Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:31

Fermer xurmanın qiymətindən, sahibkar Rus rublundan şikayətlənir...


Xaçmaz. Xurma bağları
Xaçmaz. Xurma bağları

-

Gözlə

No media source currently available

0:00 0:05:06 0:00
Direct-ə keçid

Bağbanlar sahibkarlardan, sahibkarlar gömrükdən gileylənirlər:

“Çox ucuz alırlar. Yetişdirmək baha və çətin başa gəlsə də, iki cərgəsini 3, üç cərgəsini 4 manata gəlib alırlar. Heç əziyyətə dəymir. Belə əsaslandırırlar ki, gömrükdə xərc çox çıxır”.

Xaçmazlı bağban Şahin Əzizov illərdir ki, xurma bağı salıb. Əvvəllər deməsinə görə bəhrəsini görərdi, indi isə... Deyir, məhsulun nə çəkilən xərcinə, nə də əziyyətinə dəyir. Qapısını döyən sahibkarlar xurmanı çəkilən xərcdən iki dəfə aşağı qiymətə almaq istəyirlər:

BAŞQA İŞ TAPSAYDI, BAĞBANLIĞA BAŞ QOŞMAZDI...

“Dibini belləyirsən, gübrəsini, peyinini verirsən, suvarırsan... Həm də başqa meyvələrdən çox suvarılır xurma... Hamısı işdir, xərcdir. Oturub haqq-hesab edəndə baxırsan ki, ortada qazancın yoxdur. Heç olmasa kənd camaatı üçün cərgəsi 2 manata olsa, bəlkə də zərəri yarıya endirər. Heç olmasa əziyyətimizin yarısını qazanardıq. Bizdən 3 cərgəsini 4 manata alırlar”.

Ağadadaş Dadaşov deyir ki, xurmaya verilən qiymət heç əziyyətinə dəymir
Ağadadaş Dadaşov deyir ki, xurmaya verilən qiymət heç əziyyətinə dəymir

Ağadadaş Dadaşov 6 il əvvəl 1 hektar 36 sot pay torpağında xurma bağı salıb. 2 il əvvəl məhsulu şaxta vurub, ağaclar məhv olub. Min bir əziyyətlə ağacları yenidən dirildib. Deyir, başqa işi olsa, heç bu bağa baş qoşmazdı:

“150 metr boru alıb kənddən su çəkmişəm. Diblərini belləmək, fəhlələrin zəhməthaqqı, gübrənin, peyinin, suyun xərci...”

Bağbanın sözlərinə görə, ərsəyə gətirilməsi ən azı 30 qəpiyə başa gələn məhsulu ondan 15 qəpikdən alırlar:

“Ona görə də adamlar xurmanı ağacdan yığmırlar. Çünki verilən qiymət heç əziyyətinə dəymir. Gözləyirlər, nə vaxtsa qiymət qalxsa, əgər o vaxta qədər məhsul çürüyüb yerə tökülməsə, yığıb satacaqlar”.

“RUS PULU DÜŞÜB DEYƏ, XURMANIN QİYMƏTİ DƏ DÜŞÜB”

Rusiyaya xurma ixrac edən sahibkar Rasim Nağıyev qiyməti bağmanların ifadəsi ilə desək “öldürmələrini” gömrük xərclərinin artması və başqa səbəblərlə əsaslandırır:

“Qiymət məhsulun keyfiyyətindən də asılıdır. Karalyok, xurma, şişburun – bunlar başqa-başqa qiymətlərədir”.

Sahibkar deyir, rus pulu xurmanın da qiymətini “öldürüb”:

“Rus pulu düşüb deyə, xurmanın qiyməti də düşüb. Yolxərci də artıb, ona görə biz də çalışırıq ki, xurmanı alanda qiymət bir az oynasın - yuxarı-aşağı olsun. Əsas odur ki, sonda kəndlilərlə razılaşırıq”.

Fuad Qəribov da Rusiyaya xurma aparır.

Fuad Qəribov
Fuad Qəribov

Həyətində qapalı bir yerdə xurmayla dolu yeşiklərin əlindən tərpənmək olmur:

- Neçədən alırsız bu xurmalanı?

- Cərgəsini 2 manata. “Lotok”un biri də 4 manata çıxır. 3, 4 manata cərgəsi olan da var. Baxır xurmaya... Bu dəqiqə aldığımız xurma 4 manatlıqdır. İndi burda 3 manata aldığımız xurma yoxdur.

O qiymətə aldğımız xurmalar burda gördüklərinizdən xırda olur. Xırda xurmanı da qoymuruq yerdə qalsın. Onu da alırıq”.

ARTAN GÖMRÜK XƏRCİ?

Sahibkar deyir ki, xurmanı ərsəyə gətirən bağbanın əziyyətini aşağı dəyərləndirdiklərinin fərqindədilər. Amma nə etməli:

“Mənim kimi alıcılar da istəyir ki, məhsulu alıb xeyir tutsun. Gömrük xərcləri aşağı olsaydı... Biz də istərdik ki, məhsulu bağbandan bir az baha alaq ki, o da çəkdiyi əziyyətin dəyərini görsün. Mümkün deyil də.... Rus pulu çox düşdü, ona görə mümkün deyil.

- Gömrükdə nə qədər xərciniz çıxır?

- Bağbandan 2 cərgəsini 4 mana alırıqsa, elə 4 manat da gömrük xərci çıxır. Rus pulu düşüb deyə hələlik məhsulu soyuducuya vurmuşuq. Ya qismət, rus pulu qalxsa aparıb Rusiyada satacağıq. Gözləyirik...”

Əgər gömrük xərci azalsa, rus pulu dəyərə minsə, sahibkar Fuad Qəribov alıb saxladığı tonlarla xurmanı Moskva, Volqoqrad bazarına çıxaracaq. Gözləntiləri baş tutmasa... Özü demişkən, bir də xurma işinə girişməyəcək.

Azərbaycanın gömrük orqanları isə rüsumların artırılması ilə bağlı sahibkarların iddialarına hər-hansı münasibət bildirməyiblər.

XS
SM
MD
LG