Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:29

Rubl və neft məngənəsi...


Rus rublu
Rus rublu

-

Gözlə

No media source currently available

0:00 0:07:31 0:00
Direct-ə keçid

Aynur Həsənova Gəncədəndir. Doğma şəhərindən 360 km uzaqda –paytaxt Bakıda təhsil alır. İllik təhsil və kirayə haqqını, gündəlik xərclərini Rusiyada işləyən atasının göndərdiyi pulla qarşılayır. Deyir ki, rus rublunun dəyərsizləşməsi son aylar onu ciddi maliyyə problemləriylə üzləşdirib. Atası əvvəllər aya 2-3 min manat göndərirdisə, indi 1500 manat zorla göndərə bilir:

«Bu pulla həm ailəmiz dolanır, həm də mənim Bakıda qalmaq və oxumaq xərcim ödənirdi. Üç-dörd aydır az pul göndərir. Atamla ötən gün telefonla danışdıq. O, xəbərdar etdi ki, rus pulu ara vermədən dəyər itirdiyindən, pulu qənaətlə xərcləyək».

RUBLUN DƏYƏRSİZLƏŞMƏSİ MANATA TƏSİR EDƏCƏK?

Qeyri-rəsmi məlumatlara görə, az qala, 10 milyonluq Azərbaycan əhalisinin 2 milyonu Rusiyada yaşayır. Ekspertlərin fikrincə, rus rublunun düşməsi manatın məzənnəsindən yan ötsə də, özəlliklə ölkəyə maliyyə axınına və ölkə iqtisadiyyatına təsir göstərir.

Azərbaycan manatının məzənnəsi, hələ ki, sabitdir. Amma manatın da dəyərsizləşmə ehtimalı böyükdür. Rubla görə deyil, dünya bazarında neftin ucuzlaşmasına görə. Bu haqda bir qədər sonra. Hələlik, rublun dəyər itirməsinin Azərbaycana təsirindən danışaq.

Azərbaycan fermerləri meyvə-tərəvəzi Rusiya bazarına çıxarırlar. Rublun düşməsindən ilk dad edənlər də elə onlar olub. Sonrakı zərərçəkənlər Rusiyada işləyənlərdir. Axı özəlliklə Azərbaycanın bölgə sakinlərinin çoxu dolanışığını Rusiyada çalışan qohumlarının hesabına sürdürür.

«NƏ QƏDƏR ÇOX RUBL GÖNDƏRİRİK, YENƏ AZ OLUR...»

18 ildir Rusiyada işləyən Rafiq İsmayılov deyir ki, sərhəd bölgəsində – Ağdamın işğal olunmayan ərazisində yaşayan ailəsinə əvvəlkindən 2 dəfə az pul göndərir:

Moskva bazarı
Moskva bazarı

«Rublun məzənnəsi düşməzdən öncə 15 min rubl 500 dollar idisə, indi bu, 300 dollar belə etmir. Nə qədər çox işləsək və daha çox pul yığmağa çalışsaq da, yenə az olur. Rusların özünə o qədər də təsir göstərmir, dolanışıqları elə pisləşməyib. Di gəl, gəlmələrin durumu ağırlaşıb. Qazancımız eyni qalır. İndi öz payımızı azaldıb, evə daha çox rubl göndərsək də, o pulu manata çevirəndə əvvəllər göndərdiyimizdən az alınır».

Dekabrın əvvəlinə olan məzənnəyə görə, 100 rubl 1 manat 47 qəpik, 100 dollar 78 manat 45 qəpikdir.

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, bu günlər rubl dollara nisbətdə 40 faiz ucuzlaşıb. Bu, təbii ki, Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşə bilməz:

«Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, Azərbaycanın idxalatında ən böyük paya malik ölkədir. O üzdən Rusiya iqtisadiyyatında baş verənlərin Azərbaycana təsiri danılmazdır. Üstəlik, Azərbaycan vətəndaşlarının müəyyən bir hissəsi üçün Rusiya iş yeri deməkdir. Bu da Rusiyada olub-bitənlərin Azərbaycana təsirini daha da artırır».

