Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:26

Vo, vo,vo! Brend! Budur!


Azad Qaradərəli
Azad Qaradərəli

-

-Mən elə bilirdim ki, bizim kökümüz quruyub... Amma yooox! Bax, potensialımız varmış hələ! Hər biriniz brend oldunuz bu gün! Sən, sən isə, bu AĞ ƏT məsələsində lap onluğa vurdun!..

Azad Qaradərəli

BREND

(hekayə)

Qərar sərt idi: süfrəyə nə qoyulur qoyulsun, hamısı öz məhsullarımız olmalıydı. Soyuq içkilərdən dondurmayacan, soyuq yeməklərdən (bu sözü də bu gün baş sındırıb tapmışdılar, yoxsa heyf deyil deyəsən: “xalodnı verim əvvəlcə?”) istiyəcən, spirtli içkilərəcən və həkəza.

Əslində o sərt qərarların bazıydı. Sərt qərardan sonra adətən tutulan, işdən qovulan, töhmət alan olsa da, inkişaf da olurdu. Yəni ən azı belə qərarlar kimlərəsə xatırladırdı ki, bu ölkədə qanun deyilən şey var. Yoxsa, ode, bir rəisin oğlu şəhərin ortasında qabağına çıxan maşına yol vermədiyinə görə tıxac yarandı, aləm dəydi bir-birinə. Yox e, bu sözü elə-belə demədim ki! Doğrudan qarışdı aləm. O səviyyədə ki, ölkə başçısı üçün həmişə bomboş olan yollar da qapandı və o da tıxaca düşdü. Düz bir saat bu tıxacı şəhər yol polisi təmizləyə bilmədi... Axırda o rəis oğlunu tapdılar və atasını işdən qovdular, bu cəhənnəmə, əmisi – yüksək çinli rəis ölkə başçısını müşayət edən polis kordonundan çıxarıldı. Hələ şükr etsin ki, belə qurtardılar... Beləcə, bu sərt qərar yolları bu tip tıxaclardan bir az azad etdi.

Babasının qardaşı Maksim müəllim – Qorkinin şərəfinə qoyubmuşlar bu adı ona - bir zamanlar Mərkəzi Komitədə ideoloji şöbənin müdiri olmuşdu. Bağırov onu hər ayağa qaldırıb müzakirə olunan adam (əslində “məsələ” yazmalıydım, özüm bilərəkdən yazmadım: bizdə məsələləri müzakirə etmirlər, adamları araya qoyub eninə-uzununa döşəyir, sonra da qərar verirdilər: güllələnsin, ya mükafatlandırılsın? Orta yer yoxdu, ya elə, ya belə...) barədə fikir bildirməsini istəyəndə babası da - daha durub “babasının qardaşı” deməyəcəkdi ki; bir də belə böyük vəzifə sahibinə niyə “baba” deməsin ki - hələ müzakirə başlamazdan öncə imsiləyər, iyləyər-çüyləyər, bilərdi ki, iş nə yerdədir. Ona uyğun da qərar verərmiş. Və belə müzakirələrin azı səksən faizi “güllələnsin!” olardı. O da buna uyğun həmişə özünü “güllələnsin”ə kökləyərmiş. Bir dəfə də belə qəribə hadisə olur: müzakirə olunan adam tarixçiymiş. “Nizaminin əsərlərində sosial motovlər” (əslində “sosialist motivləri” imiş ilk variantda, görüblər ki, barıtı çox oldu, “ist”i sonradan çıxardıblar) adlı elmi iş yazıbmış. Əsəri “Revolyusiya və kultura” –indiki “Azərbaycan” - jurnalında çap edirlər. Tarix İnstitutunda, Yazıçılar İttifaqında müzakirələr çox uğurla keçir. Hətta deyilənə görə, əsərlə şəxsən tanış olan Bağırov deyib ki, son müzakirədə özüm də iştirak edəcəm. Moskavanın rəyindən sonra bəlkə onu Stalin mükafatına təqdim etdik.

