Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:34

Əli Hüseynli daha şəffaf fəaliyyət üçün Avropadan qrant istəyir


Əli Hüseynli
Əli Hüseynli

-

«QHT-lər haqqında qanuna edilən dəyişikliyin müəllifi mənəm. Çox təəssüf edirəm ki, Avropa təsisatları, ABŞ Dövlət Departamenti və digər beynəlxalq qurumlar məsələnin mahiyyətini öyrənmədən bəyanatlar verdilər».

YAP-dan olan deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli AzadlıqRadiosuna belə deyib.

Onun sözlərinə görə, sözügedən qanun layihəsində Avropa təsisatlarının da tələb etdiyi şəffaflıq öz əksini tapıb:

«Bizim qanun layihəsinin iki məqamı vardı. Birincisi, donor təşkilatlarla qrant alan tərəf arasında mütləq müqavilə olmalıdır. Bu müqavilə qeydiyyatdan keçməlidir. Dövlət və donor təşkilatı, o cümlədən cəmiyyət bu prosesi şəffaf görməlidir. Hər kəs bilməlidir ki, vəsait nə məqsədlə ayrılır. İkincisi, daha vacibi, bu qanun layihəsində dövlət orqanlarının üzərinə vəzifə qoyulur ki, vətəndaş cəmiyyətini sahələrə uyğun maliyyələşdirsinlər. Demokratik cəmiyyətdə vətəndaş cəmiyyətlərinin rolu böyükdür. Ancaq bunun üçün, əlbəttə, vəsait lazımdır. Ümidvaram ki, növbəti ildən QHT-ləri bütün sahələr – insan hüquqları, ekologiya, mədəniyyət və digərləri üzrə müvafiq dövlət orqanları maliyyələşdirəcək».

Bəzi ekspertlər QHT-lərdən istənən şəffaf fəaliyyətinməmurlardan niyə tələb olunmadığına diqqət çəkir. Bu zaman, təkliflər olsa da, illərdir «Maraqların toqquşması haqqında» qanunun qəbul edilməməsi vurğulanır. Bu qanuna görə məmurlardan öz işində şəffaflıq tələb olunacaq.

Əli Hüseynli həmin əsaslandırmanı uğursuz sayır:

«Azərbaycanda korrupsiyaya qarşı mübarizə siyasəti çərçivəsində maliyyə deklarasiyası qəbul olunub. Bu qanunun icrası ilə bağlı Nazirlər Kabinetində iş gedir. Ümidvaram ki, müəyyən dövrdən sonra Azərbaycanda da bu problem öz həllini tapacaq. O ki qaldı «Maraqların toqquşması haqqında» qanun layihəsinə, bu məsələ müzakirə olunur. Bu qanunun müsbət və mənfi tərəfləri var. Bu məsələ ictimaiyyətdə də müzakirə olunmalıdır. Beynəlxalq təşkilatlara bu mövzu maraqlıdırsa, layihəni maliyyələşdirsinlər, biz də bu məsələnin ictimai müzakirəsini keçirək. Biz hazırıq. Mən maliyyə ayrılması üçün Avropa Şurasının müvafiq məmurlarına dəfələrlə müraciət etmişəm».

Qanunla hökumət rəsmilərinin və məmurların biznes fəaliyyəti qadağandır. Bir məmurun biznesi olarsa, qərar qəbulunda öz marağını üstün tuta, bununla da maraqlar toqquşa bilər. Azərbaycan parlamenti maraqların toqquşması, korrupsiya şahidlərinin qorunması və dövlət qulluğundan kənar digər hüquqi vəzifəyə görə cəza tətbiqi barədə qanunları qəbul etməyib.

XS
SM
MD
LG