«RUSİYADAN AZƏRBAYCANA İLƏ 2-3 MİLYARD PUL GÖNDƏRİLİRDİ...»

Samir Əliyev
Samir Əliyev

Samir Əliyev təsirlər sırasında, ilk növbədə, Rusiyada çalışanları göstərir. Rublun düşməsi Rusiyada işləyən qohumlarının göndərdiyi pulla dolananların sosial durumunu ağırlaşdırır. Bundan başqa Azərbaycana maliyyə axını azalır. Rusiya Mərkəzi Bankının rəsmi məlumatına görə, Rusiyadan Azərbaycana bir ildə orta hesabla 1 milyard 200 milyon dollar göndərilir. Rəsmi rəqəmlər belədir. Samir Əliyevin fikrincə, bir bu qədər vəsait də qeyr-rəsmi yollarla Azərbaycana gətirilir:

«Deməli, ilboyu Azərbaycana 2-3 milyard həcmində pul göndərilir. Əvvəllər min rubl 23 manat idisə, indi 14-15 manatdır. Başqa sözlə, hər min rublda 8-9 manat itkidən söhbət gedir».

«ƏRZAQ MƏHSULLARINDA UCUZLAŞMA OLA BİLƏR...»

Ekspert rublun dəyərsizləşməsindən dövlətin də itirməsinə diqqət çəkir. Buna misal kimi, Dövlət Neft Fondunu göstərir. Axı Fond Rusiya şirkətlərində payçılığına və ya orada sahibləndiyi mülklərə görə itkiyə məruz qalır.

Rublun dəyərinin düşməsi Rusiyadan Azərbaycana gətirilən süd və ət məhsullarında, digər ərzaq mallarında xərclərin azalma ehtimalını gücləndirir. Samir Əliyevin fikrincə, keyfiyyətli rus məhsullarının ucuzlaşması Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçısı olan şirkətlərə ziyan vura bilər.

Mərkəzi Bank
Mərkəzi Bank

Manatın məzənnəsinə gəlincə, iqtisadçı-ekspert rublun manata hər hansı təsirinin olmadığını düşünür. Axı manatın məzənnəsi dollara nisbətdə götürülür. Amma dünya bazarında neftin qiyməti manata təsir edir. Neftin ucuzlaşandan bəri Mərkəzi Bankın valyuta ehtiyatı azalıb. Azalma rəqəmi də məlumdur: iyul-dekabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatı 197 milyon dollar (1.3 faiz) azalıb. Demək, neft ucuzlaşdıqca valyuta ehtiyatının azalması qaçılmazdır.

2015-Cİ İLDƏ MANAT DA DƏYƏRSİZLƏŞƏCƏK?

Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın dəyərcə 2015-ci ildə də sabit saxlanacağını bildirib. Amma Samir Əliyevin fikrincə, neftin bareli 50-60 dollaradək düşsə, bu zaman manatı sabit saxlamaq çətin olacaq:

«İki yol ola bilər. Birincisi – manatın ucuzlaşdırılması, ikincisi – üzən məzənnə (öz axınına buraxmaq) siyasətidir. Manatın müəyyən həcmdə – 10 və ya 20 faiz ucuzlaşdırılması daha ağlabatan yoldur. Üzmə siyasəti çox təhlükəlidir, manatın kəskin dəyər itirməsiylə nəticələnə bilər».

İqtisadçı-ekspert deyilənləri ümumiləşdirərək bildirir ki, istər rublun, istər də neftin ucuzlaşmasının Azərbaycana ciddi təsirləri var. Problemin nə qədər ciddi olacağı müddətdən asılıdır. Uzunmüddətli ucuzlaşmada Azərbaycanın vəziyyəti heç də işıqlı görünmür, amma qısamüddətli ucuzlaşmaya ölkə tab gətirə bilər.

... Amma bütün hallarda, gəncəli Aynur Həsənova və onun ailəsi pulu qənaətlə xərcləməlidir.

XS
SM
MD
LG