Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:33

"Kapitalbank" Əliyevlərə verildi, bəs Beynəlxalq Bank?


Arzu və Leyla Əliyevalar
Arzu və Leyla Əliyevalar

-

Prezidentin qızları...

Azərbaycan Beynəlxalq Bankında dövlətə məxsus 51 faiz payın özəlləşdirilmə üçün açılması müsbət hadisə sayılardı, (bankın özəlləşdirilməsini beynəlxalq maliyyə institutları azı 10 ildir ki, təklif edir) əgər daha əvvəl özəlləşdirilmiş dövlət bankının - “Kapitalbank"ın tarixçəsi olmasaydı…

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycandakı qolunun - Azərbaycan Əmanət Bankının özəlləşdirilməsi nəticəsində yaranan “Kapitalbank"ın yekun nəzarətçisi prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalardır.

Bu haqda KapitalBank öz illik hesabatında (2014-cü il) yazır.

Səkkiz özəl bankın prezidentin ailəsinə məxsus olmasını ötən ay Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika (OCCRP) təşkilatı başlatdığı “Xədicə” layihəsi üzə çıxarıb, hakimiyyət bunu təkzib etməyib.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl AzadlıqRadiosuna deyir ki, Azərbaycanda xarici investorlar üçün cəlbedici investisiya mühiti olmadığına görə Beynəlxalq Bankın özəlləşdirilməsinə xarici səhmdarın gəlmə ehtimalı azdır, yerli şirkətlərin isə belə potensialı yoxdur: “Bu baxımdan bankın taleyi “Kapitalbank" kimi ola bilər - görün “Kapital” bankın səhmləri indi kimin əlindədir!”.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu AzadlıqRadiosuna deyir:

Qubad İbadoğlu
Qubad İbadoğlu

“Kapitalbank"ın tarixçəsini nəzərə alanda Beynəlxalq Bankın da özəlləşdirilməsinin nominal xarakter daşıdığını ehtimal etmək olar” .

Bank əvvəl gözəlləşəcək, sonra özəlləşəcək...

Məsələ burasındadır ki, iyulun 15-də prezident İlham Əliyevin Azərbaycan Beynəlxalq Bankının dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi ilə bağlı fərmanında deyilir ki, bank özəlləşdirilməyə çıxarılmazdan əvvəl sağlamlaşdırılmalıdır.

Bu iş isə “Aqrarkredit” QSC – bank olmayan kredit təşkilatına həvalə olunur:

Nəticədə bankın problemli kreditlərini dövlət ödəyəcək, təmizlənmiş bank özəlləşdirilməyə çıxarılacaq.

Qubad İbadoğlu öz Facebook səhifəsində yazır:

“Bu ayın əvvəlinə "Aqrarkredit” QSC-nin cəmi aktivləri 29 milyon 521 min manat olub. Bu təşkilatın ABB-nın 100 milyonlarla borcunun idarə edib, geri qaytaracağı heç inandırıcı görünmür.

“Adətən dövlət mülkiyyətində olan müəssisələri sağlamlaşdırmaq üçün özəlləşdirirlər. Amma, bizdə əksinə, Beynəlxalq Bankın əvvəlcə saglamlaşdırılması, sonra isə özəlləşdirilməsi nəzərdə tutulur. Problemlı aktivləri bankdan ayırıb idarəetmə hüququnu təcrübəsiz bir təşkilata vermək, sonra isə Azərbaycanın ən iri bankını borclardan qurtulmuş formada özəlləşdirilməyin məqsədi artıq indidən bəllidir. Çox güman ki, bu bankı da "Kapitalbank"ın taleyi gözləyir”.

Maliyyə Nazirliyi gün ərzində AzadlıqRadiosunun sorğusuna cavab verməyib.

Beynəlxalq Bankın internet saytında yerləşdirilmiş hesabata görə problemli kreditlərin həcmi 1,2 milyard manata yaxındır - bunun da 377,671 milyonu ümidsiz və şübhəli kreditlərdir.

Adətən dövlət mülkiyyətində olan müəssisələri sağlamlaşdırmaq üçün özəlləşdirirlər. Amma, bizdə əksinə, Beynəlxalq Bankın əvvəlcə saglamlaşdırılması, sonra isə özəlləşdirilməsi nəzərdə tutulur.

Bu da bankın 7,9 milyard manatlıq kredit portfelinin15 faizdən artıq hissəsini təşkil edir.

İqtisadçı Samir Əliyev deyir ki, bu çoxdur: “Problemli kreditlərin payı kredit portfelində 10%-dən aşağı olanda bu, normal sayılır”.

Maliyyə Nazirliyinin səhvinin əvəzini büdcə təşkilatları ödəyəcək

İqtisadçıları narahat edən bir məqam da budur ki, Maliyyə Nazirliyinin səhvləri ucbatından yaranmış problemli kreditləri indi dövlət büdcəsi ödəyəcək.

"Aylardır, illərdir ki, Beynəlxalq Bankın problemli kreditləri şişir.

Maliyyə Nazirliyi isə bu vaxta qədər buna göz yumub. Dövlət orqanları düzgün idarə etməyiblər bankı, bu zərəri indi vergi ödəyiciləri ödəməli olacaq" - deyir Samir Əliyev.

Fərmandan pozitiv gözləntilər

Samir Əliyev hesab edir ki, özəlləşdirilmə şəffaf və uğurla aparılarsa, bundan Azərbaycan iqtisadiyyatı udacaq: “Dövlət Bankının olması bir tərəfdən həmin bankın qeyri-effektiv idarə olunması deməkdir, arxasındakı dövlət pullarına arxayın olan bank düzgün idarəetmə aparmır, digər tərəfdən də bankı dövlətin maliyyələşdirməsi dövlət vəsaitinin səmərəsiz istifadəsinə gətirib çıxarır”.

Beynəlxalq maliyyə institutları bankın özəlləşdirilməsini uzun illərdir ki, təklif edirlər.

Cahangir Hacıyev
Cahangir Hacıyev

Ölkənin bank bazarının 40 faizinə nəzarət edən Beynəlxalq Bank ətrafında söz-söhbət bu ilin martında, bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev istefa verəndə başladı.

Son aylar Beynəlxalq Banka olan kredit öhdəliklərini ödəyə bilməyən və ya ödəməkdən yayınan çoxsaylı sahibkarların istintaqa çağırılması ilə bağlı məlumatlar yayılıb. Həbs olunanlar da var. Onlardan biri də bankın Dubaydakı keçmiş nümayəndəsidir.

Dövlət başçısının fərmanında deyilir ki, son illər bankın idarə edilməsi və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin azalmasına səbəb olub, bu da bankın dövlət payının özəlləşdirilməyə çıxarılmasına səbəb olub.

XS
SM
MD
LG