Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:39

Mirzə Sakit: «Səhvim onda oldu ki, siyasətə qarışdım»


Mirzə Sakit
Mirzə Sakit

-

"Bəzən düşünürəm, kaş Azərbaycanda həbsxanada olaydım, amma vətənin havasını udaydım.

Bəzən şəhərin kənarına gedib Şamaxı meşəsinə bənzəyən meşədə gəzirəm.

Mən hələ müxalifətdə öz liderini tənqid edə bilən bir adam görməmişəm.

Mən Heydər Əliyevin poetik portretini yaratmışam. Axı burda nə təhqirdən istifadə etmişəm?"

Belçikada yaşayan satirik şair Mirzə Sakitlə Namiq Hüseynlinin söhbəti

- Mirzə, son illər xeyli azərbaycanlı ictimai xadim, yazar, QHT nümayəndəsi ölkəni tərk edib mühacirətə gedib. Bildiyim qədəriylə, siz bir neçə ildi mühacirətdəsiniz. Azərbaycan yazarı üçün mühacirət necə bir şeydir?

- Üç ildir Belçikada yaşayıram. Deyim ki, ədəbiyyat adamı üçün qürbətdə yaşamaq çox ağırdır. Yazarların öz vətənindən didərgin düşməsi halı sovet dönəmində, ondan öncələrdə də olub. Biz Azərbaycandan didərgin düşüb buraya gəldik.

Bakı - mülkigeyimlilər Mirzə Sakiti saxlayır
Bakı - mülkigeyimlilər Mirzə Sakiti saxlayır

Bura gəldiyimə görə çox utanıram. Xalqımızı günahlandırmaq istəməzdim, amma cəmiyyət öz yazarlarına qarşı o qədər etinasızlıq göstərir ki, yazar məcbur olub ölkəni tərk edir, laməkan olur. Şəxsən mən burda çox darıxıram. Bəzən düşünürəm, kaş Azərbaycanda həbsxanada olaydım, amma vətənin havasını udaydım.

- Azərbaycanda nədən, ya da kimdən küsüb mühacirətə getdiniz?

- İnanın ki, bura hakimiyyətin qorxusundan gəlməmişəm. Mən həbsdə olanda da indiki hakimiyyəti qamçılamışam. Amma həbsdən çıxanda öz dostlarımın mənə diş qıcamağı qəlbimi yeyib. Yazar adamın, şair adamın isə çox həssas qəlbi olur, günlərin bir günü küsüb gedir. Mən beş övladımı, xanımımı götürüb gəldim bura, adamların çoxu deyir ki, xoş halınıza, gedib Avropada oturubsunuz. Amma mən həmişə deyirəm ki, Avropada cəhənnəmdə dayanıb, oğrun-oğrun cənnətə baxan bir insan kimiyəm.

Mirzə Sakit mühacirətdə
Mirzə Sakit mühacirətdə

Hər yeri gəzib Şamaxının, Bakının, Kürdəmirin bənzəri olan yerlər axtarıram. Bəzən şəhərin kənarına gedib Şamaxı meşəsinə bənzəyən meşədə gəzirəm. Bir sözlə yazarın mühacirət həyatı çox acınacaqlıdır, neynəyəsən ki, tarixən belə adamların öz ölkəsində qədrini bilməyiblər.

- İndi Azərbaycanda qalan siyasi fəallar, yazarlar mühacirətə getməməklərinin səbəbini onunla izah edirlər ki, demokratik cəmiyyət qurmaq üçün uzun müddət mübarizə aparıb, sonra mübarizəni yarımçıq qoyaraq ölkəni tərk etmək doğru deyil. Bu mənada siz öz mübarizənizi yarımçıq qoymuş sayılmırsınızmı?

- Mübarizəmiz bu gün də var, yarın da. Yenə də deyirəm ki, mübarizə aparanda gərək sağında-solunda kimlərin olduğunu biləsən. Müxalifətimizin əsas funskionerləri avtoritar rejimlə mübarizə apara-apara özləri avtoritarlaşdı. Necə ki mafiyaya qarşı vuruşan adam əvvəl-axır özü də mafiyanın içinə düşür.

