Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:34

Neft qiymətləri düşür... BP niyə nikbindir?


-

Səudiyyə Ərəbistanı ABŞ-a satdığı xam neftin qiymətini qəflətən azaldandan sonra qara qızılın qiyməti, azı, son iki ilin ən aşağı həddinə düşüb.

Dünyanın ən böyük neft ixracatçısının bu qərarının ardından birjalarda əsas göstəriclərin də enməsi barədə xəbərlər mediada əksini tapıb.

Qərb analitiklərinin fikrincə, Səudiyyə Ərəbistanının bu qəfil hərəkəti Rusiya və İranda bəzi şərhçilərin səsləndirdiyi versiyaları gücləndirəcək.

İRAN VƏ RUSİYANI ÇÖKDÜRMƏK PLANI?

Moskva və Tehran düşünürlər ki, Vaşinqton və Ər-Riyadın məxfi planı İran və Rusiyanı iqtisadi baxımdan çökdürməyi hədəf götürüb. Həmin ölkələrin iqtisadiyyatı, əsasən, neft satışından əldə edilən gəlir üzərində qurulub. Xam neftin aramsız ucuzlaşması İran və Rusiya rəhbərliyini təşvişə salır.

Neft ekspertlərinin fikrincə, qara qızılın aravermədən ucuzlaşması Qazaxıstan və Azərbaycan kimi ölkələrdə də siyasi sabitliyə ciddi təsir göstərə bilər. Bununla belə, Azərbaycanda ən böyük investor sayılan BP şirkətinin rəhbəri Bob Dudley özünün 35 illik neft karyerasında bu cür təlatümləri az görmədiyini söyləyib.

SANKİ 1979-CU İLDİR

BP rəhbəri ötən həftəsonu Londonda keçirilmiş «Neft və Pul» konfransındakı çıxışında bu biznesə təzə başladığı 1979-cu ilin neft tarixi baxımından da maraqlı il olduğunu deyib:

«Bu, ikinci neft sarsıntısı və İran inqilabının baş verdiyi il idi. Bu, Sovet İttifaqının Əfqanıstana müdaxilə etdiyi il idi. Birləşmiş Krallığın Şimal dənizində işləyənlərin yadında olar, bu, Şortlandiyada müstəqillik referendumunun ili idi. Hə, bəzi şeylər doğrudan da dəyişmir»...

Bob Dudley deyib ki, təlatümlər və dramatik dəyişikliklər həmişə «bizim sənayemizin bir növ səhnəarxası olub. Neft biznesi başlandığı gündən qeyri-müəyyənliklərlə çarpışır».

O deyib ki, müasir dövrün fərqi yalnız həcmlər, sürət və hadisələrin çeşidindədir.

«KÖHNƏ DOSTLAR»LA YENİ PARTNYORLUQ

Bob Dudley həmçinin Ərəb baharı, Ukrayna-Rusiya böhranı və sanksiyaları da xatırladıb. BP rəhbəri bildirib ki, uzun müddət barreli 100 dollar civarında olan neftin qiyməti üçcə ayda 85 dollara enib. Bununla belə, Bob Dudley nikbin olmaq üçün üç səbəb göstərib: Birincisi, yeni neft ehtiyatları və bu ehtiyatların əvvəllər düşünüldüyündən çox olması, ikincisi, yeni texnologiyalar və üçüncüsü yeni partnyorluqlar. Hərçənd çox vaxt «köhnə dostlar»ın simasında.

PANİKAYA DÜŞMƏYƏ DƏYMƏZ

Cənab Dudley deyib ki, planet əhalisinin sayı 2035-ci ilədək 7 milyard nəfərdən 9 milyarda yüksələcək. Lakin onun sözlərinə görə, qlobal iqtisadiyyat da yüksəlişdədir, yanacaq istehlakı da. Bununla belə, neft veteranı düşünür ki, panikaya düşməyə dəyməz. BP rəhbəri Bob Dudley:

«1980-ci ildə, birinci «Neft və Pul» konfransında biz düşünürdük ki, dünyanın təsdiqlənmiş neft ehtiyatı 700 milyard barreldir. Bu günədək biz 200 milyard barrel nefti istehlak etmişik...lakin daha 1 trilyon barrel neft tapmışıq».

O bildirib ki, təkcə ötən il Anqolada, Braziliyada, Meksika körfəzində, Şimal dənizində yeni yataqlar aşkar olunub.

AZƏRBAYCANIN «BİR PARÇA BORU»SU

Yeni partnyorluqlar haqqında danışarkən Bob Dudley ilk növbədə Azərbaycanın adını çəkib və ötən ay Cənub Qaz Dəhlizinin təntənəli açılışını yada salıb:

«11 müxtəlif ölkədən prezidentlər, baş nazirlər və yüksək vəzifəli rəsmilər o bir parça boruya imzalarını qoyublar».

Bob Dudley qeyd edib ki, ötən əsrdə neft sənayesi tarixinin birinci fəsli beynəlxalq neft şirkətləri idi, sonra milli neft şirkətlərindən ibarət ikinci fəsil başladı, indi isə üçüncü, yeni fəsildə bu ikisi bir araya gəliblər və hökumətlərlə əməkdaşlıqda iş qururlar.

BƏRK VƏ TƏK GETMƏK CANA ZİYANDIR

«Bərk getmək istəyirsənsə, tək get, yox, əgər uzaq getmək istəyirsənsə, birgə get. Bizim neft sənayemizdə sağlamlıq sürətdən mühümdür».

O deyib ki, müasir neft sənayesi kollektiv əməyin üzərində qurulmalıdır:

«Elə həmin o borunu Bakıda imzaladığımız gün biz həm də Əsrin Kontraktı deyilən müqavilənin 20 illiyini qeyd etdik».

O yada salıb ki, 11 şirkətin SOCAR-la imzaladığı həmin kontrakt təkcə Azərbaycanın neft sənayesini, yox, 1994-cü ildə iqtisadi resessiyada olan ölkəni dəyişib. BP-nin başçısı deyib ki, o zamandan bəri Azərbaycanda ÜDM 16 dəfə artaraq 75 milyard dollara çatıb. Qeyri-neft sahəsi isə 10 dəfə artaraq 4 milyard dollardan 40 milyard dollara yüksəlib. Bob Dudley Azərbaycanı dünyanın böyük strateji neft və qaz təchizatçısı adlandırıb. BP rəhbəri çıxışının sonunda deyib ki, yeni partnyorluqlar yaranır, yeni ehtiyatlar tapılır və yeni texnologiyalar sürətlə inkişaf edir.

«Odur ki, mən nikbinəm» - deyə BP-nin icraçı direktoru fikrini yekunlaşdırıb.

XS
SM
MD
LG