Müəllif Marks Əzimov (pasport adı Marks olsa da sonralar Maksud eləmişdi) müzakirədən qabaq özünü salır Maksimin yanına və babasından qalma beş Nikolay beşliyini (qızıl beşlik də deyirdilər) dürtür ovcuna – onda belə şeylər mində bir olardı, hələ rüşvətə tamam qurşanmamışdıq – və deyir: qağa, səni atanla atamın kəsdiyi o halal çörək, məni qurtar bu Əlinin Qəzəb oğlunun əlindən. Heç Stalin mükafatı-zad da istəmirəm, eləcə qoysun sakit başımı salım aşağı müdafəmi eləyim... (Marksla Maksimin ataları bir rayondan deyildilərsə də, bir elli sayılırdılar. Əslində, rayonları vaxtilə bir olmuşdu, sonradan bölüb iki rayon eləmişdilər. Elə buna görə onların ikisi də baş-başa verib hərəsi öz rayonunda bir vəzifə tutmuş, çörək kəsmiş, bir-birinə arxa-dayaq olmuşdular.) Bu da eləməyib tənbəllik qızılları qaytarmış və qaş-qabağını sallayaraq demişdi ki, sən nə məni tanıyırsan, nə də atalarımız çörək zad kəsiblər, kəsiblərsə də qələt eləyiblər. Xatanı məndən elə... (Sonralar Marks deyirmiş ki, Maksimin o hərəkətindən bildim ki, mənim torbam tikilib. )

Müzakirə Akademiyada keçirilirmiş. (İçərişəhər tərəfdəki İsmailliyədə) Məruzəçinin birinci cümləsindən hər şey bəlli olur: “Marksist-leninçi tarixşünaslığımıza böyük zərbə olan bu dırnaqarası monoqrafiya həm də Nizamişünaslığa ağır bir zərbədir...” Daha gerisi heç kimi maraqlandırmırdı, heç Marksın özünü də. Bilirdi ki, bu tüldən sağ-salamat çıxsa, türməylə canını qurtarsa böyük xoşbəxtlik olar... Arada bir məruzəçi “Maretta Şaginyan kimi anti-milli ünsürün” sözlərini eşidəndə dalağı sancdı.

Və söz MK-nın ideoloji şöbəsinin müdiri Maksim Şirinoviçə verilmişdi. Maksim Şirinoviç bir tədbirin aparıcısı Mirzə İbrahimova baxmışdı, bir ayaq üstə qalmaqdan ayaqlarına su yığılan Marksa baxmışdı, (Marks iclas başlayandan ayaq üstə idi, Mircəfərin icazəsi olmadan əyləşə bilmirdi) bir də eynəyinin altından gözləri od saçan Bağırova baxmışdı və demişdi:

-Bu adam görün nə ibnədir ki, proletariatın dahi rəhbərinin adını da mənimsəyib?! Hələ üstəlik Marietta Şaginyan kimi bir ünsürün əsərindən snoskalar vermiş, həm ədəbiyyatımıza, həm tariximizə, həm də Nizamişünaslığımıza böyük zərbə vurmuşdur. Xalqımızın şanlı oğlu Mir Cəfər Bağırov Marietta Şaginyanın ayağının Azərbaycana, Gəncəyə dəyməsini qadağan edir, bu ünsür isə onun əsərinə istinad edir. Onu proletariat məhkəməsinin qanunları ilə güllələsən belə azdır!

Bir əl çaldılar, bir əl çaldılar...

Əlbəttə, onu güllələmədilər, amma əsərinin və taleyinin üstündən qara bir xətt çəkdilər. Müdafiə şurası nəinki doktorluq işini qəbul etmədi, hələ üstəlik onun on il əvvəl müdafiə etdiyi namizədlik disertasiyasını da saxta adlandırdı və elmlər namizədi elmi adını da əlindən aldı. İşlədiyi institutdan, mühazirə oxuduğu ali məktəbdən qovuldu. Ailəsini də götürüb rayonlarına qayıtdı ki, bəlkə onu unudalar.

Getməmişdən iki gün öncə bir gecə qaranlıqda plaşının papağını başına basıb üz-gözünü gizləyərək Maksimin Olimp tərəfdəki qədimi binada olan evinə gəldi və qapını döyüb yalvar-yaxar içəri keçdi. Maksim ona heç oturmağa yer də göstərmədi və acıqlı-acıqlı dedi:

-Niyə gəlmisən?! Cəhənnəmə gedən özünə yoldaş axtarar budu e vallah!