Müxalifət liderləri zamanla özlərindən bir mif, bir büt yaratdılar. Axı biz nəyə görə bir bütün ətrafında birləşməliyik. Biz hakimiyyətdən fərqlənməliydik, amma aşağı təbəqədəkilərin yuxarı təbəqədə dayananları tənqid edə bilməməsi halı müxalifətdə də var.

Mən hələ müxalifətdə öz liderini tənqid edə bilən bir adam görməmişəm. Mən müxalifətdə olan adamların hamısını bir-bir tanıyıram, amma görürəm ki, onlar artıq mübarizə adamları deyillər.

Parisdə
Parisdə

İlham Əliyev rejiminə qarşı tənqidlər söyləmək, çağırışlar etmək hələ demokratiyadan, əsl mübariz olmaqdan xəbər vermir. İnsan ilk öncə öz içində demokratikləşməyə çalışmalıdır.

- Sakit bəy, şeirlərinizlə yaxından tanışam və bəzən qarşıma içində təhqirlər olan şeirləriniz də çıxır.

Azərbaycan ədəbiyyatında təhqirli, qaba sözlərdən istifadə halları məlumdur.

Bəs siz satirik şeirlərdə təhqirdən istifadə etməyi nəylə əsaslandırırsınız, bunsuz keçinmək olmazmı?

- Ədəbiyyatda jarqonlar dünya ədəbiyyatında çox yayılıb. Mənə maraqlıdır hansı şeirimdə təhqir görübsünüz?

Məsəlçün, Heydər Əliyev haqda yazdığım şeirdən bir parça deyim, görün burda nə isə təhqir var?

Bu millətə ürcah oldu bir qoca

Bardaş qurub o babətdən danışdı
Azar verdi, bazar verdi bolluca
Sonra durub təbabətdən danışdı

Moskvada üç il gəzdi qoruqda
Müflisləşib geri döndü, çarıqda
Yeddicə il dözüb yatdı marığda,
Şivən salıb qiyamətdən danışdı

Mən burda Heydər Əliyevin poetik portretini yaratmışam. Axı burda nə təhqirdən istifadə etmişəm?

Bundan başqa mənim “Köpəyoğlu” adlı şeirim var. O şeiri 2005-ci ildə ANS telekanalında da demişəm. Yeri gəlmişkən Seyid Əzim Şirvaninin də “Köpayoğlu”, “Öküz oğlu” adlı şeirləri var. Belə iynəli sözlərdən istifadə etmək satirik ədəbiyyatda yayılmış bir ənənədir.

Həmçinin deyim ki, insan bəzən içindəki qəzəbi ifadə etməyə təhqirdən başqa söz tapmır. Ölkədəki vəziyyəti, xalqın yaşayışını görəndə başqa nə deməliyəm? Deməliyəm ki, sənə eşq olsun, əziz prezidentim?

- Sizin həbs olunmağınızda bədii yaradıcılığınızın, şeirlərinizin hansısa rolu olubmu?

- 2005-ci ildə Milli Məclisdə mənim kitabımı müzakirəyə çıxardılar. Deputat Musa Musayev o vaxtkı spiker Murtuz Ələsgərova dedi ki, bu adam ulu öndərimizi təhqir edir, həbs olunmalıdır. Amma ondan az sonra məni ANS telekanalına çağırdılar, orda həmin o şeirlərimi səsləndirdim. Düzü, həbsimə səbəb olan konkret bir şeirimin adını deməkdə çətinlik çəkirəm. Birinci kitabımdakı bütün şeirlər bu hakimiyyətə qarşı yönəlib, elə ikinci kitabımda da belə şeirlər az deyil. Güman edirəm ki, məni “Ay dədə”, “Köpayoğlu”, “Kürd ovşarı” şeirlərimə görə tutublar.

- Avropada ədəbi mühiti izləyirsinizmi, Azərbaycan ədəbi mühiti ilə Belçika ədəbi mühiti arasında fərq nədir?

