Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:35

«Yerli loqopedlərin xarici təcrübədən öyrənəcəyi çox şey var»


Arxiv foto
Arxiv foto

-

Gözlə

No media source currently available

0:00 0:05:25 0:00
Direct-ə keçid

Noyabrın 14-də Azərbaycanda fəaliyyət göstərən loqopedlər ilk dəfə bir araya toplaşaraq problemlərini dilə gətiriblər. Azərbaycan Loqopedlər Forumunun təşkilatçısı Elnarə Məmmədova AzadlıqRadiosuna müsahibəsində həmin forum haqqında məlumat verib.

- Elnarə xanım, belə bir forumun keçirilməsi hansı zərurətdən doğub?

- Azərbaycanda loqopedlik sahəsində təlim-tədris fəaliyyəti 1990-cı illərdən başlanıb. O vaxtdan bəri loqopedlər daha çox yerli təcrübəyə əsaslanırlar. Beynəlxalq təcrübə ilə tanış olan loqopedlərsə barmaqla sayılacaq qədər azdır. Loqopedlər indiyədək dağınıq çalışıblar. Məqsədimiz odur ki, onları bir araya yığıb təcrübə mübadiləsi edək. Məsələn, dəqiqləşdiririk ki, nitq qüsurunun aradan qaldırılmasının müasir yollarını hansı loqoped bilir, hansı loqopedin beynəlxalq təcrübə ilə tanışlığı var. Beləcə, onlar öz təcrübəsini bizimlə bölüşürlər. Bu gün loqopedlik sahəsində təcrübə mübadiləsinə böyük ehtiyac var. Fikrimizcə, bu forum kadrların mərkəzləşdirilmiş şəkildə inkişafını stimullaşdıracaq. Hədəfimiz – uşaqların sağlam gələcəyidir.

- Azərbaycanda tələbatı ödəyəcək səviyyədə loqopet var?

- Bizim foruma 50-yə yaxın loqoped qatılıb.

- Yalnız Bakıda fəaliyyət göstərən loqopedlər, yoxsa bölgələrdən də gələnlər?

- Bölgələrdə loqopedlər sayca çox azdır. Orada həm bu sahəyə maraq azdır, həm də nitqi qüsurlu uşağın valideynləri mütəxəssis axtarmırlar. Maarifləndirmə ilə bağlı çoxlu problemlər var. Forumda yalnız iki bölgə mütəxəssisi iştirak edirdi.

- Nitqiqüsurlu adamların sayı barədə statistik məlumat var?

- Ayrıca statistika aparılmır. Məsələn, autizm diaqnozunu götürək. Bizdə bu diaqnoz bir neçə ay əvvəldən qoyulur. Autizm sindromu olan uşaqlar ya əqli cəhətdən geri qalanlar, ya da nitqi geriləyənlər kimi qeydiyyata düşüblər.

- Bəs Azərbaycanda qüsurlu nitqin düzəldilmə üsulları ilə beynəlxalq təcrübə arasında hansı fərqlər var?

- Ciddi fərqlər var. Məsələn, lap əvvəl ali məktəblərimizdəki dərsliklərdən başlayaq. Axı indiyədək yalnız rus ədəbiyyatından yararlanmışıq. Elə forumda da bu fikir səsləndi ki, müasir tədris vəsaiti, o cümlədən azərbaycandilli ədəbiyyat sarıdan çatışmazlıq var. ABŞ-da bu sahə çox inkişaf edib. Elə qonşu Türkiyəni götürək, autizmli uşaqlar sərbəst şəkildə istənilən idman növü ilə məşğul ola, öz fikirlərini ifadə edə bilərlər. Ancaq bizdə autizmli uşaqlar ordakı kimi fəal deyillər. Deməli, kadrların bu cür uşaqlarla işləmə metodologiyası təkmilləşdirilməlidir. Loqopedlərin xarici təcrübədən öyrənəcəyi çox şey var.

XS
SM
MD
LG