Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:48

Şəkil


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Qalib Bəhramov

ŞƏKİL

Yoxa çıxdığı gündən bəri oğlunu axtarsa da, axtarışları nəticəsini dünən vermişdi.

Tanımadığı nömrədən gələn zəngə cavab verdikdə, yad bir səs ona oğlu haqqında məlumat almaq üçün sabah şəhərin Mərkəzi Polis İdarəsinə gəlməyinin vacib olduğunu bildirdi.

Aldığı xəbərin həyəcanından səhərə qədər gözünə yuxu getməyən xanım T. hətta oğlunun ölüm xəbərini almağa da razı idi, təki bu qədər vaxtdan sonra oğlundan bir xəbər alaydı.

İdarəyə daxil olan kimi qarşısına çıxan ilk polis zabitinə yaxınlaşdı:

- Mən şair M. M.-in anasıyam. Dünən mənə zəng edib bildiriblər ki, sizdə mənim oğlum haqqında məlumat var.

Polis zabiti laqeydliklə, bir az da malik olduğu hüquq təhsilinin verdiyi ehtiyatla, - "Siz xanım T.-siniz?", - deyə soruşdu.

- Bəli, - cavabını verən xanım T. bir neçə saniyə duruxdu. Qısa zaman intervalında özünü verəcəyi sualın istənilən cavabına hazırlayıb, cümləsini yekunlaşdırdı, - Deyin görüm oğlum sağdırmı?

Bu sualın qarşısında polis zabitinin cavabı o oldu ki, onda xanım T.-nin gələcəyi ilə bağlı məlumat olsa da, verdiyi suala heç bir cavab vermək ixtiyarında deyil.

Polis zabiti əmrə əsasən, ətraflı məlumat üçün xanım T.-ni generalın otağına aparmalı olduğunu və bütün suallarına orada cavab tapa biləcəyini bildirdi.

Onlar idarənin ümumi hissəsindən keçib, ensiz, uzun dəhlizlə irəlilədilər. Dəhlizin sağ tərəfi otaqlara açılan qapılardan, sol tərəfin isə soyuq və quru ağ divardan ibarət olması xanım T.-ə qəribə göründü.

Dəhlizin sonunda onları yuxarı mərtəbəyə qaldıracaq pilləkən yerləşirdi. Hansı ki, zirzəmiyə də həmin pilləkən vasitəsilə enmək olardı. Xanım T. pillələri qalxdıqca özlüyündə əgər oğlu sağdırsa, onun zirzəmidə saxlanıldığını yəqin etdi.

Generalın otağı üçüncü mərtəbədə, pilləkənin sağ tərəfində yerləşirdi. Otağın qapısındakı lövhədə onun adı, soyadı və rütbəsi yazılmışdı.

Lövhədəki general-mayor sözü xanım T.-nin nəzərindən yayınmadı. Qapıya tərəf yaxınlaşanda, polis zabiti üst-başına əl gəzdirib, sağ əli ilə qapını aramla iki dəfə döyəclədi.

İçəridən generalın "gəl" əmrini eşitdikdən sonra isə otağa daxil oldu. Çox keçmədən otaqdan çıxan zabit, qapının ağzında gözləyən xanım T.-ə otağa girməyini söylədikdən sonra, özü gəldikləri istiqamətdə geri qayıtdı.

General xanım T.-ni qarşılamaq üçün ayağa qalxdı, əlini uzadaraq onunla salamlaşıb, özünü təqdim etdikdən sonra, əyləşməsi üçün ona yer göstərdi.

Söhbətə general başladı. O, atasız keçən uşaqlığından, müharibə dövrünə təsadüf edən tələbəlik illərindən, indiyə qədər daşımış olduğu vəzifə və rütbələrin tarixçələrindən fəxrlə danışdı.

Sonda isə bildirdi ki, indi əyləşdiyi kürsüdə əziyyətsiz bir gün belə keçmir. Söhbətini yekunlaşdırıb bir qədər susduqdan sonra, baxışları ilə xanım T.-ə danışması üçün işarə etdi.

Xanım T. danışmaq növbəsinin onda olduğunu başa düşüb, neçə vaxtdır oğlundan xəbər ala bilmədiyini, bu barədə bildiyi tək şeyin oğlunun naməlum adamlar tərəfindən qaçırılmış olduğunu dedi.

Bu vaxt general qarşısındakı boz qovluqda olan sənədləri bir-bir çıxarıb masanın üzərinə düzə-düzə, xanım T.-nin sözlərini eşitmirmiş kimi davranaraq söhbətinə qaldığı yerdən davam etdi:

- Ancaq bizim çəkdiyimiz bu əziyyətlərə baxmayaraq bəzi insanlar, hansı ki həmin o insanlar mənim, eləcə də sizin yaşadığınız çətin dövrləri görməyib, bu günkü günü-gündən çiçəklənən ölkədə yaşayırlar. Üzr istəyirəm ifadəmə görə, mən, hətta onları həşərat adlandırıram. Bəli, həşərat. Belə həşəratlar bizim çəkdiyimiz əziyyətlərin dəyərini başa düşmürlər. Siyasi sistem haqqında, hakimiyyət haqqında, hakimiyyətdəki vətən fədailəri haqqında hətta mənsub olduqları xalq haqqında belə ağızlarına gələni yazırlar. Hələ bir utanmaz-utanmaz da bunları yazdıqlarının səviyyəsinə uyğun jurnal-qəzetlərdə çap etdirirlər.