AYB sədri ANAR
AYB sədri ANAR

- Bu yaxınlarda Belçikanın “Pen Klub”u ilə görüşdüm. Burda öz ölkəmizdəki vəziyyətdən bəhs etdim.

Azərbaycan ədəbiyyatından danışanda isə ilk növbədə ağlımıza Azərbaycan Yazıçılar Birliyi gəlir. Hər seçkilərdə AYB sədri Anar durub deyir ki, mən İlham Əliyevin siyasətini dəstəkləyirəm və bunu deyərkən İlham Əliyev siyasətinin bircə neqativ tərəfini də demir. Halbuki Avropada olsaydı, mütləq deməliydi. Belə halda Ramiz Rövşən durub deyir ki, mən də Anarı dəstəkləyirəm, müxalifətsə “Biz Ramiz Rövşəni sevirik” – deyir. Görürsünüz kələfin ucu hara gedib çıxır.

- Amma Cəmil Həsənli də müsahibələrinin birində demişdi ki, “Anar mənimçün bir dəyərdir”.

- Buna təəssüf edirəm. Son prezident seçkilərində Cəmil Həsənli Brüsselə gəlmişdi, biz burda prezidentliyə namizəd kimi onunla görüş keçirəcəkdik, görüşdən bir gün öncə Hollandiyadan da çoxlu qonaqlar dəvət etmişdik, Avropa Parlamentinin nümayəndələrini də dəvət edəcəkdik. Amma görüş günü xəbər tutduq ki, Cəmil Həsənli çıxıb gedib Fransada Elşad Abdullayevlə görüşə. Səhərisi gün isə mətbuatda onların qımışa-qımışa şəkilləri çıxdı. Belə halda onunla bağlı nə deyəsən.

- Azərbaycanın bu günki satirik ədəbiyyatının vəziyyəti sizi qane edirmi?

- Xeyr, qane etmir. Ümumiyyətlə, bu günkü mətbuatın vəziyyəti çox məyusedicidir. İstər yazılı mətbuat olsun, istərsə də elektron, ölkə mətbuatının 95 faizi hökümətyönümlüdür. Hökümət onların hamısını satın alıb, ona görə heç bir sayt, qəzet istəmir ki, hansısa satirik yazıya, məqaləyə, şeirə görə başı ağrısın. Nə yaxşı ki, Facebook var, orda fikirlərimizi bildiririk, şeirlərimizi paylaşırıq.

- Hökümətyönlü mətbuatın başında da əksərən vaxtilə jurnalistikaya “Azadlıq”, “Yeni Müsavat” qəzetlərindən gəlmiş jurnalistlər dayanıb. Həmçinin xeyli müxalifyönlü yazar, şair var ki, indi hökümətyönlü olub və qətiyyən müxalif fikrə dözümlü deyil. Sizcə, belə yerdəyişmənin səbəbi nə idi?

Zəlimxan Yaqub
Zəlimxan Yaqub

- Bilirsiniz, hakimiyyət heç kimi sındırmayıb, insan özü sınmağa meylliymiş ki, sınıb. Onlar hamısı müxalif mətbuatdan öz dostlarının laqeydliyindən, biganəliyindən küsüb gediblər. Şairin, söz adamının qəlbində həmişə bir küskünlük olur. Bir də görürsən ağlayır, bir də görürsən qəlbi qırılır, bir də görürsən içib sərxoş olur, şairdən cəmiyyətə heç vaxt ziyan gəlməz. Deyirlər Zəlimxan Yaqub saray şairidir, ancaq o vaxtilə Məmməd Əmin Rəsulzadə haqda gözəl bir şeir yazıb. Ya da Əkrəm Əylisli “Daş yuxular”ı yazdı, orda öz fikirlərini bildirdi, bu o demək deyil ki, o, zərərli adamdır, erməniləri sevir və s. O, sadəcə, fərqli fikir bildirmək istədi.

- Bəs ədəbiyyat adamı cəmiyyət üçün mənfi nümunə ola bilməzmi? Tutaq ki, yaşlı bir yazar yaltaqlanır, qaraya ağ deyir, əvəzində hakimiyyətdən ev, vəzifə alır, sonra bu, gənc nəslə mənfi nümunə olmazmı?

