə gətirməzdi.

Qruşnitski davam edərək:

– Deməli biz, – dedi, – yalnız qorxutmaq üçün özümüzlə bərabər gülləsiz patronla dolu bir tüfəng götürüb getdik. Saat ikiyə qədər bağçada gözlədik. Axırda o göründü – haradan çıxdığını allah bilir: ancaq pəncərədən çıxmamışdı, çünki pəncərə açılmadı; olsun ki, sütunun dalındakı şüşəli qapıdan çıxmışdı; nəhayət, bir adamın balkondan düşdüyünü gördük... Knyajnanı görürsünüz də... İllah da Moskva qızları ha!.. Bundan sonra artıq nələrə inanmaq olar? Biz onu yaxalamaq istədiksə də, o, yaxasını əldən çıxarıb dovşan kimi kolların içinə tullandı; burada mən ona bir güllə atdım.

Qruşnitskinin ətrafında inanmamazlığı andıran səslər eşidilməyə başladı.

– Siz mənə inanmırsınız? – deyə davam etdi. – Namusuma and içirəm ki, bütün dediklərim tamamilə doğrudur, bunu isbat üçün mən sizə hələ o cənabın adını da deyə bilərəm.

– Söylə, söylə görək kim idi? – deyə səslər eşidildi.

Qruşnitski cavabında:

– Peçorin idi, – dedi.

Bu dəqiqə o, başını qaldırdı: mən qapı ağzında onun qabağında durmuşdum, o, qıpqırmızı qızardı. Mən ona yanaşaraq tələsmədən və aydınca dedim:

– Mən çox təəssüf edirəm ki, siz ən murdar bir böhtanı isbat etmək üçün namusunuza and içdikdən sonra içəri girdim. Mənim burada olmağım sizi lüzumsuz bir alçaqlıqdan azad edə bilərdi.

Qruşnitski yerindən sıçrayaraq coşmaq istədi.

Mən eyni ahənglə sözümə davam edərək dedim:

– Mən, dediyiniz sözləri bu dəqiqə geri götürmənizi sizdən rica edirəm: dediklərinizin uydurma olduğunu siz yaxşı bilirsiniz. Sizin parlaq ləyaqətlərinizə bir qadının etinasızlıq göstərməsi, zənnimcə, bu qədər dəhşətli bir qisasa layiq deyildir. Yaxşıca düşünün: öz rəyinizdə qaldığınız halda siz nəcib bir adam adı daşımaq haqqından məhrum olur və həyatınızı təhlükədə qoyursunuz.

Qruşnitski şiddətli həyəcan içində qarşımda başı aşağı durmaqda idi. Lakin vicdanı ilə izzəti-nəfsi arasındakı mübarizə uzun çəkmədi. Yanında duran draqun kapitanı onu dirsəyi ilə itələdi; o diksindi, gözlərini qaldırmadan cəld cavab verdi:

– Cənab Peçorin, mən bir şey dedikdə onu düşünərək deyirəm, təkrar etməyə də hazıram... Mən sizin hədənizdən qorxmuram, hər şeyə də hazıram...

– Bu sonuncunu siz artıq isbat etdiniz, – deyə cavab verdim və draqun kapitanını qoltuqlayaraq otaqdan çıxdım.

Kapitan:

– Nə buyurursunuz? – deyə soruşdu.

– Siz Qruşnitskinin dostusunuz və yəqin ki, onun sekundantı olacaqsınız?

Kapitan çox lovğa tərzdə baş əydi və cavab verdi:

– Siz duymuşsunuz, onun sekundantı olmaq hətta mənim üçün bir vəzifədir, çünki onun haqqında rəva gördüyünüz təhqir mənə də aiddir: dünən onunla birlikdə olan mən idim, – bunu əlavə edərkən o öz əyri gövdəsini düzəltdi.

– Aha! Elə isə münasibətsiz bir tərzdə başına yumruq tutuşdurduğum siz imişsiniz?

Kapitan saraldı, sonra gömgöy kəsildi, onun üzündə gizli kin aşkarca sezilirdi.

– Bu gün hüzurunuza öz sekundantımı göndərmək şərəfinə nail olacağam, – sözlərini əlavə edərək, çox ehtiramla ona baş əydim və özümü elə göstərdim ki, onun çılğınlığına etina etmirəm.

Restoranın küçə pilləkənlərində Veranın ərinə rast gəldim. Gərək ki, o məni gözləyirdi.

O, vəcdə bənzəyən bir hisslə qolumdan yapışdı və gözlərində yaşla:

– Nəcib gənc! – dedi. – Mən danışdığınızın hamısını eşitdim. Amma nə qədər alçaq, nə qədər nankor adamdır!.. Bundan sonra belə adamları ləyaqətli bir evdə qəbul etməkmi olar! Şükür allaha, mənim qızım yoxdur! Lakin yolunda həyatınızı təhlükəyə qoyduğunuz qızcığaz mükafatınızı verəcəkdir. – Sonra davam edərək: – Bir vaxta qədər bu sirr kimsəyə açmayacağıma əmin olun, – dedi. – Mən özüm də gənclik dövrü keçirmiş və əsgəri qulluqda olmuşam; belə işlərə qarışmağın lüzumsuz olduğunu bilirəm. Salamat qalın!

– Yazıq! Qızı olmadığına sevinir!..

Mən birbaş Vernerin yanına getdim, onu evdə taparaq hər şeyi bütün təfsilatı ilə, Vera və knyajna ilə aramızda olan əlaqələri, bu cənabların məni gülləsiz patronla doldurulmuş tapançalardan atışmaya məcbur edərək gülünc bir vəziyyətdə qoymaq niyyətində olduqlarını təsadüfən dinlədiyim söhbətdən bildiyimi nağıl etdim. Lakin indi isə zarafat çığırından kənara çıxırdı; onlar ehtimal ki, işin belə bir yerə çıxacağını gözləmirdilər.

Doktor mənə sekundant olmağa razılıq verdi; duel şərti haqqında mən ona bir neçə tövsiyə etdim; o, işin mümkün qədər gizli tutulmasını təkidlə tələb etməli idi; çünki mən özümü hər vaxt ölüm təhlükəsinə atmağa razı idimsə də, burada öz gələcəyimi əbədi olaraq rüsvay etmək arzusunda deyildim.

Bundan sonra mən evimə getdim. Bir saat sonra doktor görüşdən qayıtdı.

– Sizin əleyhinizə doğrudan da sui-qəsd var imiş, – dedi. – Qruşnitskinin evində mən draqun kapitanı ilə familiyasını unutduğum bir adama rast gəldim. Mən qaloşlarımı çıxarmaq üçün bir dəqiqə dəhlizdə dayandım. Onlar mübahisə etdikləri üçün dəhşətli hay-küy salmışdılar... Qruşnitski? “Heç vəchlə mən buna razı olmaram! – deyirdi. – O, məni camaat içində təhqir etdi; o vaxt iş başqa idi...” Kapitan cavabında: “Sənin nə işin var? – deyirdi, – mən hər bir şeyi öz üstümə götütürəm. Mən beş dueldə sekundant olmuşam və belə işlərin nə cür qurulmalı olduğunu yaxşı bilirəm. Mən hər şeyi düşünmüşəm. Ancaq rica edirəm, mənə mane olma! Qorxu gəlmək pis deyil. Qurtulmaq mümkün olduğu halda özünü nə üçün təhlükəyə qoyasan?..” Bu vaxt içəri girdim. Onlar birdən susdular danışıb şərtləşməmiz uzun çəkdi; axırda işi bu sayaq etdik: buranın təxminən beş kilometrliyində xəlvət bir dərə var, onlar oraya sabah saat dörddə gedəcəklər, biz də yarım saat onlardan sonra gedəcəyik: altı addımdan atışacaqsınız – bunu Qruşnitskinin özü tələb edirdi. Öldürülənin qatili çərkəzdir, – deyiləcək. İndi mənim şübhələrim bunlardan ibarətdir: onlar, yəni sekundantlar, deyəsən, əvvəlki planlarını bir qədər dəyişmişlər və yalnız Qruşnitskinin tapançasına güllə qoymaq istəyirlər. Bu bir az qətlə bənzəyir, amma həbs zamanı və xüsusən Asiya müharibəsində hiylə etməyə icazə verilir. Ancaq deyəsən, Qruşnitski öz yoldaşlarından bir qədər daha vicdanlıdır. Siz nə fikirdəsiniz? Hiylələrini duyduğumuzu göstərəkmi?

– Heç bir vəchlə, doktor! Əmin olun mən onların hiyləsinə uymaram.

– Bəs nə eləmək istəyirsiniz?

– Bu mənə aid bir sirdir.

– Bax, göz-qulaqda olun ki, tələyə düşməyəsiniz... Altı addımdan atışacağınızı unutmayın!

– Doktor, mən sizi sabah saat dörddə gözləyəcəyəm. Atlar hazır olacaq... Salamatlıqla.

Mən otağımın qapısını bağlayaraq axşama qədər evdən eşiyə çıxmadım. Lakey məni knyaginyagilə çağırmağa gəlmişdi; xəstə olduğumu xəbər verməyi əmr etdim.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

Gecə saat ikidir... yuxulaya bilmirəm... lakin yuxulamalıyam ki, sabah əlim titrəməsin. Burası da var ki, altı addımdan güllə çətin ki, dəyməsin. Ax! Cənab Qruşnitski! Sizin fırıldağınız baş tutmayacaq... Biz rollarımızı bir-birimizlə dəyişəcəyik; gizli qorxu əlamətlərini indi artıq mən sizin üstünüzdə axtarmalı olacağam. Bu məşum altı addımı nə üçün siz özünüz təyin etdiniz? Siz elə zənn edirsiniz ki, mən alnımı səssiz-küysüz sizin güllənizə hədəfmi edəcəyəm?.. Lakin biz püşk atacağıq... Onda birdən onun bəxti gətirsə? Birdən mənim ulduzum axır dəqiqədə məndən üz çevirsə?.. Bu, təəccüb ediləcək bir şey deyil: bəxtim uzun bir zaman mənim istədiklərimə sədaqətlə xidmət etmişdir.

Nə eybi var? Ölmək ölməkdir, xırıldamaq nə deməkdir? Dünya üçün bu böyük bir itki olmaz, elə mən özüm də darıxdığımı hiss etməkdəyəm. Mən balda əsnəyən və yalnız karetası hələ gəlmədiyi üçün evinə yatmağa getməyən adama bənzəyirəm. Lakin kareta hazırdır... Salamat qalın!

