Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:42

Nədən söhbət açsan, deyəcəklər: “Niyə evlənmirsən?”


Tural Şahtaxtinski
Tural Şahtaxtinski

-

Ən murdar ifadələrindən biri isə “Hökumətlə hökumətlik etmək olmaz”dır. Bunu haradan çıxardıblar, bilmirəm...

Tural Şahtaxtinski

MÜXALİF OLMAQ

Elə mövzular var, illər əvvəl haqqında çox yazılıb, danışılıb, müzakirə olunub.

Zamanla hər kəs o mövzulara özünəməxsus şəkildə yenidən toxunub, görünən odur ki, dəyişmək, tam nəticə əldə etmək üçün daha çox yazılmalıdır.

Bizim unuda bilmədiyimiz, beynimizdə ilişib qalan, hər addımda problem yaradan lazımsız adətlərimiz var. Bəzi şeylər də var ki, bu adət-ənənə deyil, sadəcə, cəmiyyətdə baş alıb gedən qanunauyğunsuzluqlardır.

Azərbaycanda müxalif olmaq, hər-hansı fikrə əks getmək çətindir. Yazmaq istəmədiyim mövzular var ki, həddindən artıq çeynənir. Misal üçün, mentalitet. Bu barədə özüm də yazmışam.

Mentalitet – toxunulmazdır, toxundunsa demək, cəmiyyət səni daş-qalaq edəcək. Həm də burada əbədi bir təzad sezilir; nə özləri əməl edir, nə də əməl etməyəni qəbul edirlər.

Ateizm – Elə reaksiyalar gəlir ki, dilin-dodağın quruyur, cavab tapa bilmirsən. Zamanla söyülsən də, döyülsən də susmaq lazım oduğunu anlayırsan. Qarşındakı adam səni anlamaq bir yana, müdafiə etdiyi dini anlamır. Nə kitabını oxuyub, nə də inandığı din haqqında hər hansı bir təsəvvürü var.

Bu qəbildən bir neçə misal çəkmək və hər mövzuda ayrı-ayrılıqda bir yazı yazmaq olar, di gəl, mən indi illərdir Azərbaycanda kök salmış rejimə qarşı müxalif olmaqdan danışacam.

Yaşlı nəsil ümumiyyətlə, məsələyə fikirini açıqlamır, ya çəkinir, ya da həqiqətən deməyə sözü yoxdur; yetmiş il əsarətində yaşadığı sovet rejiminin zülmündən qurtulduğuna görə xoşbəxtdir, səmimidir. Nə əks çıxır, nə də tərəfində durur. Danışanlar isə bir neçə söz deyir, bu da kifayyət edir ki, onlardan qaçasan. Ağız açıb söhbət etməyə dəymir.

Birincisi, sən nədən söhbət açsan, deyəcəklər: “Niyə evlənmirsən?” İstər qohum, istər yad olsun, onların həyat fəlsəfəsi bundan ibarətdir.

İkincisi, ən murdar ifadələrindən biri isə “Hökumətlə hökumətlik etmək olmaz”dır. Bunu haradan çıxardıblar, bilmirəm. Belə axmaq fikirlərin yaşlı nəsildən eşidilməsi adamı daha çox yerdən-yerə vurur.

Orta nəsil adamlar isə söylədikləri fikirlərlə hər an səni özündən də, özlərindən də iyrəndirməyə hazırdı. Onlar rejimə müxalif olmağı sənin kabusuna çevirir. İlk növbədə sənə elə şeylər deyirlər ki, bütün həyatın gözünün önündən keçir, hazırsansa qorxu yoxdur, hazır deyilsənsə nə desələr, səni qorxudacaq, hətta, elə biləcəksən ki, pis xəstəliyə tutulmusan, yaxın günlərdə öləcəksən:

“İşin olmayacaq, səni süründürəcəklər, döyəcəklər, söyəcəklər, tutacaqlar, acından öləcəksən...”

Mən bir neçə dəfə öz qulağımın, gözümün şahidi olmuşam ki, onlar səni hər kəsin yanında təhqir etməyə çalışırlar. Qadınsansa bu daha əzablı olacaq, bacardıqları qədər səni tez ailə həyatı qurmağa vadar edəcəklər. Bu işə qarışmağı qonşunun-qonşusu da, qohumun-qohumu da özünə borc bilir. Onlar üçün rejimə qarşı çıxmaq qoxrusu tamam başqa tərəfdə qalır, sadəcə yaxşı yeyib-yatmağa önəm verirlər. Bir sözlə, bu nəsil daha çox yeyib yatmağa üstünlük verir.

Gənclər haqqında danışanda daha çox təhsildəki boşluqlar yada düşür. Bu məsələnin görünən tərəfidir.

Görünməyən tərəfi isə Avropa təhsili almış gənclərin siyasi məsələlərə biganə qalmasıdır. Belə desək, daha aydın olar: hər iki cəbhədə gənclər məsələyə qeyri-ciddi yanaşır. Nəticədə, yenə sən əks tərəfin gülüş hədəfinə çevrilirsən.

Bugünün gəncliyi iki hissəyə bölünür: böyüklərin təsirində olduğundan öz fikrini formalaşdıra bilməyənlər və həyat fəlsəfəsi tamamilə dilə gətirilməsi mümkün olmayanlar. Məsələn, mitinqə çıxan qıza “pozğun” deyən də, gün boyu “namus-qeyrətdən” danışan da bizim gənclərdir. Onlar təshildən daha çox dəbdəbəyə, maşına, pula, bahalı restoranlara meyllidir. Anlamırlar ki, bu dəbdəbəni belə sürünə-sürünə yaşayırlar.

Sonda onu demək istəyirəm ki, nə qədər gənclər böyüklərə “yox” deməyi bacarmırlar, cəmiyyətdə dəyişiklik gözlənmir. Haqlı olduğu halda ata-anasına qarşı gələ bilməyən gəncliyin mitinqlərə çıxıb rejimə “istefa” deməsi məsələnin həlli demək deyil.

İlk olaraq onların özlərini dəyişməkləri lazımdır. Yaşlı və orta nəsil nümayəndələrinin danışdıqlarına diqqətlə baxsaq, görərik ki, onların getdiyi yolla getsək, tezliklə uçuruma yuvarlanacağıq.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG