Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:33

Abituriyentlərin 85 faizi 0-200 arasında bal toplayıb


Arxiv fotosu.
Arxiv fotosu.

Ötən ay əvvəlki illərin məzunları yenidən ali məktəbə qəbul imtahanlarına qatılıblar. İmtahanlar verənlərin azı 85 faizi 0-la 200 arasında bal toplaya bilib.

700 mümkün baldan 200-ə qədərini toplayan abituriyentlər demək ki, orta məktəb proqramının 3-də birini mənimsəyə bilməyiblər.

Imtahanlarda iştirak edən 29 min abituriyentdən cəmi 26 nəfəri 600-dan yuxarı bal toplaya bilib.

Bu il orta məktəbi bitirən məzunlar üçün ali məktəbə qəbul imtahanları iyul ayında keçiriləcək.

29 MİN ABİTURİYENTDƏN...

Mayın 17-i və 24-də keçirilən imtahanlarda isə yalnız əvvəlki illərin məzunları iştirak edib. Ümumilikdə, 29 min abituriyentin qatıldığı imtahanlarda ən aşağı nəticə I ixtisas qrupda olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaydığı məlumata görə I ixtisas qrupu üzrə imtahan verən 11 874 abituriyentdən 10 911 nəfəri, yəni hardasa 91 faizi ən aşağı bal toplayıb. Ümumilikdə qruplar üzrə 0-200 bal toplayanlar belədir:

I ixtisas qrupu üzrə - 91 %,
II ixtisas qrupu üzrə - 85 %,
III ixtisas qrupunda - 75 %,
IV ixtisas qrupunda - 89 %.

III ixtisas qrupu üzrə imtahanlara qatılanlardan biri Əsmər Umudzadə 200-dən çox bal toplayıb. Amma nəticələrindən elə də razı qalmayıb:

“Riyaziyyat fənnindən başqa bütün fənlərdən hazırlığa gedirdim. Suallar da elə çətin deyildi. Amma nəsə yaxşı bal toplaya bilmədim”.

Gözlə

No media source currently available

0:00 0:02:18 0:00
Direct-ə keçid

NƏTİCƏLƏR BƏLKƏ DƏ DAHA AŞAĞIDIR...

Təhsil eksperti Nabatəli Qulamovun fikrincə, bu imtahanlar ölkədə orta təhsilin keyfiyyət göstəricisi deyil. Çünki adından da göründüyü kimi imtahan verənlər əvvəlki illərin məzunlardır:

“Həmin abituriyentlərin arasında az sayda əvvəlki illərdə daha yaxşı fakültəyə daxil olmayan, və ya ödənişli ixtisasa daxil olduğuna görə, yenidən daha yaxşı hazırlaşan abituriyentlər də ola bilər. Amma əksəriyyət 85 faizin 0-200 arasında bal toplaması onların hazırlıq səviyyələrinin yüksək olmamasının göstəricisidir.

Digər yandan TQDK yalnız 0-200 bal arasında qruplaşma aparmaqla, bəlkə də vəziyyəti bir az yumuşatlmaq istəyib. Çünki ola bilər ki, aşağı nəticə göstərənlərin çoxu 0-100 bal arasında bal toplayıblar. Bu baxımdan, düşünürəm ki, qruplaşmanın 0-100 bal, 100-200 bal arasında aparılması daha doğru olardı”.

Nabatəli Qulamov əlavə edir ki, Azərbaycanda keyfiyyətli kadr hazırlayan peşə məktəbləri olmadığından orta məktəbi bitirənlərin ali məktəbə sənəd verməkdən başqa seçimləri qalmır:

“Azərbaycanda belə məktəblər yaradılmalıdır ki, hər kəs ali məktəbə qəbul olmağa cəhd eləməsin. Əvvəlki imtahanlarda uğurlu nəticə göstərməyənlər təkrar-təkrar imtahanlara qatılmalarına nə lüzum var ki? Xarici ölkələrdə belə məzunlar üçün xüsusi peşə hazırlığı məktəbləri olur və müəyyən sahələr üzrə peşakarlar hazırlanır”.

Nabatəli Qulamov sonda bir daha vurğulayır ki, bu imtahanlara, əsasən, keçən ilki qəbulda uğur qazanmayan abituriyentlər qatılıb. Onun fikrincə, orta məktəbdə təhsilin keyfiyyəti, abituriyentlərin hazırlıq səviyyəsi haqda iyulda keçiriləcək qəbul imtahanlarından sonra hər hansı fikir yürütmək mümkün olacaq.

MÜZAKİRƏLƏRƏ QOŞUL, FİKRİNİ YAZ!

XS
SM
MD
LG