-Sizdən bir xahişim var... – Marks başını aşağı saldı və özünü toplayıb dedi. – Axı ürəyimi bir sirr deşir. Bir neçə həftədə nə dəyişdi ki, mənim başıma bu oyun açıldı? Axı əsərimi O özü oxumuşdu?

-Eeeee... Sən nə tupoy adamsan, ə?! Bir gecədə mıxın mismar olmasını eşitməmisən, ay Nizamişünas?! İş səndə yox, o alagöz armyankadaydı... Şaginyanda... Kişinin ondan zəhləsi gedir nədənsə... Get, zəng vurub katibə demişik. Sənə orada iş verəcəklər. Başını sal aşağı, məktəbdə dərsini de, dana-duna da al, yaşa oralarda... Buralara ayaq basma... Yazı-pozunu tərgit, Nizami, tarix, ədəbiyyat haqda nə bilirsən, unut... Sən, əslində sürgün olunursan! Get və Bakıya ayaq basma!

Elə getdi də. Dana-duna da aldı, toyuq-cücə də. Arvadıyla anası onun bütün əlyazmalarını od vurub yandırdılar gözü baxa-baxa. Beləcə, elmlər doktoru olası adam bir barmaq hərəkətiylə dönüb oldu kənd müəllimi...

...Və bir gecə Bakıdan rayonlarına gələn bir şairdən əsl həqiqəti öyrəndi. Şair dedi ki, Mircəfər rus, yevrey və erməni qadınlarının bazıymış. Evləndiyi arvadının biri rus. O biri də yəhudi idi. Sənin aşiyanını kün fə kün eliyən Şaginyandan da Mircəfərin xoşu gəlirmiş. Hər Moskvaya gedəndə görüşürmüşlər də. Hərdən də onu bura çağırtdırır, yazıçıları. Alimləri pişvazına çıxardırmış. Amma bir dəfə Moskvaya gedəndə eşidir ki, bu füsunkar erməni qadını Beriyanın bağındadır. İnanmır, adam göndərir, öyrənib doğru olduğunu ona bildirirlər. Bağırov elə o andan Şaginyana nifrət etməyə başlayır. Hətta onun Azərbaycana, Gəncəyə gəlişinə qadağa qoyur. Mənasını da belə əsaslandırırlar ki, o Nizaminin qəhrəmanlarına böhtan atıb, yaradıcılığını təhrif edib və sair... (Əslində, Şaginyanın Nizami haqqında yazdıqları hələ də dərindən tədqiq olunmayıb. Necə ki, Nizami özü hələ yaşadığı ölkənin xalqınıa olduğu kimi tanıdılmayıb. Neçə ki, onun üstünə yapışdırılmış o “ist” yarlığı götürülməyib, bu belə də qalacaq.)

...Hə Mircəfər Bağırov həmin iclasda bir söz demişdi: “Nizami simvol Azerbaydlanskoqo naroda!..”

...İndi budur, o da – Nizami müəllim də babası kimi Maksim müəllim kimi ideoloji şöbənin müdiridir; fəqət babası kitablarla, yazıçılarla, incəsənət adamlarıyla işləyərdi, o isə burada belə işlərə baxır: gələn qonaqların mehmanxanada yerləşdirilməsi, maşınla təminatları və əlbəttə yeyib-içməklərinin təşkili. Və indiyəcən hələ işində bir xətaya yol verməmişdi. Rəhbərlərin qarşısında mil duran, lazım gələndə ikiqat əyilən Nizami müəllim bu dəfə çətinə düşmüşdü. Rəhbər bu dəfə eynən Mircəfər Bağırov kimi sərt danışmışdı. Demişdi ki, bəsdirin, mən dedim, mən eşitdim, siz hələ də bu boyda ölkənin simvolu olan bir məhsul yaratmadınız. Mən ölkələrə səfər edərkən milli paltar geymiş qızlar öz ölkələrinin növbənöv məhsullarını düzürlər stollara. Bəs sizinki hanı?! Alma? O hamıda var! Armud? O da. Üzüm? Bu olmayan ölkə yoxdur. Nar? Mən elə bilirdim ki, bu ancaq bizdə olur, amma o da başqa ölkələrdə varmış... Plov? İran çoxdan mənimsəyib onu. Kabab? Daha bunu ruslar da bişirir şaşlık adıyla..! Bilmirəm! Elə edin ki, bu dəfə mənim qonaqlarımın qabağına brend məhsul qoyun, brend! Mənim ölkəmin simvolu, brendi!