Bütün keçmişi xatirimdən keçirir və ixtiyarsız olaraq özümdən soruşuram: mən nə üçün yaşayırdım?.. Mən hansı məqsəd üçün doğulmuşam?.. Yəqin ki, belə bir məqsəd mövcud idi və yəqin ki, mənə yüksək vəzifələr mühəvvəl ediləcəkdi, mən, ruhumda hədsiz-hesabsız qüvvələr hiss etməkdəyəm... Lakin mən o vəzifəni duymadım, mən boş və nankor ehtiraslara uydum, onların ocağından mən dəmir kimi möhkəm və soyuq halla çıxdım, lakin nəcib meyl və arzulardan – həyatın ləzzətindən ədəbi olaraq məhrum oldum və o vaxtdan bəri mən dəfələrlə taleyin əlində bir balta rolu oynamışam! Məhkum edilmiş qurbanların başına mən bir edam aləti kimi düşürdüm – çox vaxt acıqsız və hər zaman təəssüf etmədən düşürdüm. Mənim məhəbbətim kimsəyə bəxtiyarlıq gətirmədi, çünki sevdiklərimin yolunda heç bir şeyi fəda etmədim; mən özüm üçün, öz zövqüm üçün sevirdim, onların hisslərini, onların riqqətini, onların sevinc və iztirablarını acgözlüklə udarkən, ancaq qəlbimin qəribə bir ehtiyacını təmin edirdim. Aclıq çəkmiş bir adam tabsızlıqdan beləcə yuxulayır, qarşısında ləziz xörəklər və qaynayıb köpüklənən şərablar görür: təsəvvürünün yaratdığı xəyali bəxşişi vəcdlə seyr edir və özünə təskinlik verir; halı yüngülləşir; lakin yuxudan oyanınca xəyal olur... ikiqat, daha şiddətli aclıq və ümidsizlik qalır!..

Bəlkə mən sabah öləcəyəm!.. və yer üzündə məni tamamilə anlaya bilən bir məxluq belə qalmayacaq. Bəzi adamlar məni həqiqətdə olduğundan yaxşı, digərləri isə bundan pis hesab edərlər... Bəziləri deyəcək ki, o, yaxşı oğlan, digərləri isə deyəcək ki, o, əclaf adam idi. Ancaq deyilənlərin hər ikisi yalan olacaq. Bundan sonra zəhmət çəkib yaşamağa dəyərmi? Lakin maraq üzündən yaşayırsan: yeni bir şey gözləyirsən... nə qədər gülünc və nə qədər acınacaqlı bir iş!

* * *

Budur, ay yarımdır ki, mən İ. qalasındayam; Maksim Maksimıç ova getmişdir... Mən tək və tənhayam; pəncərənin qabağında oturmuşam; boz buludlar dağları ta ətəyinə qədər bürümüşdür; günəş duman arxasından sarı bir ləkə kimi görünür. Soyuqdur, külək pəncərələrin taxtalarını tərpədir və cırıldadır... Ürəyim sıxılır!.. Bu qədər qəribə hadisələrlə yarımçıq qoyduğum gündəliyimi davam etdirməyə başlayıram.

Son səhifəni yenidən oxuyuram: nə gülüncdür! – Mən ölmək fikrində idim; bu, imkan daxilində deyil, mən iztirab qədəhini hələ dibinə qədər içməmişəm və indi çox yaşayacağımı hiss etməkdəyəm.

Bütün keçmiş hafizəmdə nə qədər aydın və kəskin nəqş edilmişdir! Zaman bir cizgini, bir rəngi belə silməmişdir.

Yadımdadır ki, dueldən əvvəlki gecəni sabaha qədər bir dəqiqə belə yuxulamadım. Uzun müddət yata bilmədim: məni gizli bir rahatsızlıq yaxalamışdı. Bir saata kimi otaqda gəzindim, sonra oturaraq, Valter Skottun stolumun üstündəki romanını açdım, bu, “Şotland Puritanları” idi. Mən əvvəlcə güclə oxuyurdum, sonra əfsanəvi fantaziyaya dalaraq hər şeyi unutdum...

Axır ki, hava işıqlaşdı. Əsəblərim rahatlanmışdı. Mən güzgüyə baxdım, bənizim uçmuşdu, üzümdə yuxusuz gecənin əzablı əlamətləri görünməkdə idi, lakin gözlərim darçını kölgələrlə əhatə edildiyinə baxmayaraq qürurla və amansızca parıldayırdı. Öz-özümdən razı qaldım.

Atların yəhərlənməsini əmr etdikdən sonra geyinərək vannaya yüyürdüm. Soyuq narzana cumarkən maddi və mənəvi qüvvətlərimin qayıtdığını hiss edirdim. Mən vannada, bala hazırlaşırmışam kimi təzə və dirçəlmiş bir halda çıxdım. Bundan sonra ruh bədəndən asılı deyildir, – deyə bilməzsiniz!..

Geri qayıdarkən həkimi evdə hazır gördüm. Əynində boz şalvar, arxalıq, başında isə çərkəz papağı vardı. Böyük və qıllı papaq geymiş bu balaca vücudu gördükdə qəhqəhə ilə güldüm; onun üzündə mübarizlik əlaməti yox idi. Bu dəfə isə bu üz həmişəkindən daha da uzunsov idi.

– Doktor, niyə belə qəmginsiniz? – dedim. – O dünyaya tam bir etinasızlıqla yüz dəfələrlə adam yola salmamışsınızmı? Belə fərz edin ki, mən də öd qızdırması xəstəliyinə düçar olmuşam; sağala bilərəm, ölə də bilərəm; bunun hər ikisi təbii bir şeydir. Siz məni məlum olmayan bir xəstəliyə tutulmuş azarlı hesab etməyə çalışın, beləliklə, sizin marağınız son dərəcə artar; siz indi mənim üzərimdə bir neçə mühüm fizioloji müşahidələr edə bilərsiniz... Zorla öldürülmək intizarı özü də həqiqi bir xəstəlik deyildirmi?

Bu fikir həkimi heyrətləndirdi, o, nəşələndi.

Atlarımızı mindik; Verner hər iki əli ilə cilovdan bərk-bərk tutduqdan sonra atları çapdı, – bir anda qalanın yanından, kəndin içindən çapıb keçərək dərəyə girdik. Əyri-üyrü yol bu dərənin içi ilə gedir, hündür otlarla örtülmüş bu yolu bir çox yerdə gurultulu kiçik çaylar kəsir, çayları atla keçmək lazım gəlirdi. Həkimin atı çaya girdikdə dayanırdı, buna görə də çaydan keçmək həkimin heç xoşuna gəlmirdi.

Bundan daha mavi, daha saf bir səhər gördüyümü xatırlaya bilmirəm! Günəş yaşıl dağların arxasından yenicə çıxmaqda idi, onun ilk şüalarının istiliyi gecənin çəkilməkdə olan sərinliyi ilə qovuşaraq bütün hisslərə dadlı bir yorğunluq gətirirdi; təzə günün sevincli şüaları hələ dərəyə süzülə bilmirdi; ancaq o hər iki tərəfdən bizim başımızın üzərində açıla qalan qayaların təpəsini qızılı rəngə bürüməkdə idi; onların dərin yarıqlarında göyərmiş sıx yarpaqlı kollar, külək çox yavaşcadan nəfəs aldıqda belə bizim üzərimizə gümüş kimi parıltılı şeh damcıları tökürdü. Xatirimdədir, bu dəfə mən təbiəti hər zamankından daha artıq sevməkdə idim. Enli üzüm budağında titrəyən və milyonlarca rəngarəng şüaları əks etdirən şehə ən böyük bir maraqla baxırdım. Nəzərlərim hərisliklə dumanlı üfüqlərə nüfuz edirdi. Oralarda yol gedə-gedə daralır; sıldırım qayalar mavi, daha qorxunc görünür və, nəhayət, sanki möhkəm bir divar şəklində birləşir, qovuşurlardı. Biz dinmədən atlarımızı sürürdük.

Verner birdən:

– Vəsiyyətnamənizi yazdınızmı? – deyə soruşdu.

– Yox.

– Əgər öldürülsəniz?..

– Varislər özləri tapılarlar.

– Sizin son dəfə olaraq vida məktubu göndərəcək dostlarınız yoxdurmu?..

– Həkim, istəyirsinizmi ürəyimi sizə açım?.. – deyə ona cavab verdim. – Bilirsinizmi, mənim ölərkən öz sevgilisinin adını çəkmək, dostuna bir ovuc yağlanmış və ya yağlanmamış saçını yadigar qoymaq yaşım çoxdan ötmüşdür. Yaxın və mümkün olan ölümü fikrimə salırkən, mən yalnız özümü düşünürəm: bir çoxları bunu da etmirlər. Məni sabah yaddan çıxaracaq və daha pisi, mənim haqqımda hər cür böhtanlar quraşdıracaq dostlar; başqasını qucaqlarkən, ölmüş olana qarşı onda qısqanclıq oyatmamaq üçün mənə istehza edəcək qadınlar, – eh, mənə kimsə lazım deyil! Həyat fırtınasından mən yalnız bir neçə ideya əxz etdim – amma bir dənə də hiss əxz edə bilmədim. Mən artıq çoxdan bəri qəlbimlə deyil, başımla yaşayıram. Mən öz ehtiras və hərəkətlərimi ciddi bir maraqla götür-qoy edir, lakin onların fərqinə varmıram. Mən iki adamdan ibarətəm: birisi sözün tam mənası ilə yaşayır, digəri isə düşünür və onu mühakimə edir, birinci ola bilər ki, bir saat sonra sizinlə və dünya ilə əbədi olaraq vidalaşacaqdır, ikincisi isə, ikincisi... Baxın, doktor sağ tərəfimdəki qayaların üstündə qaralan üç fiquranı görürsünüzmü? Onlar, deyəsən, bizim rəqiblərdir?..

Atların başını buraxdıq.

Qayanın dibindəki kollara üç at bağlanmışdı, biz də atlarımızı buraya bağladıq. Özümüz də dar bir çığırla meydançaya qalxdıq. Qruşnitski, draqun kapitanı və İvan İqnatyeviç adlı ikinci sekundantı ilə bərabər bizi burada gözləyirdi; ikinci sekundantın familiyasını heç bir zaman eşitməmişdim.

Draqun kapitanı istehzalı təbəssümlə:

– Biz çoxdandır ki, sizi gözləyirik, – dedi.

O, saatının irəli getdiyini bildirərək üzr istədi.

Ağır bir sükut bir neçə dəqiqə davam etdi, axırda həkim Qruşnitskiyə müraciətlə sükutu pozdu:

– Zənnimcə, hər ikiniz vuruşmağa hazır olduğunuzu göstərdikdən və bununla da namus haqqındakı vəzifələrinizi yerinə yetirdikdən sonra bir-birinizlə danışaraq bu işi sazişlə qurtara bilərsiniz.

– Mən hazıram, – dedim.

Kapitan Qruşnitskiyə göz elədi, onun yanaqlarını bu dəqiqəyə qədər donuq bir solğunluq bürümüşdüsə də, mənim qorxduğumu zənn edərək, lovğa bir görkəm aldı. Biz gələndən o, ilk dəfə olaraq gözlərini qaldırıb mənə baxdı: lakin onun baxışında naməlum bir təşviş var idi. Bu onun daxili mübarizəsini göstərirdi.

– Şərtinizi izah edin, – dedi, – sizin üçün edə biləcəyim hər şey, əmin olun ki...

