Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:30

Xaricdə işləmək istəyən vətəndaş bunu bilməlidir


Foto: Arxiv
Foto: Arxiv

-

«Məşğulluq haqqında» qanuna yeni əlavələrdən sonra Azərbaycan vətəndaşlarını xaricdə işləməyə yalnız hüquqi şəxslər – şirkətlər apara bilər. Fiziki şəxsin, o cümlədən qohum-qonşunun 5-10 nəfəri xaricdə işləməyə aparması qanunla əngəllənir.

«BİRİ QOLTUĞUNA 5-6 NƏFƏRİ VURUB...»

Qanun layihəsi müzakirə edilərkən deputatlardan bu əlavələri dəstəkləyən də oldu, heç bəyənməyən də. Deputat Siyavuş Novruzov bildirdi ki, yeni əlavələr vətəndaşları kimin haraya aparmasını Azərbaycan hökumətinin bilməsinə və beləliklə, vətəndaşların əmək hüquqlarının qorunmasına imkan verir:

«Biri qoltuğuna 5-6 nəfəri vurub, aparıb Rusiyada işlədir. 20 il işlədəndən də sonra qaytarıb ölkəyə deyir ki, bunu pensiya ilə təmin elə. İşlədiyi müddətdə nə vergi ödənilib, nə Sosial Müdafiə Fonduna ödəmələr. Qul kimi istismar edilib».

«HEÇ OLMASA, AİLƏSİNİ DOLANDIRA BİLİRDİ...»

Deputat Fazil Mustafa isə yeni əlavələrə qarşı çıxıb. Onun fikrincə, işsizlik problemi olan Azərbaycanda bu əlavələr həmin problemi bir az da artıracaq:

«Kimsə öz qohum-qonşusunu aparıb xaricdə işlədir, heç olmasa, ailəsini dolandıra bilirdi».

Fazil Mustafa çıxışın sonunda birbaşa insanların həyatına, sosial yaşamlarına təsir edən belə qanun layihələrinin tez-tələsik müzakirəsinə və qəbuluna etiraz edib. Bu arada yada salaq ki, «Məşğulluq haqda» qanun layihəsi müzakirə edildiyi gün parlament 4 saat ərzində 30 qanuna əlavə və dəyişim edib.

«...HÜQUQİ ŞƏXSLƏR MƏSULİYYƏTDƏN QAÇA BİLMƏZLƏR»

Miqrasiya eksperti Azər Allahverənov dəyişikliyi bəyənənlərdəndir. Onun sözlərinə görə, qanuna əlavələr xaricə üz tutanların hüquqlarının qorunmasına tam təminat verməsə də, ən azı, buna zəmin yaradacaq:

Azər Allahverənov
Azər Allahverənov

«Axı əvvəllər fiziki şəxslər də həmyerlilərimizi yığıb xaricə işləməyə aparır, onların hüquqları pozulanda da məsuliyyətdən qaça bilirdilər. Çünki hansısa məsuliyyət daşımırdılar və bunu sübut etmək çətin idi. Yeni dəyişikliklərdən sonra hüquqi şəxslər məsuliyyətdən qaça bilməzlər».

Azər Allahverənovun fikrincə, yenilənmiş qanunun necə işləyəcəyi daha çox müzakirə mövzusu olmalıdır:

«Qanunun tətbiqi ilə bağlı xeyli suallar var. Özəlliklə mexanizmin necə işləməsi, tərəflərin məsuliyyətinin təyin edilməsi, tərəflər arasında müqavilələrin necə bağlanması kimi məsələlər bir daha nəzərdən keçirilməlidir. Qanun daha təkmil olmalıdır ki, onun tətbiqində problemlə üzləşməyəsən».

«HƏMİN ŞƏXSİN XARİCDƏ İŞLƏMƏSİ ONUN İŞ MARAQLARINA AİDDİR...»

Bəs kimsə öz qohum və ya tanışına xaricdə hər hansı iş barədə məlumat versə, yeni qanuna görə o da məsuliyyət daşıyacaq? Azər Allahverənov deyir ki, indi söhbət yalnız Azərbaycan vətəndaşlarının əvvəlcədən təşkil olunmuş formada xaricdə işləməsindən gedir:

«Yəni həmin şəxsin xaricdə işləməsi onun iş maraqlarına aiddir. Yol pulunu özü ödəyir, sənədlərini və digər işləri də özü icra edir».

Asima Nəsirli
Asima Nəsirli

«PROBLEMDƏN ÇIXIŞ YOLU...»

Miqrasiya məsələləri üzrə ixtisaslaşmış hüquqşünas Asima Nəsirlinin fikrincə, vətəndaşların hüquqlarını qorumaq naminə Azərbaycan hökumətinin fiziki şəxslərin fəaliyyətini məhdudlaşdırması əsaslı deyil:

«Xaricdə əmək hüquqları pozuntularına aid onlarla misal göstərmək olar. Tutalım, bizim təşkilata Rusiyada donuz fermasında işlədilən azərbaycanlılar müraciət etmişdi. Düşünürəm ki, qanuna əlavələr vətəndaşların hüquqlarının qorunması üçün zəruri addımdır. Amma bu sahəni yalnız hüquqi şəxslərin səlahiyyətinə vermək, bu işlə məşğul olan digər fiziki şəxslərə qarşı haqsızlıq olardı. Hökumət vətəndaşların hüquqlarını qorumaq istəyirsə, fiziki şəxslərin də işini leqallaşdırsın. Yəni vətəndaşları xaricdə işləməyə aparan fiziki şəxslər uyğun dövlət qurumlarında qeydiyyatdan keçə və öz işlərinə davam edə bilərlər. Problemdən çıxış yolu məhdudlaşdırmaq yox, leqallaşdırmaq olmalıdır».

Asima Nəsirli bildirir ki, bir çatışmazlıq da var: Qanunu pozan hüquqi şəxslərin və ya vətəndaşları xəlvəti xaricdə işləməyə aparan fiziki şəxslərin məsuliyyəti barədə suallar cavabsız qalır:

«Bunlarla bağlı Cinayət və ya İnzibati Xətalar məcəllələrinə artırılan əlavələr qanunda öz əksini tapmalıdır».

XS
SM
MD
LG