Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:50

İnsan haqları məhkəməsinin qərarı sayılmır


Arxiv fotosu
Arxiv fotosu

-

«Yanvara məhkəmə təyin edilir. Sonra Tofiq Yaqublunun da şikayətini eyni hakimin adına yazırlar. Onun işi ayrıca icraatdır. Həmin icraata baxılması təyin edilməli olduğu halda, götürüb işləri birləşdirirlər. Beləcə, İlqar Məmmədovun işində süni yubanma yaradılır».

Bunu AzadlıqRadiosuna REAL hərəkatının həbsdəki sədri İlqar Məmmədovun vəkili Fuad Ağayev deyir. Bu il yanvarın 13-də Ali Məhkəmə İlqar Məmmədovun kassasiya şikayətinə baxıb. Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb, hakimlərdən biri işlə tanış olmaq üçün vaxt istəyib.

Həmin müddətdən 2 aya yaxın zaman keçsə də, yeni məhkəmə günü hələ də təyin edilməyib. Fuad Ağayev bunu Ali Məhkəmə tarixində nadir hadisə adlandırır.

SÜNİ YUBADILMA

Vəkil deyir ki, İlqar Məmmədovun işində Azərbaycan höküməti qanunları pozmağa davam edir:

Vəkil Fuad Ağayev
Vəkil Fuad Ağayev

«Tofiq Yaqublu gec şikayət vermişdi. Onun işi proses iştirakçılarına göndərilməli idi ki, ittiham tərəfi öz fikirlərini 20 gün ərzində bildirsin. Lakin işi İlqar Məmmədovun şikayətinə birləşdirdilər. Ona görə edirlər ki, məhkəmə baxışını ləngitsinlər, təxirə salsınlar. Avropa Şurası Nazirlər Kamitəsinin qərarı var ki, fərdi tədbir kimi, İlqar Məmmədov dərhal azad edilməlidir. Bu tələbin yerinə yetirilməsi üçün qoyulan müddət də bitib».

Azərbaycan rəsmiləri dəfələrlə Avropa İnsan haqları məhkəməsinin qərarlarına hörmətlə yanaşdıqlarını bəyan ediblər.

“İŞLƏ MARAQLANMAMIŞAM”

Bir sıra hallarda həqiqətən də ədalət ardınca Avropaya üz tutan şəxslər öz məqsədlərinə çatıblar. Lakin İlqar Məmmədovla bağlı işin həlli gecikdirlir.

Bunun səbəbini öyrənmək üçün AzadlıqRadiosu Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanova müricət edəndə, o dəqiq informasiya verə bilməyəcəyini deyir:

“Son zamanlar mən bu işlə maraqlanmamışam. Yəqin bu məsələyə baxılır. Bununla bağlı məndə son məlumat yoxdur. Əgər gecikmə varsa, müəyyən prosedurlara riayət olunmalıdır. Mən burada məsələnin detallarını bilmirəm".

Faiq Qurbanov məsələyə münasibət bildirmək üçün vaxt istədi, lakin buna neçə gün tələb olduğunu qədidləşdirə bilmədi, sadəcə dedi ki, gərək araşdıram.

İlqar Məmmədov və Tofiq Yaqublu
İlqar Məmmədov və Tofiq Yaqublu

Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarı ötən ilin oktyabrın 13-dən qüvvəyə minib. Qərara əsasən, o, dərhal azad olunmalı, Azərbaycan dövləti ona dəymiş mənəvi ziyana görə 22 min avro təzminat ödəməlidir.

QƏRARLA BAĞLI QƏRAR

Ancaq avqustun 8-də Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarından Böyük Palataya müraciət edir. Prosedurlarda Azərbaycanın belə bir hüququ təsbit olunur. Lakin oktyabrında Azərbaycanın müraciətbinin Böyük Palatanın baxışına verməsindən imtina edilir. Bununla da Məhkəmənin mayda çıxardığı qərar qəti olaraq qüvvəyə minir.