– Mənim şərtlərim bunlardır: siz bu gün, hamının yanında öz böhtanınızı geri götürəcək və məndən üzr istəyəcəksiniz...

– Hörmətli cənab, təəccüb edirəm, siz nə cürətlə mənə belə şeyləri təklif edirsiniz?..

– Bundan başqa mən sizə nə təklif edə bilərdim?..

– Biz atışacağıq!

Mən çiyinlərimi çəkdim.

– Eybi yoxdur, lakin siz bilməlisiniz ki, ikimizdən biri hökmən öldürüləcəkdir...

– Mən arzu edərdim ki, bu ölən adam siz olaydınız...

– Mən də bunun əksinə o qədər əminəm ki...

O özünü itirdi, qızardı və sonra məcburi bir qəhqəhə ilə güldü.

Kapitan onun qoluna girərək kənara çəkdi: onlar uzun-uzadı pıçıldaşdılar. Mən buraya kafi dərəcədə sülhsevər bir əhval-ruhiyyə ilə gəlmişdim, lakin bütün bunlar məni hiddətləndirməkdə idi.

Doktor mənə yanaşaraq açıq bir rahatsızlıqla:

– Mənə baxın, – dedi, – siz yəqin ki, bunların sui-qəsd düzəltdiklərini unutmuşsunuz?.. Tapança doldurmaq mənim əlimdən gəlmir, lakin belə bir ittifaqda... Siz qəribə bir adamsınız! Onların niyyətindən xəbərdar olduğunuzu deyin, onda onlar cəsarət etməzlər... Bunun axırı nə olar? Sizi bir quş kimi atarlar...

– Rica edirəm, həkim, narahat olmayın və bir qədər səbir edin... Mən hər işi elə düzəldəcəyəm ki, onların vəziyyəti bizimkindən əlverişli olmayacaqdır. Qoy onlar bir az da pıçıldaşsınlar...

Mən uca səslə onlara dedim:

– Cənablar, qüssədən ürəyimiz sıxılmağa başlayır, vuruşmağa gəlmişiksə, artıq vuruşmalıyıq: doyunca danışmaq üçün dünən vaxtınız vardı...

– Biz hazırıq, – deyə kapitan cavab verdi. – Cənablar, yerlərinizi tutun! Həkim, lütfən altı addım ölçün...

İvan İqnatiç cır səslə:

– Yerlərinizi tutun! – deyə təkrar etdi.

– Müsaidə edin! – dedim: – bir şərt daha var, biz bir-birimizi öldürmək üçün vuruşduğumuza görə, bunun gizlin qalması üçün imkan daxilində olan hər cür tədbirləri görmək vəzifəmizdir. Elə eləməliyik ki, sekundantlarımız məsuliyyətə cəlb edilməsinlər. Rəyimə şəriksinizmi?..

– Tamamilə şərikik!

– Mən belə bir şey fikirləşmişəm. Bu sıldırım qayanın təpəsində, sağ tərəfdəki dar meydançanı görürsünüzmü? Oradan aşağıya qədər otuz sajen, bəlkə artıq da olar, aşağıda iti daşlar var. Bizim hər birimiz meydançanın lap qırağında duracağıq, beləliklə, hətta, cüzi bir yara belə, ölümcül olacaqdır: bu sizin arzunuza mütabiq olmalıdır; çünki altı addımı təyin edən sizsiniz. Yaralanan mütləq aşağıya düşərək xurd-xəşil olacaqdır: həkim gülləni çıxartdıqdan sonra bu qəfil ölümə səbəb tapmaq asandır: büdrəyib aşağı yıxıldı, demək olar. Kimin ilk əvvəl atacağını biz püşklə təyin edərik. Xülasə, sizə bildirirəm ki, belə olmazsa, mən vuruşmayacağam.

Kapitan mənalı-mənalı Qruşnitskiyə baxdı, o, razılığını başının işarəsi ilə bildirdikdən sonra kapitan:

– Eybi yoxdur, – dedi. Qruşnitskinin üzü dəqiqəbədəqiqə dəyişilirdi. Mən onu çətin bir vəziyyətdə qoymuşdum. Adi bir şərait daxilində atışsa idik, o mənim qılçamı nişan alar, məni yüngülcə yaralar və vicdanla desək, artıq qisasını almış olardı. İndi isə o, ya gülləni havaya atmalı, ya qatil olmalı, ya da ki, öz alçaq niyyətindən əl çəkərək, özünü mənimlə eyni təhlükə altında qoymalı idi. O dəqiqələrdə mən onun yerində olmaq istəməzdim. O, kapitanı bir tərəfə çəkərək qızğınlıqla ona nə isə deməyə başladı: onun göyərmiş dodaqlarının titrədiyini gördüm, lakin kapitan nifrətlə gülümsəyib, üzünü ondan çevirərək xeyli uca səslə: – “Sən sarsaqsan! – dedi, – heç bir şey anlamırsan! Haydı, gedək, cənablar!”

Kol-kosun arası ilə gedən dar cığır uçuruma çıxırdı; qayaların çıxıntıları bu təbii pilləkənin pillələri idi; kollardan yapışa-yapışa dırmaşmağa başladıq. Qruşnitski irəlidə gedirdi, dalınca onun sekundantları, sonra həkimlə mən gedirdik.

Həkim əlimi bərk sıxaraq:

– Mən sizə heyrət edirəm! – dedi. Verin bir nəbzinizi yoxlayım! Aha! Tez-tez döyünür!.. Lakin üzünüzdə heç şey görünmür... Yalnız gözləriniz həmişəkindən daha şiddətlə parıldayır.

Birdən xırda daş qırıntıları gurultu ilə ayaqlarımızın altına yumablanmağa başladı. Bu nədir? Qruşnitskinin ayağı büdrəmişdi: yapışdığı budaq qırılmışdı və sekundantı onu tutmasaydı, dalı üstə aşağı yuvarlanacaqdı.

– Ehtiyatlı olun! – deyə ona qışqırdım, – vaxtından əvvəl yıxılmayın: bu yaxşı əlamət deyildir. Yuli Sezarı xatırlayın!

Biz uca bir qayanın üstünə çıxdıq: meydança sanki duel üçün qayrılmış kimi narın qumla örtülü idi. Səhərin qızaran dumanları içərisində gizlənmiş dağ zirvələri ətrafda hədsiz-hesabsız sürü kimi bir-birinin böyrünə qısılmışdı. Elbrus cənubda göyə yüksələrək buzlu dağ təpələrindən əmələ gəlmiş silsilənin uclarını qovuşdururdu. Şərqdən qopub gəlmiş buludlar artıq bu təpələrin arası ilə uçuşmaqda idi. Mən meydançanın kənarına yaxınlaşıb aşağıya baxdım, az qala başım gicəllənmişdi: aşağı qəbir içi kimi qaranlıq və soyuq görünürdü. Tufan və zamanın qoparıb aşağıya atmış olduğu yosunlu qayaların dişləri öz şikarını gözləyirdi.

Üzərində atışacağımız meydança, demək olar ki, düzgün bir üçbucaq təşkil edir. İrəliyə çıxan küncdən altı addım ölçərək düşmənin atəşini birinci olaraq qarşılamalı olan adamın küncün ta ucunda, dalı uçuruma tərəf durmasını qət etdik: o, öldürülmədiyi təqdirdə düşmənlər yerlərini dəyişdirəcəklər.

Qruşnitskini özümdən hər cəhətcə əlverişli bir vəziyyətdə qoymağı qərarlaşdırdım: mən onu sınamaq istəyirdim. Onun ruhunda nəciblik qığılcımı parlaya bilərdi və o zaman hər şey yaxşılıqla qurtarardı, lakin izzəti-nəfs və xarakter zəifliyi qalib gəlməli idi. Taleyin mənə mərhəmət edəcəyi təqdirdə ona heç bir aman verməməkdə özümü haqlı çıxarmaq istəyirdim. Öz vicdanı ilə kim bu sayaq şərt bağlamayır?

Kapitan:

– Doktor, püşk atın! – dedi.

Doktor cibindən bir gümüş sikkə çıxarıb onu yuxarı qaldırdı.

Qruşnitski, dost bir adamın dümsükləməsi ilə birdən oyanmış kimi cəld:

– Reşka! – deyə çığırdı.

Mən də:

– Oryol! – dedim.

Sikkə yuxarıda fırlanaraq cingilti ilə yerə düşdü. Hamı ona tərəf yüyürdü.

Mən Qruşnitskiyə:

– Siz xoşbəxtsiniz, – dedim – əvvəl siz atacaqsınız! Lakin yadınızda saxlayın, siz məni öldürməsəniz, mənim gülləm boşa getməyəcəkdir. Bu xüsusda sizə and verirəm.

O, qızardı; silahsız adamı öldürməyə utanırdı, mən ona diqqətlə baxırdım; bir dəqiqəyə qədər mənə elə gəldi ki, o, mənim ayaqlarıma döşənərək yalvarıb üzr istəyəcək, lakin belə bir alçaq sui-qəsdi boynuna necə ala bilərdi? Onun üçün bircə yol qalmışdı – gülləni havaya atmaq. Mən onun gülləni havaya atacağına əmin idim. Buna bircə şey mane ola bilərdi: mən ikinci dəfə atışmağı tələb edə bilərdim.

Həkim qolumdan dartaraq:

– Vaxtdır! – deyə pıçıldadı, – onların niyyətini bildiyimizi bu saat deməsəniz hər şey məhv oldu. Baxın, o tapançanı doldurur... Siz heç nə deməsəniz, bax, mən özüm...

Mən onun qolundan çəkib saxlayaraq:

– Heç bir vəchlə, həkim! – dedim. – Siz bütün işləri korlarsınız. Mənə mane olmayacağınıza söz vermişdiniz?.. Sizə nə dəxli var? Bəlkə elə ölmək istəyirəm...

Həkim təəccüblə mənə baxdı:

– Aha!.. Bu başqa məsələ... Ancaq o dünyada məndən şikayət etməyin...

Bu aralıq kapitan tapançaları doldurub qurtardı, birini Qruşnitskiyə verdiyi vaxt, gülümsəyərək ona nə isə pıçıldadı, o birini də mənə verdi.

Mən meydançanın küncündə durdum, yaram yüngül olacağı təqdirdə geriyə yuvarlanmamaq üçün sol ayağımı daşa möhkəm dayayaraq azca irəliyə doğru əyilmiş bir vəziyyət aldım. Qruşnitski mənim qarşımda durdu və işarə verildikdən sonra tapançanı yuxarı qaldırmağa başladı. Onun dizləri titrəyirdi. Düz alnımı nişan almışdı...

Qəlbimdə təsəvvürə gəlməz bir hiddət coşmaqda idi. Birdən tapançanı yanına saldı, kətan kimi ağararaq öz sekundantına tərəf dönüb boğuq səslə:

– Ata bilmirəm, – dedi.

– Qorxaq! – deyə kapitan cavab verdi.

Atəş açıldı. Güllə mənim dizimi cızdı. Uçurumun kənarından uzaqlaşmaqdan ötrü mən ixtiyarsız olaraq bir neçə qədəm irəli atdım.

