Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:46

Qamət Süleymanov: «Sələfilər heç vaxt hakimiyyətə qarşı çıxmır»


Qamət Süleymanov
Qamət Süleymanov

-

“KONÇİTA DA SAQQAL SAXLAYIR”

“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov “Qafqazinfo” saytına müsahibə verib.

Onun sözlərinə görə, 2008-ci ildə “Əbu Bəkr” məscidinə hücum olandan sonra fəaliyyətləri məhdudlaşdırılıb.

“Məscid bağlı deyil, açıqdır. Heç vaxt da tam bağlı olmayıb. Amma məhdudiyyət var, yalnız icmanın üzvləri gəlib-gedə bilir. Mən də məsciddə oluram, namazlarımı burda qılıram. Başqa geniş fəaliyyətim yoxdur”.

- Sizə vəhhabi deyirlər. Siz də daxil olmaqla heç kim vəhhabi olduğunu etiraf etmir. Azərbaycanda vəhhabilər kimlərdir?

- Vəhhabilik yoxdu. Belə bir təriqət olmayıb. Olmayan şeydən necə danışım. Sadəcə Məhəmməd ibn Əbdül Vəhhab olub. Onun müəyyən addımlarına qarşı çıxan şəxslər onun tərəfdarlarını vəhhabi adlandırıblar. Siz desəz ki, saqqal vəhhabilik əlamətidir, bu düzgün deyil. Saqqala ən normal münasibət sələfilərdədir. Şiə məzhəbində saqqal saxlamayanı kafirdir deyirlər. Heç bizdə elə deyil. Şalvarın qısa olması hər məzhəbdə var, heç də sələfilərə xas deyil. Saqqal bu gün həm də dəbdir. Ateistlər, hətta Konçita da saqqal saxlayır.

- Suriyada döyüşüb ölənləri şəhid kimi təqdim edirlər. Hətta Kərbəla hadisələri ilə müqayisə edənlər də var. Belə başa düşürəm ki, bu gün Sumqayıtdan gedən radikalları 500 il sonra insanlara İmam Hüseyn səviyyəsində təbliğ edə bilərlər. Bu məsələlərə sələfi yanaşması necədir?

İraq,Suriya
İraq,Suriya

- Suriyada sadəcə dindən istifadə edilir. O münaqişənin əvvəlində din məsələsi yox idi. Bəşər Əsəd dinc nümayişçiləri öldürdü. Bununla da silaha əl atıldı. Radikal qruplar da gəlib töküldü ora. Din heç vaxt insanları bu hala salmaz. Din fitnənin əlindədir. Orada baş verənlərin dinlə heç bir əlaqəsi yoxdur. Ola bilər sizin dediyiniz kimi 500 il sonra Suriya hadisələrini Kərbəla hadisəsi kimi qeyd etsinlər. İnsanlar belədir ki, bir milyon insanın qarşısında qaşığı qaldır, denən buna ibadət edin. Adamların içindən qaşığa ibadət edən də tapacaqsan.

- Siz demisiz “hakim zalım da olsa bir sələfi ona qarşı çıxmamalıdır”. Əgər hakim sələfinin ideologiyasına qarşı olsa necə?

- Sələfilər heç vaxt hakimiyyətə qarşı çıxmır. Xəvariclər isə bunu edir. Kimsə deyirsə ki, hakimiyyətə qarşı çıxır və sələfidir, o adam yalançıdır. Hakim sələfi ideologiyasına qarşı çıxsa belə yenə də olmaz. Hakimə qarşı çıxmaqla ümumi əmin-amanlıq pozulur.

- Deyirsiz maarifçilik zəifdir. Özünüz din xadimisiz, maarifləndirmə işi aparırsız. Amma qaynınız şəhərin mərkəzində İŞİD bayrağı qaldırır. Ən yaxın adamınızı maarifləndirə bilmirsiniz?

- O heç vaxt İŞİD bayrağı qaldırmayıb. Şəkildəki də o deyil. Ona dostu demişdi ki, qohumum mitinqdədir, gedək onu ordan çıxaraq. Bu da kənarda dayanıb. Deyir ki, ara qızışdı, gördüm yerdə bayraq var. Üstünə “La İlahə İllallah” yazılıb, götürdüm ki, Allahın adı tapdalanmasın. Bu vaxt tutdular. Hadisə belə olub.

AZƏRBAYCANDA 37-Cİ İLİN REPRESSİYA MAŞINI YENİDƏN İŞƏ DÜŞÜB

“Azadlıq” qəzeti yazır ki, “Azərbaycanda azad fikirli insanlara qarşı repressiya bir mübarizə metodu seçilib. Ən dəhşətlisi budur ki, bu hakimiyyət bu cür insanların özlərilə yanaşı, onların yaxınlarını da repressiyaya məruz qoyur. Özü də qadın-uşaq demədən... AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Natiq Ədilova görə qardaşı Murad Ədilovun narkotiklə şərlənərək həbs olunması, Milli Şuranın sədri Cəmil Həsənliyə görə qızının başına gətirilənlər, Gültəkin Hacıbəylinin 9 yaşlı övladının, Milli Şura üzvü Oqtay Gülalıyevə görə yenə övladının məhkəmələrə çəkilməsi və son olaraq, AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirlinin yaşadığı evin qarşısında həbs olunması bu hakimiyyətin öz rəqibləri, tənqidçilərilə necə davrandığının göstəricisidir. Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev deyir ki, Azərbaycanda sanki ötən əsrin 30-cu ili təkrarlanır. Onun sözlərinə görə, hətta o illərdə də azad fikirli insanların ailə üzvlərinə qarşı bu tərzdə təzyiqlər olmayıb:

“Bütün bunların hamısı hazırkı hakimiyyətin aqoniyasından xəbər verir”.

