Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:26

HRW: «AB Azərbaycanla bağlı qətiyyət göstərməlidir»


Avropa Birliyinin bayrağı
Avropa Birliyinin bayrağı

-

Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri ABŞ qəzetində yazır; Ərəb ölkələri İran sazişindən niyə qorxur – 7 aprel qərb mediasının icmalı


«Azərbaycan 24 illik müstəqillik tarixində insan haqlarına ən radikal hücumu həyata keçirdikcə, Avropa Birliyi kənarda durub baxır. Buna son vermək lazımdır. Bu həftə AB-nin Qonşuluq və Genişlənmə üzrə komissarı Johannes Hahn Bakıya səfər edir və AB-nin yeni qətiyyət göstərməyə tam şansı var».

Bunu Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin müdir müavini Rachel Denber aprelin 6-da yazıb.

«Azərbaycanda repressiyanın dərinləşməsinə baxmayaraq, AB tərəfdaşlığı irəli aparmağa meyllidir. İllərdir AB Azərbaycanla münasibətinin çərçivəsi barədə danışıqlar aparıb. Tərəfdaşlıq və Əməkdaşlıq Müqaviləsi 2009-cu ildə bitib. Ancaq danışıqlar uzandıqca və Azərbaycanda insan haqlarının durumu pisləşdikcə, AB-nin qətiyyəti də azalıb. Azərbaycan hökuməti aydın şəkildə bildirib ki, azad ticarət və viza liberallaşdırılması kimi üstünlükləri bitkin islahatlara bağlayan münasibətdə maraqlı deyil. Təəccüblü deyil ki, hökumət ölkədəki narazılara təzyiqi kəskinləşdirdikcə daha çox israr edirdi ki, insan haqlarına AB ilə münasibətlərdə yer yoxdur».

Rachel Denber
Rachel Denber

Rachel Denber yazır:

«Hələlik bəlli deyil AB Bakının insan haqları islahatından imtinasıyla necə və vaxt məşğul olacaq. Ancaq şübhəsiz olan odur ki, cənab Hahn Bakıya səfəri zamanı AB-nin insan haqlarını müdafiə edənlərin yanında durmasını vurğulamalıdır. O, hökuməti təzyiqi dayandırmağa, ictimai tənqidi boğmağa deyil, gücləndirməyə yönəilk mühit yaratmağa çağırmalıdır. Hər şeydən öncə, o, Azərbaycanda günahsız yerə həbsə atılmış insan haqları fəalları və jurnalistlərin dərhal və qeyd-şərtsiz buraxılmasına çağırmalıdır».

YƏHUDİ İCMASININ RƏHBƏRİ YAZIR

ABŞ-ın böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə buraxılan «Jewish Journal» qəzetində aprelin 6-da Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin (Milikh Yevdayev) geniş məqaləsi dərc olunub. «Azərbaycan və ABŞ yəhudiləri: müstəsna əlaqələri qeyd edərkən» başlıqlı məqalədə müəllif, Azərbaycanda və Los Ancelesdə yaşayan yəhudilər arasında qurulmuş münasibətlərdən, Azərbaycanın tarixi tolerantlıq ənənələrindən bəhs edir və ölkəmizdə yaşayan dini icmalara, o cümlədən yəhudi icmasına göstərilən diqqətdən söz açır.

Qırmızı Qəsəbədə yaşayan yəhudilər (Arxiv fotosu)
Qırmızı Qəsəbədə yaşayan yəhudilər (Arxiv fotosu)

Yevdayev bu ilin fevralında Los Ancelesin yəhudi icması tərəfindən Azərbaycan Dağ Yəhudiləri İcmasına Tövratın (Sefer Torah) hədiyyə edilməsini tarixi hadisə hesab edir. O, bildirir ki, dağ yəhudiləri 2 min ildən çoxdur ki, Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayır. Yəhudi icmasına göstərilən qayğıdan bəhs edən müəllif qeyd edir ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərin dinc şəraitdə, daim hörmət görərək yaşamalarının və öz dini etiqadlarına azad şəkildə əməl etmələrinin qarantı Azərbaycan hökuməti və xalqıdır.

Yevdayev bildirir ki, Azərbaycan öz tolerantlığı ilə bütün dünya üçün gözəl bir nümunədir. «Azərbaycan, öz müsbət nümunəsilə müsəlman, yəhudi və xristianların sülh, qarşılıqlı hörmət və ehtiram şəraitində birgə yaşamasının mümkünlüyünü sübut edir», - deyə müəllif qeyd edir.

Ərəb ölkələri İran sazişindən niyə qorxur

Geneive Abdo «National İnterest» dərgisində İranla çərçivə nüvə sazişi əldə olunandan sonra Amerikanın ərəb müttəfiqlərinin əsəbilik keçirməsindən yazır. Belə ki, ərəb dövlətləri bu razılaşmaya Yaxın Şərqdə hakimiyyət dinamikasında fundamental dəyişiklik kimi baxırlar.

Tehran küçələrində bayram
Tehran küçələrində bayram

Müəllif yazır ki, hələlik ərəb liderləri sazişə səssiz reaksiya verib. Ancaq on illər boyu sünni ərəb dövlətləri şiə İranın nüvə ambisiyalarının məhdudlaşdırılmasını istəyib. Bəs indi niyə bu sazişə qarşı olsunlar ki?
Çünki danışıqlar getdiyi vaxtda İranın ərəb dünyasında nüfuzu artıb, regionda vaxtilə sünnilərin nəzarətində olan güc balansı Birləşmiş Ştatların köməyi ilə şiələrin xeyrinə dəyişib. Nəticədə sünni dövlətlər də müstəqil addımlar atmağa başlayır. Səudiyyə iki həftədir Yəmənə zərbələr endirir.
Səudiyyənin Birləşmiş Ştatlardan müstəqilliyini bir jurnalist yeni kralın şərəfinə “Salman Doktrinası” adlandırıb.

«Prezident Barack Obama ərəb dünyasına mesaj göndərməlidir ki, Birləşmiş Ştatlar heç də İranın Yaxın Şərqdə ekspansionist gündəmini dəstəkləmir. Çünki bu, regional sabitliyə İranın nüvə potensialından daha böyük təhlükədir».

XS
SM
MD
LG