Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:49

ABŞ Komissiyası: «Hökumətin dini azadlığa hörməti azalıb»


Nardaran məscidi
Nardaran məscidi

-

«Azərbaycan cəmiyyətində dini tolerantlığın olmasına baxmayaraq, hökumətin dini azadlığa münasibəti 2014-cü ildə pisləşməkdə davam edib. Eyni zamanda, demokratik normalara hörmət də kəskin azalıb».

Beynəlxalq Dini Azadlıqlar üzrə ABŞ Komissiyasının (USCIRF) aprelin 30-da açıqladığı illik hesabatda belə deyilir.

Hesabatın Azərbaycanla bağlı hissəsində vurğulanır ki, ötən il vətəndaş cəmiyyəti fəalları və dini qrupların üzvləri arasında həbslər artıb. Bundan əlavə, hökumət 2009-cu ildə qəbul olunmuş məhdudlaşdırıcı dini qanunun pozulmasına görə cərimələr qoymaqda davam edib. Dini qrupların qeydiyyat müraciətlərinə baxılması ya yubadılıb, ya da rədd olunub və dini qruplar bağlanıb. Dinc dindarlar, onların müdafiəçiləri və digər fəallar saxlanıb, cərimə edilib və müxtəlif ittihamlarla həbsə atılıb.

AZƏRBAYCAN «XÜSUSİ NARAHATLIQ YARATMIR»

Bütün bu narahatlıqları nəzərə alaraq, komissiya Azərbaycanı 2013-cü ildən bəri qərarlaşdığı 2-ci səviyyədə saxlayıb. Bu siyahıda olan ölkələrdə dini azadlıqların «ciddi pozulduğu» hesab olunur, ancaq bu pozuntular CPC (countries of particular concern – xüsusi narahatlıq doğuran ölkələr) standartına tam uyğun gəlmir. Sıyahıda Azərbaycanla yanaşı, Əfqanıstan, Kuba, Hindistan, İndoneziya, Qazaxıstan, Laos, Malayziya, Rusiya və Türkiyə də yer alıb.

1-ci səviyyəyə- dini azadlıqların xüsusi narahatlıq doğurduğu ölkələr sırasına isə Cənubi Afrika Respublikası, Misir, İraq, Nigeriya, Pakistan, Suriya, Tacikistan və Vyetnam daxildir. Daha 9 ölkənin (Birma, Çin, Eritreya, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Sudan, Türkmənistan və Özbəkistan) yenidən bu siyahıya salınması təklif olunur.

Beynəlxalq Dini Azadlıqlar üzrə ABŞ Komissiyası (USCIRF) 1998-ci ildə yaradılıb. Aprelin 30-da yayılmış hesabat sayca 16-cıdır. Sənəddə 33 ölkədə dini azadlıqların pozulması əksini tapır, ölkələr üzrə tövsiyələr verilir.

CƏRİMƏLƏR 16 DƏFƏ ARTIB

Qayıdaq Azərbaycana. Hesabatda oxuyuruq:

«Azərbaycan hökuməti korrupsiyaya uğrayıb və getdikcə daha çox avtoritarlaşır. Hesabat dövründə həbslər, ictimai fəalların və dini qrup üzvlərinin repressiyası artıb. Parlament dini qrupların Dini İşlər üzrə Dövlət Komitəsinə hesabat verməsi qaydalarını artırıb, məqsədin ekstremizmin və xarici missioner fəaliyyətin yayılmasını əngəlləmək olduğunu bildirib».

Sənəddə ölkədə insan haqları pozuntularının da vüsət aldığı qeyd olunur: «2009-cu ildə qəbul olunmuş dini qanundan dini azadlığı məhdudlaşdırmaq, cərimələri, polis reydlərini, saxlamaları və həbsləri əsaslandırmaq üçün istifadə olunur. 2010-cu ildə dini təşkilatlara cərimələr 16 dəfə artıb».

«2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi üzə çıxarıb ki, 2009-cu il qanunu hakimiyyətə «qanunsuz» dini fəaliyyəti müəyyənləşdirmək və təqib etmək üçün hüdudsuz səlahiyyət verir».