Kapitan dedi:

– Qardaşım, Qruşnitski! Təəssüf ki, güllən dəymədi. İndi isə növbə sənindir, yerini tut! Əvvəl məni bir qucaqla: biz bir daha görüşməyəcəyik! – Onlar qucaqlaşdılar, kapitan gülməkdən özünü zorla saxlaya bilirdi; o, hiyləgərliklə Qruşnitskiyə baxaraq: – Qorxma, – deyə əlavə etdi. – Dünyada hər şey mənasızdır!.. İnsan – axmaq, tale – hind toyuğu, həyat isə bir qəpiklik şeydir!

Ləyaqətli bir lovğalıqla deyilən bu müdhiş cümlədən sonra kapitan öz yerinə çəkildi. İvan İqnatiç də gözləri yaşarmış bir halda Qruşnitskini qucaqladıqdan sonra o qarşımda tək qaldı. O vaxt mənim qəlbimdə nə cür hissin qaynadığını mən indiyə qədər aydınlaşdırmağa çalışıram, o hiss, həm təhqir edilmiş bir izzəti-nəfsin hiddəti, həm nifrət, həm də kin idi. Üzümə indi sakitcə, utanmadan və əmniyyətlə baxan bu adamın iki dəqiqə əvvəl özünü heç bir təhlükəyə qoymadan və bir köpəyi öldürürmüş kimi məni öldürmək istədiyini fikrimə gətirdikcə qəlbimdə kin qaynayıb daşırdı, çünki ayağımdan bir az ağır yaralanmış olsaydım, mən mütləq qayadan aşağı yuvarlanacaqdım.

Bir neçə dəqiqə onun üzünə diqqətlə baxaraq peşmanlığın, heç olmazsa, kiçik bir əlamətini görməyə çalışdım. Lakin mənə elə gəlirdi ki, o gülməkdən özünü güclə saxlayır.

İş belə olduqda mən ona:

– Ölməkdən qabaq Allaha dua etmənizi tövsiyə edirəm, – dedim.

– Mənim ruhumun qeydinə özünüzünkündən çox qalmayın. Sizdən bircə ricam var: tez atın!

– Siz yenədəmi öz böhtanınızı geri götürmək istəmirsiniz?.. Məndən bağışlanmağınızı xahiş etmirsinizmi? Yaxşı fikirləşin, vicdanınız sizə bir şey demirmi?

Draqun kapitanı çığıraraq:

– Cənab Peçorin! – dedi, – müsaidənizlə, sizi buraya təlqin üçün gəlmədiyinizi deməliyəm. Tez qurtarmalıyıq: birdən dərə ilə keçən olar və bizi burada görərlər...

– Yaxşı, həkim, bir yaxına gəlin!

Həkim yanaşdı. Yazıq həkim! O, Qruşnitskinin on dəqiqə əvvəl solğun olduğundan daha artıq ağarmışdı.

Bu aşağıdakı sözləri mən qəsdən edam hökmünün oxunduğu kimi dayana-dayana, aydın və uca bir səslə tələffüz etdim:

– Həkim, bu cənablar, tələsdiklərindən, yəqin, mənim tapançama güllə qoymağı unutmuşlar, rica edirəm, bunu yenidən doldurasınız – həm də yaxşıca doldurasınız!

– Elə iş olmaz! – deyə kapitan çığırdı, – elə iş olmaz! Tapançaların ikisini də doldurmuşam. Bəlkə güllə sizinkindən yuvarlanıb çıxıb... Bu mənim təqsirim deyil. Yenidən doldurmağa isə sizin haqqınız yoxdur... Heç bir haqqınız yoxdur... Bu bütün qaydalara tamamilə ziddir: mən icazə vermərəm...

Mən kapitana:

– Yaxşı – dedim, – əgər belə isə mən sizinlə eyni şərtlərlə atışacağam.

O, duruxdu.

Qruşnitski tutqun və özünü itirmiş halda başını sinəsinə əyərək dayanmışdı.

Axırda o, tapançanı həkimin əlindən dartıb almaq istəyən kapitana:

– Burax onları!.. Axı sən özün onların haqlı olduğunu bilirsən, – dedi.

Kapitan boş yerə ona cürbəcür işarələr edirdi, – Qruşnitski ona baxmaq belə istəmirdi.

Bu aralıq həkim tapançanı dolduraraq mənə verdi. Bunu görərkən, kapitan tüpürüb ayağını yerə vurdu və:

– Sən sarsaqsan, qardaş, – dedi, – həm də murdar sarsaqsan!.. Madam ki, mənə bel bağlamısan, mənə də qulaq as... Sənə hər nə etsələr yeridir! Milçək kimi gəbər!.. Dönüb geriyə çəkilərkən: – “Bununla bərabər bu, qaydalara lap ziddir” – deyə mırıldandı.

– Qruşnitski! – dedim, – hələ vaxt var, öz böhtanından əl götür, mən hər şeyi sənə bağışlaram. Məni lağa qoymaq sənə mümkün olmadı, mənim izzəti-nəfsim də qane oldu; yadına sal, biz bir vaxtlar dost idik...

Onun üzü qıpqırmızı qızardı, gözləri parıldadı.

– Atın! – deyə cavab verdi. – Mən özümə nifrət edirəm, sizi də görməyə gözüm yoxdur. Siz məni öldürməsəniz, mən sizi gecə qəflətcə doğrayacağam. İkimizdən birimiz gərək bu dünyada yaşamasın...

Mən atəş açdım...

Tüstü çəkildiyi vaxt Qruşnitski meydançada yox idi.

Uçurumun kənarında xəfif sütun kimi görünən toz hələ qıvrılmaqda idi.

Hamı bir səslə qışqırdı.

Mən həkimə:

– Finta la comedia1 – dedim.

O, cavab verməyərək dəhşət içərisində üzünü çevirdi. Mən çiyinlərimi çəkərək Qruşnitskinin sekundantlarına baş əyib yola düşdüm.

Cığırla aşağı düşərək Qruşnitskinin qanlı cəsədini qayaların yarıqları arasında gördüm, bilaixtiyar gözlərimi yumdum...

Atımı açaraq yavaş addımlarla evə tərəf yollandım. Ürəyimdən sanki bir daş asılmışdı... Günəş mənə tutqun görünür, onun şüaları məni qızdırmırdı.

Kəndə bir az qalmış atımı sağ tərəfə – dərəyə çevirdim. Adam görmək mənə ağır gəlirdi: tək qalmaq istəyirdim. Cilovu buraxaraq və

_________________

1 Komediya qurtardı! (italyanca)

başımı köksümə əyərək uzun müddət beləcə getdim. Axırda gəlib əsla tanımadığım bir yerə çıxdım, atı geriyə çevirərək yolu axtarmağa başladım: mən tamamilə yorğun bir halda yorulmuş atın belində Kislovodska çatdığım vaxt günəş batmaq üzrə idi.

Lakeyim Vernerin gəlmiş olduğunu söylədikdən sonra mənə iki məktub verdi: məktubun biri Vernerdən, digəri isə... Veradan idi.

Birincini açdım, bu məzmunda idi:

“Hər şeyi mümkün qədər yaxşı düzəldilmişdir: xurd-xəşil olmuş meyit gətirilmiş, güllə döşündən çıxarılmışdır. Onun ölümünə bədbəxt bir hadisə səbəb olduğuna hamı əmindir: yalnız komendant başını buladı, lakin bir şey demədi. Yəqin o savaşdığınızı bilir. Sizin əleyhinizə ortada heç bir sübut yoxdur, siz lap rahat yata bilərsiniz... əgər bacarsanız... Salamat qalın...”.

İkinci məktubu açmağa uzun müddət cürət etmirdim. O mənə nə yaza bilərdi?.. Ağır bir hiss qəlbimi həyəcanlandırmaqda idi.

Hər sözü mənim hafizəmdə pozulmadan həkk edilmiş olan məktub budur:

“Sənə bu məktubu bizim bir daha heç bir zaman görüşməyəcəyimizə əmin olduğum bir halda yazıram. Bir neçə il bundan əvvəl səndən ayrılırkən də belə düşünürdüm, lakin məni ikinci dəfə sınamaq yəqin fələyə xoş gəlmişdir, mən bu sınağa tab gətirə bilmədim; mənim zəif qəlbim tanış səsə yenidən tabe oldu... Sən bunun üçün mənə nifrət etməyəcəksən, deyilmi? Bu məktub eyni vaxtda həm vidalaşma, həm də bir tövbə olacaqdır. Səni sevdiyim zamandan bəri qəlbimdə yığılmış olan dərdi açıb sənə demək mənim üçün bir vəzifədir. Mən səni təqsirləndirməyəcəyəm – sən mənimlə hər hansı bir kişinin rəftar edəcəyi kimi rəftar etdin: sən məni öz xüsusi malın kimi, bir-birini əvəz edən sevinc, təşviş və qüssə mənbəyi kimi sevdin. Bunlar olmasa həyat kədərli və yeknəsəq olardı. Mən bunu lap əvvəllərdə anladım. Lakin sən bədbəxt idin; ona görə də vaxtilə mənim fədakarlığımı qiymətləndirəcəyinə, heç bir şəraitdən asılı olmayan dərin nəvazişimi anlayacağına ümid bağlayaraq özümü sənin yolunda qurban verdim. O vaxtdan çox zaman keçmişdir, mən sənin ruhunun bütün əsrarına vaqif olmuş... və bu ümidimin hədər olduğuna inandım. Mən acıdım! Lakin mənim sevgim ruhumdan ayrılmazdır, sevgi qaraldı, lakin sönmədi.

Biz əbədi olaraq ayrılırıq, lakin sən əmin ola bilərsən ki, mən heç bir zaman başqasını sevməyəcəyəm; mənim ruhum bütün sərvətini, bütün göz yaşlarını və ümidlərini sənə sərf edib bitirmişdir. Səni sevmiş bir qadın başqa kişilərə nifrətlə baxmaya bilməz, bu sənin başqalarından daha yaxşı olduğundan deyil, yox, yox! Sənin təbiətində nə isə yalnız sənə məxsus olan ayrıca bir şey var, qürura bənzər əsrarəngiz bir şey var. Sənin səsində, hər nə xüsusda danışsan belə, məğlubedilməz bir hakimiyyət var; sənin kimi heç kəs daima sevilmək istəməyi bacarmır, yamanlıq heç kəsdə bu qədər xoş olmur, heç kəsin baxışı bu qədər zövq və həzz vəd etmir, öz üstünlüklərindən bundan daha yaxşı istifadə etməyi heç kəs sənin qədər bacarmır və heç kəs bu qədər həqiqi surətdə bədbəxt ola bilməz, çünki heç kəs özünü bunu əksinə inandırmağa bu qədər çalışmır.

İndi mən sənə belə tələsik getməyimin səbəbini izah etməliyəm: o, yalnız mənə aid olduğu üçün sənə əhəmiyyəti az bir şey kimi gələcəkdir.

