Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:43

Bank əmanətləri daşınmaz əmlaka yönələ bilər


Əkrəm Həsənov
Əkrəm Həsənov

-

Artıq 30 gündür ki, manat bir necə illik stabilliyindən çıxıb. Manatın dollara nisbətdə ucuzlaşması davam edirmi və hazırda ekspertlər maliyyə bazarının durumunu necə qiymətləndirirlər?

Bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov AzadlıqRadiosunun suallarını cavablandırır:

– Tendensiya hələ ki, məlum deyil. Dünya təcrübəsi göstərir ki, ölkənin milli valyutası ucuzlaşanda, onu qorumaq üçün Mərkəzi Banklar müəyyən addımlar atırlar. Təəssüf ki, Azərbaycanda Mərkəzi Bank belə addımlar atmır. Ona görə də, devalvasiyanın davam edib-etməyəcəyini birmənalı demək olmaz. Devalvasiya üçün iki amil var. Mərkəzi Bankın sədri Milli Məclisdəki çıxışında da etiraf etdi ki, neftin qiyməti ucuzlaşdığından devalvasiya baş verdi. Yəni, rəsmilər etiraf etdi ki, manat neftin qiymətindən asılıdır. Əslində, mütəxəssislər bunu bilirdi və dəfələrlə də demişdilər. Buna görə də, neftin qiyməti kəskin ucuzlaşsa, manatın devalvasiyası qaçılmaz olacaq. Hətta neftin indiki qiyməti də devalvasiya təhlükəsini hər zaman açıq saxlayır. Digər tərəfdən, ölkənin qızıl valyuta ehtiyatlarından asılıdır. Bilirik ki, hər bir ölkənin milli valyutasının dəyəri onun qızıl valyuta ehtiyatlarının həcmindədir. Bizim bu ehtiyatımız Azərbaycanda saxlanmır, xarici banklardadır, qiymətli kağızlarda, hətta daşınmaz əmlakdadır. Təbii ki, həmin əmlakların qiyməti ucuzlaşsa, valyuta ehtiyatı azalacaq, bu da manatın devalvasiyasına səbəb olacaq. Bundan başqa, Mərkəzi Bankın hazırkı sədrinin səlahiyyət müddəti aprelin 6-da bitir. Elman Rüstəmov növbəti 5 illik müddətə təyin olunacaqsa, əhali bunu devalvasiyanın yaxın zamanda davam edəcəyi siqnalı kimi qəbul edə bilər. Ümumiyyətlə, bu təyinat bank sisteminin göründüyündən də acınacaqlı vəziyyətdə olmasından xəbər verə bilər. Çünki milli bank sistemi və milli valyuta üçün etibarı tam itirmiş və nüfuzsuz Mərkəzi Bank sədrindən pis heç nə ola bilməz. Ancaq digər tərəfdən, indiki həssas məqamda Mərkəzi Bankın rəhbərliyinə yeni adamın gətirilməsi də məsələni həll etmir. Yeni sədr vəziyyətdən baş çıxarana qədər durum daha da pisləşə bilər.

- Dolların hazırkı kursu Mərkəzi Bankın ehtiyatlarına necə təsir edir? Yəni, bugünkü məzənnə manatın əsl durumudur, yoxsa, Mərkəzi Bank manatı dollara nisbətən bu kursda saxlamaq üçün yenə də ehtiyatlarını xərcləyir?

- Bunu tam demək olmur. Zənnimcə, Mərkəzi Bank ehtiyatlarından xərcləyir, amma bu, devalvasiyadan əvvəlki həcmdə deyil. Devalvasiyadan sonra əhalinin əlində olan pulu dollara çevirməsi də davam edir.

- Manatın devalvasiyası bank sektorunun işinə necə təsir etdi? Bir aylıq mənzərə nəyi göstərir?

- Bank sektoruna pis təsir etdi, çünki əhali əmanətini bankdan çəkir, bankda pulu azaldır. Digər tərəfdən, banklar kreditləri heç də hamısını dollarla verməmişdilər, manatla da kreditlər vardı. Mərkəzi Bank bankların qarşısından açıq valyuta mövqeyi limitini götürdü, bu isə o demək idi ki, bankların vəziyyəti çox pisdir.

- Manatın devalvasiyasından sonra bir çox əmanətçi manatdakı depozitini dollara çevirdi. Bu proses səngiyibmi?

- Müşahidələrimə görə, bu proses davam edir. O adamların depoziti manatdadır ki, onlar əmanəti uzun müddətə qoyublar. İndi əmanəti geri çəksələr, depozitdən məhrum olacaqlar. Çünki depozit qaydasına görə, ödənmə şərtindən asılı olmayaraq, əmanət qoyulduğu müddətdən qabaq geri götürülərsə, depozit faizləri itirilir. Bir qrup adam da depozit müddətinin bitməsini gözləyir. Ancaq devalvasiya təhlükəsi artsa, heç onlar da depozit müddətinin sonunu gözləməyəcəklər ki, heç olmasa, əllərindəki vəsaiti xilas etsinlər. Bir təhlükə də var ki, adamlar bankdan əmanətini geri çəkib daşınmaz əmlaka yatırsınlar. Bu, baş versə, neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, daşınmaz əmlakın qiyməti qalxacaq. Yenə də təkrar edirəm, dünyada neftin qiyməti kəskin düşməsə, valyuta ehtiyatları azalmasa, fikrimcə, bu ilin sonuna kimi manatın məzənnəsi belə də qalacaq. Ancaq bir məsələ var, biz qızıl valyuta ehtiyatlarımızın dəqiq dəyərini bilmirik. Yəni, elan olunan dəyər heç də bu gün real dəyər olmaya bilər. Məsələn, Neft Fondu Rusiyanın bankı - VTB-nin 500 milyon dollarlıq səhmini alıb. Rusiyadakı böhrandan sonra bizim 500 milyonumuzun dəyəri xeyli aşağı düşüb. Bu mənada biz valyuta ehtiyatlarımızın həqiqi dəyərini bilmirik. ​

XS
SM
MD
LG