Brend... Bu söz qədər amansız kəlmə yoxdu onun gözündə. Qocalmaqdan və postunda uzun illər oturmaqdan boynu əyilən baş yazarı çağırmışdı, meyxanalar küncündə içib yatan bir gənc şairi də tapıb gətirmişdilər. Təzəcə polis mayoru rütbəsi almış idmançı ayaqlarını gen qoyub dayanmışdı – elə bil çırpmağa adam axtarırdı. Hələ bir gitaraçı da gəlmişdi, deyilənə görə “mal”ının vaxtı çatdığından özünü ora-bura çırpan bu adam bağıra-bağıra deyirdi ki, hansı havanı istəyirsiniz, çalım, buraxın gedim, mənim dərmanımın vaxtı keçsə, ölə bilərəm. Bir məşhur kulinar da gəlmişdi, bığlarını və saçını təzə boyadığından rəng dərisinə də hopmuşdu və bığlarını alt dodağı ilə sümürə-sümürə gəzinir və hərdən mırıldanırdı:”Burda mən lazımam, gəlmişəm. Axı bu qalanları niyə çağırıblar? Mənə mane olmağamı?.. Şair mənə süfrəmi salacaq?!. İdmançı şpaqatmı açacaq?!”

Nizami müəllim başını qaldırıb ekrana baxdı - salonda gəzənləri bir-bir nəzərdən keçirdi və katibəsinə dedi ki, onları kabinetinə dəvət etsin.

Əyləşənlər həyəcanlıydı. Amma Nizami müəllim bu həyəcanı bir az da artırmaq üçün onları bir qədər də sükutla süzüb ötkəm səslə dedi:

-Qısa danışacam sizinlə. O səbəbdən ki, vaxt çox məhduddur. Demək belə...

Gerisini bilirsiniz...

...Üç gün keçib və həmin adamlar yenə burdadılar – hərəsinin də əlində bir qovluq. Fərq orasındaydı ki, bu dəfə ölkənin ərzaq təminatının yüzdə səksənin verən şirkətin başçısı, bir şərab firmasının sahibi, “Bəy” adlı dimedrollu araq sexinin meneceri və bir rəqqasə də gələnlər içindəydilər.

Hamı səksəkədəydi. Gitaraçı bu dəfə hazır gəlmişdi. Ona görə gitarasına sarılıb uymuşdu. Baş yazar boynunu əyib gözünü qıyaraq uzaqlara baxırdı. Kulinar əsəbi şəkildə oturmuşdu, elə bil arxasına tikan batırdı – tez-tez yançaqlarının yerini dəyişir, gah bu, gah da o birisinin üstdə yıxırdı özünü. Təkcə gənc şair yoxuydu, deyirdilər ki, xəstəxanaya düşmübmüş.

Baş yazar ilk söz söylədi, ağzından sözlər tökülə-təkülə. Qocalıq səsini dəyişməsə də, danışığına damğasını qoymuşdu.

-Məncə biz milli-mənəvi dəyərlərə uyğun...

Konkret bir şey demədi, amma bilinən o idi ki, o ölkədə brendlərin olduğu qənaətindədir, sadəcə bunları axtarıb tapmaq lazım, necə ki, ədəbiyyatda və idmanda buna artıq nail olunub: dünya bizim ədəbiyyata və idmana həsədlə baxır...

Sonra rəqqasə danışdı. Danışmadı ki, bir “Ça-ça-ça” oynadı və oynayıb da əyləşdi. Dalıncan gitaraçı gitarasını boynunun arxasına qoyub bir “Anadır arzulara hər zaman Qarabağ” çaldı. Elə bu vaxt uzun-arğaz bir şair içəri girdi, deyəsən xəstaxanaya düşmüş şairin əvəzindən gəlmişdi. Elə onu görən kimi Nizami müəllim tribunaya çağırdı. O da saqqallı üzünü qaşıya-qaşıya başladı şeir oxumağa:

mən posmodern zamana hamiləyəm

zaman da mənə məhcub

siz kurallara kırqın, mən quyudakı yusif

mənəm bu ölkənin brendi

bəs sən nə düşünürsən indi?

