Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:35

Əmanətlərdə manatdan imtina olunur


Manat
Manat

-

Mərkəzi Bank fiziki şəxslərin əmanətlərinin strukturu üzrə son rəqəmləri açıqlayıb.

Bu ilin fevralın 1-nə banklarda əhalinin 7 milyard 121 milyon manatdan çox əmanəti olub. Bu məbləğin 4 milyard 276 milyon manatdan çoxu milli valyuta ilə, 2 milyard 845 milyon manatı isə xarici valyuta ilə (dollarda) yerləşdirilib.

Əhalinin banklardakı əmanətləri yanvar ayında 67 milyon manat, yəni 0.9 faiz azalıb.

XARİCİ VALYUTADA ƏMANƏT ARTIB

fins.az yazır ki, diqqəti çəkən tendensiya xarici valyutada olan əmanətlərin artmasıdır. Xarici valyutada olan əmanətlər yanvar ayında 79 milyon manat (köhnə məzənnə ilə 100.7 milyon dollar) artıb. Son 4 ayda isə xarici valyutada olan əmanətlər 307 milyon manat (köhnə məzənnə ilə 391.4 milyon dollar) artaraq 2 milyard 538.6 milyon manatdan 2 milyard 845 milyon manata yüksəlib.

MANATDAKI ƏMANƏTLƏR AZALIB

Cari ilin yanvar ayında milli valyutada olan əmanətlər 146 milyon manat azalıb. Bu azalmanın 67 milyon manatın geri götürülən əmanətlər, 79 milyon manatını isə xarici valyutaya çevrilən əmanətlər təşkil edib.

Son iki ayda isə milli valyutada olan əmanətlər 205 milyon manat azalıb.

XARİCİLƏR ƏMANƏTLƏRİNİ GERİ ÇƏKİR

Fevralın 1-nə olan məlumata görə, banklardakı əmanətlərin 6 milyard 463.6 milyon manatı rezidentlərə, 657.7 milyon manatı qeyri-rezidentlərə (xarici vətəndaşlara) məxsus olub. Yanvar ayında rezidentlərin banklardakı əmanətləri cəmi 8.9 milyon manat azaldığı halda, qeyri-rezidentlərin əmanətləri 58.2 milyon manat azalıb.

Xaricilər əmanətlərin 120.4 milyon manatını milli valyutada, 537.4 milyon manatını isə xarici valyutada banklara yatırıblar. Xaricilərin banklarda 2014-cü ilin yanvarında 619 milyon manat, dekabrında isə 587.2 milyon manat xarici valyutada əmanəti olub.

Azərbaycan Mərkəzi Bankı devalvasiyanı fevralın 21-də həyata keçirib. Gözlənir ki, fevral ayında dollara çevrilən əmanətlərin həcmi daha da artsın.

XS
SM
MD
LG