Başqa sözlə, 3 ay ərzində Azərbaycan məhkəmə-istintaq orqanları İlqar Məmmədovla bağlı çıxardıqları bütün qərarlara yenidən baxmalıdır.

Oktyabrın 13-dən artıq 5 aya yaxın vaxt keçir. İlqar Məmmədov 2 ay əvvəl azad olunmalı idi.

Ötən ilin dekabrında Avropa Şurası Nazrlər Kabineti İlqar Məmmədov qərarının icrasına baxır və daha bir qərar çıxarır. Bu qurum həm də Avropa İnsan haqları məhkəmsinin qərarlarına ölkələrin necə icra etməsinə nəzarəti həyata keçirən orqandır. Onun dekabr qərarında oxuyuruq:

· İlqar Məmmədovun təxirə salınmadan azad edilməsi təmin olunsun

· Hüquqi əsas olmadan cinayət işlərinin başlanmasının qarşısının alınması və araşdırılmasına hesablanan tədbirlər haqqında hərtərəfli məlumat təxirə salınmadan təqdim olunsun.

“AVROPA MƏHKƏMƏSİBELƏ QƏRAR ÇIXARA BİLMƏZ”

Əli Hüseynli
Əli Hüseynli

Azərbaycan Milli Məclsinin üzvü Əli Hüseynlinin məsələyə münasibəti Avropa qurumları ilə üst-üstə düşmür.

“Avropa İnsan Haqları Məhkəməsi (AİHM) kiminsə azadlığa buraxılması ilə bağlı qərar çıxara bilməz. Buna görə də AİHM-nin Azərbaycanla bağlı qərarlarını siyasi baxımdan yozmaq düzgün deyil”.

Əli hüseynli AİHM-nin keçmiş səhiyyə naziri Əli İnsanov və REAL Hərəkatının sədri İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı çıxardığı qərarı mütləq saymır:

“AİHM növbəti instansiya məhkəməsi deyil ki, əvvəlki qərarları ləğv edib, son qərar versin. Bunu hüquqşünaslar da, bəzi siyasiləşmiş vəkillər də yaxşı bilir. Ancaq buna baxmayaraq, nədənsə belə şərh edirlər ki, AİHM qərar çıxarırsa, həmin andan kimsə azadlığa buraxılmalıdır. Əslində, Avropa Məhkəməsi milli məhkəmənin baxdığı işdə pozuntunu müəyyən edir və bundan sonra o qərarın icrası ilə bağlı yerli prosedurlar ilə düşür.

Azərbaycan hakimiyyəti AİHM-nin çıxardığı qərarların icrası ilə bağlı bütün addımları atır. Bunlarla bağlı, o cümlədən Əli İnsanovla bağlı yenidən bir məhkəmə prosesi həyata keçirilib. Məncə, bu məsələdə mətbuat da bir qədər spekulyasiya edir”.

AİHM 2013-cü ilin martında Əli İnsanovun, 2014-cü ilin mayında isə İlqar Məmmədovun ədalətli mühakimə olunmadığı haqda qərar çıxarmışdı.

Məhkəmənin qərarına əsasən, Əli İnsanovun işinə yenidən baxılmalı, İlqar Məmmədov isə azad olunmalıdır.

ONLAR KİMDİR?


İlqar Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda etirazların təşkilində təqsirli bilinib, 7 illik həbs cəzası alıb. Müsavat başqanının müavini Tofiq Yaqublu da eyni ittihamla 5 il həbsə məhkum edilib.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi sifariş sayır. Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun dərhal azadlığa buraxılması ilə bağlı qəti qərar çıxarıb. Qərarda ona təzminat ödənilməsi də tələb olunur. Həmin qərar üç ay içində icra edilməlidir.

Vaxtilə Avropa İnsan haqları məhkəməsinin buna bənzər qərarından sonra jurnalist Eynulla Fətullayevi azadlığa buraxmaq əvəzinə Azərbaycan hüquq mühafizə orqanları ona qarşı yeni ittihamlar irəli sürərərək, onu həbsxanada narkotik vasitələrdən istifadə etməkdə suçlamışdı.

XS
SM
MD
LG