QEYİDİYYATA ALINAN VƏ ALINMAYAN QRUPLAR

Hesabata görə, qeydiyyata alınmamış dini icmaların üzvləri basqınlara məruz qalır, dini ədəbiyyat müsadirə olunur və digər cərimələr ödəyirlər. Hətta qeydiyyatı olan dini qruplara da hüquqi ünvanlarında dini fəaliyyətlə məşğul olmağa icazə verilmir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2014-cü ilin fevralında bildirib ki, ölkədə qeydiyyata alınmış dini qrupların sayı 588-dir».

Hesabatda daha sonra məhkum olunmuş dini və ictimai fəalların işlərindən bəhs olunur. Din xadimləri və dindarlar Tale Bağırov, Zöhrab Şıxəliyev, Elşən Mustafaoğlu və digərlərinə qarşı ittihamlar barədə geniş məlumat verilir.

Dini azlıqların, özəlliklə baptistlərin, Yeddinci günün adventistləri, Yahova şahidlərinin hüquqi statusunun olmadığı vurğulanır.

«Naxçıvanda daha sərt dini məhdudiyyətlər tətbiq olunur. Sünni müsəlmanların ibadət yeri yoxdur. 2014-cü ilin noyabrında 200-dək şiə müsəlman saxlanıb və İrana yaxın olduğu hesab edilən 50-dək məscid bağlanıb. Məlumatlara görə, dövlət işçiləri məscidə getməyə qorxur».

Hesabatda daha sonra deyilir ki, Birləşmiş Ştatların məqsədi ölkədə qərbyönlü demokratiyanın təşviqi və Azərbaycanda azad bazar iqtisadiyyatının yaradılmasıdır. Regional sabitlik, Dağlıq Qarabağ münaqişəsinin həlli, enerji təhlükəsizliyi, iqtisadi və siyasi islahatlar da məqsədlər siyahısına daxildir.

ABŞ HÖKUMƏTİNƏ TÖVSİYƏLƏR

Azərbaycanda din və inanc azadlığını irəlilətmək üçün Beynəlxalq Dini Azadlıqlar üzrə ABŞ Komissiyası ABŞ hökumətinə bəzi tövsiyələr irəli sürür və aşağıdakı məsələlərdə Azərbaycan hökumətinə çağırış etməsini istəyir:

· Dini qanunvericilik beynəlxalq insan haqları öhdəliklərinə uyğunlaşdırılsın;

· Dini qrup üzvlərinin, dinc dini fəaliyyətə görə həbs olunmuş fəalların həbsinə son qoyulsun;

· Azərbaycandakı ABŞ səfirliyi insan haqları fəalları ilə ünsiyyət qursun və hökuməti çağırsın ki, hər bir məhbus ailəsi ilə mütəmadi əlaqə saxlaya bilsin, tibbi qayğı və vəkillə təmin olunsun;

· Azərbaycanın beynəlxalq din azadlığını və insan haqları normalarını pozması BMT-də və ATƏT-də müzakirə olunsun, ATƏT bu məsələlərlə açıq məşğul olsun.

· Azərbaycan hökuməti BMT-nin Din və İnanc Azadlığı üzrə Xüsusi Məruzəçilərinin səfərlərinə razılıq versin;

· Hökumət qeydiyyatsız dini qrupların azad fəaliyyətinə icazə versin.

· Din azadlığı qrant kateqoriyasına salınsın, dözümlülük və din, inanc azadlığı üzrə vətəndaş cəmiyyəti proqramlarına qrantlar ayılsın;

· ABŞ hökuməti tərəfindən maliyyələşən, özəlliklə Azərbaycan dilində radio və internet proqramlarının sayı artırılsın, din azadlığı, onun ABŞ-ın xarici siyasətində roluna dair məsələlərlə bağlı obyektiv informasiya verilsin.

Hesabata Azərbaycanın məhbus siyahısı da əlavə olunub. Siyahıda ötən il və bu ilin əvvəlində saxlanmış dindarlar daxil olmaqla 44 nəfərin adı yer alıb.

Azərbaycan hökuməti hələlik bu hesabata reaksiya verməyib. Ancaq hakimiyyət təmsilçiləri, dini qurumlarla məşğul olan dövlət idarələri ölkədə dini azadlığın təmin olunduğunu, heç kəsin dini təqibə məruz qalmadığını bildirir. Hökumət ölkədə dini dözümlülüyün əsrlər boyu qorunub saxlanan dəyər olduğunu vurğulayır.

XS
SM
MD
LG