- Əlbəttə, bu, gənclərə mənfi təsir edir, ancaq yeniyetmə dövrlərində gənclər mütaliə edirlər, hər kəs hər kəsi tanıyır. Ona görə düşünürəm ki, gənclərin öz dərrakəsi, dünyagörüşü var. Amma mən ədalət naminə deyirəm ki, yeri gələndə Zəlimxandan cəmiyyət üçün hədsiz ziyan gözləməməliyik. Məsəlçün, Rəşad Məcid, Bəxtiyar Sadıqov cəmiyyət üçün çox zərərli nümunə ola bilərlər, amma Zəlimxan onlar qədər zərərli ola bilməz. Şairdən qəti namərdlik gözləməyin.

- Müasir dövrümüzün satirik şairlərdən biri də Baba Pünhan idi. Siz onun yaradıcılığı ilə tanışsınızmı? Ona münasibətiniz necədir?

Baba Pünhan
Baba Pünhan

- Sabirin ruhu inciməsə deyərdim ki, Baba Pünhan müasir dövrümüzün Sabiri idi, hətta deyərdim ki, Sabiri də vurub keçmişdi. Yeri gəlmişkən çox az olsa da, Baba Pünhan da şeirlərində təhqirlərdən, qaba sözlərdən istifadə edirdi.

Baba Pünhanın xoşbəxtliyi ondaydı ki, o, siyasətə qarışmadı, bir kənara çəkilib satirik şeirlərini yazdı. Mənim səhvim isə onda oldu ki, gedib siyasətə qarışdım. Gərək kənarda durub müstəqil şəkildə cəmiyyətin əzilən təbəqəsini müdafiə edərdim. Baba Pünhanı oxuyanda görürük ki, o elə bu işlə məşğul olurdu. Düşünürəm ki, Baba Pünhan hələ dövrümüzün insanları tərəfindən tam dərk olunmayıb, təəssüf edirəm ki, onun şeirlərini bəziləri meyxana kimi çırtma ilə oxuyurlar. Onu dərindən düşünüb, dərk edənlər təəssüf ki, çox azdır. O öz kitablarıyla elə bil böyük bir partiyanın sədri idi.

- Baba Pünhan sağ olsaydı, ondan da soruşardım, amma indi sizdən soruşuram. Siyasi satira yazırsınız, şeirlərinizdə hakimiyyəti tənqid edirsiniz. Maraqlıdır, şair kimi iqtidarın və müxalifətin özündə nəyi düzəltməyini istərsiniz?

- Deyim ki, sabah məmurlardan Ziya Məmmədov, Kəmaləddin Heydərovu dəyişsələr, heç nə dəyişməyəcək. Bu rejim kökündən dəyişməlidir. Məsəlçün, tutaq ki, sabah İlham Əliyevin gedib, yerinə Əli Kərimlinin gəlməyini də istəmirəm. Çünki, onun ətrafındakı əcinnə-şəyatinləri yaxşı tanıyıram. O gələndən sonra biz bu rejimin həsrətini çəkəcəyik. Azərbaycanda bu gün prezidentliyə yüzlərlə layiq adam var. Amma mən bütlərin, bütpərəstlərin hakimiyyətə gəlməsini istəmirəm. Biz istəyirik ki, bu hakimiyyətdə islahatlar olsun, seçkilər saxtalaşdırılmasın, məmurlar bizneslə məşğul olmasın, polis mədəni, insanpərvər olsun, eyni adamlar iyirmi il hakimiyyət başında olmasın. Müharibə vəziyyətində olan bir ölkədə 70-ə yaxın siyasi dustağın olmasını istəmirəm, əldəqayırma müxalifətin olmasını istəmirəm. Müxalifət partiyalarının bütün iddiaları, şəxsi maraqları kənara qoyub birləşməsini istəyirəm.

Söhbətləşdi: Namiq Hüseynli

XS
SM
MD
LG