“PUTİN DÖYÜŞ MEYDANINI TƏRK EDƏNLƏRDƏN DEYİL, O, ƏSL DÖYÜŞÇÜDÜR”

“Yeni Müsavat” qəzeti hüquq professoru və iş adamı İlham Rəhimovla müsahibə dərc edib. İlham Rəhimov deyir ki, Rusiya prezidenti Vladimir Putinin “G20"-ni yarımçıq tərk etməsi haqqında deyilənləri ciddi qəbul etmir.

“Bilirsiz, Putin döyüş meydanını tərk edənlərdən deyil, o, əsl döyüşçüdür”.

Vladimir Putin
Vladimir Putin

- İlham müəllim, bu gün Rusiyada yaşayan soydaşlarımızın durumu necədir? Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalarından sonra rubl sürətlə ucuzlaşır. Sizcə, iqtisadi vəziyyətin kəskinləşməsi soydaşlarımızın Azərbaycana qayıtmaq qərarı verməsinə səbəb ola bilərmi?

- Şübhəsiz, əgər tətbiq olunan iqtisadi sanksiyalar Rusiya vətəndaşlarına təsir edəcəksə, Rusiyada yaşayan, o ölkədə pul qazanan azərbaycanlılara da təsirsiz ötüşməyəcək. Proses eyni zamanda Azərbaycana da təsir göstərəcək. Bir neçə il öncə aparılan rəsmi hesablamalara görə, Rusiyadan Azərbaycana ildə iki milyard dollar gəlirdi. Bu rəqəmləri prezident Putin də səsləndirmişdi. Hər kəsə bəllidir ki, Rusiyada çalışan azərbaycanlılar Azərbaycandakı ailələrinin əsas gəlir qaynağıdır. Rusiya vətəndaşı olan etnik azərbaycanlıların sayı rəsmi rəqəmlərə görə, 750 mindir. Bir qism insanlar müvəqqəti qeydiyyat əsasında yaşayır, bəzilərinin heç qeydiyyatı yoxdur. Onlar hər ay Azərbaycana bəlli bir vəsait göndərirlər. İqtisadi durum çətinləşsə, gəlirlər azalsa, Azərbaycana göndərilən vəsaitlərdə azalma qaçılmaz olacaq. Ancaq bu prosesin azərbaycanlıların kütləvi surətdə Rusiyadan Vətənə qayıtmasına səbəb olacağını ehtimal etmirəm.

AZƏRBAYCAN ƏDLİYYƏSİ DAVAMLI İNKİŞAF YOLUNDADIR

On beş ildir ki, ədliyyə işçiləri noyabrın 22-də öz peşə bayramlarını qeyd edirlər. Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri , I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirir ki, respublikanın sürətli sosial-iqtisadi yüksəlişi, əhalinin həyat şəraitinin xeyli yaxşılaşması mülki hüquq münasibətlərinin artmasına, demoqrafik inkişafa ciddi təsir göstərib.

“Təsadüfi deyil ki, doğumun və nikahın sayı artaraq, müvafiq olaraq 130 minə yaxın və 62.500-dən çox təşkil edib. Ümumilikdə isə bu ilin doqquz ayında 262 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib.

“Vətəndaş cəmiyyətinin inkişafında mühüm rolu olan qeyri-hökumət təşkilatlarının sayının ilbəil artması davam edib Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 4.100-ə, KİV-lərin sayı isə 5.000-ə çatmaq üzrədir”.

Fikrət Məmmədov qeyd edir ki, bu günədək üç milyondan çox insan ədliyyə qurumlarının da mühüm xidmətlər göstərdiyi "ASAN" mərkəzlərinə müraciət edib.

YAP-IN 22 YAŞI TAMAM OLUR

YAP, logo
YAP, logo

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü tamam olur. Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova yap.org.az saytına müsahibə verib. Bahar Muradova qeyd edir ki, “ulu öndər Heydər Əliyevin partiyanın yaranmasına razılıq verməsi, onun başında dayanması, partiyanın işini təşkil etməsi, onun vasitəsilə Azərbaycanın ictimai-siyasi spektrini bir araya gətirərək ölkəni xaosdan, anarxiyadan qurtarmaq istiqamətindəki səyləri xalqın mütləq əksəriyyəti tərəfindən dəstəkləndi. Heydər Əliyev şəxsiyyətinin gücü hər birimizə yaxşı bəllidir, lakin o, xalqın gücü ilə birləşdikdə qarşısıalınmaz bir qüvvəyə çevrilir və yolunda olan bütün maneələri süpürüb atır. Elə o vaxtkı iqtidar da daxil olmaqla bütün maneələr bu gücün qarşısında aciz qaldı. Ölkə sabitlik və quruculuq dövrünə qədəm qoydu”.

XS
SM
MD
LG