Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:37

Tiflis. 19 iyun 1920-ci il… [audio]


Fətəli xan Xoylu
Fətəli xan Xoylu

-

İz - Tiflis. 19 iyun 1920-ci il…
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00

Bəlkə də bu tarix çoxlarına heç nə demir.

1920-ci il iyunun 19-da Cümhuriyyət qurucularından Fətəli xan Xoylu (Xoyski kimi daha çox tanınır) «Daşnaksutyun» partiyası üzvlərinin əliylə Tiflisin İrəvan meydanında qətlə yetirilib.

MÜSTƏQİLLİK DE FAKTO TANINDI, AMMA...

Bu hadisədən bir neçə ay öncə - ilin əvvəlindəGüney Qafqaz ölkələrinin müstəqilliyi de-fakto tanındı. Ancaq sevinc uzun sürmədi. Xalqlara cənnət vəd edən rus bolşevizmi ölüm saçan caynaqlarını Qafqaza uzatdı. Kimi sosializmin cazib şüarlarına inandı, kimi rus «soldat»ının süngüsündən qorxdu, kimi də dağlara çəkildi...

BİRİNCİLƏRDƏN BİRİ - XAN XOYSKİ!

Amma azad və müstəqil olmağın dadını bircə an çıxaranlar və məhəllə, icma və sadəcə, sürü psixologiyasını aşmağı bacaranlar - minlər, onminlər mənlik və ləyaqət savaşına ara vermədilər.

«İz»in bu həftə haqqında söz açdığı Fətəli xan Xoylu onlardan biri deyildi - birincilərdən biri idi...

FƏTƏLİ XAN NƏYƏ CAN ATIRDI?

Demokratik cümhuriyyətin liderlərindən olan Fətəli xan Azərbaycanda hüquq və qarşılıqlı anlaşmaya tapınan bir dövlət qurulmasına can atıb və cümhuriyyət dönəmində heç bir siyasi partiyaya qatılmayıb. Çar parlamentində deputat olduğu dövrdə kadet, yəni konstitusiyalı demokratlar partiyasının üzvü olması da türk-müsəlman əhalisinin istəklərinin daha geniş təbəqələrə çatdırılması məqsədi daşıyıb. Cəmiyyətdə hüquq və azadlıqların uyumu, müxtəlif din, etnos və mədəniyyətlərin dialoqu Fətəli xandan ötrü, sadəcə, gəlişigözəl deyimlər yox, azad və ləyaqətli yaşamın danılmaz şərtləri sayılıb.

«CÜMHURİYYƏT FƏDAİLƏRİ» SİLSİLƏSİ – XOYLU FƏTƏLİ XAN

AzadlıqRadiosunun «İz» proqramı«Cümhuriyyət fədailəri» silsiləsini davam etdirir. «İz»in bu sayı iyunun 19-da 95-ci ilini tamamlayan həmin müdhiş olaya- 1-ci respublikanın baş naziri Fətəli Xan Xoyskiyə (Fətəli xan Xoyluya) həsr olunmuş verilişlə anır. O,1918-ci il mayın 28-də Azərbaycan istiqlalını elan edən görkəmli şəxsiyyətdir.

İNGİLİS GENERALI THOMSON-LA XAN XOYSKİNİN MƏŞHUR DİALOQU

Verilişdə Xan Xoyskinin nəsil şəcərəsi, dünya dövlətlərinə Azərbaycan istiqlalını elan etməsi, ingilis generalı Thomson-la məşhur dialoqu, cümhuriyyət qurucularının onun haqqında xatirələri də yer alıb.

XATIRLATMA - İLK İSTİQLAL QURBANI NƏSİB BƏY YUSİFBƏYLİ

Bu olaydan 19 gün öncə - mayın 31-də cümhuriyyət nazirlərindən Nəsib bəy Yusifbəyli təqiblərdən yaxa qurtarmaq üçün Bakıdan Tiflisə yollanarkən, Kürdəmirin Qarxun kəndində naməlum şəkildə öldürülmüşdü.

19 RƏQƏMİ ONLARA DÜŞMƏDİ – SIRADA HƏSƏN BƏY AĞAYEV

19 rəqəmi onlara düşmədi. Nəsib bəyin ardınca Fətəli Xan, ondan düz bir ay sonra - 1920-ci il iyulun 19-da cümhuriyyət parlamenti sədrinin müavini Həsən bəy Ağayev Tiflisdə qətlə yetirildi. Qatillər dəyişməmişdi.

3 AYDA 3 İSTİQLAL QURBANI

Onlardan birincisinin 39, ikinci və üçüncüsünün 45 yaşı vardı...

Beləliklə, iyunun 14-dən başlayaraq hər bazar saat 23-də Azərbaycan tarixinin qanlı və şanlı səhifələrini birgə vərəqləyək.

«İz»də qalın.

XS
SM
MD
LG