Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:37

General Xədicə İsmayılla Leyla Yunusu müqayisə etdi


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev

-

«Sülh və Demokratiya İnstitutunun həbsdə olan sədri Leyla Yunus istintaq təcridxanasında hamı ilə birgə qaydalara uyğun olaraq saxlanılır. Bəzi dağıdıcı mətbuat orqanları isə həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Gülünc məsələlər irəli sürülür ki, guya ona yemək vermirlər. Bu deyilənlər hamısı yalandır».

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev Leyla Yunusun saxlanılma şəraitindən narazılıq olması, ona qarşı təzyiqlərin edilməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. Xidmət rəisi bildirib ki, bir sıra QHT nümayəndələri birgə L. Yunusun səhhəti ilə maraqlanıblar:

«QHT nümayəndələri Leyla Yunus saxlanılan təcridxanada olublar. Onun səhhətində heç bir problemin olmadığını görüblər. Leyla Yunus hətta həkimləri təhqir edib, onlara ağır sözlər deyib, özünü tərbiyəsiz aparıb».

Mədət Quliyev deyib ki, həbsdə olan jurnalist Xədicə İsmayıl da eyni qayda ilə saxlanılır:

«O, da təqsirləndirilən şəxsdir, həmin qayda ilə ona da diqqət var. Amma görürsünüz ki, o da deyir ki, saxlanma şəraiti normaldır. Ona qarşı da heç bir təzyiq yoxdur. Ümumiyyətlə, mənim yanıma gələn bəzi xarici QHT nümayəndələri suallar verirlər ki, necə olur ki, dalbadal guya siyasətlə məşğul olan şəxslər tutulur. Bunun da cavabı çox asandır. Leyla Yunusa qarşı Rauf Mirqədirovun Ermənistana getməsi ilə bağlı cinayət işi qaldırılıb, bunlar hamısı cinayət işində adları keçən adamlardı. Təbii ki, bunların da hamısı saxlanılmalıdır».

Mədət Quliyev bildirib ki, dünyanın heç bir dövlətində cəzaçəkmə sisteminə Azərbaycandakı kimi diqqət yoxdur:

«Bu da son zamanlar Azərbaycanda aparılan quruculuq siyasəti ilə bağlıdır. Bu gün digər dövlətlər Azərbaycana qibtə edirlər».

M. Quliyev Bakının mərkəzində yerləşən penitensiar müəssisələrin kənara köçürülməsi barədə də danışıb. Bildirib ki, son illərdə Azərbaycanda 10 cəzaçəkmə müəssisəsi tikilib istifadəyə verilib, 7-si tikilmək üzrədir. Penitensiar xidmət maliyyə vəsaiti olarsa Bakının mərkəzində yerləşən cəzaçəkmə müəssisələrini kənara köçürməyi də planlaşdırır. Bir ilə kimi Lənkəranda inşa olunan cəzaçəkmə müəssisəsinin istafadəyə verilməsi gözlənilir. Sabunçu rayonunda qadın müəssisəsi tikilir.

XS
SM
MD
LG