Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:28

Şövqi Hüseynov: «Gülnaz... Məşədi İbada ərə gedərdi!»


Məşədi İbad: Şövqi Hüseynov, Rüstəm bəy: Ələkbər Əliyev
Məşədi İbad: Şövqi Hüseynov, Rüstəm bəy: Ələkbər Əliyev

-

İz - «Məşədi İbad»ın… etirafları
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

«Məşədi İbadı oynamaq heç vaxt xəyalıma belə gəlməyib».

AzadlıqRadiosu «İz» proqramının «Aktyor olmaq istəyəndə, heç Məşədi İbadı oynamaq könlünüzdən keçirdi» sualını cavablarkən, Azərbaycan səhnəsinin ən son Məşədi İbadı belə deyib.

«ŞEYX SƏNANI, AYDINI, YAQONU OYNAMIŞAM»

Məşədi İbadı canlandırmaq üçün çalışdığı Dövlət Gənc Tamaşaçılar Teatrından Musiqili Teatra dəvət olunan Şövqi Hüseynov 30 illik aktyorluq fəaliyyətində başqa xarakterli rollar oynadığına diqqət çəkib: «Düzdür, musiqili tamaşalarda da oynamışam. Bütün aktyorların xəyalını süsləyən obrazları da canlandırmışam –Şeyx Sənanı, Aydını, Yaqonu. Şekspirin «3-cü Riçard»ının məşqindəyəm və noyabrın axırı-dekabrın ortalarında o tamaşanı da təhvil verəcəyik».

ƏN BÖYÜK VƏTƏNPƏRVƏRLİK… NƏDİR?

Şövqi Hüseynov aparıcının «Aktyor olmaq istədiyiniz dövr aktyorluğun, teatrın elə də nüfuzlu vaxtlarına təsadüf etmir. Nədən, məsələn, biznesmen deyil, aktyor olmaq istədiniz» sualını da cavablandırıb: «Bizim sənətimizə sənət yox, bəzən «diaqnoz» deyirlər... Yəqin, diaqnoz qoyulub və onunla da yaşayırıq. Seçim hüququmuz olmayıb. Düzdür, dediyiniz dövr çox çətin dövr idi. Milli oyanış dövrü, mitinqlər-filan... Bizə «özünüzə sənət tapın!» – deyənlər də vardı. Amma mən hesab edirəm ki, ən böyük vətənpərvərlik insanın seçdiyi sənətdə vicdanla işləməsidir... Vətənə bundan böyük xidmət ola bilməz!».

«NİYƏ HAMI AKTYOR OLMUR?»

Verilişin qonağı ömrü boyu o fikirlə yaşadığını və deyilənlərə əhəmiyyət vermədiyini söyləyib: «Yenə öz işimlə məşğulam və olacağam da. Bəzən mənə qəribə gəlirdi ki, niyə hamı aktyorluq sənətini seçmir? Amma yaşa dolduqca, anladım ki, hamı aktyor ola bilməz, axı. Başqa sənətlər də olmalıdır».

Şövqi Hüseynov Məşədi İbad rolunda
Şövqi Hüseynov Məşədi İbad rolunda

«FİLMLƏRƏ KÜLLİ MİQDARDA PUL AYRILIR»

Ən son Məşədi İbad aparıcının: «Azərbaycan aktyorlarının maddi durumu sizi nə dərəcədə razı salır? Tez-tez qastrollarda olursunuz. Başqa ölkələrin teatr işçiləri ilə müqayisədə Azərbaycan aktyoru necə görünür» sualını belə cavablayıb: «Yaxşı olardı ki, aktyor, ümumiyyətlə yaradıcı adam maddiyyat barədə düşünməyəydi... Amma problemlər fikri yayındıra bilir... Bunu önləməyin də müxtəlif yolları var. Aktyor var, yalnız teatrda çalışır və məvacibi də hamıya bəllidir... Ancaq aktyor özündə başqa tərəflərini açsa, məsələn, dublyajı bacarsa, normal istedadı varsa, filmlərdə, seriallarda çəkilsə, vəziyyətini yaxşılaşdıra bilər. İndi buna imkan və şərait var. Pul ayrılır... Heç kimdən gizli deyil ki, külli miqdarda pul ayrılır – dövlət də ayırır, bəzi insanlar da, televiziyalar da. Və aktyorlar indi çox yerdə məşğuldurlar. Allaha şükür ki, maddi vəziyyətimiz bir az düzəlib. Mən demirəm ki, biz Hollivuddakılar kimi yaşayırıq. Beynəlxalq festivallarda iştirak etdiyimdən, deyə bilərəm ki, aktyor hər yerdə eyni problemlə üzləşir. Bircə Hollivudda çəkilən kinoaktyorlardan başqa...»


«XOŞBƏXT ANLAR VAR – ÖMRÜ QISA OLSA DA...»

Şövqi Hüseynov maddi problemləri unutduran anlardan da danışdı: «Elə gözəl məqamlar var ki, maddiyyatı unutdurur... Elə sevindirici, xoşbəxt anlar var ki! Düzdür, az davam edir – ömrü 2-3 saat çəkir və sonra reallıqla üz-üzə qalırsan. Biz sənəti seçəndə bilirdik ki, hansı sənəti seçmişik. Ya dözməliyik, ya da çıxıb getməliyik. Eləsi var, dözmür. Bu yaxınlarda bizim teatrdan bir əməkdar artist getdi. Onu da mən normal qəbul edirəm. Biri var, qalasan və hamını bezdirəsən, biri də var, ərizəni yazıb işdən çıxasan. Odur ki, insan bu sənətə gələndə bilməlidir ki, nəyə gəlir».