Bu vaxt general dayandı. Sözlərinin xanım T.-nin üzündə hansı ifadəni yaratdığını görmək üçün gözlərini qadının üzünə zillədi. Xanım T.-nin üzündəki ifadə otağa girdiyində necə idisə, eləcə də qalmışdı.

General danışığını sərtləşdirməyi qərara aldı:

- Mən sizin üzünüzə baxdığım zaman aydın şəkildə görürəm ki, siz oğlunuzu heç də asanlıqla böyütməmisiniz. Əlini qovluqdan çıxardığı sənədlərdən birinə uzadaraq danışığına davam elədi, - bu kağıza baxın, burada iyirmi altı il əvvəl həyat yoldaşınızı itirdiyinizdən bu yana sizinlə bağlı bütün lazımi məlumatlar qeyd edilib. Siz oğlunuza ana olmaqla yanaşı, həm də atalıq etmisiniz. Mən özüm də atasız böyüdüyümdən bunun nə qədər çətin olduğunu yaxşı başa düşürəm. İfadəmə görə üzr istəyirəm, amma bunu deməliyəm ki, sizin oğlunuz bir həşəratdır. Yəni siz cəmiyyət üçün yararlı bir insan yetişdirə bilməmisiniz. Mən burada bütün günahı sizdə görmürəm. Amma bunu da qəbul etməliyik ki, oğlunuzun indiki vəziyyətində sizin də günahınız az deyil. - Yenidən əlini qarşısındakı kağızlara uzadaraq, - burada oğlunuzun indiyə qədər çap olunmuş bütün yazıları var, - kağızlardan birini əlinə alaraq davam elədi. - Baxın, görün oğlunuz "Hürriyyət" qəzetinin yüz iyirmi üç saylı nüsxəsində "Hürr" ləqəbiylə çap etdirdiyi "Vətən" adlı şeirində nə deyir:

(General boğazını arıtlayıb, şeiri oxumağa başladı)

Gözümü açandan səni yarımçıq gördüm.

Sonra bir yumdum, bir açdım

Bir az daha kiçilmişdin.

İndi gözümü yummağa qorxuram,

Açsam yox olarsan deyə.

General şeiri bitirib, sözünü yekunlaşdırdı. Əlindəki kağızı masanın üstünə qoyub, yenidən dilləndi: "Düşünürəm siz də mənimlə razılaşarsınız ki, oğlunuzun bu yazdığına şeir demək düzgün deyil. Bu, sadəcə, boş söz yığınıdır. Amma mən bunun bədii hissəsini bir kənara qoyuram, bu, heç məni maraqlandırmır da. Məni maraqlandıran tək şey odur ki, bu yazıda bizim vətənimizi təhdid edən fikirlər var. Necə yəni bir göz qırpımında bizim vətənimiz yoxa çıxa bilər?! Oğlunuzun belə mövzulu yazıları çoxdur. Elə oğlunuzu saxlamağımızın da səbəbi bu yazılarıdır".

General sözünə davam edirdi ki, qəfildən xanım T. onun sözünü kəsdi, - Mən oğlumu görə bilərəmmi?

- Mən çox istərdim sizi oğlunuzla görüşdürüm, ancaq təəssüf edirəm ki, bu alınmayacaq. Sizin istəyiniz mənim səlahiyyətlərimin hüdudundan kənardadır. Gəlin unutmayaq ki, sizin oğlunuz vətənə xəyanət etdiyinə görə saxlanılıb.

- Axı mənim oğlum sadəcə şairdir. O, vətənə necə xəyanət edə bilər?

- Mən də bilirəm ki, sizin oğlunuz şairdir, ancaq bizim əlimizdə oğlunuzun xarici kəşfiyyat orqanlarıyla əlaqələri olduğuna dair tutarlı dəlillər var. Bu səbəbdən vətənə xəyanət maddəsi əsasında iş açılıb. Bu gün sizi buraya çağırmağımızın məqsədi də oğlunuzun sabah məhkəməsinin olduğu barədə sizə xəbər vermək idi. Onu da qeyd edim ki, məhkəməyə oluna biləcək kənar təsirlər nəzərə alındığından məhkəmə digər şəxslər, o cümlədən sizin iştirakınız olmadan keçiriləcək. Xarici təsirlərin olmaması isə o deməkdir ki, məhkəmə hadisələrə kənar müdaxiləsiz və tam tərəfsiz baxaraq, qərar verə biləcək. Buna heç bir şübhəniz olmasın. Oğlunuza dair əlimizdə olan bütün dəlillərin onun əleyhinə olduğunu nəzərə alsaq, onun günahkar olmaması ehtimalı çox az görünür. Amma yenə də əgər oğlunuz günahsız olsa, o, elə günü sabahdan azadlığa buraxılacaq.

