Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:39

Avropa Oyunları öncəsi Xədicə İsmayılın həbs müddəti uzadıldı


Xədicə İsmayıl
Xədicə İsmayıl

Azərbaycan məhkəməsi mayın 14-də araşdırmaçı jurnalist və AzadlıqRadiosu ilə əməkdaşlıq edən Xədicə İsmayılın həbs müddətini uzatdı. Jurnalist həbsə keçən ilin dekabrında atılıb. Geniş yayılmış fikrə görə, ölkənin hakim ailəsi ilə bağlı korrupsiyanı ifşa etdiyinə görə Azərbaycan hakimiyyəti bu yolla jurnalistdən qisas alır.

Azad Avropa/Azadlıq Radiolarının baş redaktoru Nenad Pejic məhkəmə qərarından “dərin məyusluğunu” bildirir: “Onun həbsinin səbəblərinin qanun pozuntusu və ya hər hansı yanlış hərəkət etməklə heç bir əlaqəsi yoxdur. Bu, lazım olan müddətə Xədicəni və AzadlıqRadiosunu susdurmaq cəhdidir”.

Məhkəmənin son qərarı ilə Xədicə İsmayılın həbs müddəti avqustun 24-nə kimi uzadılıb.

Xədicə İsmayıl dekabrın 5-də həbs olunmuşdu və ilkin ittihamda Tural Mustafayevi intihar həddinə çatdırmaqdan söhbət gedirdi. Ancaq həmin şəxs sonra öz ittihamını geri götürdü,hakimiyyət isə Xədicə İsmayıla qarşı yeni ittihamlar irəli sürdü. Fevral ayında Xədicə İsmayıl vergidən yayınmaqda, qanunsuz biznes fəaliyyətində və səlahiyyətindən sui-istifadədə ittiham olundu.

Sonuncu ittihamlar keçən dekabrdan Azadlıq Radiosuna başlanan daha geniş hücumdan gəlir. Hakimiyyət Azadlıq Radiosunun jurnalistlərinə “casus” damğası vurub, Radionun Bakı bürosuna reyd edib və büronu bağlayıb. 25-dən çox jurnalisti sorğu-suala çəkib, onların bir neçəsinə ölkəni tərk etmək qadağan olunub. Büronun lisenziyası ləğv olunub, bəzi müxbirlərin bank hesabları dondurulub, onlar maaş ala bilmirlər.

“Bizim işçilərə, onların ailələrinə cəzasız hücumlara imkan verməyəcəyik” – deyən Pejic vurğulayır ki, radio bütün vasitələrə hökumətin hərəkətlərinə qarşı öz maraqlarını qoruyacaq.

Xədicə İsmayıl mayın 5-də Amerikanın PEN Mərkəzinin Barbara Goldsmith Yazı Azadlığı mükafatını alıb. Mərkəz bunu Xədicə İsmayıla “ciddi təsirli araşdırmasına” görə verib.

Bakıda iyun ayında keçiriləcək Birinci Avropa Oyunları ərəfəsi bir qrup tanınmış yazıçı və redaktor Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bacha müraciət ediblər ki, Xədicə İsmayılın azad olunmasını tələb etsin və Azərbaycanda insan haqları pozuntularını pisləsin.

XS
SM
MD
LG