Boynunu əymiş baş yazar hirslə üzünü yana tutdu və bir fu elədi. Amma ideoloji şöbənin müdiri dik yerindən qalxıb gənc şairə tərəf yeridi və qışqırdı:

-Vo, vo,vo! Brend! Brend! Budur! Bunun üstündə bir az işləyin, saqqalınıza da bir az əl gəzdirin... Oldu bu iş...

Üz-gözündən təkəbbür yağan idmançı bu dəfə polis paltarında deyil, idmançı formasındaydı. Nizami müəllim oturan tribunadan yan tərəfdə dayanıb qollarını sinəsində çarpazlamışdı. Anlamaq olmurdu ki, idmançıdır, ya cangüdən.

Söz ərzaqçıya verildi. O çal saçlarına bir sığal çəkdi, Süleyman Rəhimovun bığlarına oxşayan bığlarını iki barmağı ilə tumarlayıb dedi:

-Ben şu denemeyi uyğulamaqçün her hanki bir sorun görmüyorum...

Anlaşılan da o ki, ərzaqçı istehsal etdiyi bütün ərzaqlardan nümunələri özüylə gətirmişdi... tökdürdü ortaya, hamısının da üstündəki yazı “azər” sözüylə başlayırdı...

Kulinar bu olub-bitənləri qorxunc film kimi seyr edir, hərdən də dalının yançaxlarının yerini dəyişirdi. Nəhayət, sıranın ona çatdığını görüb şövqlə ayağa qalxdı və dedi:

-Xanımlar və cənablar! Hörmətli Nizami müəllim! Yaxın tariximizdə Brejnyevi paytaxtda qəbul etdiyimiz hamının yadında... O vaxt rəhbərə bir tay ağ ət kababı bişirmişdilər. Ləzzətlə yeyib, barmaqlarını yalaya-yalaya “anuha, şto eto takaya?” demişdi. Başa salmışdılar ki, bu ağ ətdir, üzr istəyirəm, erkək heyvanın, üzr istəyirəm, xayası... Sonra yüzlərlə çöngə kəsildi, minlərlə qoç kəsilib-soyuldu, ağ ətləri çıxarıldı. Həm rəhbərə, həm də onu müşayət edənlərə ondan löyün-löyün xörəklər hazırlandı... Deməyim odur ki, biz milli-mənəvi dəyərlərimizə arxa çevirmədən, öz milli brendimizə sahib çıxmalıyıq... Qonaqları qarşılamaq üçün nə qədər lazımsa qoç, cöngə kəsməli, brend xörəklər hazırlamalıyıq... Bunun gerisini mənə buraxın...

Nizami müəllim ayağa qalxdı. Bir-bir hamının əlini sıxdı və sonda kulinarın qabağında dayanıb şövqlə dedi:

-Mən elə bilirdim ki, bizim kökümüz quruyub... Amma yooox! Bax, potensialımız varmış hələ! Hər biriniz brend oldunuz bu gün! Sən, sən isə, bu AĞ ƏT məsələsində lap onluğa vurdun!

Bəli, bu bizimdir, yalnız bizim! Bunu biz bilirik... Hamınız var olun. Türklər demiş, iyi ki varsınız...

Sonra bir qolunu idmançının, o birini rəqqasənin qoluna keçirib adamlarla şəkil çəkdirdi.

***

Baş yazar o il deputat seçilmədi. Posmodernist şairi qonşu ölkəyə gedəndə həbs etdilər. Gitara çalan gitaranı tərgidib xanəndəliyə qurşandı. Kulinar ölkəni tərk elədi. Rəqqasənin ayaqları tutuldu. İdmançı polisdə zibil qaynatdığına görə həm polisdən qovuldu, həm də yarışlardan kənarlaşdırıldı. Süleyman Rəhimova oxşayan ərzaqçı... yox ona toxunmadılar... zatən o özü brend idi - bığıyla, çal saçıyla, yerişi, duruşuyla...

Yazdığını ölkədə özündən başqa kimsənin başa düşmədiyi Mehdi Nizam adlı bir filosof isə bu hadisələrin hamısında bir əlaqə və qavram gördüyünü yazmış, axırda bütün bu olub-bitənləri Morfi qanunu ilə əlaqələndirmişdi...

22-23 mart 2015

XS
SM
MD
LG