Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:43

«Allah da bu yeri yaddan çıxarıb»


-

«13-cü əsrin sonunda səyyah Marco Polo müasir Azərbaycanın yerləşdiyi regiona gəlir və neft fontanlarını görür. Fontanlar gecə vaxtı göy üzünə işıq saçırmış. Bu gün isə paytaxt Bakının səmasını ölkənin «qara qızıl»ı hesabına tikilən stadion və göydələnlər işıqlandırır». - VICE News.com saytında Andrew Connelly belə yazır.

Müəllif Bakının ilk Avropa Oyunlarına ev sahibliyindən bəhs edir. «Ancaq ölkədə daha bir devalvasiyanın gedəcəyi barədə şayiələr, neftin qiymətinin düşməsi, bu oyunlara xərclənən pulların doğurduğu narazılıq iqtisadiyyatı neftdən asılı olan ölkənin zəif tərəflərini ortaya qoyur», - yazıda vurğulanır. Jurnalist 640 milyon dollarlıq Olimpiya Stadionundan bir neçə kilometr şimala- Balaxanı mədənlərinə baş çəkib.

QÜRURLU ÇOBAN

İbrahim adlı çoban mədənlər arasında təkəmseyrək otluqda sürüsünü otarır. «Çox qürurluyam», - o, VICE News-a deyib.

«Oyunlardan qabaq heç kəs Azərbaycanın harada yerləşdiyini, hətta nə olduğunu bilmirdi. Ancaq indi hamı ölkəsinə qayıdıb ailələrinə bizdən danışacaq».

Müəllifin fikrincə, Avropa Oyunları izləyicilərindən, çətin ki, kimsə Balaxanıya getsin, hərçənd dünyanın neft sənayesinin bünövrəsi məhz burada qoyulub. 2013-cü ildə Avropa hələ də böhranla əlləşəndə, Azərbaycan günə 880 min barel neft satıb və bir neçə il ərzində dünyanın sürətlə artan iqtisadiyyatlarından biri sayılıb.

Balaxanıda bəzi evlər tərtəmiz görünür, parıldayır, dəmir darvazalarından tənəklər görünür. Digərləri isə... elə bil müharibədən çıxıb.

Neftin qiymətinin 110 dollardan 50 dollara düşməsi isə hökumətdə təşvişə gətirib. Manat 30 faiz dəyərini itirib.

Balaxanıda bəzi evlər tərtəmiz görünür, parıldayır, dəmir darvazalarından tənəklər görünür. Digərləri isə... elə bil müharibədən çıxıb. Külək yanan plastikin iyini ətrafa yayır, yaxınlıqdakı neft gölməçəsi zir-zibil, butulkalar, uşaq paltarları ilə doludur... Kəndlilər xarici görməyə alışmayıblar, əllərini yelləyir, çay təklif edir, şelfi çəkdirmək istəyir.

«Burda neynirsiniz? Allah da buranı yaddan çıxarıb!» - bir cavan VICE News-a deyib.

Samirə adlı bir qadın 100 illik evinin kandarında dayanıb. Ev metal və boru yığınının tən ortasındadır. Burada, demək olar, yaşayış yoxdur, ancaq Samirə ömrü boyu burada qalıb. Nənə-babası və valideynləri xəstəlikdən dünyasını dəyişib. İndi o, özündən kiçik iki qardaşına baxır.

«Bura bax, bunu tərcümə eləmə, çox utanıram», - deyir. «Hamı bilir ki, pul əslində haraya gedir».

YUXARILAR

«Azərbaycanın ilk neftinin tapıldığı yerdə yaşamaqdan qürurlanmaq istərdim, ancaq hərdən arzulayıram ki, burada da şərait düzələydi. Azərbaycanda çoxu işsizdir», - o, danışır. «Hazırda işləmirəm, Avropa Oyunlarına görə zavodu bağlayıblar. Məncə, oyunlardan sonra açarlar».

Müəllif yazır ki, şirkət rəhbərlərinin və dövlət işçilərinin Oyunlara bilet almağa məcbur edilməsi barədə məlumatlar var. Pul da birbaşa maaşlarından çıxılıb.

Bu mədənlərdə daha çox Dağlıq Qarabağdan qaçqınlar və məcburi köçkünlər yaşayır. Səs-küylü bir kafedə Emil adlı bir gənc əcnəbiləri salamlayır, böyük bir vətənpərvər çıxışı edir. Soruşanda ki, bu mədənlərdə yaşayanlardan kimsə neft sənayesində işləyirmi, hökumət burada yaşayanlara yardım ayırırmı, Emil duruxur və tərcüməçiyə baxır.

«Bura bax, bunu tərcümə eləmə, çox utanıram», - deyir. «Hamı bilir ki, pul əslində haraya gedir». Emil yuxarını göstərir, bu, işarə Azərbaycanda geniş yayılıb, yəni «yuxarılar-hökumət» deməkdir.

«Bu, inkişafdır? Deyil. Bu, petrokratiyadır... Əsl inkişaf onda olardı ki, siyasi və mülkiyyət hüquqlarımız təmin olunardı»

Yaxınlıqdan tutqun şüşəli böyük ciplər şütüyüb keçir və adamlar başlarını çevirirlər. Neft Bakını böyük bir metropolisə çevirib, ancaq hökumət turistlərin burnunu Balaxanı kimi yerlərə soxmağını istəmir. Bu ərazi mediaya elə də dost münasibət bəsləməyən SOCAR-a məxsusdur. 2012-ci ildə jurnalist İdrak Abbasovu təhlükəsizlik işçiləri döyüb. Həmin cinayətə görə heç kəs cəzalanmayıb.

PETROKRATİYA

«Xaricilər gəldilər, torpağımızı qazdılar, bizə pul verdilər, biz də xərclədik», - politoloq Hikmət Hacızadə VICE News-a deyib. «Bu, inkişafdır? Deyil. Bu, petrokratiyadır. 20 ildir eşidirik ki, iqtisadiyyatımız şaxələndiriləcək. Ancaq heç nə baş verməyib. Əsl inkişaf onda olardı ki, siyasi və mülkiyyət hüquqlarımız təmin olunardı».

SOCAR-ın veb-saytında «Əsrin Kontraktı»nı imzalamış keçmiş prezident Heydər Əliyevin bir sitatı yerləşdirilib:

«Azərbaycanın böyük neft-qaz ehtiyatlarına malik olması ölkəmiz üçün yaxşı sərvətdir və xalqımızın rifahı, ölkəmizin inkişafı üçün mühüm faktordur».

Avropa Rusiya enerjisindən asılılığı azaltmaq istədiyi bir vaxtda Azərbaycanın qaz yataqlarını Aralıq dənizi ilə birləşdirəcək yeni kəmərləri böyük həvəslə gözləyirlər. Balaxanıda yaşayan Samirə isə axşam günəşinin kəhrəbaya çalan şüası altında gülümsəyir. Sükutu yaxınlıqdakı nasosun səsi pozur. «Məmnuniyyətlə sizi çaya qonaq edərdim, ancaq indi almaq imkanım yoxdur. İnşallah, gələn dəfə olar, edərəm», - Samirə deyir.

XS
SM
MD
LG