General danışdığı müddətdə xanım T. başını aşağı salsa da, hərdən qaşqabaqlı şəkildə gözucu da olsa, baxışlarını generalın üzündə gəzdirirdi. Rəngi qaçmışdı.

Hətta, bir ara ona elə gəldi ki, otağın döşəməsi ilə tavanı bir-birinə qovuşmaq uğrunda mübarizə aparır.

Tavan yerə doğru dartınır, döşəmə isə yuxarı qalxmağa can atır. Özlüyündə təzyiqinin qalxmış olduğundan şübhə etdi.

Əlini oturandan dizinin üstündə saxladığı çantasına apardı, bir neçə saniyəlik axtarışdan sonra heç vaxt çantasından əskik etmədiyi dərman qabını tapdı, içərisindən bir həb götürüb dilinin altına qoydu.

Xanım T.-də oğlunu müdafiə etməyə taqət qalmamışdı. Əvvəlcə oğlunun bağışlanması üçün generala yalvarmağı, hətta ayaqlarına qapanmağı belə düşündü.

Bəlkə belə olduqda oğlu buraxılar, heç məhkəmə qarşısına çıxarılmasına ehtiyac da qalmazdı.

Lap yeri gəlsə, o, oğlunun adından generala söz verər ki, bir də oğlu belə yazılar yazmayacaq. Ancaq çox keçmədi ki, deyəcəyi sözlərin həqiqəti dəyişə biləcək gücdə olmadığını başa düşdü.

Artıq oğlu haqqında bütün qərarlar verilmişdi. Yəqin etdi ki, oğlunun həbsdə keçirəcəyi illərin sayını belə müəyyənləşdiriblər. Yalan deyirlər, bəlkə heç sabah məhkəmə də keçirilməyəcək.

İndi kim bilir oğlu harada və hansı vəziyyətdə saxlanılır. Onu isə bu gün bura ona görə çağırıblar ki, o, çarəsiz axtarışlarına elə bu gündən birdəfəlik son qoysun.

Otaqda keçirdiyi hər dəqiqə ərzində halı daha da pisləşən xanım T. son gücünü toplayaraq üzünü generala tutdu:

- Mənə oğlumun son çəkilmiş şəklini göstərin, toxuna bilməsəm də, heç olmasa şəklinə baxıb bir az toxtaqlıq tapım. Generalın tərəddüd etdiyini gördükdə, yenidən əlavə etdi, - bilirəm ki, sizdə belə bir şəkil mütləq var.

Bu istək qarşısında tərəddüd edən general qarşısında dayanan qadının çarəsizliyinə acıdığından, masanın siyirtmələrindən birini açıb, bir şəkil çıxartdı. Şəkli gətirib düz xanım T.-nin qarşısına qoydu.

Şəkli görən xanım T. köks ötürərək dilləndi: "İlahi!"

Daha sonra şəkli əlinə alaraq dodaqlarına yaxınlaşdırdı. Şəkli bir xeyli öpdükdən sonra, yenidən pıçıldadı: "Səni nə günə salıblar, bala".

Xanım T. inana bilmirdi ki, şəkildə gördüyü onun oğludur. Yanaqları batmış, üzünün əti çəkilmiş, gözləri göz yuvalarına çökmüş bu oğlan onun oğlu ola bilməzdi.

Xanım T.-ə elə gəldi ki, oğlunun üzündə qaramtıl rəngli ləkələrlə yanaşı, kameraya zorla baxırmış kimi bir ifadə də var.

Əgər baxışları olmasaydı, xanım T. bu şəklin oğluna aid olmadığını deyərdi. Ancaq baxışları...

Baxışları heç dəyişməmişdi. Baxışları şəkildən eynilə atası kimi boylanırdı. Xanım T. ilk dəfə bu qədər dərindən ərinin yoxluğunu hiss edirdi.

"Eh kaş sən indi yanımda olaydın. Sən olsaydın, bəlkə də indi bu qədər çətin olmazdı", - deyə ərinə xitabən öz-özünə düşündü.

Sonra şəkli əlinə alıb, güclü bir ağrını dəf edirmiş kimi qaşlarını çataraq, baxışlarını hələ də nə isə danışan generalın üzündə gəzdirməyə davam elədi. Ancaq artıq heç ne başa düşmürdü. Yalnız qulağına generalın uğultulu səsi gəlirdi

...Küçəyə necə çıxdığı yadına gəlmirdi. Bəlkə özü yeriyərək gəlmişdi, bəlkə də kimsə onu gətirib parkdakı oturacaqlardan birinə yarıuzanmış vəziyyətdə qoyub getmişdi.

Əslində xanım T. üçün bunun elə də böyük əhəmiyyəti yox idi. Huşu bir az özünə gələn kimi oğlunun şəklini yadına saldı.

Əli boş idi. Üst-başına və ciblərinə baxdı, sonra çantasını yoxladı, ancaq şəkil yox idi.

Bir müddət də oturduğu oturacağın yan-yörəsində dolanıb, şəkli axtarmağa başladı. Nə qədər axtardısa da şəkil tapılmadı ki, tapılmadı.

XS
SM
MD
LG