Bu gün səhər tezdən ərim yanıma gələrək Qruşnitskilə savaşdığını nağıl etdi. Yəqin mənim üzüm çox dəyişildiyi üçün o, uzun vaxt diqqətlə gözlərimin içinə baxdı; sənin bu gün atışacağını və buna da səbəb mən olduğumu fikrimə gətirdikdə, mən az qala özümdən gedəcəkdim. Mən dəli olacağımı zənn edirdim... Lakin indi ağlım başıma gəldikdən sonra sənin sağ qalacağına əminəm: sənin mənsiz ölməyin mümkün deyildir! Ərim uzun vaxt otaqda gəzindi, onun mənə nə dediyini bilmirəm; ona verdiyim cavab da xatirimdə deyil, gərək ki, səni sevdiyimi ona dedim. Ancaq söhbətimizin axırında onun məni müdhiş bir sözlə təhqir edərək otaqdan çıxdığı yadımdadır. Karetanın qoşulmasını əmr etdiyini eşitdim... Budur, üç saatdır ki, mən pəncərə qabağında oturub sənin qayıtmağını gözləyirəm... Lakin sən sağsan, sən ölə bilməzsən!.. Kareta, demək olar ki, hazırdır.. Əlvida, əlvida... mən məhv oldum, lakin buna nə ehtiyac var?.. Sənin məni həmişə yadda saxlayacağına əmin ola bilsəydim – sevəcəyini demirəm, yox, ancaq, yadda saxlayacağını deyirəm... Salamat qal, gəlirlər... Mən məktubu gizlətməliyəm...

Sən Merini sevmirsən, deyilmi? Onunla evlənməyəcəksən? Mənə bax, sən mənə bu qurbanı verməlisən, axı sənin yolunda mən dünyada hər şeyimi itirdim!..”

Mən dəli kimi eyvana sıçradım, həyətdə gəzdirilməkdə olan Çərkəzimin belinə atılaraq, Pyatiqorsk yolu ilə dördnala çapmağa başladım. Əldən düşmüş atımı amansız surətdə qovurdum. O, tamamilə ağzı köpüklənmiş bir halda xırıldaya-xırıldaya daşlıq yolla çapmaqda idi.

Günəş, qərbdəki dağlar silsiləsində dincələn bir qara bulud arxasına gizləndi; dərəyə qaranlıq və rütubət çökdü. Daşların arası ilə axan Podkumok çayı boğuq-boğuq və yeknəsəq bir tərzdə şırıldamaqda idi. Mən səbirsizlikdən boğula-boğula çapırdım. Onu Pyatiqorskda tuta bilməyəcəyim fikri qəlbimi sızıldadırdı. Bircə dəqiqə, bir dəqiqə daha onu görsəydim, vidalaşsaydım, əlini sıxsaydım... Mən dua edir, lənət oxuyur, ağlayır, gülürdüm... Yox, mənim əndişəmi, ümidsizliyimi heç bir şey ifadə edə bilməz!.. Onu əbədi olaraq itirmək ehtimalı qarşımda durunca, Vera mənim üçün dünyada hər şeydən – həyatdan, namusdan, bəxtiyarlıqdan da qiymətli oldu. Mənim başımda necə qəribə, necə çılğın fikirlər gəzdiyini yalnız Allah bilir... Bununla belə mən atı aramsızcasına qovaraq çapırdım. Bax, budur, mən atımın ağır nəfəs almaqda olduğunu sezməyə başladım. O, düzəngah yerdə artıq bir-iki dəfə büdrəmişdi... Kazak stanitsası olan Yessentukiyə beş verstə qədər qalmışdı, burada mən başqa bir ata minə bilərdim.

Atımın qüvvəti onca dəqiqəyə daha yetsə idi, hər bir şey xilas edilmiş olurdu. Lakin birdən xırdaca bir dərədən qalxarkən dağlardan çıxhaçıxda, dik bir dönüşdə heyvan yerə sərildi. Mən cəld yerə atıldım, onu qaldırmaq üçün cilovundan tutub çəkdim – əbəs: atın qıcanmış dişlərinin arasından güclə eşidilə bilən bir inilti qopdu, bir neçə dəqiqə sonra öldü. Mən son ümidimi itirərək çöldə tək qaldım; piyada getmək fikrinə düşdüm – qılçalarım büküldü, bütün günü keçirdiyim təşvişdən, yuxusuzluqdan tabsız bir halda yaş otun üzərinə yıxılaraq uşaq kimi ağladım.

Uzun bir müddət qımıldanmadan uzanaraq hönkürtü və göz yaşlarımı saxlamağa çalışmadan acı-acı ağladım. Sinəmin partlayacağını zənn edirdim; bütün soyuqqanlılığım, bütün səbatım tüstü kimi qeyb olmuşdu, taqətim qalmamışdı, dərrakəm susmuşdu, əgər bu dəqiqə məni biri görsəydi, nifrətlə məndən üz döndərərdi.

Gecənin şehi və dağ küləyi mənim alovlu başımı sərinlətdi və fikirlərim həmişəki intizamına düşdüyü vaxt, mən məhv olmuş bəxtin dalınca qaçmağın həm faydasız bir iş, həm dəlilik olduğunu anladım. Daha mənə nə lazımdır? – Onu görməkmi? – nə üçün? Bizim aramızda hər şey bitməmişdirmi? Bir acı vidalaşma öpüşü xatiratımı zənginləşdirə bilməz; həm də bu öpüşmədən sonra bizim ayrılmamız daha da çətin olar.

Lakin ağlamağı bacara bildiyim mənə xoşdur. Amma burası da var, bəlkə də buna səbəb əsəblərimin pozğunluğu, keçən gecəni yuxusuz keçirməyim, iki dəqiqə tapança lüləsi qarşısında durmağım və qarnımın boşluğu olmuşdur.

Axırı aydınlıqdır! Bu yeni əzab, əsgəri üslubla desək, daxilimdə uğurlu bir təxribat apardı. Ağlamaq səhhət üçün xeyirlidir, bir də, yəqin, mən at çapmasaydım və geri qayıdarkən on beş verst piyada getməyə məcbur olmasaydım, bu gecə də yuxu mənim gözlərimi yumdura bilməyəcəkdi.

Mən Kislovodska səhər saat beşdə gəlib çatdım və yatağa atılaraq Napoleonun Vaterloodan sonrakı yuxusu ilə yuxuladım.

Oyandığım vaxt eşikdə artıq qaranlıq düşmüşdü. Mən açıq pəncərənin qabağında oturub arxalığımın düymələrini açdım, – dağ küləyi ağır yorğunluq yuxusundan hələ də rahatlanmamış sinəmi sərinlətdi. Uzaqda, çayın o tayında çaya kölgə salan qovaqların sıx başları arasından, qalanın və kəndin binalarında yanan işıqlar parıldamaqda idi. Bizim həyətdə hər şey sükuta qərq olmuşdu, knyaginyanın evində işıq yanmırdı.

Həkim içəri girdi, onun qaşqabağı sallanmışdı. Həmişəki adətinə rəğmən mənə əl uzatmadı.

– Həkim, haradan gəlirsiniz?

– Knyaginya Liqovskayanın yanından: onun qızı xəstədir, əsəbləri zəifləmişdir... Lakin iş onda deyil, bax, bundadır; hökumət adamları işi duymuşlar. Heç bir şeyi isbat etmək mümkün deyilsə də mən sizə ehtiyatlı olmanızı tövsiyə edirəm. Knyaginya bu gün mənə dedi ki, o sizin Meri üçün duelə çıxdığınızı bilir. Ona hər şeyi o qoca nağıl etmişdir... Nə idi onun adı? O, Qruşnitski ilə sizin restoranda dalaşmağınızın şahidi olmuşdur. Mən sizi xəbərdar etmək üçün gəldim. Salamat qalın. Ola bilsin ki, biz bir daha görüşməyəcəyik, sizi bir yerə sürgün edərlər.

Həkim astanada dayandı: mənim əlimi sıxmaq arzusunda idi... Mən bu yolda ən kiçik bir arzu göstərsəydim o, yüyürüb boynumu qucaqlayacaqdı, lakin mən daş kimi soyuq bir tövr aldım, – o da bayıra çıxdı.

İnsanlara bir bax! Bunların hamısı belədir, bir əməlin bütün pis cəhətlərini qabaqcadan bildikləri halda ona yardım göstərir, tövsiyə edir, başqa bir vasitənin mümkün olmadığını görərək onu hətta təqdir belə edirlər, – sonra kənara çəkilir və məsuliyyətin bütün ağırlığını öz üzərinə almağa cürət edəndə, səndən nifrətlə üz çevirirlər. Onların hamısı belədir, hətta ən mərhəmətliləri, ən ağıllıları da belədir!..

Ertəsi gün səhər tezdən baş rəisdən N qalasına getmək əmri alıb, vidalaşmaq üçün knyaginyagilə getdim.

Knyaginyanın, ona deməli ayrıca bir mühüm sözü olub olmadığı sualına mənim: – sizə səadət və can sağlığı arzulayıram, – deyə cavab verməyim onu təəccübləndirdi.

– Mənə isə sizinlə çox ciddi danışmaq lazımdır.

Mən dinməzcə oturdum.

Aşkar idi ki, nədən başlayacağını bilmirdi; qıpqırmızı qızardı, şişkin barmaqları ilə stolu taqqıldatdı: axırda qırıq bir səslə belə başladı:

– Mənə baxın, müsyö Peçorin, mən zənn edirəm ki, siz nəcib adamsınız.

Mən baş əydim.

O, sözünə davamla:

– Sizin nəcibliyinizə tamamilə əminəm, – deyə o, davam etdi, – sizin davranışınız bir qədər şübhəli olsa da, yəqin bunun mənim bilmədiyim səbəbləri ola bilər; bax, onları siz, indicə mənə açmalısınız. Siz mənim qızımı böhtandan qorudunuz, onun yolunda atışdınız, deməli, həyatınızı təhlükə altına qoydunuz... Cavab verməyin, mən bilirəm ki, Qruşnitski öldürüldüyünə görə (o xaç çəkdi) siz bunu boynunuza almayacaqsınız, Allah onun günahından keçər – və ümidvaram ki, sizinkindən də keçər!.. Bu mənə dəxli olan bir məsələ deyil... Mən sizi günahlandırmağa cürət edə bilmərəm, çünki mənim qızım günahsız olsa da hər halda buna səbəb olmuşdur. O mənə hər şeyi söyləmişdir... zənn edirəm aydındır: siz ona sevginizi elan etmişsiniz... o da sizə həmçinin (burada knyaginya ağır bir ah çəkdi), lakin o xəstədir və mən bunun adi bir xəstəlik olmadığına əminəm. Gizli bir dərd onu öldürməkdədir. O, boynuna almır, lakin mən əminəm ki, bunun səbəbi sizsiniz... Məni dinləyin: siz bəlkə mənim rütbə, çox böyük sərvət axtardığımı zənn edirsiniz – bu düşüncəni kənara atın, mən qızıma yalnız bəxtiyarlıq istəyirəm. Sizin indiki vəziyyətiniz qibtə ediləcək bir vəziyyət deyil, lakin bu vəziyyət düzələ bilər, sizin var-dövlətiniz var; sizi mənim qızım sevir, o bəxtiyarlığınızı təmin edəcək bir tərbiyə almışdır. Mən zənginəm, o mənim yeganə övladımdır... Söyləyin, sizi dayandıran nədir?.. Əslinə baxsan mən bütün bunları sizə söyləməməli idim, lakin mən sizin qəlbinizə, sizin namusunuza arxalanıram, yadınıza salın ki, mənim bircə qızım var, bircə...

