Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:34

Kreditin vaxtından əvvəl geri istənilməsi: Qanunvericilik nə deyir?


Qanuna görə borcun qaytarılması tələbi üçün təhlükə yaranarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər

“Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər”

Mayın əvvəlində bir neçə işadamının həbs edilməsi ilə bağlı məlumat yayılıb. Ancaq yalnız "PNN Group” şirkətinin təsisçisi, tanınmış işadamı Nizami Piriyev barəsində həbs qətimkan tədbiri seçilməsi rəsmi təsdiqlənib.

Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) və başqalarının saxlanması, onlara verilən ittihamlar barədə hələ ki, hüquq mühafizə orqanları susur. İşadamlarının Beynəlxalq Bankdan götürdükləri və qaytarmadıqları, dəyəri milyonlarla ölçülən kreditə görə “məhşər ayağına” çəkildikləri deyilir.

Hələlik yalnız "PNN Group” şirkətinin təsisçisi, tanınmış işadamı Nizami Piriyev barəsində həbs qətimkan tədbiri seçilməsi rəsmi təsdiqlənib.

İşadamı Hacı İbrahim Nehrəmlinin həyata keçirdiyi “Khazar İslands” layihəsinin rəhbəri Qurban Əhmədov virtualaz.org saytına açıqlamasında deyib ki, Hacı İbrahimdən ödənmə vaxtı çatmayan kreditin geri qaytarılması tələb edilir: “Bu kreditlərin həcmi isə 57 milyon dollardır. Ödənmə vaxtı 2019-cu ildə başa çatır. Amma biznesmendən borclarını dərhal ödəməyi tələb edirlər”.

“200 minlik kreditə görə 1 milyon dəyərində obyektimi əlimdən aldılar”

Bəs banklar krediti vaxtından qabaq ödəməyi tələb edə bilərlərmi? Qanunvericilik nə deyir?

Bankdan götürdüyü 200 min manatlıq biznes krediti ucbatından 1 milyon manat dəyərindəki müəssisəsi əlindən çıxan sahibkar Boran Nağıyev AzadlıqRadiosuna danışır ki, birinci dəfə 50 min manat kredit götürüb: “İşimdə problemlər yarandı, krediti vaxtlı-vaxtında ödəyə bilmədim, bank təklif etdi ki, təzədən kredit götürüb birinci borcu bağlayım. Beləcə, faizli-kreditli hamısı gəlib 200 minə çatdı. Məhkəməyə düşdük, 1 milyon manat qiymət qoyulan müəssisəmi əlimdən aldılar”.

“Müflisləşmək haqqında qanun yoxdur”

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, Azərbaycanda vətəndaşların müflisliyi haqda qanunvericilik yoxdur:

“Bir çox ölkədə belə qanunvericilik var. Məsələ qaldırmaq lazımdır ki, bizdə də olsun. Bu qanunvericiliyin mahiyyəti ondan ibarətdir ki, krediti qaytara bilməyən şəxs məhkəməyə müraciət edib özünü müflis elan etdirir, bundan sonra ondan heç kəs heç nə tələb edə bilməz”.

Müştəri kredit ödəməsini gecikdirərsə...

Əkrəm Həsənovun sözlərinə görə, qanunvericilik banka səlahiyyət verir ki, müştəri kredit ödəmələrini gecikdirərsə, borcun dərhal geri qaytarılmasını tələb etsin: “Kredit müqavilələrində bankın kreditin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququna malik olduğu hallar təsbit edilir. Məsələn, kreditin qrafik üzrə ödənişinin gecikdirilməsi və s.

Lakin Mülki Məcəllənin “Borcun dərhal qaytarılmasını tələb etmək hüququ” adlanan 743-cü maddəsində deyilir: “Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər”.

Yəni qanun kreditin vaxtından əvvəl tələb edilməsi üçün yalnız borclunun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi halını müəyyən etmişdir”.

“Banka borca görə həbs edilmək yoxdur”

Hüquqşünas deyir ki, borca görə müştərini həbs etmək olmaz: “Ortada işadamlarına verilən ittihamlar açıqlanmadığı üçün biz onlardan nəyin tələb edildiyini bilmirik. Ancaq görünür, burda başqa məsələlər var. Məsələn, kreditdən təyinatı üzrə istifadə etməmək, dələduzluq cinayət məsuliyyəti yaradır.

