Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:35

Azərbaycan yenə Gürcüstana uduzur. Bu dəfə hava yollarında....


Tbilisi Beynəlxalq Hava Limanı
Tbilisi Beynəlxalq Hava Limanı

-
AZAL-ın uçuş qiymətləri azərbaycanlıları qonşu ölkəyə qaçırır.

“Mən Riqaya Gürcüstandan 235 manata getdim, Bakıdan 475 manata idi”.

Bunu Azərbaycan Hava Yolları - AZAL-ın təyyarə bileti qiymətləri ilə bağlı müzakirəyə qoşulan Rəsul Həsənov adlı Facebook istifadəçisi yazır. İctimai fəal Bəxtiyar Hacıyev isə Tbilisi və Bakıdan müxtəlif Avropa ölkələrinə uçan aviaşirkətlərin təyyarə biletlərinin qiymətində müqayisə aparıb.

O, AzadlıqRadiosuna müsahibəsində deyir ki, 10 il əvvəl bu mövzu aktual olmasa da, indi artıq çoxlarının marağında olan məsələdir:

“Birincisi, Azərbaycandan xaricə gedib-gələnlərin sayı artıb, xaricdə təhsil alan tələbələr var, üstəlik, onların da valideynləri övladlarının yanına gedib-gəlmək istəyir, turist kimi xaricə üz tutanlar çoxalıb. Adamlar yavaş-yavaş digər xarici aviaşirkətlərin Avropaya uçuş qiymətlərini öyrənirlər, bu barədə məlumat toplayıb yerli qiymətlərlə müqayisə edirlər və aradakı böyük fərqi görürlər”.

Eyni məsafəyə və eyni xidmətə fərqli qiymətlər

Bəxtiyar Hacıyev deyir ki, Tbilisi və Bakıya uçan aviaşirkətlərin arasında müqayisə aparıb, tərtib etdiyi qrafikdə də eyni səviyyəli aviakampaniyaların qiymətləri və bileti ucuz olan şirkətləri ayrı-ayrılıqda göstərib:

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

“Gürcüstandan və Bakıdan gələn həftə üçün, yəni eyni tarixə və eyni istiqamətə uçuş qiymətlərini tutuşdurdum. AZAL açıqlama vermişdi ki, onların təyyarələri komfort uçuş təklif edir, ona görə də biletin qiyməti yüksəkdir. Mən də müqayisə apardım ki, AZAL-dan heç nə ilə fərqlənməyən Polşanın LOT aviaşirkəti məsələn, Tbilisidən Frankfurta 280 manata uçur, AZAL isə Bakıdan 766 manata. Gediş-gəliş biletində birdən-birə 500 manata yaxın fərq var. Halbuki məsafə təxminən eynidir, eyni xidmət səviyyəsi var, bəs onda niyə 500 manatlıq fərq yaranmalıdır? Bundan başqa, dünyada ucuz qiymət təklif edən aviaşirkətlər var. Məsələn, Ryanair şirkəti London-Köln-London marşrutu üzrə 500 km-i 31manata, AZAL isə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 400 km-lik məsafəni 100 manata uçur”.

İl ərzində çox səyahət etdiyini söyləyən Bəxtiyar Hacıyevin sözlərinə görə, bəzi aviaşirkətlərin göstərdikləri xidmət yüksək olsa da, sərnişinə imkan yaradır ki, istərsə, ucuz yolla uçsun: “Yəni kimsə istəyirsə ki, ucuz bilet alsın, onda təyyarəyə bir çamadan keçirir, yeməkdən imtina edir. Ancaq AZAL sərnişinə heç belə seçim də vermir”.

Uçuşları müqayisə edən qrafik Facebookda diskussiya açıb

Azal təyyarə reysləri
Azal təyyarə reysləri

Bəxtiyar Hacıyevin hazırladığı qrafiki minə yaxın Facebook istifadəçisi paylaşıb, müzakirələr isə indi də davam edir. Bəzi sosial şəbəkə istifadəçiləri ucuz bileti olan təyyarələri bəyənməsə də, çoxları hesab edir ki, Azərbaycanda belə aviaşirkətlər fəaliyyət göstərərsə, müştəri sayına göə AZAL-ı ötüb keçər.

Bu müzakirədə öz təcrübəsini bölüşən Facebook istifadəçiləri də var:

Elshan Gasimov yazır: “Avropa Oyunlari vaxti Monteneqroya getmek istəyirəm. Tbilisidən gediş-dönüş bileti 311, Bakidan 549 manatdır. 311 AZN-nin üzəriə 24 AZN gəlsək, (Tbilisiye gediş-dönüş), üstəgəl 16 manat da əlavə xərclərə hesablasaq yenə də AZAL-ın qiymətindən ucuz başa gəlir.

Rafael Ismayilov: “Londondan Strasburqa getmişdim Ryanair-lə. Gediş-gəliş təxminən 30 AZN. Indi birbaşa uçuş da var 9.99 Avro. Fərq çox ciddidir. Buna görə də Avropada yaşayanlar hərtərəfli inkişaf edir, hər həftəsonu bir ölkəyə uçurlar, həyatlarında yenilikləri olur. Bizdə əhalinin əksəriyyətinə isə Londona, Parisə getmək qeyri-adi və ya mümkünsüz görünür".

