Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:29

«Məscidin yandırılması İŞİD-in Kobaniyə hücumunun qisası ola bilər»


«Təhlükəsizlik» Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl
«Təhlükəsizlik» Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl

-

Gözlə

No media source currently available

0:00 0:03:53 0:00
Direct-ə keçid

«MƏSCİDİN YANDIRILMASI CƏZASIZLIĞIN NƏTİCƏSİDİR»

«Qaraçuxur məscidinin yandırılması cəzasızlığın nəticəsi idi». «Təhlükəsizlik» Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl bu fikirdədir. Ekspertin fikrincə, hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov bundan öncə özünü kifayət qədər çılğın aparıb, amma qarşılığında cəza görməyib:

«O, cəzasızlığını hiss etmişdi. Küçənin ortasında ideoloji təxribatla məşğul olurdu və bunu sosial şəbəkələrdə yayırdı. Heç vaxt da cəza almırdı. Cəza almadığına görə də Kobani şəhərinə gedib çıxdı. O lap əvvəldən də millətçi şüarlar səsləndirirdi».

Bakının Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidində noyabrın 26-da yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata görə, yanğın yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla törədilib. Faktla bağlı Cinayət Məcəlləsinin 134-cü maddəsi (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə cinayət işi başladıb və istintaqın davam etdirilməsi Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə həvalə olunub. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər – Nəsibov Namiq Kamil oğluƏləkbərov Elnur Tahir oğlu saxlanılıblar.

İŞİD-DƏN QİSAS?!

İlham İsmayılın fikrincə, Qaraçuxur məscidinin yandırılması İŞİD-in Kobaniyə hücumunun qisası da ola bilər:

«Suriya hadisələri baş verəndən sonra kürdlər üçün Kobani sanki müqəddəs şəhərdir. Onlar Türkiyəyə qarşı təxribatı daha çox Kobanidən ediblər. Kobani elə bil onların ideoloji mərkəzlərindən biridir. Xüsusilə son vaxtlar Qaraçuxur məscidi daha çox radikalların toplaşdığı yer idi. Ola bilsin ki, onlar bu adamların simasında İŞİD-in nümayəndələrini görürlər. Fikrimcə hadisəni dini yox, məhz milli təəssübkeşlikdən törədiblər. Ona görə də bu cür adamları nəzarətsiz buraxmaq olmazdı. Suriyaya istər döyüş, istərsə də ideoloji hazırlığa gedib qayıdan adam Azərbaycan üçün potensial terrorçu ola bilər».

Siyasi şərhçi Azər Rəşidoğlu isə olayı müəmmalarla dolu hesab edir. Onun fikrincə, əgər bu konkret terror hadisəsi olsa idi, insanların çox olduğu bir zamanda həyata keçirilərdi. Ekspertə görə, hadisə bir qədər şişirdilir:

«Burada anlaşılmayan məqamlar çoxdur. Hadisə araşdırılır, odur ki, konkret fikir söyləmək istəməzdim. Məncə, PKK terrorçularının bu hadisə ilə bağlı olduqları barədə deyilənlər bir qədər şişirdilib. Ehtimal edirəm ki, yaxın zamanlarda sələfi, xəvaric, digər təkfirçilərə qarşı hakimiyyətin ciddi əməliyyatı həyata keçirilə bilər. Bu hadisə sələfiləri sakitləşdirməyə hesablanmış addım kimi də qəbul oluna bilər. Bunun ardınca hakimiyyət radikal dini cərəyanlara qarşı sərt addımlar ata bilər».

«TERROR HƏDƏSİ YÜKSƏK DEYİL, AMMA...»

Ekspertlərə görə, Azərbaycanda hazırda terror hədəsi mövcuddur. Amma...

İlham İsmayıl: «Terror hədəsi yüksək deyil. Amma Azərbaycan olimpiadaya hazırlaşır. İslamçılar arasında Avropanın Azərbaycana geniş miqyasda ayaq açmasını istəməyən qüvvələr var və onlar perspektivdə terror törədə bilərlər. Necə ki, «Eurovision» ərəfəsində kiçik miqyaslı hədələr, qorxular oldu. Ona görə də hesab edirəm ki, yüksək deyil, amma artan xətt üzrə inkişaf edə bilər. Yəqin ki hökumət, dövlət bunu nəzərə alır».

«... ÖLKƏDƏ XAOS YAŞANA BİLƏR»

Azər Rəşidoğlunun fikrincə, ölkədə terror təhlükəsini artıran amillər Azərbaycanın Rusiya və digər qonşu ölkələrin qıcığına səbəb olan addımlar atmasıdır:

«Azərbaycanda terror təhlükəsi həmişə mövcud olub. Bu gün daha realdır. Vətəndaş cəmiyyəti və sekulyar institutlar məhv edilib. Mötədil dini icmalar təzyiqlərlə üzləşib. Azərbaycan Rusiya və digər qonşu ölkələrin qıcığına səbəb olan addımlar atır. Bu amillər terror təhlükəsini artırır. Terror aktları baş verərsə, ölkədə xaos yaşana bilər».

Azər Rəşidoğlu bu xaosun yaranmaması üçün iqtidarın demokratik müxalifət və mətbuatla münasibətlərini normallaşdırmaq məcburiyyətində olduğunu düşünür. Əks təqdirdə, şərhçiyə görə, proseslər xaos müstəvisinə transfer edə bilər.

XS
SM
MD
LG