Cinayət Məcəlləsinin 195-ci maddəsi var, qanunsuz alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə var. Dövlətin pretenziyasının səbəbi çox güman, budur ki, niyə alınan kreditlər təyinatı üzrə istifadə edilmir. Məsələn, 100 milyon manatlıq kredit götürüləndə plan tutulub ki, 2 ildən sonra artıq bu qədər iş görülməlidir. İndi isə məlum olub ki, bu işlər hələ də görülməyib. Amma pullar da yoxdur. Deməli, kreditdən təyinatı üzrə istifadə edilməyib. Digər tərəfdən isə çox güman ki, əvvəlki kreditləri ödəmək üçün yeni kreditlər götürüblər. Bu isə o deməkdir ki, sonu görünməyən piramida qurublar”.

“Beynəlxalq Bank və Mərkəzi Bankın da məsuliyyəti var”

Kreditin vaxtından qabaq qaytarılması tələbi biznes mühitində investisiya amilini təhlükə altına qoyur. Bunu iqtisadçı ekspert Samir Əliyev deyir.

Onun sözlərinə görə, Beynəlxalq Bankın düşdüyü vəziyyət onun vaxtında düzgün idarə edilməməsi ilə bağlıdır: “Əgər müştəri, o cümlədən sahibkar bankdan kredit götürübsə, deməli, həmin şəxsin bank qarşısında borcu qaytarmaq öhdəliyi yaranır. Bu öhdəliyin yaranma əsasları qanunvericiliklə tənzimlənir və müqavilədə əksini tapır.

Bank təklif etdi ki, təzədən kredit götürüb birinci borcu bağlayım. Beləcə, faizli-kreditli hamısı gəlib 200 minə çatdı. Məhkəməyə düşdük, 1 milyon manat qiymət qoyulan müəssisəmi əlimdən aldılar

Beynəlxalq Bankın düşdüyü vəziyyət onun vaxtında düzgün idarə edilməməsi ilə bağlıdır. Bank vaxtilə verdiyi milyonlarla krediti geri ala bilmir. Halbuki sadə vətəndaş və kiçik sahibkar dəyəri milyonla ölçülən krediti almağa ancaq arzu edə bilər. Kreditlərin qaytarılmaması Beynəlxalq Bankın digər öhdəlikləri üçün problem yaradır. Bir məsələ şübhə doğurmur ki, bankda böyük həcmdə vəsait götürülüb və geri qaytarılmayıb və bu bankın fəaliyyətini təhlükə altına salıb”.

Biznes mühitinə təhlükə

Samir Əliyevin fikrincə, hazırda sahibkarlardan kreditin alınmasının “qeyri-ənənəvi metodu” tətbiq edilir: “Məqsəd düzgün olsa da, vasitə düzgün seçilməyib. Əvvəla, burda ilk növbədə Beynəlxalq Bankın məsuliyyəti var ki, risk menecmentini düzgün qurmayıb. İkinci Mərkəzi Bankın məsuliyyəti var ki, vəziyyətin ağırlığını bilə-bilə tədbir görməyiblər. Əlbəttə, krediti götürmüş sahibkarın da məsuliyyəti kənarda qalmamalıdır. Sahibkarlardan kreditlərin geri qaytarılmasının mövcud metodunun fəsadları daha sonra görünəcəkdir. Xüsusən də vaxtı çatmamış kreditlərin geri alınması investisiyanı təhlükə altına salır”.

Müsahibimiz əlavə edir ki, baş verənlər ölkədən kapital axınını stimullaşdırır:

“Təsadüfi deyil ki, Mərkəzi Bankın valyuta ehtiyatları hətta panikanın ötüb keçdiyi mart-aprel aylarında da azalır. Çünki hüquqi zəmanət görməyən sahibkarlar pullarını ölkədən çıxararaq Türkiyə, Rusiya və Avropa ölkələrinə yönəldirlər. Bu isə biznes mühitinin pisləşməsini stimullaşdırmaqla yanaşı manatı da təzyiq altında saxlayır”.

Hüquqi zəmanət görməyən sahibkarlar pullarını ölkədən çıxararaq Türkiyə, Rusiya və Avropa ölkələrinə yönəldirlər.

Rəsmi məlumata görə, “PNN Group” şirkətinin rəhbəri Nizami Piriyev 4 ay müddətinə həbs edilib. Bundan sonra mediada “Avesta Concern" Holdinqin rəhbəri Hacı İbrahim Nehrəmlinin, “Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun, “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyevin, Şəkinin sabiq icra başçısı, "BakFen" MMC sahibi Murad Cabbarlının həbs olunduğu haqda xəbərlər yayılıb.

XS
SM
MD
LG