Zaur Valizada: “Kutaisidən uçuşlar daha ucuzdu deyə bilərəm. (Kutaisi-Vilnus gediş-dönüş 70 avroya)

Sam Salimli: “Riqa - Oslo - Paris gediş-gəliş biletinə 80 avro vermişəm, amma gəl ki, tətillərdə Bakıya gəlmək istəyirsən, gözlə, gəldin. Ən ucuz tapsan gediş-gəliş bileti 350-400 avro.

Ağamir Əsgərov: 2014-cu ilin Sentyabr (22-25 tarixləri arasında) ayında Budapeşt-Moskva-Budapest uçuşu üçün Wizzair şirkətinə 33 avro odemisem, Eyni şirkətlə Budapest Dortmund reysinə isə 10 avro odemisem.

“Azərbaycan ÜTT üzvü olsa, uçuş bazarında rəqabət yaranacaq”

İndi Tbilisi çoxları üçün tranzit sayılır. Hətta müzakirədə bəziləri zarafat eləyir ki, Gürcüstanla quru yolunu da bahalaşdıracaqlar.

İqtisadçı Natiq Cəfərli deyir ki, zarafat bir yana, indi Tbilisiyə gedib hətta İstanbula uçmaq orta azərbaycanlıya daha ucuz başa gəlir, nəinki Bakıdan:

“Artıq azərbaycanlılar Türkiyə və Avropaya belə Gürcüstan aviaşirkətləri ilə uçuş həyata keçirirlər. AZAL ölkəyə digər kompaniyaları buraxmadığına görə aviaxidmət bazarını inhisara alıb və istədiyi qiyməti də diktə edir. Bundan ən böyük zərbə isə səyahət etmək istəyən Azərbaycan vətəndaşlarına dəyir.

Bütün dünyada neftin qiyməti ucuzlaşdığı üçün aviaşirkətlər də çox ciddi endirim kampaniyaları həyata keçirirlər, qiymətlərdə xeyli dərəcədə ucuzlaşma hiss olunur. Məsələn, Gürcüstan və Türkiyənin aviaşirkətlərinin qiymətlərinə nəzər salsaq, görərik ki, xeyli dərəcədə enmələr müşahidə olunur. Avropa şirkətləri bizim üçün ağlasığmaz dərəcədə ucuz görünən qiymətlərlə uçuşlar həyata keçirirlər. Azərbaycanda Bakıdan Gəncəyə avtobusla getmək üçün xərclənən vəsaitlə Avropada Parisdən Madridə uçmaq mümkündür”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli deyir ki, bütün dünyada ucuzlaşma getdiyi bir vaxtda Azərbaycanda AZAL inhisarçı mövqeyindən istifadə edib qiymətləri tənzimləmək istəmir, həm də bazara daha ucuz xidmət göstərən şirkətləri buraxmır: “Bazarda AZAL-ın ciddi rəqibləri olmadıqca, bu proses davam edəcək. Qiymətlərin aşağı düşməsi üçün mütləq rəqabət mühiti yaradılmalıdır.

Lisenziya almaq asanlaşdırılmalı, ölkə Ümümdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmalıdır ki, bəhanələrlə bazara oyunçu buraxmamaq praktikasına son qoyulsun. Gürcüstanda da bir hava alanı var. Amma onlar ÜTT-ə üzv olduqları üçün ümumi oyun qaydalarına uyğun fəaliyyət göstərirlər”.

Sərnişininə limonadla vafli verən aviaşirkət Azərbaycana gəlsin, gəlməsin?

AzadlqRadiosunun suallarına AZAL-dan cavab almaq üçün mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

Ancaq AZAL-ın qiymətlərinin baha olmasına cavabı var. Qurumun mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bu günlərdə “Bizim yol” qəzetinə müsahibəsində deyib ki, onlar inhisarçı deyillər: “Monopolist kimi çalışmırıq və qiymətləri də artırmamışıq. Yalnız biletlər avro ilə satıldığı üçün kursa uyğun olaraq qiymətlər bir az artıb. Üstəlik biz İATA-nın (Beynəlxalq Hava Nəqliyyat Assosiasiyası-red.) tələbinə əsasən nestinq sistemi ilə bilet satırıq. 2-3 ay əvvəldən bilet götürən onu ucuz alır. Bu gündən sabaha alana isə bilet baha-başa gəlir, dünyanın hər yerində belədir”.

Məhərrəm Səfərli deyib ki, AZAL-ın qiymətləri o aviaşirkətlərdən ucuzdur ki: “…onlar öz sərnişinlərinə vafli, limonad verirlər. Amma bizim təyyarələrdə bilet niyə bahadır, mən sizə deyim... Bilet baha deyil... Biletlər qətiyyən bahalaşmayıb, son 1 il ərzində biletlərin qiyməti 1 qəpik də artmayıb. Avro bahalaşdığı üçün biletlər bahalaşır. Və bizim təyyarələrimiz Avropa istehsalıdır, komfortlu, servisimiz həddindən artıq yüksək, uçuşlarımız təhlükəsizdir. Ona görə də bizdə limonadla vafli verilən şirkət kimi deyil”.

XS
SM
MD
LG