Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:43

Borçalıda borc içində yaşadım...


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən

İbrahimxəlil

***

Borçalıda borc içində yaşadım...

ucqar bəxtim il təki at üstədi.

Mən bu qədər yaşamazdım bəlkə də;

borcum olan sağlığımı istədi.

Şair hara, axı əlli yaş hara? –

otuzumda damarımı kəsmədim.

...Borcum olan sağlığımı istədi,

palazqulaq sələmçidən küsmədim.

Yazan bircə borcu buza yazmadı, –

qəriblikdən gələn kimi görərsən.

Ümid mənə pıçıldayıb çox dedi:

kitab yazıb borclarını verərsən.

Borçalıda borc içində yaşadım...

Sınıq körpü mənim sınıq ruhummuş.

Kitab cildim çarmıxdadı hələ də,

qarı cəllad çapçılarla qohummuş.

Borc boğazı demə belə üzürmüş...

hərdən qələm, hərdən kağız borc aldım.

Xına qoysun yoxsulların padşahı:

mən payızın pencəyində qocaldım.

...Necə deyim: evdə yoxam, – ay adam? –

qürbətçitək bə qapımı döyürsən!

...Azərə də, Baycana da borcluyam,

sən də bircə Borçalını deyirsən...

Borc hissini hisə vurma, ay adam, –

öysüz oldun – göysüz olma... Göyçə – mən...

...Azadlığı arazbarı qazannam,

Azadlığı borc almaram təkcə mən!..

***

Mən də çiçəklədim bu yaz axşamı...

budaq-biləklərim bükülməz daha.

Tökər çiçəyini bütün ağaclar,

mənim çiçəklərim tökülməz daha.

Çırtdamağa bəndmiş çiçəyim elə...

get-gəl gizlinlər də gerçəklənirmiş.

Deyilənə görə, siz tərəflərdə

Azadlıq da belə çiçəklənirmiş!

Belə çiçəklənmə çifayda olmaz:

çən-çiskin çevrəyə çarpsın da çarpsın...

Cidalı cəllada çatdırın orda:

daha çiçəklədim – gəlsin də çırpsın...

XS
SM
MD
LG