Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:22

Nyuton, Arximed və Tanrı


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən

Faiq Hüseynbəyli

NYUTON, ARXİMED VƏ TANRI

Asta-asta gülümsəyir günəşin üzünə

fikirlərimin dan yeri...

Ta Adəmdən üzü bəri

boşdu Tanrının yanında insan yeri.

Hər insanın alın yazısında möhürlənib

edə biləcəyi nöqsan yeri.

Qabildən başlayır ağrımağa

qatil övladlarının vicdan yeri.

Bir qara qarğadan öyrəndik ölməyi –

heyvanlardan öyrənəcək çox şeylər var.

Bir almanın güdazına getdi

Cənnət adlı gülüstan yeri...

Alma –

Bütün nağılların sonudu...

Alma –

dünyanın cazibə qüvvəsinin təməlidi,

ya Tanrı ağıllıdı,

ya da Nyuton dəlidi...

Almanı Nyutonun başına salan

İlahinin əlidi.

Başına alma yerinə

daş düşəydi, Nyuton.

Bəlkə onda yerin cazibə qüvvəsi

dini dəyərlərə olan inancı azaltmazdı...

Bəlkə də, Tanrı özü

cazibə qüvvəsinin tərəfdarıdı ki,

insanlara əlçatmaz edir göyün yeddinci qatını,

Yerə mıxlanıb yaşayır insan

öz murdar həyatını.

Göylər mələklərə,

Yerlər insanlara aiddi.

Arximedin “Evrika” kəlməsi ilə

Bir söz də uzaqlaşdıq Tanrıdan.

Bu qanuna əsaslansaq,

Hər kəs öz çəkisi qədər

Çəkə biləcək dərdlə yüklənir.

İnsan Tanrıdan uzaqlaşdıqca

Tanrılaşır, təklənir...

ALLAH ƏFV ETMƏYİR

Sevgidən quş kimi qanadlanırsan,

Elə hey deyirsən, sev adamları.

De, necə sevim mən şirin canını,

Şüşədə saxlayan div adamları?

Başının üstünü toz-duman alır,

Yaralı quş kimi göyə ucalır.

Çöldə öz mehrini hamıya salır,

Adamın tanımır ev adamları.

Bu ilham pərimin sənə sözü var,

Sinəmdə gül açan qoru-közü var.

Qəm ki var, hamıya geci-tezi var,

Döşünə döyməsin kef adamları.

Ey ulu gözəllik, könlüm sənindir,

Endir mələyini göylərdən, endir.

Bu necə təriqət, bu necə dindir? –

Düz yola çağırır səhv adamları.

Allah unutdurur, Allah aradır,

Bir dünyası ağdır, biri qaradır.

Bir ucdan ən ali varlıq yaradır,

Bir ucdan eləyir məhv adamları.

Könlünə eşq odu dolur, yandırır,

Ruhunu canından alır, yandırır.

Cəhənnəm oduna salır yandırır,

Allah da etməyir əfv adamları.

XS
SM
MD
LG