O, ağladı.

– Knyaginya, – dedim, – sizə cavab verməyə imkanım yoxdur müsaidə edin qızınızla təklikdə danışım...

– Heç vaxt! – deyə şiddətli həyəcan içində yerindən qalxdı.

– İxtiyar sizindir, – deyə cavab verərək getməyə hazırlaşdım.

O, fikrə getdi və bir qədər səbir etməmi işarə ilə anlatdıqdan sonra otaqdan çıxdı.

Beş dəqiqə keçdi; qəlbim şiddətlə döyünürdü, lakin fikirlərim sakit, başım soyuq idi, mehriban Meriyə qəlbimdə heç olmasa bircə zərrə sevgi axtardımsa da, tapa bilmədim.

Budur, qapı açıldı, o, daxil oldu. Aman, allah! Son dəfə gördüyümdən o nə qədər dəyişilmişdi. Görəsən mən onu çoxdanmı görməmişəm?

Otağın ortasına çatarkən o, səndələdi: mən yerimdən sıçrayaraq əlimi uzatdım və onu kresloya apardım.

Mən onun qarşısında durmuşdum. Biz uzun müddət dinmədik: onun anlaşılmaz hüznlə dolu olan iri gözləri sanki mənim gözlərimdə ümidə bənzər bir şey axtarırdı, onun solğun dodaqları boş yerə gülümsəməyə çalışırdı, dizlərinin üzərinə qoymuş olduğu zərif əlləri o qədər arıq və şəffaf idi ki, mənim ona yazığım gəldi.

– Knyajna, – dedim, – onu bilirsinizmi ki, mən sizə ələ salmışdım?.. Siz mənə nifrət etməlisiniz.

Onun yanaqları xəstələrə məxsus bir tərzdə qızardı.

Mən davam edərək:

– Belə olduğu halda siz məni sevə bilməzsiniz, – dedim...

O üzünü kənara çevirərək stola dirsəkləndi və əlləri ilə gözlərini örtü, mənə elə gəldi ki, onun gözlərində yaş parıldadı.

Zorla eşidiləcək bir səslə:

– Pərvərdigara! – dedi.

Bu, dözülməz bir vəziyyət idi və bu hal daha artıq davam etsəydi, mən onun ayaqlarına düşəcəkdim.

Mən bacara bildiyim qədər möhkəm səslə və məcburən gülümsəyərək:

– Xülasə, dedim, – mənim sizinlə evlənə bilməyəcəyimi siz özünüz də görürsünüz. Əgər siz bunu indi hətta arzu etsəydiniz də çox tezliklə peşman olardınız. Ananızla aramızda olan danışıq məni sizə bu qədər açıq bir tərzdə və bu qədər kobudcasına izahat verməyə məcbur etdi, mən onun səhv etdiyini ümid edirəm: onun səhvini özünə anlatmaq isə asandır. Görürsünüz, mən sizin qarşınızda çox aciz və murdar bir rol oynayıram və hətta bunu boynuma alıram: sizin üçün edə biləcəyim yaxşılıq ancaq budur. Mənim haqqımda nə cür pis rəydə olsanız belə, mən onu qəbul edirəm... Bilmirsiniz, mən sizin qarşınızda alçağam... Doğrudurmu, siz məni hətta sevsəydiniz belə, artıq bu dəqiqədən etibarən mənə nifrət edərdiniz?..

O, mənə tərəf döndüyü zaman sifəti mərmər kimi ağarmışdı, lakin təkcə gözləri çox gözəl bir tərzdə parıldayırdı.

– Mən sizə nifrət edirəm... – dedi.

Mən təntənə ilə təşəkkürümü bildirərək, ehtiramla baş əyib çıxdım. Bir saat sonra üçatlı çapar arabası məni Kislovodskdan sürətlə uzaqlaşdırırdı. Yessentukiyə bir neçə verst qalmış, yolun kənarında mən köhlən atımın leşini tanıdım, yəhəri götürülmüşdü – yəqin yoldan keçən bir kazak götürmüşdü və yəhər əvəzinə belinə iki qarğa qonmuşdu. Mən bir ah çəkib üzümü çevirdim...

İndi də burada, adamı darıxdıran bu qalada keçmişi xatırladıqca özümdən tez-tez soruşuram: tale mənimçün açmış olduğu yola mən nə üçün qədəm qoymaq istəmədim? Axı o yolda məni sakit bir sevinc və ruhi rahatlıq gözləməkdə idi... Yox, mən belə bir qiymətə tab gətirə bilməzdim! Mən quldurlar gəmisində doğulmuş və oradaca böyümüş bir matros kimiyəm, onun ruhu fırtınalara, çarpışmalara alışmışdır; fırtına onu sahilə tulladığı vaxt kölgəli meşələr onu nə qədər cəzb etsə və ilıq günəş ona nə qədər işıq saçsa, yenə də qüssələnəcək, sıxıntı çəkəcək, o bütün günü sahilin qumları üzərində gəzərək, çırpınan dalğaların yeknəsəq xışıltısını dinləyəcək, dumanlı uzaqları diqqətlə seyr edəcəkdir: orada, o mavi dərinlikləri bozumtul buludlardan ayıran cizgi üzərində, həsrətin çəkdiyi, əvvəlcə dəniz qağayısı qanadına bənzəyən, sonra isə yavaş-yavaş dalğaların köpüyündən ayrılaraq, hamar hərəkətlə xəlvət bir körpüyə yanaşan yelkəni görməyə çalışacaqdır...

FATALİST1

Bir dəfə, necə oldusa sol cinahda olan bir kazak stansiyasında iki həftə yaşamalı oldum; piyada batalyonu da burada düşmüşdü: zabitlər növbə ilə bir-birinin evinə toplaşıb axşamlar qumar oynayırdılar.

Bir dəfə, boston2 oynamaqdan darıxıb, kartları stolun altına tullayaraq mayor S... nın evində xeyli müddət oturdum; söhbət həmişəkindən maraqlı idi. Guya insanın başına gələnlərin Allahın əmri ilə baş verdiyinə inanan müsəlman etiqadına bizim aramızda da pərəstiş edənlər olduğu haqqında mühakimə yeridirdik. Hər kəs cürbəcür qəribə hadisələri pro yaxud contra3 danışırdı.

Qoca mayor dedi:

– Ağalar, bunlar heç şeyi isbat etmir, axı heç biriniz öz rəyinizi sübut etmək üçün dediyiniz bu qəribə hadisələri görməmişsiniz!

Bir çoxları dedi:

– Əlbəttə, heç birimiz görməmişik, lakin mötəbər adamlardan eşitmişik...

Kim isə dedi:

– Bunlar hamısı boş şeylərdir! Bizim ölüm saatımızın siyahısını görmüş mötəbər adamlar hanı?.. Əgər doğrudan da əcəl vardısa, o zaman bizdə iradə və mühakimə nə üçün verilmişdir? Nə üçün biz istədiyimizi etməməliyik?

Bu zaman otağın bir küncündə oturmuş bir zabit ayağa qalxdı, asta-asta stola yanaşaraq hamını sakit və məğrur bir baxışla süzdü. Adından məlum olduğu kimi o, serb idi.

Poruçik Vuliçin zahiri görünüşü onun heysiyyətinə tamamilə uyğun gəlirdi. Uca boyu və buğdayı çöhrəsi, qara saçları və nüfuzedici qara gözləri, mənsub olduğu millətin əlaməti olan yekə, lakin düzgün burnu, daima dodaqlarında gəzən qüssəli və soyuq təbəssümü – onu xüsusi bir məxluq görkəmi vermişdi. Sanki bütün bunların hamısı taleyini onunla yoldaş etdiyi adamlarla öz fikir və ehtirasları haqqında dərdləşməyə qabiliyyətsiz bir adam görkəmi vermək üçün şərtləşdirilmişdi.

Vuliç cəsur idi, az, lakin kəskin danışardı; könlünün və ailəsinin sirlərini heç kəsə açmazdı; demək olar ki, əsla şərab içməzdi, göz görməsə gözəlliklərini təsəvvür etmək çətin olan gənc kazak qızlarının dalınca düşməzdi. Lakin, belə deyirdilər ki, polkovnikin arvadı onun ifadəli gözlərinə bənd olubdur, lakin bu haqda ona söz atdıqda ciddən qəzəblənərdi.

Yalnız bir həvəsini – qumara olan həvəsini kimsədən gizlətməzdi. Yaşıl stol başında o hər şeyi unudar və adətən həmişə uduzardı, lakin daimi müvəffəqiyyətsizliklər onun inadını daha da artırardı. Belə söyləyirdilər ki, bir dəfə o, gecə əsgəri səfər zamanı yastıq üstündə bank qoyur: əli bərk gətirirmiş. Bu zaman birdən güllə səsi eşidilir, təhlükə xəbəri verilir, hamı yerindən sıçrayıb silaha sarılır. Vuliç yerindən qımıldanmadan ən qızğın pontyorlarından1 birinə “Banka get!” – deyə bağırır. Portnyoru qaça-qaça “Yeddilik gəlir”, deyə cavab verir. Ümumi bir çaxnaşma düşməsinə baxmayaraq Vuliç kart verir.

O, qabaq cəbhəyə gəldiyi zaman bərk atışma gedirmiş, Vuliç gülləyə və çeçen qılıncına etina etmədən xoşbəxt pontyorunu axtarırmış.

Nəhayət, Vuliç qabaqda atışanlar və düşməni meşədən qovub çıxardanlar içərisində pontyorunu görən kimi:

– Yeddilik çıxdı! – deyə bağırır və yaxına gəlib xoşbəxt curunun indi pul vermək vaxtı olmadığını söyləməsinə baxmayaraq, kisəsini çıxarıb pulları ona verir. Xoşuna gəlməyən bu borcu verdikdən sonra o, irəli atılır, soldatları da dalınca aparır və işin axırınacan, lap soyuqqanlılıqla çeçenlərlə atışır.

Poruçik Vuliç stola yaxınlaşdıqda hamı susub ondan orijinal bir hərəkət baş verəcəyini gözləməyə başladı.

O:

– Ağalar! – dedi (onun səsinin ahəngi adi qaydasından aşağı olsa da sakit idi), – ağalar, boş mübahisələrdən nə çıxar? Siz sübut istəyirsiniz, təklif edirəm öz üzərinizdə sınayasınız, insan öz həyatının ağasıdırmı və ya qəza-qədərdən hər birimiz üçün bir əcəl dəqiqəsi təyin edilmişdir... Kim istəyir?

