Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:46

Rаmаzаn ayında düzgün qidalanmanın yolları


İyunun 18-də Rаmаzаn başlayır.
İyunun 18-də Rаmаzаn başlayır.

-

İyunun 18-i İslamda «11 ayın sultanı» sayılan Rаmаzаn ayının ilk günüdür. İslamın vacib saydığı əməllərdən biri kimi müqəddəs «Qurani-Kərim»in nazil olduğu bu ayda hər bir müsəlman оruс tutmalıdır.

Оruс səhər (fəcr) namazından axşam (məğrib) namazına qədər davam edir. Bu isə indiki vaxtda оruс tutan insanın təqribən 17 saata yaxın bir müddətdə ac və susuz qalması deməkdir. Bəs necə etmək olar ki, 17 saata yaxın bir müddətdə ac və susuz qaldıqdan sonra qidalanma insan orqanizmində fəsadlar törətməsin?

HƏKİMLƏR VƏ DİNİ ALİMLƏR NƏ TÖVSİYƏ EDİR?

Həkimlər tövsiyə edir ki, iftar vaxtı çatan kimi əvvəlcə 1 stəkan su içmək və bir neçə xurma yemək lazımdır:

«Məhz bu üsulla siz mədə-bağırsaq sisteminizin normal fəaliyyətinə təkan verər və həddindən artıq yeməyin qarşısını alarsınız. Müxtəlif vitamin və mikroelementlərlə zəngin olan xurma insana tez bir zamanda həm toxluq hissi, həm də enerji bəxş edir. Buna görə də, xurma hər bir oruc tutan insanın gündəlik rasionunda mütləq olmalıdır».

Bəzi dini alimlər də buyururlar ki, iftarını açdıqdan sonra müsəlman namazını qılmalı, zikr etməli və yalnız bundan sonra əsas qida qəbuluna başlamalıdır:

Çalışın ki, həddindən artıq yeməyəsiniz.
Çalışın ki, həddindən artıq yeməyəsiniz.

«Çalışın ki, həddindən artıq yeməyəsiniz – bu sizin həm fiziki, həm də ruhani sağlamlığınız üçün ziyanlıdır. 16-17 saat ərzində aclığa və susuzluğa dözən orqanizm çox miqdarda qidaya tab gətirə bilməz və insanın halı o dərəcədə pisləşə bilər ki, həkim müdaxiləsinə ehtiyac yaranar».

BİR İNCİ SAFLIĞI VARSA DA SUDA
ARTIQ İÇİLƏNDƏ DƏRD VERİR SU DA

Üstəlik tövsiyə edilir ki, yemək zamanı su və şirələri az qəbul edəsiniz. Əks halda həzm prosesi pozular. Mayeni əsas qidadan əvvəl və ya bir müddət sonra içmək olar.

Rаmаzаn ayında həkimlər ağır, yağlı, qızarmış, ədviyyatlı, duzlu qidalardan da imtinanı məsləhət bilir. Yağı az olan ət və balıq növlərinə üstünlük verməyiniz düzgün sayılır. Qida rasionunuzda çoxlu meyvə və tərəvəzlər, meyvə quruları, göyərtilər olmalıdır. Həkimlər deyir ki, meyvə və göyərti təbii bitki liflərlə zəngindir . İnsanın mədə-bağırsaq sisteminin fəaliyyətinə yaxşı kömək edir.

Həkimlərin fikrincə, mütləq süd məhsullarından da istifadə edilməlidir.

Moskvada iftar - 2011
Moskvada iftar - 2011

SƏHƏR YEMƏYİ…

Səhər namazına qədər qəbul edilən qida isə çox yüngül və eyni zamanda doydurucu olmalıdır. Mütəxəssislərin fikrincə, belədə siz iftar vaxtına qədər aclıqdan əziyyət çəkməyəcəksiniz. Bunun üçün müxtəlif sıyıqlar (manna yarması, qarabaşaq, yulaf yarması), tərəvəz salatları, meyvələr, müxtəlif meyvə quruları (əncir, ərik, qara qavalı), süd məhsulları və yumurta uyğun sayılır. Səhər qida qəbulunda şirin qidalar (tort, pirojna, şirin peçenye, şəkər və s.) məsləhət görülmür.

Üstəlik duzlu, ədviyyatlı, yağlı qidalardan da kənar durmaq lazımdır ki, sizi gün ərzində susuzluq hissi narahat etməsin. Gün ərzində insan iki litr maye içməlidir. Həkimlər xəbərdar edir ki, düzgün qidalanmama böyrəklərdə də problem yarada bilər.

Səhər limon qatılmış su içmək yaxşıdır. Çay bir qədər sidikqovucu təsirə malikdir və bu səbəbdən səhər qida qəbulu zamanı çoxlu çay içmək tövsiyə olunmur. Həkimlərin fikrincə, mineral sulardan da imtina edin. Onlar duzlarla zəngindir və bu susuzluğu artırır.

Bu materialin hazırlanması zamanı yerli və Türkiyə mətbuatında yer alan bir sıra fikirlərdən istifadə edilib.

XS
SM
MD
LG