Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:38

Novruz Məmmədov: «Əllərinə fürsət düşən kimi Azərbaycanı tənqid edirlər»


Novruz Məmmədov
Novruz Məmmədov

-

«Leyla Yunus haqqında bircə onu deyə bilərəm ki, onun kimliyini və 25 ildir nə işlə məşğul olduğunu hamı bilir. Mən bu haqda danışmaq istəmirəm. Cənab Schulz-un bununla bağlı mövqeyinə gəldikdə isə, belə bir həqiqəti təhrif edən, amiranə, tələb xarakterli mövqe, əlbəttə, ona münasibət bildirməyi zəruri edir».

Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AzərTAc-a müsahibəsində Avropa parlamentinin spikeri Martin Schulz-un səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib:

«M.Schulz yəqin düşünür ki, Avropa İttifaqı ilə bağlı bütün məsələləri tənzimləyə bilib, bu sahədə hər şey əla gedir, bu səbəbdən də özündən çox razıdır və əlinə fürsət düşən kimi Avropa Parlamentində, parlamentdən kənarda qərəzli müzakirələr təşkil edir, bəyanatlar verir. Özünü ədalət carçısı, insan haqları müdafiəçisi kimi təqdim edən cənab Schulz bircə dəfə Azərbaycanda qaçqına və köçkünə çevrilmiş, bütün fundamental hüquqları pozulmuş bir milyon günahsız qocanın, qadının, cavanın, uşağın müdafiəsi üçün bəyanat verib mövqe bildirsəydi, onda onun başqa bəyanatlarına da inam olardı».

Novruz Məmmədov fikrincə, bəzən onların missiyaları anlaşılmır:

«Avropa İttifaqını gücləndirmək, ona etimadı, inamı möhkəmləndirmək əvəzinə qərəzli bəyanatlar vermək, beynəlxalq ictimaiyyəti çaşdırmaq, görəsən, hansı niyyətdən qaynaqlanır? Təəssüflər olsun ki, belə hallar çoxdur».

Noyabrın 26-da Strasburqda konqolu həkim Denis Mukwege-yə Avropa Parlamentinin Andrei Sakharov adına «Azad düşüncə mükafatı» təqdim edilib. Avropa Parlamentinin prezidenti Martin Schulz mərasimdə deyib ki, azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus da Sakharov mükafatına namizəd idi:

«Çünki Azərbaycanda insan haqlarını böyük əzmlə müdafiə edir və bunun uğrunda vuruşur. Avropa Parlamenti Azərbaycan hökumətini bu günahsız və səhhəti kəskin pisləşən qadını azad etməyə çağırır».

M.Schulz əlavə edib ki, Avropa Parlamenti Azərbaycana nümayəndə heyəti göndərmək istəyib, ancaq bu alınmayıb. O, Avropa Parlamenti nümayəndələrinə Azərbaycana giriş imkanı verilməməsinə etirazını bildirib və deyib ki, bütün bunlar yolverilməzdir.

XS
SM
MD
LG