Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:45

«Hökumət siyasi məhbusları buraxmağa məcbur olacaq»


Azərbaycandakı insan haqlarının durumu BMT-nin diqqətində
Gözlə

No media source currently available

0:00 0:19:40 0:00

Azərbaycandakı insan haqlarının durumu BMT-nin diqqətində

-

Azərbaycan beynəlxalq müstəvidə növbəti dəfə tənqidlə qarşılaşıb. Bu dəfə Cenevrədə BMT-nin İnsan Haqları Şurasının qərargahında. Qurum iyunun 16-da 29-cu sessiya çərçivəsində «Avropa Oyunlarının repressiv üzü» mövzusunda tədbir keçirib.

Tədbirdə BMT insan haqları üzrə xüsusi məruzəçisi Michel Forst bildirib ki, qurum Azərbaycan hakimiyyətinə qarşı təzyiqləri davam etdirəcək.

Müzakirələrə azərbaycanlılar da qoşulub, məsələn, jurnalist İdrak Abbasov Azərbaycan hökumətinə sanksiyaların tətbiqinin vacibliyini vurğulayıb.

«Mediaya Beynəlxalq Dəstək» təşkilatının proqram meneceri Gülnarə Axundova beynəlxalq təzyiqlərin miqyasını genişləndirməyi təklif edib.

BMT-DƏKİ TƏNQİDLƏR İLK DEYİL

Söhbət bununla da bitməyib, tədbirdən sonra BMT-nin xüsusi məruzəçisi Maina Kiai AzadlıqRadiosuna deyib ki, Azərbaycanın BMT-dəki daimi nümayəndə heyətinin iki üzvü onu hədələyib. Deyiblər ki, tədbirdə onlarla müzakirə olunmamış məsələləri qaldırsa, onun mandatı altında əməkdaşlığı bir daha nəzərdən keçirəcəklər.

Maina Kiai
Maina Kiai

Kiai deyir ki, Azərbaycanı BMT-də təmsil edən nümayəndə heyəti onları Avropa Oyunları ərəfəsində insan haqları məsələsini qaldırmaqla məsələni siyasiləşdirməkdə ittiham edir, o, isə bununla razılaşmır. «Bizim siyasi mövqeyimiz yoxdur. Bizim üçün önəmli olan yeganə məsələ insan haqlarının qorunmasıdır» - deyir.

BMT-nin Azərbaycanla bağlı müzakirəsi son günlərin ilki deyil. Bir neçə gün öncə - iyunun 12-də Almaniya parlamentində, yəni Bundestaqda da Azərbaycandakı repressiyalar müzakirəyə çıxarılıb, «Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək» adlı qətnamə də qəbul olunub. Bir müddət əvvəl bu mövzu həm də Amerika Konqresinin gündəliyində olub, sözügedən qurumda Azərbaycana dair dinləmələr keçirilib.

AZƏRBAYCAN İSTƏSƏ DƏ, İSTƏMƏSƏ DƏ...

«Artıq illərdir istər Azərbaycan hakimiyyəti, istərsə də cəmiyyəti bu cür tənqid və təzyiqlərə sanki adət edib» – deyən siyasi şərhçi Azər Rəşidoğlu bu addımların Azərbaycana qarşı sanksiyalar və ya digər bu kimi tədbirlərə gətirib çıxaracağını real saymır. Amma nəticəsiz də qalmayacaq deyə düşünür:

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

«Azərbaycan istəsə də, istəməsə də Avroatlantik məkana inteqrasiya yolu keçir və onun gələcək inkişafı da bu məkana inteqrasiya ilə bağlıdır. Azərbaycanın Rusiya və ya İranla əməkdaşlığı perspektiv baxımından müsbət heç nə vəd vermir. Azərbaycan istər enerjidaşıyıcılar sahəsində, istərsə də digər sferalarda Qərblə əməkdaşlığa maraqlıdır. Bunun da yolu cəmiyyətin demokratikləşməsindən gedir. Güman edirəm ki, yaxın vaxtlarda Azərbaycanda kadr dəyişikliyi və demokratikləşmə istiqamətində hansısa addımlar atılacaq. Bunlar cəmiyyətin demokratikləşməsinə kifayət edəcəkmi, bu, elə də praqmatik görünmür, amma istənilən halda bu addımlar atılmalıdır. Azərbaycan cəmiyyətinin demokratikləşməsi, Avroatlantik məkana inteqrasiyası bu mərhələdə qaçılmaz görünür».

«BU, 2013-CÜ İL DEYİL Kİ...»

Milli Şuranın sədri Cəmil Həsənli artan təzyiqlərin ən birinci təsirinin siyasi məhbuslarla bağlı olacağını düşünür. Deyir ki, hökumət artıq siyasi məhbuslara, onların ailələrinə əfv ərizələri yazmaqla bağlı minnətçi düşüb.

Cəmil Həsənli
Cəmil Həsənli

Məqsəd isə həmin məhbusların prezidentin sərəncamı ilə, onun istək və iradəsi ilə azadlığa qovuşduğunu göstərməkdir. Məsələnin əsl tərəfi isə məhz beynəlxalq təzyiqlərdən irəli gəlir:

«Azərbaycan siyasi məhbusları azad etmək məcburiyyətində qalacaq. Yəni bu, 2013-cü il deyil ki, Azərbaycan öz lobbi qrupunu səfərbər edib Avropa Şurasında Strasser-in məruzəsinin qəbuluna mane olsun. Sonra da bunu əlində bayraq etsin ki, Avropa Şurası Azərbaycanda siyasi məhbusun olmadığını təsdiqləyib. Artıq dünya Azərbaycanda nə baş verdiyindən məlumatlıdır. İnsan haqları, vətəndaş hüquqları ilə bağlı hansı faciələrin baş verdiyini bilir. Bunların mütləq nəticəsi olacaq».

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması, insan haqq və azadlıqlarının pozulması kimi iddiaları qəbul etmir, Qərbin təzyiqinin Azərbaycanı gözdən salmaq məqsədi daşıdığını iddia edir. Beynəlxalq qurumların bu cür tənqidi bəyanatlarına, fikirlərinə deputatlar da münasibət bildirməyə həvəsli deyillər. Elə AzadlıqRadiosunun bununla bağlı suallarını bir neçə deputat cavablamaqdan imtina etdi.

Rasim Musabəyov
Rasim Musabəyov

Konkret BMT-dəki Azərbaycanla bağlı müzakirədən xəbərsiz olduğunu deyən deputat, politoloq Rasim Musabəyov isə ümumiyyətlə, bu cür mövqeləri qərəzli saymaqla kifayətləndi:

«Bir çox hallarda bu, qərəzli münasibətdir. Xeyli ölkələr var ki, orada da bir çox problemlər mövcuddur, onları kənara qoyub Azərbaycanı müzakirə edirlər».

Azərbaycan 2012-ci ilin yanvarından 2013-cü ilin dekabrınadək BMT Təhlükəsizlik Şurasının iclasında qeyri-daimi üzv kimi fəaliyyət göstərib, 2012-ci ilin mayında isə BMT Təhlükəsizlik Şurasına rotasiya qaydasında sədrlik edib.

XS
SM
MD
LG