Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:50

Fərəc Kərimli: «Tapşırılan hökmü elan edin, oyun da bitsin»


Mitinqdə Fərəc Kərimli və Sirac Kərimlinin şəkilləri
Mitinqdə Fərəc Kərimli və Sirac Kərimlinin şəkilləri

-

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli 6 il yarım müddətinə azadlıqdan məhrum edilib.

«Qanunları ayaqlar altına alan məhkəmədə son söz demək bu sifarişi verənlərə şərəf olardı».

Bunu məhkəmədə son söz deməkdən imtina edən Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli deyib.

Proses mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Fərəc Kərimli həbsinin siyasi sifariş olduğunu bildirib:

«Həbsim siyasi fəaliyyətimə, avtoritar rejimə qarşı mübarizəmə görədir. Ortada olan qərəzlərdən də görünür ki, bu, bir siyasi oyundur. Nə tapşırılıbsa, hökmü elan edin, oyun da bitsin».

«BƏRAƏT HÖKMÜ VERİLSİN»

Məhkəmədə son müdafiə nitqində vəkil Nemət Kərimli də bildirib ki, ittihamların heç biri sübuta yetirilməyib:

«Fərəc ötən ilin iyulunda saxlanıb. Onun vəkillə təmin olunmaq hüququ da pozulub. Mən müdafiə etdiyim şəxsi avqust ayında görə bilmişəm. Onun istintaq zamanı həbsi eyni hallarla əsaslandırılmaqla iki dəfə uzadılıb ki, bu da qanunaziddir. Fərəcdən istintaq zamanı təzyiq altında ifadə alınıb. Hal şahidlərinin istintaqa verdiyi ifadələr nöqtə-vergülünədək eyni mətndir. Bu da onu göstərir ki, həmin mətn əvvəlcədən hazırlanmış bir mətndir. Əməliyyat axtarış zamanı tərtib olunan protokolda ziddiyyətli məqamlar var. Ona görə bu sənədlər sübut kimi qəbul oluna bilməz. Məhkəmə boyu vəsatətlərimizin heç biri təmin olunmayıb».

Nemət Kərimli məhkəmədən Fərəc Kərimli barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

PIÇILTI İLƏ OXUNAN HÖKM

Müşavirədən sonra hakim Şəkər Məmmədova hökmü elan edib. Onun hökmü çox alçaq səslə oxuması zalda etiraz yaratsa da, hakim buna məhəl qoymayıb.

«Oğullarımla fəxr edirəm» – bunu AzadlıqRadiosuna müsahibəsində Fərəc Kərimlinin anası Xaliqə Kərimova deyib. O, hökmü ədalətsiz və haqsız hesab edir:

Fərəc Kərimlinin atası və anası - 6 may 2015
Fərəc Kərimlinin atası və anası - 6 may 2015

– Bundan başqa heç nə gözləmirdim. Bu da bunların haqqı. Ədalətsizlik və haqsızlıqdan başqa bir şey deyil. İki oğlumun həbsdə olmasının çətinliyi ölçüyə gələn deyil.

- Bu zaman ərzində onların tutduğu yolla bağlı sizdə bir qınaq hissi olubmu?

– Qətiyyən yox. Əksinə oğlanlarımla fəxr edirəm. Onlar çox ədalətlidirlər və həmişə haqq-ədalət uğrunda mübarizə aparıblar. Onlar təkcə özləri üçün yaşayan deyillər. Həmişə haqsızlığın əleyhinə gediblər və mən də onlarla fəxr edirəm.

«HAQSIZ, ƏDALƏTSİZ VƏ QANUNSUZ HÖKMDÜR»

Məhkəmə prosesində iştirak edən Müsavat başqanı Arif Hacılı da AzadlıqRadiosuna hökmün ədalətsiz və qanunsuz olduğunu deyib:

«Əvvəldən sifarişli bir iş olduğu bilinirdi. İstər Fərəc Kərimli, istərsə də Sirac Kərimli nümunəvi, təhsilli Azərbaycan ailəsinin övladlarıdır. Fərəc Kərimli ilə bağlı aparılan qondarma cinayət işi onun Müsavat partiyasındakı fəaliyyəti, sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi, hakimiyyətin apardığı siyasətə qarşı çıxması ilə bağlıdır. Haqsız, ədalətsiz və qanunsuz hökmdür. Biz bütün instansiyalara müraciət edib Avropa Məhkəməsinədək gedəcəyik və həmin məhkəmə hər iki qardaşa bəraət hökmü verəcək».

Fərəc Kərimli ötən il iyulun 23-də həbs edilib. Ondan bir həftə əvvəl isə qardaşı Sirac Kərimli tutulub. Hər iki qardaşa qarşı narkotik ittihamı irəli sürülüb. Sirac Kərimliyə 6 il həbs cəzası verilib.

Müdafiə tərəfi Kərimli qardaşlarına qarşı ittihamı əsassız sayır, onların siyasi sifarişlə həbs olunduğunu bildirir.

XS
SM
MD
LG