Şövqi Hüseynov
Şövqi Hüseynov

«MƏŞƏDİNİN ADI GƏLƏNDƏ DİKSİNİRDİM»

Aparıcının – «Məşədi İbad obrazı üzərində iş necə keçdi? Kinodan qəliblənmiş obraz sizə mane oldu, ya kömək etdi» – sualını aktyor belə cavabladı: «Dəhşətli dərəcədə mane olurdu, hətta adı gələndə diksinirdim. Məşq cədvəlinə baxırdım: 3-cü Riçard və Məşədi İbad. Tam fərqli obrazlar... Mənə risk etmək imkanı yaratdığına görə teatrın direktoru Əliqismət Lalayevə, baş dirijor Nazim Hacıəlibəyova və ustadım Cənnət xanım Səlimovaya təşəkkürümü bildirirəm. Onların etimadını doğrultmaq da ayrıca bir məsuliyyət qoyurdu boynuma. Çox böyük problemlər yaşadım. Hazır tamaşaya bir aktyorun əlavə olunması prosesi də ən yaralı prosesdir. İnanmıram dünyada elə bir aktyor tapılsın ki, bu prosesi sevsin... Amma elə bildim on illərdir Musiqili Teatrda çalışıram. O qədər həssaslıqla yanaşdılar ki mənə, yaxşı oynamaqdan başqa çarəm qalmadı... Mənə elə gəlir ki, alındı...».

«MƏŞƏDİ İBAD MÖHÜRLÜ ROLDUR!»

Aktyor klassik Məşədi İbadı oynaya bilməyəcəyini deyir: «İstəsəydim də o klassik obrazı oynaya bilməzdim. Təqlid etməyə də istedad lazımdır. Bir də ki, bu möhürlü roldur. Ordan çıxmaq çox çətin proses idi və Allahın köməyi ilə və teatrdakıların yanaşmaları hesabına bu işin öhdəsindən gəldim. Deyirlər, fərqli bir obraz yaranıb».

«GÜLNAZ... MƏŞƏDİ İBADA ƏRƏ GEDƏRDİ»

Şövqi Hüseynov əsəri oxuyarkən müəyyən qənaətlərə gəldiyini deyir: «Oxuyanda gördüm, Üzeyir bəy Məşədi İbada «50 yaşı var» yazıb. Bu gün-sabah elə mənim özümün də 50 yaşım olacaq. Məşədi İbad qoca deyil – o, Gülnaz üçün qocadır. 15 yaşında qız almaq istədiyi üçün belə hay-küy yaranır. Mənə hətta elə gəldi ki, Gülnazın sevdiyi olmasaydı, o, Məşədiyə ərə getməyə razı olardı... Müasir həyatımızda belələri çoxdur».

Musiqili Teatrda «Məşədi İbad»ın premyerası – 26 oktyabr 2014
Musiqili Teatrda «Məşədi İbad»ın premyerası – 26 oktyabr 2014

«AY MARALIM GÜLNAZ! AY GÖZƏLİM GÜLNAZ!»

Şövqi Hüseynov Məşədi obrazını müsbət sayır: «Müsbət obrazdır. Bu adam pis adam ola bilməz! Normal insandır o. Nə etmək istəyir? Ailə qurmaq istəyir! Günah qızın atasındadır. Məşədi İbad çox şey istəyə bilər. Bəs ata? Bir də ki, Məşədi İbad Rüstəm bəyin pulsuzluğundan istifadə eləmir. Əsərdə ona eyham da yoxdur. Amma orda onun pulsuzluğundan istifadə edənlər çoxdur. Məşədi İbadın yekəqarın tacir obrazı da məni razı salmadı. O deyir, mən pəhriz saxlayıram. Ola bilməz ki, pəhriz saxlayan kişi yekəqarın olsun. Görürsünüz, intelligent Həsən onun haqqında nə deyir? Deyir, «bu əsl müsəlmandır!». Biz orda nahaq gülürük. Oradakıların hər biri Məşədi haqqında gözəl sözlər deyir».

«DEDİM, ADƏ, DAYAN, –DAYANMADI! PART BİR GÜLLƏ!!!»

Şövqi Hüseynov əsərdəki bu epizoda diqqət çəkir: «Bu epizoda da gülüş mənbəyi kimi baxmışıq. Əslində o epizod Məşədinin hünərindən xəbər verir. Qoçu Əsgərin səsini hamı tanıyırdı. Manaf Süleymanov məşhur kitabında yazır ki, qoçunun səsi kənar küçələrdən gələndə, hamı tanıyaraq, qaçıb gizlənərdi. Amma Məşədi İbad qoçunun səsini tanısa da, dayanmır! Gecə vaxtıdır, bilir ki, qoçunun səsidir, –dayanmır. Bu nədən xəbər verir? O, «part» səsi gələndə də yıxılmır. Bəlkə də özünü müdafiə üçün əyilir. Bu qorxaqlıq deyil – hünərdir! Halbuki o məclisdə oturanların hər biri Qoçu Əsgərin «Dayan!» əmrinə həmən tabe olardı, yerində mıxlanardı. Amma Məşədi İbad dayanmadı. O, belə kişidir. Ona görə də, ona qoca deyəndə əsəbiləşir. Çünki qoca deyil! O, pulu da boş yerə xərcləyənlərdən deyil. Hər şeyin hesabını bilir. Ona görə də varlıdır. Bax, obraza bu yöndən yanaşdıq. Hələ ki, iki tamaşa gedib, tamaşaçılar obrazı qəbul edirlər. Heç kəs salonu tərk edib getmir»...

XS
SM
MD
LG