Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:39

Aqressiv Azərbaycan oxucusu


Ayxan Ayvaz
Ayxan Ayvaz

-

"- Çox kobudsunuz. Bir xanım oxucu ilə danışmağı belə bacara bilmirsiniz. Özünüzü çox yuxarıdan aparırsınız, yekəxanasınız."

Ayxan Ayvaz

AQRESSIV AZƏRBAYCAN OXUCUSU

- Əsərlərinizi oxudum. Nəyə görə bu qədər pessimistsiniz?

- Mənə bu ölkədə işıqlı bir şey göstərə bilərsiniz, əziz oxucu?

- Əlbəttə. O qədərdir ki…

- Məsələn…

- Nə bilim… Yəqin var.

- Mən belə hesab edirəm ki, ədəbiyyat xoşbəxtliyin olmadığını göstərən sənətdir. Bütün insanlar bədbəxtdir.

- Oyda… Yenə başladınız qaramat danışmağa.

- Bizim özümüzü ovutduğumuz, xoşbəxt olduğumuz yer yazmaqdır. Mən yazarkən öz əzablarımdan qurtulduğumu zənn edirəm.

- Necə yəni? Qurtula bilmirsiniz?

- Ədəbiyyat qədər yalan heç nə yoxdu. Bizi həmişə aldadıb. Bu ağrıları isə çəkmək istəmirəm.

- O zaman yazıçı olmağınıza peşmansınız.

- Xeyir. Sadəcə bu qədər əzabın qarşılığında sənə verilən böyük bir boşluqdur, vəssalam.

- Amma biz varıq. Yəni sizin oxucularınız.

- Tək təsəllimiz sizsiniz. Lakin bizim yaşadığımız ağrını yüngülləşdirmirsiniz. Aqressiv oxucularsınız. Azərbaycan oxucusu nə yazıq ki, belədir.

- Nə danışırsınız? Biz sizi oxuyuruq, istəyirik bizim istədiyimizi yazasınız. Niyə Varisə bir söz demirik?

- Yazıçıdan danışaq lütfən…

- Yaxşı, başa düşürəm, siz Varisi, Çingiz Abdullayevi, Elxan Elatlını yazıçı hesab etmirsiniz. Çox yaxşı. O zaman mənə yazıçı deyin Azərbaycanda.

- Səfər Alışarlı, Saday Budaqlı, Eyvaz Əlləzoğlu, Şərif Ağayar, Etimad Başkeçid, Mübariz Cəfərli. Bu millətin deyə bilmədiyi dərdi, ağrını qələmə aldıqları üçün sizin marağınızda deyil. Çünki özünüzdən qaçmaq istəyirsiniz. Deyirsiniz, bizim ölkədən yoxdu, biz hamıdan yaxşıyıq, heç kim bizim qabağımızda duruş gətirə bilməz.

- Bəli, siz bəyənməsəniz də mən belə düşünürəm. Bu yazıçıları tanımıram. Əgər yaxşı yazıçı olsaydılar nə vaxtsa qabağıma çıxardılar.

- Bəlkə də haqlısınız. Sizlə bizim aramıza körpü yox, sədd çəkiblər. Ancaq oxumaq istəyən hər kəs onları axtarmalıdır. Məsələn, biri siz. Mən adlarını çəkdim, maraqlana bilərsiniz.

- Onların kitabını tapdım, oxudum, sonra? Yəni yazıçı ancaq bunlardır?

- Yazıçı yaddaş məsələsidir. Əzab verən yaddaş. Onlar öz əzablı yaddaşlarında xilas olmağa çalışırlar. Xahiş edirəm, məni yormayın…

- Anlaya bilmirəm. Çox kobudsunuz. Bir xanım oxucu ilə danışmağı belə bacara bilmirsiniz. Özünüzü çox yuxarıdan aparırsınız, yekəxanasınız. Elə bil biz sizə borcluyuq. Niyə oxumalıyam sizi və ya başqa adını çəkdiklərinizi? Mənim dərdim özümə bəsdir, bir də sizin dərdlərinizi oxumalıyam?

- …

XS
SM
MD
LG