Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Bakı sakinin üzləşdiyi film kimi kredit macərası...


Arxiv fotosu
Arxiv fotosu

.

Çayxanada bank krediti sövdələşməsi...

Əsəd Qasımov birinci qrup Qarabağ əlilidir. Kirayədə yaşayır. Aldığı əlillik pensiyası dava-dərmanına çatmır. Böyük ailə yükü, cüzi pensiya, can ağrısı... Bir tərəfdən də qalıb məhkəmə yollarında... Başına gələni isə əsl macəra da adlandırmaq olar.

“2007-ci ilin ortaları idi. Dostlarla Yasamaldakı çayxanalardan birində oturmuşduq. Masamıza bir nəfər yaxınlaşdı, dostlarımızdan biri dedi ki, bu adam bankda işləyir. Kimə pul lazım olursa, həll edir. Dostumla pula ehtiyacımız vardı. Dedik, hərəmizə 2-3 min manat götürək. Tək şəxsiyyət vəsiqəmiz bəs etdi.

Həmin adam elə oradaca sənədlər tərtib etdi, bizə imzalatdırdı. Bu sənədlər ilkin müraciət üçün idi. İmzaladıq, getdi. Bir neçə gündən sonra zəng vurdu ki, bank kredit ayırmadı. Dedik, Allah canını sağ eləsin”.

İlkin müraciət üçün təqdim olunmuş sənədlər sahiblərinə qayıtmır. Heç sənəd sahibləri də narahat olmurlar. Ağıllarına belə gətirmirlər ki, bu səhlənkarlığa görə nə az nə çox, 8 ildən sonra məhkəmə qarşısında dayana bilərlər.

1 ildən sonra...

“1 il keçmişdi, telefonuma zəng gəldi. Dedilər, “Röyal bank”dan zəng vurmuşuq. Kredit ödənişində gecikdirməniz var. Təcili ödəniş edin. Gözüm kəlləmdə qaldı. Nə kredit? Nə ödəniş? Dedim, mənim sizin banka borcum yoxdur. Bir dəfə müraciət elədim, onda da kredit vermədiniz. Dedi, ödənişi edin, başqa söhbət lazım deyil. Mən də kobud cavab verdim, danışığı kəsdim. Ondan sonra düz 1 il zəng gəlmədi”.

Daha 1 il keçir...

“Röyal bank”dan Əsəd Qasımova ikinci zəng gəlir. Bu dəfə mərkəzi filialın problemli müştərilərlə iş üzrə departamentindən... Bank işçisi Əsəd Qasımovu məhkəməyə verəcəklərini bildirir.

“Dedi, hər kim götürüb, axır ki, kredit sənin adınadır. Ödəniş etməsən, borcu bağlamasan, məhkəməyə müraciət olunacaq. Dedim, a kişi, mən heç sizin bankın qapısını tanımıram. Gedin, dələduzu tapın məhkəməyə verin. Mənlik nə var ki? Mən sizi məhkəməyə verməliyəm ki, mənim adımdan başqası üçün kredit sənədləşdirmisiz”.

Bu dəfə 4 ildən sonra...

Daha 4 il keçir. Bu dəfə Əsəd Qasımovun ünvanına məhkəmə bildirişi gəlir. Həmin vaxta qədər “Röyal bank” ASC-nin lisenziyası Mərkəzi Bank tərəfindən ləğv olunduğundan Əsəd Qasımova qarşı borc iddiasını məhkəmədə ASC-nin ləğvedicisi “Azerbaijan İnternational Consultinq” MMC qaldırır.

İddiaya görə, tərəflər arasında 10 aprel 2008-ci il tarixdə kredit müqaviləsi bağlanıb. Əsəd Qasımova 12 ay müddətinə qaytarmaq şərtilə illik 30 faiz olmaqla 2850 manat məbləğində kredit verilib. Borcun bir hissəsi vaxtında ödənilib.

Borcun məbləği 1332 manata düşəndə ödəniş dayandırılıb. İddiaçı 8 il ərzində üst-üstə yığılmış əsas borcun, faizlərin, faizlərin cərimələrinin – ümumilikdə 8 min manat məbləğin Əsəd Qasımov tərəfindən ödənməsinə dair qətnamə çıxarmasını xahiş edib.

Məhkəmə Əsəd Qasımovun sənədlərdəki imzalarını xətşünaslıq ekspertizasına göndərib. Cavab maraqlı olub – kredit müqaviləsindəki imza Əsəd Qasımova məxsus olsa da, xəzinə məxaric orderlərindəki imzalar başqasının imiş. Məhkəmə iddianı təmin etməyib.

“Azerbaijan İnternational Consultinq” MMC qətnaməylə razılaşmır və apellyasiya şikayəti verir. İşin hallarını araşdıran apellyasiya instansiya da şikayəti təmin etməyib.

Əsəd Qasımovsa deyir, 2 ildir məhkəmə yollarında olan-qalan sağlamlığını da itirib.

“Əlil adamam. O pulun qəpiyini də görməmişəm. Heç o bankın yolunu da tanımamışam. Niyə məhkəmələr yolunda qalmalıyam, anlamıram. Niyə bank bu dələduzluğu edəni üzə çıxarmaqda maraqlı olmayıb. O adam hər kimdirsə, bankın öz adamı idi. Görün indi bunlar neçə-neçə adamın evini yıxıb. Adamlara müqaviləyə qol çəkdirəsən, sonra da deyəsən, kredit düzəlmədi və sonra da özlərindən xəbərsiz kredit üçün ödənişlər edəsən...”

Əsəd Qasımovla birlikdə sənədlərini təqdim etmiş dostu isə məhkəmə yollarında qalmaqdansa borcu bağlamağı üstün tutub:

“Dostumu da məhkəməyə vermişdilər. O da xəstə adamdır. Dedi, bu qədər get-gəldənsə borc nə məbləğdədirsə, ödəyim canım qurtarsın”.

Azərbaycanda 1993-cü ildən fəaliyyətə başlayan “Royal Bank of Baku” ASC-nin lisenziyası 2012-ci ilin iyun ayında ləğv edilib. Mərkəzi filialın və bir sıra digər filiallarının əməkdaşları cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilib. “Azerbaijan İnternational Consultinq Company” MMC bankın ləğvedicisi elan edilib. Bankla bağlı bütün məhkəmə çəkişmələrinə də məhz bu MMC-nin nümayəndələri çıxır.

Həmin MMC-dən bildirilib ki, Əsəd Qasımova qarşı qaldırılmış və təmin olunmamış məhkəmə iddiası ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verilib.

XS
SM
MD
LG