– Mən istəmirəm, mən istəmirəm! – deyə hər tərəfdən səslər eşidildi. – Qəribə adamsan ha! Gör ağlına nə gəlir!

Mən zarafatla:

– Mərc gəlirəm, – dedim.

– Nədən mərc gəlirsən?

Cibimdəki var-yox iyirmi çervonu stolun üstünə səpərək:

– Mərc gəlirəm ki, əcəl yoxdur! – dedim.

– Mərcini qəbul edirəm! – deyə Vuliç boğuq bir səslə cavab verdi. – Mayor, siz münsif olun, bu da on beş çervon, beş çervon da siz mənə borclusunuz, iltifat edib onu da bu on beş çervonun üstünə qoyun.

Mayor:

– Yaxşı, – dedi, – ancaq doğrusu, nədən mərc bağladığınızı və mübahisəni necə həll edəcəyinizi anlamıram...

Vuliç bir söz demədən mayorun yataq otağına keçdi; biz də onun dalınca getdik. O, bir çox silah asılmış divara yaxınlaşdı və müxtəlif kalibrli tapançalardan birini mıxdan götürdü. Biz hələ də onun fikrini anlamamışdıq, lakin o çaxmağı çəkib tapançanın lüləsini barıtla doldurduqda, çoxumuz bilaixtiyar bağırıb əllərini tutduq.

– Nə etmək istəyirsən? Canım, bu ki dəlilikdir! – deyə onun üstünə bağırışdılar.

O, əllərini bizim əlimizdən çıxarıb asta-asta dedi:

– Ağalar! Kim mənim əvəzimə iyirmi çervon qoymaq istəyir?

Hamımız susduq və ondan uzaqlaşdıq.

Vuliç o biri otağa keçdi. Stolun başında əyləşdi. O bizə stolun dövrəsində oturmaq işarəsi verdi. Dinmədən ona itaət elədik: bu dəqiqədə o bizim üzərimizdə əsrarəngiz bir hökmə malik idi. Mən diqqətlə onun gözlərinin içinə baxdım, lakin o mənim sınayıcı baxışıma arxayın və soyuq cavab verdi, solğun dodaqları ilə gülümsədi, lakin onun soyuqqanlılığına baxmayaraq, mənə elə gəldi ki, Vuliçin solğun çöhrəsində ölüm damğası sezirəm. Mən müşahidə etmişəm, məndən başqa bir çox köhnə əsgərlər də mənim müşahidəmi təsdiq edirdilər ki, bir neçə saatdan sonra öləcək adamın üzündə çox vaxt əcəlin qəribə əlaməti olur və bu məsələdə belə vəziyyəti təyin etməyə alışan göz çətin səhv edir.

Mən ona dedim:

– Siz bu gün öləcəksiniz! – O, cəld mənə tərəf döndü, lakin yavaşca və sakitcə cavab verdi:

– Bəlkə də hə, bəlkə də yox...

Sonra mayora müraciətlə tapançanın dolu olub-olmadığını soruşdu. Ara qarışıq olduğundan mayor bu məsələni yaxşı bilmirdi.

Kim isə qışqırdı:

– Vuliç, burax! Madam ki divarda, adamın başı üstündən asılmışdır, demək, mütləq doludur, zarafatın heç yeridir?!

Bir başqası:

– Bu, sarsaq zarafatdır! – deyə dilləndi.

Bir üçüncüsü qışqırdı:

– Beş manatına qarşı əlli manatdan mərc gələrəm ki, tapança dolu deyildir.

Yenə mərclər bağlandı.

Bu uzun təşrifat məni usandırdı. Mən ona:

– Bura baxın, – dedim, – özünüzü öldürün, ya da tapançanı əvvəlki yerindən asın, gedək yataq.

Bir çoxları:

– Düzdür, – deyə dilləndi, – gedək yataq.

Vuliç tapançanın lüləsini alnına dayayaraq dedi:

– Ağalar, rica edirəm, yerinizdən tərpənməyəsiniz! – Elə bil hamı yerində daşa döndü. Vuliç əlavə etdi:

– Cənab Peçorin, kartı götürüb havaya atın.

İndiki kimi xatırımdadır, mən qırmızı toxmaq tuzu stolun üstündən götürərək havaya atdım: hamı nəfəsini içinə çəkdi; bütün nəzərlər qorxu və anlaşılmaz bir maraqla tapançadan aralanıb məşum tuza dikildi, tuz havada titrəyib yavaş-yavaş yerə düşürdü və stola toxunmamışdı ki, Vuliç tapançanın tətiyini çəkdi... tapança açılmadı!

– Allaha şükür ki, dolu deyilmiş, – deyə səsləndilər.

Bir çoxları:

Vuliç:

– Yenə də bir baxaq, – dedi. O, yenə tapançanın tətiyini çəkib pəncərənin üstündən asılmış furajkanı nişan aldı; tapança açıldı – tüstü otağı bürüdü; tüstü çəkildikdə furajkanı asıldığı yerindən götürdü. Güllə furajkanın lap ortasından dəlib divarın xeyli içinə girmişdi.

Üç dəqiqə heç kəs bir kəlmə də danışa bilmədi. Vuliç mənim çervonlarımı arxayınca öz kisəsinə qoydu.

Tapançanın birinci dəfə nə üçün açılmaması haqqında deyişmə düşdü; bəziləri, ehtimal ki, tapançanın lüləsinin zibilli olduğunu irəli sürürdü; bəziləri də deyirdi ki, əvvəlcə barıt nəm imiş, Vuliç sonradan təzə barıt doldurdu, lakin mən son gümanın haqsız olduğunu təsdiq etdim; çünki gözümü bir an da olsun tapançadan ayırmamışdım.

Mən Vuliçə dedim:

– Siz qumarda xoşbəxtsiniz!..

O qürurla gülümsəyib cavab verdi:

– Ömrümdə ilk dəfədir ki, uduram; bu bank vurmaqdan və ştossdan1 daha yaxşıdır.

– Lakin bir qədər təhlükəlidir.

– Yoxsa siz öləcəyimə inanmağa başlamışsınız?

– İnanmağına inanıram, ancaq bunu da anlamıram, nə üçün mənə elə gəldi ki, yenə bu gün siz mütləq ölməlisiniz?

Bir az əvvəl tapançanı təlaş etmədən alnına dirəmiş olan bu adam indi birdən-birə qızışdı və tutuldu.

Ayağa qalxaraq dedi:

– Artıq bəsdir! Mərcimiz bitdi və mənə elə gəlir ki, iradlarınız artıq yersizdir... – O, şapkasını götürüb getdi. Bu hərəkət mənə qəribə göründü və bildim ki, havayı deyil.

Az sonra hamı Vuliçdəki qəribəliklər haqqında müxtəlif fikirlər yeridə-yeridə və özünü vurmaq istəyən bir adamla mərc gəldiyimə görə, çox ehtimal ki, hamı bir ağızdan məni xudbin adlandıraraq evinə dağılmışdı, guya ki, o mənsiz özünə münasib bir fürsət tapa bilməzdi!..

Mən, stanitsanın tənha döngələri ilə evə qayıdırdım; bədirlənmiş və yanğın şöləsi kimi qızarmış ay evlərin diş-diş üfüqündə görünməyə başladı. Tutqun-mavi göy qübbəsində ulduzlar sakit-sakit parıldaşırdı; bir zamanlar bir parça torpaq, yaxud uydurma haqq uğrunda bizim elədiyimiz mənasız mübahisələrdə ulduzların da iştirak etdiyini güman edən zəkalı adamlar olduğunu xatırladıqda, məni gülmək tutdu. Heyhat! O adamların rəyincə, onların vuruş və təntənələrini işıqlandırmaq üçün yandırılmış bu ulduzlar indi yenə də əvvəlki parıltı ilə yanmaqdadır. Halbuki bu adamların ümid və ehtirasları qayğısız bir səyyahın meşə kənarında yandırdığı ocaq kimi onların özləri ilə birlikdə çoxdan sönüb getmişdir! Lakin saysız-hesabsız cisimləri olan bütöv bir səmanın, dilsiz də olsa, onlara sədaqətlə baxdığına, bəslədikləri inam bu adamlara nə qədər iradə verirmiş! Onların labüd olan əcali xatırladıqda qəlblərimizi sıxan bu qeyri-ixtiyari qorxudan başqa heç bir etiqad və qüruru, heç bir zövq və qorxusu olmadan dünyanı sərgərdan dolaşan biz xələfələri isə nə bəşəriyyətin xeyir, nə də öz səadətimiz üçün böyük qurbanlar verməyə artıq qabiliyyətli deyilik, çünki bu səadətin qeyri-mümkün olduğunu bilirik və babalarımız bir aldanışdan başqa bir aldanışa keçdikləri kimi biz də soyuqqanlılıqla bir şübhədən digərinə keçirik; onlar kimi bizim də nə bir ümidimiz, nə də, hətta qüvvətli olsa da, insanlar, yaxud tale ilə hər cür mübarizədə insan ruhunu çulğalayan qeyri-müəyyən bir zövqümüz olmadığı üçün edirik.

Ağlımdan bu cür bir çox fikirlər gəlib keçdi: mücərrəd bir fikir üzərində dayanmağı sevmədiyimdən mən bunları başımdan çıxartdım; bir də bunların axırı hara gedib çıxacaqdır ki?.. Gəncliyimin ilk çağlarında mən xəyalpərvər idim: nadinc və acgöz xəyalın təsəvvürümdə canlandırdığı bəzən tutqun, bəzən də əlvan surətləri oxşamağı sevərdim. Lakin bundan mənə nə qaldı. Yalnız gecə, xəyalatlarla əlləşdikdən sonra duyulan bir yorğunluq və təəssüflərlə dolu olan tutqun bir xatirat. Bu hədər mübarizədə mən qəlbimin qızğınlığını da, həqiqi həyat üçün zəruri olan daimi iradəni də itirib tükətdim. Mən bu həyata, onu fikrimdə yaşayıb keçirtdikdən sonra qədəm qoydum və çoxdan bəri oxuduğum bir kitabda təqlidlə yazılmış başqa bir kitabı oxuyan adama göründüyü kimi, bütün bunlar mənə kədərli və iyrənc göründü.

