Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:39

Vahid Əhmədov: «Ofşor zonalardan vəsaitin geri çağırılması elə də asan iş deyil»


Vahid Əhmədov
Vahid Əhmədov

-

Bu günlərdə mətbuat «deofşarizasiya» haqda qanun layihəsi hazırlanması haqda yazır. Söhbət ofşor zonalarda cəmləşən vəsaitlərin geri – Azərbaycana qaytarılmasından gedir. Bu nə qədər ciddi ideyadır, belə qanun layihəsi Milli Məclisdə işlənirmi və nə zaman müzakirəyə çıxarıla bilər? Suallarımızı parlamentin İqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədova veririk.

- Vahid bəy, Milli Məclisin İqtisadi-siyasət komitəsinin üzvü kimi, sizdə belə bir qanun layihəsinin hazırlanması haqda məlumat varmı? Bunu zəruri edən nədir?

- Bizim komitədə elə bir qanun yoxdur, baxılmır. Milli Məclisin bir iclası qalıb, o da mayın 29-da olacaq, orda da baxılması gözlənmir. Ola bilsin, gələcək sessiyalarda baxılsın. Bəlkə hansısa komitədə və ya nazirlikdə hazırlanır. Amma ofşor zonalardan vəsaitin geri çağırılması elə də asan iş deyil. Ofşor zona başqa dövlətlərin ərazisidir, hər dövlətin də özünəməxsus qanunları var, proseslər də o qanunlar çərçivəsində tənzimlənir. Yəni bu, asan məsələ deyil. Çətindir. Niyə pullar ofşor zonalardadır? Müəyyən hesabatlılıqdan qaçmaqdan, çirkli pulları yumaqdan ötrü ofşor zonalara üz tutulur.

- «Deofşorizasiya» haqda qanun layihəsinin hazırlanması neft pullarının azalması, ölkənin vəsaitə ehtiyac duyması ilə izah olunur. İndiki məqamda həmin pula Azərbaycanın ehtiyacı nə qədər çoxdur?

- Azərbaycanda pula ehtiyac həmişə çoxdur. Mən deməzdim ki, bu məsələ neftin qiymətinin aşağı düşməsi ilə əlaqədardır. Amma ofşor zonalarda çox ciddi vəsaitlər var. Bu vəsaitlər də müəyyən dövlətlərdə bəzi insanlar tərəfindən istifadə edilir, yuyulur, həmin çirkli pullardan sonradan terrorizmə və başqa məsələlərə qarşı istifadə edilir. Buna görə də bunun qarşısını almağa çalışırlar. Hər bir dövlət istəyir ki, onun ölkəsinə aid vəsait öz ərazisində qalsın, onun inkişafı üçün istifadə edilsin. Amma baş verənləri mən birbaşa neftə bağlamazdım.

- Sizcə, çirkli pullarla bağlı Azərbaycanda amnistiya verilə bilərmi?

- Bu ofşor məsələsi ortaya çıxanda mən mətbuata dedim ki, bundan əvvəl kapitalın amnistiyası olmalıdır. Deklarasiya sistemi həyata keçirilməlidir. Yəni bir sıra tədbirlər görüldükdən sonra ofşor zonalardakı vəsaitin geri gətirilməsindən danışmaq olar. Bu günlərdə bir məsələni də ortaya atıblar ki, məmurlarında bizneslə məşğul olmasına icazə verilsin. Amma bu da hələ təsdiqlənməyib. Guya Rusiyada belə bir qanun qəbul olunub. Mən bunun tərəfdarı deyiləm. Məmur məmurdur, öz işi var, öz vəzifəsiylə məşğul olmalıdır. Ona görə də bizdə belə qanun qəbul olunub ki, məmur bizneslə məşğul ola bilməz. Onsuz da qanun icazə verməyə-verməyə məmurların əksəriyyətinin biznesi var. Biz onlara daha geniş imkan yaratsaq, ölkədə daha çətin vəziyyətlə üzləşərik. Mən bunun əleyhinəyəm.

- Azərbaycanda məmurların gəlir bəyannaməsi ilə bağlı qanun olsa da, mexanizm hələ də hazırlanmayıb. Bu yöndə yenilik varmı?

