Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:52

İlham Əliyev manatın niyə kəskin ucuzlaşdığını belə izah edir [Video]


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

-

Azərbaycan prezidenti İlham Əliyev manatın kəskin - 33 faiz ucuzlaşdırılması barədə Mərkəzi bankın ötən həftə sonu qəbul etdiyi qərarı müdafiə edib. ANSPress-in məlumatına görə fevralın 24-də Mingəçevirdə səfərdə olarkən məcbur köçkünlərlə görüşən prezident bildirib ki, əvvəlcədən milli valyutanın tədricən ucuzlaşdırılması barədə məlumatlar verilmişdi ki, əhaliyə sürpriz olmasın:

“Mərkəzi Bank açıqlama vermişdi ki, tədricən, ilin sonunadək manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Ancaq ondan sonra biz gördük ki, müəyyən ajiotaj yarandı və bir qədər manatın məzənnəsində dəyişiklik olan kimi əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı.

Eyni zamanda bu vəziyyətdən bəzi spekulyatnlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdır. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində hər gün minimum 500 milyon dollar bazardan alınıb. Əgər belə getsə idi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi.

Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın və əslində manat əvvəlki səviyyəyə enmişdir. İslahat başlayanda 1 manat 1 dollar idisə, indi də 1 manat 1 dollara bərabərdir.”

Prezidentin çıxışını burada izlə:

​Bununla da prezidentin yaxın günlərdə Mərkəzi Bankın qərarını ləğv edib, manatın yenidən əvvəlki 78 qəpik olmasa da bir qədər bahalaşdıracağı barədə sosial şəbəkələrdə yayılan ehtimallara son qoyulur.

Dövlət başçısı Mingəçevirdə bildirib ki, manatın ucuzlaşması ölkədə ərzaq mallarının da bahalanmasına gətirib çıxarmamalıdır. Çünki onun fikrincə, ərzaq məhsullarının əksəriyyəti elə Azərbaycanda istehsal olunur. Xarici ölkələrdən gətirilmir ki, dollarla alınan mal kimi bahalansın.

Dövlət başçısı qeyd edib ki, hökumət ərzağı süni şəkildə bahalandıranlara qarşı hökumət mübarizə aparacaq.

Amma Azərbaycanda ərzaq mallarının çoxunun ölkədə istehsal olunması barədə prezidentin bəyanatlarına müstəqil iqtisadçılar o qədər də inanmırlar. Sosial şəbəkələrdə artıq Azərbaycanda bütün istiqamətlərdə kəskin bahalaşma başlandığı xəbər verilir.

XS
SM
MD
LG