Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:50

İlham Əliyev: «Bizə indi nə lazımdır?!»


İlham Əliyev Münhendə - 6 fevral 2015
İlham Əliyev Münhendə - 6 fevral 2015

-

Fevralın 6-da 51-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində «Şaxələndirmə strategiyaları» mövzusunda enerji təhlükəsizliyi «dəyirmi masa»sı keçirilib.

AzərTAC-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev də orda çıxış edib. O bildirib ki, enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsindən ayrı müzakirə etmək olmaz:

«Azərbaycan əlbəttə ki, yerləşdiyi regionda enerji təhlükəsizliyinin təminatında öz rolunu oynayır. İndi – «Cənub» qaz dəhlizi ilə bağlı vacib sazişin imzalanmasından sonra biz Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilirik. Biz artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olmuşuq».

Prezident deyib ki, 2012-ci ildə vacib bir qərar qəbul edilərək Türkiyə ilə Trans-Anadolu – TANAP qaz boru kəməri haqqında saziş imzalanıb:

«Bu, Avropanın enerji təhlükəsizliyində böyük bir sıçrayış oldu. Çünki bu saziş olmadan «Cənub» qaz dəhlizi layihəsi bu gün sadəcə yaxşı bir ideya olaraq qalardı».

«BİZ VAXT İTİRƏ BİLMƏRİK»

İlham Əliyev daha sonra sual edib: «Bizə indi nə lazımdır?! Bizə bu komandanın bütün üzvləri arasında səmərəli əlaqələndirmə işlərinin aparılması lazımdır. Əvvəlki vaxtlarda bizdə regional əməkdaşlıq mövcud idi. Azərbaycan, Türkiyə və Gürcüstan - təkcə bu üç ölkə Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz qaz boru kəmərləri və tezliklə istismara veriləcək dəmiryol layihələrinin icrasına nail olublar. İndi komandamızda Avropa İttifaqının üzvləri olduqda bizə daha çox əlaqələndirmə və çeviklik lazımdır. Çünki bəzən Avropa təşkilatlarının qaydaları çox vaxt aparır. Biz bürokratiya ilə bağlı müəyyən məsələlərlə üzləşirik və biz vaxt itirə bilmərik. Çünki bu layihə istehsalçı qismində bizə, tranzit və istehlakçı ölkələrə lazımdır.

Aydındır ki, Azərbaycandan daxil olan qaz Avropa istehlakçılarının yaxın gələcəkdə əldə edəcəyi yeganə yeni qaz mənbəyidir. Bütün digər layihələr, o cümlədən marşrutların şaxələndirilməsi ilə bağlı layihələr mənbələrin deyil, yalnız marşrutların şaxələndirilməsini nəzərdə tutur. Bizim mənbəyimiz yenidir və belə demək mümkündürsə, təzə üzə çıxıb. «Şahdəniz» yatağında 1 trilyon kubmetrdən çox qaz ehtiyatı var. Bizim digər yataqlarla birgə təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı 2.5 trilyon kubmetr təşkil edir. Bu, on illərlə, yüz illərlə davam edəcək qaz layihəsidir. Bu layihə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək».

«BİZƏ ÇEVİKLİK, ETİBAR LAZIMDIR»

Prezident hesab edir ki, sözügedən layihəni çox vaxt aparan ümumi qayda və prosedurlardan uzaqlaşdırmaq üçün xüsusi bir yanaşma tətbiq olunmalıdır:

«Yalnız Azərbaycan, Türkiyə və Gürcüstanın iştirak etdiyi ilkin layihələrin icrasında bizdə çeviklik var idi. Bu layihədə də bizə eyni səviyyədə çeviklik və etibar lazımdır. Çünki TANAP, TAP, «Şahdəniz-2» layihələri böyük investisiyalardır və təkcə Azərbaycan yox, bp, Türkiyə burada ən böyük sərmayə tərəfdaşlarıdır. Beləliklə, biz bu sərmayələri geri qaytarmalıyıq.
Səmimi desəm, hazırda neftin bir barrelinin qiymətinin təqribən 50 dollardan yüksək olması bu layihənin kommersiya nöqteyi-nəzərindən dayanıqlı olmasını çətinləşdirir. Bu layihə də həyata keçirilməlidir. Bu, ilk növbədə, enerji təhlükəsizliyi layihəsidir. Bu layihəyə ona cəlb olunan ölkələrin milli təhlükəsizliyinə xidmət edən layihə kimi yanaşılmalıdır. Beləliklə, böyük qaz ehtiyatlarımızı nəzərə alaraq biz hələ də «Cənub» qaz dəhlizi layihəsinin üzvü olmayan, lakin «Nabukko» layihəsinin böyük hissəsi olan ölkələri bu sistemə cəlb edə bilərik. Məsələn, əvvəlcə Bolqarıstan TAP-ın üzvü deyildi, lakin biz onu komandamıza əlavə etdik... Biz Rumıniya, Macarıstan və Avstriya ərazilərindən bu layihəni daha uzaqlara apara bilərik. Belə ki, Azərbaycan qazının həcmi kifayət qədər olacaq. Əlavə olaraq, regiondan digər qaz mənbələrinin də üzə çıxması potensialı ola bilər. Belə olan halda bu, daha böyük miqyaslı layihə olacaq».

Prezident sonda «Biz düzgün istiqamətdəyik, işlər qrafik üzrə gedir» deyib. Və o bəyan edib ki, TANAP layihəsini 2018-ci ilə qədər icra etmək, TAP layihəsini 2020-ci ilədək yerinə yetirmək üçün bütün komanda üzvləri arasında əlaqələndirmə, daha çox dəstək və daha çox qarşılıqlı etibar lazımdır.

XS
SM
MD
LG