- Qanun qəbul edilib 2006-cı ildə. Ancaq hələlik mexanizm işlənib hazırlanmayıb. Orda çətin proseslər var. Onlar da gec-tez işlənib hazırlanacaq.

- Amma qanunun qəbulundan 10 il keçir az qala. Mexanizm nə zaman hazır olar?

- Məndə o haqda məlumat yoxdur hələlik. Bunun cavabını hökumət bilməlidir. Bizlik deyil. Bizimki qanun qəbul etməkdir.

- Vahid müəllim, bu günlərdə bir neçə işadamının bank kreditləriylə bağlı həbsi, dolayı yolla da olsa, təsdiqini tapdı. Siz də demisiniz ki, bu həbslərın sayı arta bilər. Nəyə görə belə düşünürsünüz?

- Mən kreditlərlə bağlı mütəmadi olaraq fikrimi demişəm. İndi yox, bir neçə il öncə. Demişəm ki, dövlət borcunda kreditlər külli miqdardadır. Son vaxtlar da bu 1.2 milyarda çatıb. Vaxtında qaytarılmayan kreditlər çox ciddi maliyyə problemləri yaradır həm banklar üçün, həm əhali, həm şirkətlər, həm də maliyyə bazarı üçün. Bunlar vaxtında qaytarılmalıydı. Əvvəla kreditlər veriləndə baxmaq lazımıydı onu götürən adamın qaytarmaq imkanı var, ya yox. Bəziləri vəziyyətdən sui-istifadə edirlər, kredit götürüb sənəddə göstərilən məqsədlərə yox, başqa şeylərə istifadə edirlər, ona görə də problem yaranır. Buna nəzarət etmək lazımdır. Mən hesab edirəm ki, bu prosesə başlanıbsa, dövlət başçısının rəyi varsa, axıra qədər gedilməlidir, bütün kreditlər Azərbaycan dövlətinə qaytarılmalıdır. Bunlar vaxtında dövlət büdcəsinə qaytarılsa, bizdə problem ola bilməz. Bütün sosial emissiya layihələrimiz 100 faiz yerinə yetirilər.

- Sizcə, niyə bu həbslər haqda indiyədək rəsmi məlumat açıqlanmır?

- İş gedir, bu, ciddi işdir. Birdən-birə kimisə günahlandırmaq düz deyil. Ancaq mən fakt kimi deyirəm ki, 1.2 milyard manat dövlətə kredit borcu var və bu dövlətə qaytarılmalıdır. Özü də kimliyindən, hansı vəzifə tutmasından asılı olmadan hər biri məsuliyyətə cəlb olunmalıdır. İlk növbədə çalışmaq lazımdır ki, vəsait qaytarılsın, məsuliyyət ikinci məsələdir.

- Manatın devalvasiyasından az sonra Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev istefa verdi. Bundan bir qədər sonrasa kredit borcları məsələsi ortaya çıxdı. Sizcə, Cahangir Hacıyev də bankın sabiq rəhbəri kimi məsuliyyətə cəlb olunmalıdır?

- Onu mən deyə bilmərəm, işin içində deyiləm. Bunu hüquq-mühafizə orqanları araşdıracaq, kimi də lazımdır məsuliyyətə cəlb edəcək.

- Hər halda bütün bunlar onun banka rəhbərliyi dövründə baş verib, 1 milyarddan çox kredit verilib və geri qaytarılmayıb.

- Əlbəttə bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev olub. Amma yenə deyirəm, araşdırılmalıdır. Deyə bilmərəm ki, filankəs günahkardır və mütləq məsuliyyətə cəlb olunmalıdır. Araşdırılmalıdır.

- Belə fikirlər səslənir ki, bu həbs dalğasında bəzi nazirlər, komitə sədrləri də həbs edilə bilərlər. Bu təxminləri bölüşürsünüzmü?

- Bu yaxınlarda dövlət başçısı dedi ki, sahibkarlar üçün ölkədə bütün şərait yaradılıb, amma bununla belə hamı qanuna əməl etməlidir. Oliqarxdır, məmurdur, biznesmendir, kim olur olsun, etdiyi əmələ görə cavab verməlidir. Bu işdə məmur adı keçirsə, o da cavab verəcək.

XS
SM
MD
LG