Bu gecəki hadisələr məndə olduqca dərin təsirlər buraxdı və əsəblərimi qıcıqladı. Əcəlin olduğuna inanıb inanmadığımı bilmirəm, lakin bu gecə mən ona möhkəm inandım; ortadakı dəlil heyrətəngiz idi; babalarımıza və onlara xidmətkarlıq edən astrologiyaya məsxərə etməyimə baxmayaraq, ixtiyarsız olaraq, mən də onların cığırı ilə getdim. Lakin təhlükəli yoldan mən özümü öz vaxtında saxladım və heç bir şeyi qəti surətdə rədd etmək, heç şeyə kor-koranə inanmaq adətim olmadığından metafizikanı bir kənara atıb ayağımın altına baxmağa başladım. Belə ehtiyatlılıq çox yerli idi: mən qalın və yumşaq, lakin, deyəsən, cansız bir şeyə toxundum; az qalmışdım yıxılam. Ayın işığı düz, yolun ortasına düşmüşdü – əyildim, nə görsəm yaxşıdır? Qılıncla ikiyə bölünmüş bir donuz yerə sərilmişdi... Donuzu təzəcə gözdən keçirmişdim ki, ayaq səsləri eşitdim: iki kazak döngədən yüyürə-yüyürə gəldi: biri mənə yaxınlaşıb donuz qovan bir sərxoş kazak görüb-görmədiyimi soruşdu. Mən kazak görmədiyimi bildirib kazakın qeyzli şücaətinin qurbanı olan donuzu onlara göstərdim... İkinci kazak dedi:

– Ax, quldur! Təzə çaxır içən kimi qabağına nə gəldi doğramağa başlayır. Yeremeiç, onun dalınca gedək; tutub əl-qolunu bağlamaq lazımdır, yoxsa...

Onlar çıxıb getdilər, mən də böyük bir ehtiyatla yoluma davam edib, nəhayət, sağ-salamat mənzilimə çatdım. Mən qoca bir uryadnikin evində yaşayırdım; onu mən, xoş xasiyyətinə, xüsusilə gözəl qızı Nastyanın xatirəsinə görə sevirdim.

Nastya, həmişə məni, adəti üzrə, kürkünə bürünərək qapı ağzında gözləyirdi: ay onun gecə ayazında göyərmiş sevimli dodaqlarını işıqlandırırdı. Məni görüb gülümsədi, lakin mənim onunla məşğul olmaq halım yox idi. Onun yanından keçərkən: “Əlvida, Nastya!” dedim, O, cavab olaraq, nə isə bir şey demək istədi, lakin dinmədi, yalnız köksünü ötürdü.

Mən otağıma keçib qapını bağladım, şamı yandırıb yatağıma uzandım, lakin yuxum gəlmədi. Mən yuxulayanda dan yeri artıq ağarmağa başlamışdı, ancaq qəzanın hökmü belə imiş ki, görək bu gecə mən yatmayaymışam. Saat dörd idi ki, iki adam pəncərəmi döydü, yerimdən sıçradım: – Nə olmuşdur?.. – “Qalx, geyin!” – deyə bir neçə adam bağırdı. Mən tələsik geyinib çıxdım. Dalımca gəlmiş üç zabit bir ağızdan mənə:

– Bilirsən nə olub? – dedilər; onların üzləri ölü kimi ağarmışdı.

– Nə olub?

– Vuliç öldürülübdür!

Mən yerimdə dondum.

– Bəli, öldürülübdür! – deyə onlar davam etdilər, – tez ol, gedək.

– Axı haraya gedək?

– Yolda bilərsən.

Getdik. Onlar əhvalatı mənə nağıl etdilər. Vuliçin vurulmasından yarımca saat əvvəl onu amansız ölümdən qurtarmış qəribə əcələ aid müxtəlif şeylər də əlavə elədilər. Vuliç qaranlıq bir küçə ilə təkcə gedirmiş; birdən donuzu parçalamış kefli kazakla qabaqlaşır. Vuliç dayanıb: “Qardaş, kimi axtarırsan?” deyə soruşmasaymış, ehtimal ki, kazak onu görmədən keçib gedəcəkmiş. Kazak cavabında: – “Səni!” – deyərək, qılıncını endirib onu çiynindən ta ürəyinəcən çapmış.... Yolda mənə rast gələn və qatili izləyən iki kazak, özlərini yetirib yaralını qaldırmışlar, lakin o, artıq can verirmiş, o ancaq ikicə söz deyə bilmişdi: “O haqlıdır!” – Bu sözlərin dumanlı mənasını bircə mən qanırdım: sözlər mənə aid idi; mən bilaixtiyar yazığın taleyinin sonunu xəbər vermişdim; sövq-təbiim məni aldatmamışdı, mən onun dəyişilmiş üzünə qonmuş yaxın ölüm əlamətini düzgün sezmişmişəm.

Qatil, stanitsanın qurtaracağında boş bir daxmaya girib qapısını bağlamışdı: biz də oraya gedirdik. Çoxlu qadın ağlaya-ağlaya oraya tərəf yüyürürdü. Arabir gecikmiş kazak küçəyə sıçrayır, xəncərini tələsik bağlaya-bağlaya qaçır və gəlib bizi ötürdü. Çaxnaşma çox dəhşətli idi.

Nəhayət, biz də yetişdik: qapısı və pəncərələrinin taxtası içəridən bağlanmış daxmanın ətrafına böyük bir izdiham toplaşmışdı. Zabitlərlə kazaklar bir-birilə qızğın danışırdılar: qadınlar sızıldaşaraq, şivən qoparıb bağırışırdılar. Bunların arasında siması çılğın məyusluq ifadə edən bir qarının üzü diqqətimi cəlb etdi. Qarı dizlərinə dirsəklənmiş və başını əllərinə söykəmiş vəziyyətdə yoğun bir tirin üstündə oturmuşdu: bu qatilin anası idi. Onun dodaqları hərdənbir qımıldanırdı. Bu dodaqlar, kim bilir, lənətmi və ya duamı pıçıldayırdı?

Bununla belə bir qərara gəlmək və qatili yaxalamaq lazım idi. Lakin kazakın üzərinə birinci olaraq atılmağa heç kəs cürət etmirdi.

Mən pəncərəyə yanaşıb taxtanın deşiyindən içəri baxdım; kazak sağ əlində tapança, ağappaq ağarmış bir halda döşəməyə uzanmışdı, qana bulaşmış qılıncını yanına qoymuşdu. Onun ifadəli gözləri dəhşətlə ətrafı gəzirdi. Dünən etdiyi işi aydın xatırlayırmış kimi o bəzən diksinir və başını əlləri içinə alırdı. Mən onun bu rahatsız baxışında elə böyük bir cürət görmədim və mayora nahaqca yerə kazaklara qapını sındırıb içəri soxulmaq əmrini vermədiyini söylədim. Bunu, kefli kazak tamamilə ayılanacan yubatmaqdansa, indi etmək yaxşıdır.

Bu zaman qoca yasavul, qapıya yanaşıb onu adı ilə çağırdı: kazak səs verdi.

Yasavul:

– Günah iş görmüsən, qardaşım, Yefimiç, – dedi, – daha nə etməli, təslim ol!

– Təslim olmaram! – deyə kazak cavab verdi.

– Allahdan qorx! Axı sən kafir çeçen deyilsən, şərəfli xristiansan. Əgər şeytan səni yoldan çıxarmışsa, nə etməli, taleyin belə imiş – qaça bilməzsən!

Kazak hədə ilə:

– Təslim olmayacağam! – deyə çığırdı və çaxmağı çəkdiyi eşidildi.

Yasavul qapıya dönərək:

– Ey, a xala! – dedi, – oğlunla bir sən də danış, bəlkə sənə qulaq asdı... Axı, bu, ancaq Allahı qəzəbləndirməkdir. Baxsana, ağalar da budur, iki saatdan bəri gözləyirlər.

Qarı diqqətlə onu süzdü, başını buladı.

Yasavul mayora yanaşaraq dedi:

– Vasili Petroviç, o, təslim olmayacaqdır, mən onu tanıyıram: qapını sındırsaq da, çox adamımızı qıracaqdır. Onu güllə ilə vurmaq əmri versəniz daha yaxşı olmazmı? Pəncərənin taxtasındakı deşik yekədir.

Bu anda mənim başımdan əcaib bir fikir keçdi: mən də Vuliç kimi taleyimi sınamaq fikrinə düşdüm.

Mən mayora:

– Dayanın, – dedim, – mən onu diri tutacağam. – Kazakla söhbətə girişməyi yasavula əmr etdikdən və mən işarə verən kimi qapını sındırıb mənim köməyimə hazır olmaq üçün üç kazakı qapının ağzında qoyduqdan sonra, daxmanı dolanıb məşum pəncərəyə yaxınlaşdım; qəlbim şiddətlə döyünürdü.

– Ey, məlun! – deyə yasavul çığırdı. – Sən bizi məsxərəyə qoyubsan, nədir? Yoxsa elə zənn edirsən ki, biz sənin öhdəndən gələ bilməyəcəyik? – O, gücü gəldiyi qədər qapını döyməyə başladı: mən gözümü deşiyə qoyaraq bu tərəfdən hücum gözləməyən kazakın hərəkətlərini izləyirdim, birdən pəncərə taxtasını qoparıb baş aşağı içəri atıldım. Tapança qulağımın dibindən açıldı, güllə epoletimi qopardı. Lakin otağı bürümüş tüstü düşmənimə, yanındakı qılıncı tapmağa imkan vermədi. Əllərini tutdum; kazaklar içəri soxuldular, üç dəqiqə keçməmiş caninin qolları bağlandı və keşikçi ilə yola salındı. Camaat dağıldı, zabitlər məni təbrik etdilər. Doğrudan da, gördüyüm iş təbrikə layiq idi.

Bütün bu əhvalatdan sonra necə fatalist olmayasan? Lakin özünün bir şeyə mütləq inanıb-inanmadığını kim bilir?..

Çox vaxt biz hisslərimizin aldanışını, yaxud dərrakəmizin səhvini etiqad deyə qəbul edirik!.. Mən hər şeydən şübhələnməyi sevirəm: belə bir hal xarakterin qətiyyətinə mane olmur, əksinə, mən başıma nə gələcəyini bilmədiyim zaman daha cəsarətlə irəliləyirəm. Axı, başıma gələn hadisələrin ən qorxulusu ölüm deyilmi? Ölümdən də yaxa qurtarmaq olarmı?

Qalaya qayıdaraq başıma gələnləri, şahid olduğum vaqiəni Maksim Maksimıça nağıl edib əcəl haqqında onun fikrini öyrənmək arzusunda olduğumu bildirdim. Maksim Maksimıç əvvəlcə bu sözün mənasını anlamadı, lakin mən bu sözün mənasını bacardığım kimi ona anlatdıqdan sonra o, başını mənalı-mənalı bulayıb dedi:

– Bəli, əlbəttə! Bu, olduqca həkimanə bir zarafatdır!.. Bir də bu Asiya silahlarının çaxmaqları yaxşı yağlanmadıqda, yaxud tətiyini lap bərk basmadıqda açılmır. Çərkəz tüfənglərini sevmədiyimi də etiraf edirəm. Bu tüfənglər bizlərə əlverişli deyil: qundaqları çox balacadır – atdıqda az qalır adamın burnunu odlasın... Amma qılınclarına nə demişəm, – belə qılınca əhsən!

Maksim Maksimıç bir qədər düşünüb davam etdi:

– Bəli, yazıq oldu... Onun gecə sərxoş kazakla danışması şeytan işidir! Qərəz, görünür ki, alnına belə yazılıbmış!..

Mən Maksim Maksimıçdan bundan artıq bir söz öyrənə bilmədim: o ümumiyyətlə metafizik mübahisələri sevmir.

XS
SM
MD
LG