Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:33

«Avropa Oyunları barədə susqunluq gələcəkdən soraq verir»


Avropa Oyunlarının açılış mərasimi - 12 iyun 2015
Avropa Oyunlarının açılış mərasimi - 12 iyun 2015

-

Bakıda keçirilən ilk Avropa Oyunlarının bitməsinə bircə gün qalır. Bəzi xarici media orqanları isə ölkədə insan hüquq və azadlıqları pozuntularından silsilə yazılar dərc etməkdədir.

«The Guardian» qəzetinin Bakıya buraxılmayan əməkdaşı Owen Gibson-un fikrincə, xeyli sıx idman təqvimində Avropa Oyunlarına elə də ehtiyac yoxdur, sadəcə, avtoritar dövlət bu tədbirdən söz azadlığı və demokratiyaya hücumu sürətləndirmək üçün bəhanə kimi istifadə etdi.

«Twitter-də bitib-tükənməyən hökumətyönlü səslər «The Guardian»ı və insan haqları qruplarını ancaq gənclik və atletikanı hədəfləyən bu idman tədbirini siyasiləşdirməkdə ittiham edir. Ancaq oyunları siyasiləşdirən İlham Əliyev hökuməti oldu. Bu tədbir qurama ittihamlarla saxlanmış siyasi məhbusların azadlığa buraxılması ilə müşayiət olunsaydı, onda proqressiv qüvvə olması iddialarının bir qismi təsdiqlənərdi».

«Əvəzində təzyiqlər intensivləşdi və ifadə azadlığı boğuldu. «The Guardian»a akkreditasiya verilməyəndən sonra dövlət xəbər agentliyi bizi «oğru» və «casus davranışı»nda ittiham edən məqalələr dərc etdi. Səbəb dekabrda bu Oyunları insan haqlarının pisləşməsi fonunda işıqlandıran məqaləmiz idi».

Müəllif daha sonra korrupsiyadan yazan jurnalist Xədicə İsmayıl, hüquq müdafiəçilərinin həqiqəti söylədiyinə görə həbsdə yatdığını qeyd edir.

Owen Gibson diqqəti Böyük Britaniya komandası rəhbərliyinin ölkədə insan haqları pozuntuları barədə kəlmə də kəsməməsinə çəkir. «Sərhədsiz Reportyorlar» Azərbaycana mətbuat azadlığına görə 180 ölkə içində 162-ci yeri ayırır. Almaniya, İsveç dilə gəlsə də, Böyük Britaniya «buraya yalnız idman üçün gəldiyini» bildirir. «Buna görə təkcə atletləri günahlandırmaq düzgün deyil. Çoxu gənc idmançılardır, birinci dəfədir belə idman yarışına qatılırlar, əslində danışmalı da deyillər, yarışa gəliblər. Danışmağı digərlərindən gözləmək gərəkir», - müəllif yazır.

«Beynəlxalq Olimpiya Komitəsinin üzvləri FIFA ətrafında baş verənlər, Pekin və Almatının 2022-ci il Qış Olimpiadası uğrunda yarışması ilə bağlı kifayət qədər siyasi mövqe ortaya qoysa da, Bakı Oyunlarında bunu görmədik. İrlandiya Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin rəhbəri Pat Hickey bu yarışmaya şəxsi yürüşü kimi baxırdı. O, «The Guardian»ın ölkəyə girişinə icazə verilməməsini izah etmək üçün müsahibə də vəd etdi, ancaq bu müsahibə reallaşmadı. Bir neçə gün sonra Hickey prezident Əliyevdən «Şərəf ordeni»ni qəbul edəndə, dil-boğaza qoymayıb minnətdarlığını izhar edirdi. Bakı-2015-in Əməliyyat Komitəsinin rəhbəri Simon Clegg də məsələyə toxunmur. Elə son 30 ayda milyardlarla dollarlıq Oyunların təşkili ilə məşğul olan digər qərblilər də».

