Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:45

Əliyev Oyunları, yoxsa Avropa Oyunları?


Prezident İlham Əliyev Dənizkənarı Milli Parkda Avropa Oyunlarının məşəlini qəbul edir- 7 iyun 2015
Prezident İlham Əliyev Dənizkənarı Milli Parkda Avropa Oyunlarının məşəlini qəbul edir- 7 iyun 2015

-

Giorgi Lomsadze EurasiaNet.org saytında Azərbaycanın ATƏT-in Bakıda Layihə Koordinatorluğunu bağlamaq niyyətindən yazır.

Müəllif qeyd edir ki, Avropa Oyunları ərəfəsində jurnalistlər və fəalların həbsdə olduğu ölkə içindən çox ehtiyatlı tənqid gəlir. Artıq Bakı ATƏT-in, yaxud başqa potensial tənqid mənbəyinin varlığını da istəmir. Rəsmi Bakı heç bir izahat vermədən Bakıdakı ofisin bağlanması üçün müraciət edib. «Azərbaycan hakimiyyətindən şifahi diplomatik nota almışıq və hazırda nəzərdən keçiririk», - ATƏT sözçüsü Cathie Burton EurasiaNet.org-a deyib.

«56 üzvü olan ATƏT Minsk qrupu vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olacaq, ancaq daha ölkənin vətəndaş cəmiyyəti ilə işləyə bilməyəcək. ATƏT-in Media Azadlığı üzrə təmsilçisi Dunja Mijatović bu yaxınlarda ölkədə müstəqil jurnalistikaya təzyiqi sərt tənqid edib. Şübhəsiz, Azərbaycan rəsmiləri bu tənqiddən xoşlanmayıb», - müəllif yazır.

«Oyunlar qabağı beynəlxalq insan haqları təşkilatları, «ikili standartlar»dan şikayətlər artıb. Hökumətyönlü APA xəbər agentliyi yazırdı ki, Qərb Azərbaycana təzyiq üçün hər fürsətdən yararlanmağa çalışır və reallıqları qəbul edə bilmir».

«Ancaq Oyunlara gələnlərdən azı biri həmin şikayətləri çox yaxşı anlayır. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda Rusiya mediasını tənqid edib ki, bu Oyunları yetərincə işıqlandırmırlar. Putin iyunun 12-13-də Bakıda olacaq, Prezident Əliyevlə danışıqlar aparacaq. Şübhəsiz, onların cüdodan başqa danışmağa çox mövzuları var».

MİQRANTLAR MOSKVADAN NİYƏ QAÇIR?

Maaş azlığı, viza qaydalarının sərtləşməsi və açıq irqi münasibət milyonlarla qırğız, özbək və taciki Moskvadan uzaqlaşdırır. Bunu «The Guardian» qəzetində oxuyuruq.

Moskvada tacik miqrantlar
Moskvada tacik miqrantlar

12 ildir Əkbər Moskvanın mərkəzində bir supermarketdə gündə 12 saat işləyir. Özbəkistanda aşpaz olub, sonradan ilboyu Moskvada işləyib, Yeni ili arvadı və beş uşağı ilə birlikdə keçirmək üçün vətənə gedib. Ancaq bu il işlər elə pis gətirib ki, birdəfəlik Özbəkistana qayıtmağı düşünür. İş icazəsi avqustda bitir. «Orda bir iş taparam, yoxsa burda neyləyə bilərəm ki?».

Əkbərin qardaşı da Moskvada işləyir və icazəsi dekabrda sona çatır. Əkbər Moskvanın böyük iqtisadiyyatının işçi qüvvəsi sayılan miqrant fəhlələrdən biridir. Bu fəhlələrdən bir milyondan çoxu şəhərdə rəsmi qeydiyyatdadır, ancaq real sayları daha yüksəkdir. Moskvada işçi qüvvəsinin əsas mənbəyi olan Tacikistanın ÜDM-nin yarıdan çoxu Rusiyadan pul göndərişlərindən ibarətdir.

«The Guardian» mühacir həyatının çətinliyindən, fəhlələrin ayrı-seçkiliklə üzləşməsindən, Rusiya cəmiyyətinə zəif inteqrasiya olunmasından yazır. İndi durum daha da ağırlaşıb. Neftin qiymətinin düşməsi və Qərbin sanksiyaları nəticəsində rublun məzənnəsi sarsılıb. Dünya Bankının proqnozuna görə, bu il Rusiya daha bir böhrana qədəm qoyacaq.

Üstəlik, qaydalar sərtləşdirilib, miqrantların iş yerləri azalır. «Hamı gedir. Maaşlar azdır, maaşları kəsirlər. Başqa yerlərdə isə iş yerlərini ixtisara salırlar», - Əkbər deyir.

Ötən il on minlərlə alman, amerikalı və britaniyalı Rusiyanı tərk edib. Özbəkistan, Tacikistan və Azərbaycan vətəndaşlarının da sayı azalıb. Ancaq onlar qismən Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstandan gələnlərlə əvəzlənib. Bu ölkələr ya Avrasiya İqtisadi Birliyinə qoşulub, ya da qoşulmaq üzrədir. Ancaq yenə də əməkçi miqrantların sayı azalmaqdadır.

AB və Yunanıstan bayraqları
AB və Yunanıstan bayraqları

AVROPA ƏYİLMƏSƏ, SINACAQ

«The Financial Times»da Gideon Rachman yazır ki, heç kəs belə bir müqayisəni bəyənməsə də, Alexis Tsipras və David Cameron oxşar durumdadır. Yunan və Britaniya baş nazirlərinin hər ikisi bildirir ki, ölkələrində demokratik mandat qazanıblar, AB ilə münasibətlərə dəyişiklik istəyirlər. Hər iki lider elə düşünür ki, digər avropalılar onların tələbinə uyğunlaşacaq, nəinki Yunanıstanın avrozona, Britaniyanın isə AB-dən çıxmasına razılaşacaq. Ancaq həm Tsipras, həm də Cameron-a Avropada bir müxalifət də var.

Tsipras deyəndə ki, Avropada dəyişiklik tələb etmək üçün demokratik mandatı var, Almaniyanın baş naziri Wolfgang Schäuble belə cavab verib: «Mən də seçilmişəm».

«Avropanı dəyişdirməyin çətinliyi milli demokratik mandatları aşacaq. Britaniyalılar deyir ki, onların Avropada istədikləri dəyişikliklər üçün AB-nin əsas hüquqi sənədləri dəyişməlidir. Britaniyalılar immiqrasiya, milli parlamentlərin hüquqları kimi məsələlərdə dəyişiklik istəyirlər. Ancaq sənəd dəyişikliyi üçün AB ölkələrinin razılaşması lazımdır, bəziləri referendum keçirməli olacaq».

Ancaq problemlər təkcə hüquqi deyil, həm də siyasidir. Yunanlara və britaniyalılara güzəştlər narazılıq yarada bilər. Polşa seçiciləri AB miqrantlarının hüquqlarına məhdudiyyətlərdən qəzəblənə bilər. Müəllif yazır ki, dəyişikliyə qarşı çevik olmamaq təhlükəlidir: «Əyilə bilməyən Avropa sına bilər».

XS
SM
MD
LG