Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:42

Xədicə deyir ki, o, araşdırma yazılarına görə həbs olunub


Yalçın İmanov
Yalçın İmanov

-

Bu günlərdə həbsdə olan jurnalist Xədicə İsmayılın həbs müddəti daha iki ay uzadıldı. Müdafiə tərəfinin şikayəti isə təmin olunmadı. Xədicə İsmayılın vəkillərindən biri Yalçın İmanov jurnalistin işi ilə bağlı istintaq hərəkətləri, vəkillərə olan təzyiqlər haqqında AzadlıqRadiosunun suallarına cavab verib.

- Yalçın bəy, bu günlərdə jurnalist Xədicə İsmayılın həbsinin 2 ayı tamam oldu. Bu cinayət işi, aparılan istintaq hərəkətləri haqqında nə deyə bilərsiniz?

- Onu deyim ki, hər hansı istintaq hərəkətlərinin aparılması ilə bağlı biz məlumatlı deyilik. Bilmirik ki, hazırda bu cinayət işi ilə bağlı hər hansı bir istintaq hərəkəti aparılır, yoxsa yox. Aparılırsa da, həmin istintaq hərəkəti nədən ibarətdir? Bunun Xədicə İsmayıla elan olunmuş cinayət işi ilə hansısa hüququ bağlılığı varmı? Bizim bu şübhələrimizi təsdiq edən kifayət qədər əsaslar mövcuddur. Biz müdafiə tərəfi olaraq hesab edirik ki, hazırda heç bir istintaq hərəkəti aparılmır. Ya da aparılırsa, bunun Xədicə İsmayıla elan edilən cinayət işi ilə hər hansı bir bağlılığı yoxdur. Görünən ondan ibarətdir ki, Xədicə İsmayılı həbs edəndən sonra istintaq orqanı sübut axtarışına çıxıb.

- Xədicənin həbs müddəti daha 2 ay uzadıldı. Həbs müddətinin uzadılması zəruri idimi? Bu günlərdə Apellyasiya Məhkəməsi bununla bağlı sizin şikayətinizi təmin etmədi.

- Xədicənin həbs müddətinin uzadılması ilə bağlı nə maddi, nə də prosessual hüquqi əsaslar mövcud deyil. Birincisi, Xədicə İsmayıla qarşı irəli sürülən Cinayət Məcəlləsinin 125-ci maddəsinin onun tərəfindən törədilməsini təsdiq edən heç bir sübut növü yoxdur. Ümumiyyətlə, biz hesab edirik ki, Mustafayev Turalın hadisəsində cinayət hadisəsi yoxdur. Cinayət işinin, sadəcə, bir detalına varmaq istəyirəm. Cinayət işinin materiallarından görünür ki, guya bu adam üç dəfə özünü öldürməyə cəhd edib. Amma hər dəfə də məlum olub ki, burda özünü öldürməyə cəhddən yox, hansısa özünüöldürmə cəhdinin təqlidindən, imitasiyasından söhbət gedə bilər. Adam intihar etməmişdən əvvəl tanışlarına, dostlarına zəng edir, bu haqda onları məlumatlandırır, yalnız onların gələcəyinə əmin olduqdan sonra dərman içir, özü də nümayişkaranə şəkildə və s. Xədicə İsmayılın həbsinin uzadılması üçün heç bir hüquqi əsas da mövcud deyildi. Absurd bundan ibarət idi ki, istintaq orqanı müdafiə tərəfinin verdiyi vəsatətlər üzrə təyin olunmuş ekspertiza rəylərinin cavablarının alınması zəruriliyi ilə bağlı Xədicə İsmayılın həbs müddətinin uzadılması barədə vəsatət verir və məhkəmə də həmin absurd vəsatəti və təqdimatı təmin edir. Guya Xədicə İsmayılın hansısa şahidlərə təsir göstərəcəyi, yaxud gələcəkdə istintaqın və məhkəmənin gedişinə mane olacağı ehtimalları səsləndirildi. Amma həm bizim yerli qanunvericiliyimiz, həm də qoşulduğumuz konvensiyalar deyir ki, şəxsin azadlıq hüququnun məhdudlaşdırmasını hansısa ehtimalla əsaslandırmaq olmaz. Həmin ehtimalları, həmin riskləri təsdiq edən sübut növləri olmalıdır. Bu sübutlar yoxdur. Ona görə də, Xədicə İsmayılın həbsdə saxlanması və həbs müddətinin uzadılması tam qanunsuz və əsassızdır. Görünən odur ki, məqsəd onu daha çox cəmiyyətdən təcrid etməkdir.

- Xədicə özü həbsi haqda nə deyir, sağlamlığı, əhval-ruhiyyəsi necədir?

- Xədicənin əhval-ruhiyyəsi çox yaxşıdır. Azadlıqda necəydisə, həbsxana şəraitində də o əhval-ruhiyyədədir. Xədicə məhkəmədə də deyib ki, bu həbsi gözləyirdim, Tural Mustafayev də olmasaydı, digər vasitə ilə həbs olunacaqdım. Xədicə həbsini ona elan olunmuş ittihamda olduğu kimi yox, apardığı jurnalist araşdırmaları ilə əlaqələndirir. Səhhəti də qaydasındadır. Sadəcə, ona münasibətdə bir sıra hüquq pozuntuları baş verir. Həbsdə olduğu müddətdə onun yaxınları ilə görüşünə icazə verilmir. Bu, tam qanunsuzdur. Qanunun tələbinə görə ayda 4 dəfə yaxınları ilə görüşə bilər. Ancaq buna baxmayaraq, görüşlə bağlı bizim və özünün ərizələrinə heç bir cavab verilmir. Vəkilləri ilə ünsiyyəti və görüşləri çox ciddi nəzarət altında keçirilir.

- Hazırda bir neçə hüquq müdafiəçisi, vəkil həbsdədir. Bəzi vəkillərin vəkillik xidmətinə xitam verilib, müəyyən işlərdən kənarlaşdırılıblar...

- Bu, gözlənilən idi. Bir müddət öncə də biz düşünürdük ki, belə bir təzyiq dalğası olacaq. Təəssüf ki, bu gözləntimiz özünü doğrultdu və bunda məqsəd də müstəqil vəkillərin siyahısını seyrəltməkdir. Mümkün qədər onların fəaliyyətini daraltmaq və məhdudlaşdırmaq cəhdidir. Burda bir məqsəd də - siyasi məhbusları müdafiə edən vəkilləri sıradan çıxarmaqdır. Ümumiyyətlə, ölkədə müstəqil vəkillik institutu olmasın, inkişaf etməsin. Çünki müstəqil vəkillik institutu müstəqil olmayan və sifarişlə çalışan məhkəmələrin yeganə başağrısıdır. Ona görə də müxtəlif vasitələrdən istifadə edib müstəqil vəkillərin fəaliyyətini mümkün qədər məhdudlaşdırmaq, lazım gəldikdə onları Vəkillər Kollegiyasından çıxartmaq hadisələri baş verir.​

- Sizin fəaliyyətinizə necə, hansısa maneələr olmur ki?

- Maneələr olur. Amma bir çox hallarda biz bunları ictimailəşdirmirik. Daha çox öz müvəkkillərimizin müdafiəsi istiqamətində çalışırıq. Bir çox hallarda baş verənlərə, sadəcə, reaksiya vermirik. Bir çox hallarda yan keçirik ki, daha çox müdafiə işlərimizi həyata keçirə bilək. Maneələrlə məşğul olsaq, vəkillik fəaliyyətimizi həyata keçirməyə vaxtımız olmaz.

XS
SM
MD
LG