«Əliyev, Hickey, AOK və dostları Bakı Oyunlarını böyük uğur adlandırıb. Bakı artıq gələn il «Formula 1» yarışlarına, 2020-ci ildə isə UEFA Avropa Çempionatına hazırlaşır. Tənqidi səslər susdurulur, beynəlxalq idman cəmiyyəti heç pıçıltıyla da etiraz etmir, bu arada digərləri də sudan quru çıxa biləcəklərini götür-qoy edirlər. Hələ ola bilsin, Bakı-2015 dünya idmanında dönüş nöqtəsi hesab olunsun – bütün pis səbəblərə görə».

Bakı - 16 iyun 2015
Bakı - 16 iyun 2015

AVROPA OYUNLARINA BAKI KÜÇƏLƏRİNDƏN BAXIŞ

Eurasianet saytı da saytı yazır ki, hakimiyyət Avropa Oyunlarının özünə inanan bir millətin böyük beynəlxalq idman tədbirini keçirə bilmək qabiliyyətini ortaya qoyduğunu iddia edir. Ancaq Bakı sakinlərinin bəziləri buna şübhəylə danışır, deyirlər ki, bu bəyanatların həqiqiliyi iyunun 28-də bağlanış mərasimindən sonra üzə çıxacaq.

Portala danışanlardan heç biri adının çəkilməsini istəməyib. Onlar boslarının, hökumət rəsmilərinin təzyiqlərindən çəkindiklərini deyiblər. «Bu oyunlar, bu binaların hamısı Avropa standartlarına uyğundur. Bu standartlar həyatın digər sahələrinə də daxil olmalıdır, növbəti addım bu olmalıdır», - Bakıda bir humanitar təşkilatın təmsilçisi deyib.

Sayt yazır ki, Oyunlar Bakını fiziki baxımdan dəyişib, şəhər daha sakitdir, sıxlıq azalıb. Tikinti layihələri dayandırılıb, dəfn, toy mərasimləri, hətta bayırdan paltar asmağa qadağa qoyulub.

Yazıda Bakıda tikilən nəhəng idman obyektlərindən, 6 min atletin yarışmaya qatılmasından bəhs olunur. «Bu layihələrdə məmnuniyyət, həyəcan və imkan üfüqləri cəmləşib. Bütün bunlar əhali arasında hökumətin siyasətinə böyük zaman qazandırır», - Bakıdakı tikinti bumunu araşdıran, Nyu-York Universitetinin antropoloqu Bruce Grant deyir.

Ancaq beynəlxalq media daha çox ölkədəki insan haqları pozuntularına diqqət ayırıb. «Bütün bu pisləmələr hökumətin özünü daha çox təcrid olunmuş və paranoik hiss etməsinə gətirib çıxarıb», - bir vətəndaş cəmiyyəti fəalı deyib. «Onlar Qərblə münasibətdə xal qazana biləcəklərinə inanmırlar. Pis iş görəndə də tənqid olunurlar, yaxşı iş görəndə də tənqidə məruz qalırlar», - başqa bir fəal deyib. Rəsmilər isə ölkəni gözdən salmağa yönəlik beynəlxalq kampaniyadan gileylənir. Bruce Grant Azərbaycanın PR cavabını «yöndəmsiz, kobud» adlandırır.

Yazıda qeyd olunur ki, Bakı sakinləri hökumətin demokratik göstəricilərindən xəbərdar görünür. «Özümüzü elə aparırıq ki, guya onu tanımırıq», - bunu bir ofisiant araşdırmaçı-jurnalist Xədicə İsmayıl barədə suala cavabında deyib. «Ancaq tanıyırıq».

Bir özəl şirkət mühafizəçisi korrupsiya və təzyiqlərdən acı-acı gileylənib, ancaq əcnəbidən xahiş edib ki, Oyunlar barədə ancaq yaxşı şeylər yazsın.

Niyə?

«Çünki pul onsuz da xərclənib. Ümid edək məqsədlərə çatılacaq», - o, izah edib.

XS
SM
MD
LG