Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:37

MSŞT ətrafında qalmaqal səngimir


-

İctimai Birliklərin «Mədən Sənayesində Şəffaflığın Artırılması» (MSŞA) Koalisiya Şurasının bir qrup üzvü açıqlama yayıb. Onlar son günlər bu sektora dair gedən söz-söhbətlərə öz mövqelərini bildiriblər.

QHT rəhbərlərinin yaydığı açıqlamada deyilir ki, Koalisiya Şurası oktyabrın 31-də Beynəlxalq MHŞT Katibliyinin Azərbaycanla bağlı qərarını və MHŞT üzrə Hökumət Komissiyası rəhbərinin mətbuata açıqlamasını müzakirə edib. Xatırladaq ki, MSŞT bu il oktyabrın 15-də Azərbaycana erkən, gələn ilin yanvarında yoxlama göndərmək qərarını verib. Məqsəd Azərbaycanın öhdəliklərini necə yerinə yetirməsini öyrənməkdir. Bundan sonra Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsumov AzadlıqRadiosuna açıqlamasında deyib ki, hökumət bu qurumdan çıxmaq məsələsinə baxa bilər. Koalisiya bildirir ki, yaranmış vəziyyətlə bağlı müzakirələr aparmaq üçün MSŞT üzrə Hökumət Komissiyasının və ÇQ-nin sədri Şahmar Mövsümovla görüşmək barədə qərar qəbul edib.

MALİYYƏ OPERATORU OLACAQ QHT

Noyabrın 11-də təşkil olunan görüşdə təklif olunub ki, Koalisiyanın maliyyə fəaliyyətinə maneələrin aradan qaldırılması üçün Koalisiya Şurası tərəfindən idarə ediləcək və sırf Koalisiyaya maliyyə operatorluğu funksiyasını həyata keçirəcək, başqa heç bir fəaliyyətlə məşğul olmayacaq bir QHT yaradılsın. Bu məsələ Şuranın 14 noyabr tarixli iclasında da geniş müzakirə olunub, müxtəlif variantlar səsləndirilib. Səsvermə nəticəsində təsisçilərin sayının 3 nəfər Koalisiya üzvü olması təklifi qəbul edilib. Sonra təsisçilər barədə müzakirələr aparılıb və Qubad İbadoğlu, Sevil AllahverdiyevaƏliməmməd Nuriyevin namizədliyi irəli sürülüb və bu namizədlər iclasda iştirak edən 8 Şura üzvü tərəfindən dəstəklənib.

«Bu barədə məlumat Koalisiyanın şəbəkəsində yayılandan sonra bəzi Koalisiya üzvləri etirazlarını separat danışıqlar və gizli sövdələşmələr kimi təqdim ediblər. Şuranın qərarından narazılıq olduğu halda, mövcud qaydalara görə, bununla bağlı Koalisiyanın Monitorinq Qrupuna müraciət edilərək qərarın fəaliyyəti dayandırıla və MQ-nun rəyi ilə qərar ləğv edilə bilər. Şuranın qərarından narazı Koalisiya üzvləri bu prosedurdan yararlanmaq əvəzinə, qərarla bağlı qərəzli mövqelərini sosial şəbəkələr vasitəsilə mediaya ötürüblər və bununla da ictimai rəydə çaşqınlıq yaradıblar. Bu müzakirələrin istiqamətini də qərəzli şəkildə MSŞA Koalisiyasının koordinatoru Qubad İbadoğlunun əleyhinə kampaniyaya çeviriblər,» açıqlamada deyilir.

«GİZLİ SÖVDƏLƏŞMƏ APARILMAYIB»

«MSŞA Koalisiyasının məlum görüşdə iştirak etmiş Şura üzvləri olaraq bildiririk ki, Şahmar Mövsümovla görüş Şuranın qərarı və müraciəti əsasında baş tutub, görüş barədə Şuranın bütün üzvləri əvvəlcədən məlumatlandırılıb. Görüşdə Beynəlxalq Katibliyin Azərbaycanla bağlı qərarı, Koalisiyanın fəaliyyətində olan məhdudiyyətlərin aradan qaldırılması məsələləri müzakirələr edilib, hər-hansı separat danışıqlar və ya gizli sövdələşmələr aparılmayıb. Koalisiya Şurasının məlum qərarı ilə bağlı mediada yer almış əsassız iddiaları qəti şəkildə pisləyir və bildiririk ki, bu məsələdə MSŞA Koalisiyasının koordinatoru Qubad İbadoğlunun adının əlahiddə hallandırılması məhz ona qarşı qərəzdən irəli gəlir. Bütün bunları nəzərə alaraq, məsələ ilə bağlı media qurumlarını obyektiv mövqe nümayiş etdirməyə, dəqiqləşdirilməmiş və əsaslandırılmamış iddialarla MSŞA Koalisiyası Şurasının və onun koordinatoru Qubad İbadoğlunun nüfuzuna xələl gətirən qara-piar kampaniyasına son qoymağa çağırırıq. İctimai Birliklərin «Mədən sənayesində şəffaflığın artırılması» Koalisiyası hazırda fəaliyyətini missiyasına və proqramına uyğun olaraq davam etdirir və onun statusunu dəyişdirilməsi məsələ gündəlikdə olmayıb və ola da bilməz».

Açıqlamanı Koalisiya Şurasının üzvləri – Azər Mehtiyev, Taleh Əliyev, Məlahət Mürşüdlü, Sevil Allahverdiyeva, Xalid Vahidoğlu və Zaur Əkbər imzalayıblar.

«QUBAD İBADOĞLU QANUNLARI KƏNARA QOYARAQ...»

Xatırladaq ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) Koalisiyasının təsisçilərindən olan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov mediaya açıqlamasında deyib ki, indiyədək MSŞT Koalisiyası hüquqi şəxs statusu olmayan ictimai birlik kimi fəaliyyət göstərib. Koalisiyanın hüquqi şəxs olması barədə məsələ dəfələrlə təsisçilərin yığıncağında müzakirə aparılıb, amma bir qərara gəlinməyib: «İndi Qubad İbadoğlu qanunları kənara qoyaraq, öz adından bir neçə Şura üzvü ilə bir yerdə bütün Koalisiyanın adından eyni adlı ictimai birlik - Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü İctimai Birliyi adlı QHT yaradır. Bu, qanuna ziddir və biz də bunu ona izah etməyə çalışırıq».

Q. İbadoğlu APA-ya açıqlamasında da S. Məmmədovun səsləndirdiyi arqumentlərlə razılaşmayıb. O deyib ki, S. Məmmədov mətbuata yanlış məlumatlar verməklə öz fikrini əsaslandırmağa və bu mövzunu gündəmdə saxlamağa çalışır: «MSŞT Koalisiyası əvvəlki statusu və proqramı ilə fəaliyyətdədir. MSŞT Koalisiya Şurasının qərarları da Əsasnamə ilə tənzimlənir, son qərar da Əsasnaməyə uyğundur. Qərarlardan narazı olanlar Monitorinq Qrupuna şikayət edə bilərlər».

XS
SM
MD
LG