Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:38

3 aydır əməkhaqqı ala bilmirlər


Öz hesablarına məzuniyyətə buraxırlar.
Öz hesablarına məzuniyyətə buraxırlar.

-

Ələt-Astara İpək yolunun Lənkəranın Liman şəhərinin ərazisindən keçən hissəsində işləyən sürücülər əmək haqlarını ala bilmədiklərini deyirlər.

Bu yolu «Azərinşaatservis» MMC və «Azinqrup» MMC birlikdə çəkir. İyun 16-da bir qrup sürücü etiraz olaraq tikinti şirkətlərin Liman qəsəbəsinin ərazisində yerləşən ofisi qarşısında toplaşaraq əmək haqlarının vaxtında verilməsini tələb ediblər.

«EVİMDƏ UNUM YOX»

Sürücü Elşad Əzimov deyir ki, Liman şəhər nümayəndəliyi və digər rəsmi şəxslər hadisə yerində olublar. Hər dəfə əmək haqlarının veriləcəyini desələr də, məsələ həllini tapmır:

«3 aydır əməkhaqqı verilmir. Evdə ərzaq yox, xeyir-şər var axı. İşləmişik, pulumuzu versinlər. Sürücülər hamısı bu gündədir. Evimdə unum yox. Orucluq ayı başlayır. Nə etməliyəm? Mən bir manat tapa bilmirəm dükandan çörək alım, yedizdirim balalarıma. Mən heç. Mənim şəraitimə baxın, bu məmurların şəraitinə baxın. Özünüz bunu yoxlaya bilərsiniz».

«DEYİRLƏR GEDİN, MƏZUNİYYƏT HAQQINI İSƏ VERMİRLƏR»

Elşad Əzimov deyir ki, problemləri bununla bitmir. İndi də onları öz hesablarına məzuniyyətə buraxırlar:

«Deyirlər gedin, məzuniyyət haqqını isə vermirlər. 17 gündür evdəyəm. Deyirlər ki, öz hesabınıza olsun. Burdan da əməkhaqqımı vermir. Şirkətdə işləyirəm, haqqımı tələb edirəm. Heç olmasa, balalarım ölməsin acından. Bizi aldadırlar. Hər həftə deyirlər ki, həftəsonu veriləcək. Gündə 4 manat pul verirəm işə gedib-gəlməyə. Mənim nə qədər borcum var, xərcim var?».

Hər dəfə əmək haqlarının veriləcəyini desələr də, məsələ həllini tapmır.
Hər dəfə əmək haqlarının veriləcəyini desələr də, məsələ həllini tapmır.

Sürücünün dediklərinə görə, əməkhaqqı verilməsə narazılıqlar artacaq.

«BİZ DƏ İNSANIQ, BİZ DƏ YAŞAMALIYIQ»

Digər sürücü Mirhadi Feyzullayev də əməkhaqqını al bilmədiyini deyir.

«İki ayımız tamam olur, o da 15 gün. Biz də insanıq, biz də yaşamalıyıq. Bizim ailəmiz var, uşağımız var, yeməyimiz-içməyimiz var. O şirkət bizi işlədir, pulumuzu vermir. Kimə müraciət edək? Dərdimizi kimə deyək? Şirkətin burda 700-800 işçisi var. Hamısı eyni dərdədir».

«MAAŞLAR YAXIN GÜNLƏRDƏ VERİLƏCƏK»

Şirkətlərin rəsmisi Səmid Əliyev isə deyir ki, hər ayın 25-də əməkhaqqı verilir. Lakin bu ilin aprelindən bu qayda bir qədər pozulub. O deyir ki, əmək haqları yaxın günlərdə veriləcək. Səmid Əliyevin sözlərinə görə, işlər dayanıb. Buna görə də işçilərə məzuniyyət götürməyi məsləhət görüblər.

«Azərinşaatservis» MMC-nin saytında bildirilir ki, bu şirkət Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, İslam İnkişaf Bankının maliyyələşdirdiyi beynəlxalq əhəmiyyətli avtomobil və dəmiryolların tikinti layihələrində baş subpodratçı qismində iştirak edir. Saytda həmçinin deyilir ki, «Azərinşaatservis» MMC-nin uğur prinsiplərinin əsas göstəricilərindən biri öz əməkdaşlarına olan qayğısıdır.

XS
SM
MD
LG